Azərbaycan
teatrı – 140
"Səhnə sənətimizin
inkişafı naminə deyilən hər fikrə diqqət
yetirməyi özümüzə borc bilirik"
- İsrafil müəllim,
Akademik Milli Dram Teatrı özünün 140-cı
mövsümünü açdı. Bu rəqəm, eyni zamanda, professional səhnə
sənətinin yaranma tarixini əks etdirir. Rəhbərlik
etdiyiniz teatr bu 140 ildə çətin, keşməkeşli və
eyni zamanda, şərəfli yol keçib. Maraqlıdır,
bu gün Azərbaycan teatrı öz
tamaşaçısı ilə hansı münasibətdədir?
Xalqdan,
tamaşaçıdan və yaxud oxucudan ayrı sənət mövcud
deyil. İnsanlar bir çox hallarda teatra bir çox
suallara cavab tapmaq üçün gəlirlər. Bu gün müstəqil dövlət quruculuğu
işini həyata keçirən xalqımızın
ağrılı yeri işğal altında olan Qarabağ məsələsidir.
Qarabağla bağlı hadisələrin ən
qaynar vaxtında müasirliyi
yaradıcılığının mayası olan, həmişə
dövrün nəbzini tutmağı bacaran görkəmli
dramaturqumuz İlyas Əfəndiyev "Hökmdar və
qızı" pyesini yazdı. Zamanəmizə,
ən yaxın tariximizdə baş verən hadisələrə
həsr edilən, ədəbi-bədii ustalıqla işlənən
bu tarixi əsərlə Qarabağ probleminin tarixi köklərini
araşdırmaqla yanaşı, İlyas müəllim,
babalarımızın faciəli yaşantılarından ibrət
götürməyə çağırırdı. İlk dəfə 1996-cı ildə Mərahim Fərzəlibəyovun
quruluşunda tamaşaya qoyulan bu əsər 2010-cu ildə yenə
Mərahim Fərzəlibəyov tərəfindən
"Qarabağnamə" adı ilə yeni quruluşda
tamaşaya qoyuldu.
1996-cı
ildən başlayaraq teatrımız mövsümü bu
tamaşa ilə açır və onunla da bağlayır. İlyas müəllim bu əsərində
əsrlərdən süzülüb gələn, tarixi səbəbləri
çox-çox əvvəllərə gedib çıxan
Qarabağ probleminin arxasında kimlərin
dayandığını bədii eyhamla deyil, birbaşa,
müstəqim vurğularla çatdırır.
- Milli teatr prosesini bir teatr rəhbəri
kimi necə dəyərləndirisiniz?
- Dövlət
başçımızın sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramı əsasında teatrımızın
binası əsaslı təmirdən çıxıb. Ötən ilin mart ayından bu binada intensiv məşqlər
gedir və tamaşalar göstərilir. Ötən
müddət ərzində işlədiyimiz repertuar tərtibində
M.F.Axundzadənin "Lənkəran xanının vəziri",
İ.Əfəndiyevin "Qarabağnamə", "Boy
çiçəyi", Elçinin "Teleskop",
"Şekspir", A.Məsudun "Qatarın altına
atılan qadın", H.Mirələmovun "Gəncə
qapıları", Əfqanın "Oliqarx" pyeslərinin,
dünya dramaturgiyasından isə V.Hüqonun "Qadın məhəbbəti",
M.Frişin "Don Juan və həndəsə",
S.Şendilin "Qanlı Nigar", A.Saqarelinin "Xanuma",
F.Dürrenmattın "Yaşlı xanımın gəlişi",
F.Bruknerin "Napoleon" pyeslərini
hazırlamışıq. Qısa müddət ərzində
bu qədər tamaşanın hazırlanması kollektivin gərgin
zəhməti və böyük səyi nəticəsində
mümkün olub.
Hazırda Cəlil
Məmmədquluzadənin "Anamın kitabı", Bertold
Brextin "Kuraj və uşaqları" pyesləri əsasında
hazırlanan tamaşaların məşqləri gedir. Birinci əsəri Sumqayıt Dövlət Dram
Teatrının baş rejissoru Firudin Məhərrəmov,
ikincini isə Gənc Tamaşaçılar Teatrının
rejissoru Rafıq Əliyev tamaşaya hazırlayır.
Bunlardan əlavə, hazırlanacaq əsərlər içərisində
H.Cavidin "Topal Teymur", Əli Əmirlinin "Şah
Qacar", Kamal Abdullanın "Hamı səni sevənlər
burdadır", Həsən Həsənovun "Brüsseldən
məktublar", Elçinin "Sənətkarın
taleyi" və s. pyeslər var. Mütəxəssislər
yaxşı bilirlər ki, təxminən iki il ərzində
teatr daxili irili-xırdalı problemlərin həlli ilə bərabər
bu qədər tamaşanın hazırlaması asan məsələ
deyil. Bu zaman içərisində bir sıra təqdimatlar
və yubiley tədbirləri də hazırlanıb. Onların sırasında Ədil İsgəndərovun,
Ələsgər Ələkbərovun, Sabit Rəhmanın, Əli
Vəliyevin, H.Xanızadənin və b. görkəmli şəxsiyyətlərin
yubileylərini göstərmək olar.
- İsrafil müəllim, rəhbərlik
etdiyiniz teatrda pyeslər hansı prinsiplər əsasında
seçilir?
Tamaşaya
hazırlanan hər pyes truppanın potensial qüvvəsinə
cavab verməli, aktyorların
yaradıcılığının professionallıq
baxımından püxtələşməsinə faydalı
təsir göstərməlidir. Aktuallıq, müasirlik, bədii
səciyyə və nəhayət, tamaşaçı
marağı - bu amillər tamaşaya qoyulan pyeslərin
seçimində mühüm rol oynayır. Bədii məqsədlərimizə və estetik tələblərimizə
cavab verən pyes olarsa, mütləq özümüz həmin
əsərə elçi düşəcəyik. Amma o pyeslər ki, bizim tələblərimizə,
truppanın yaradıcı potensialına uyğun deyil,
yaxşı olar ki həmin pyeslərin müəllifləri
bizə də, özlərinə də əziyyət verməsinlər.
- Sizdən incik qalan yazı əhli barəsində
nə düşünürsüz?
- Əvvəla,
məndən incik qalmağa kimsənin əsası yoxdur. Ailəmdən başqa.
Amma ciddi danışsaq, hələ ötən əsrdə
görkəmli alimimiz, professor Cəfər
Cəfərovun yazdığı kimi, Azərbaycan teatrı həmişə
dramaturgiyadan incikli qalıb. Əslində, bu
gün də milli teatr dramaturgiyadan narazıdır. Əlbəttə, burada söhbətin böyük
dramaturgiyadan getdiyi aydındır. O da aydındır ki,
Akademik teatrın səhnəsində təcəssüm edilməyə
layiq səhnə əsəri yaza bilməyən kəs
nöqsanlarını hamıdan öncə özü görməlidir.
Yəni, dahi Sabir demişkən, "Kişi, sən
eybini qan, mənlə əbəs cəng eləmə,
özünü, həm məni bu barədə diltəng eləmə".
Digər
tərəfdən, mən bizlərdə şairliyə
böyük şövqün olduğunu bilsəm də, pyes
yazmağa bu qədər həvəs olduğunu bilmirdim. Görünür, pyes yazmaq
bəzilərinə asan gəlir. Halbuki,
müdriklərin fikrincə, dramaturgiya ədəbiyyatın ən
çətin növüdür.
- Teatr son zamanlar bir sıra festivallarda
iştirak edir, xarici qastrollara gedir. Bu haqda mətbuatda
da müəyyən qədər məlumat verilib. Ümumiyyətlə, bu festivallar teatr
üçün nə əhəmiyyət kəsb edir?
- Mədəni
əlaqələr, o cümlədən teatr əlaqələri
xalqların bir-birinə yaxınlaşmasında, mədəniyyətlərin
zənginləşməsində mühüm əhəmiyyətə
malikdir. Eyni zamanda, bu yolla biz Azərbaycan
teatrını, o cümlədən, Akademik Milli Dram
Teatrını dünyaya tanıtdırırıq. Elə əsərlər var ki, onlarda qoyulan problemlər
xalqımızın milli varlığını əks etdirir,
Azərbaycan həqiqətlərini bütün dünyaya
çatdırır.
Ümumiyyətlə,
beynəlxalq mədəni əlaqələr sahəsində
işimiz təşəkkül səviyyəsindədir. Bu işləri həyata
keçirmək üçün teatrda sənətşünasliq
üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun
başçılıq etdiyi prodüser şöbəsi fəaliyyət
göstərir.
Ötən
ilin may ayının sonunda və iyun ayında M.F.Axundzadənin
"Lənkəran xanının vəziri", H.Mirələmovun
"Xəcalət" pyeslərinin tamaşaları ilə
Tbilisi şəhərində qastrol səfərində olduq. Tamaşalara gürcü ictimaiyyətinin nümayəndələri
ilə yanaşı, Gürcüstanda yaşayan
soydaşlarımız da baxdılar. Həmin
ilin sentyabr ayında Hüseynbala Mirələmovun "Xəcalət"
pyesi əsasında hazırlanan tamaşa ilə "Teatr.
Çexov. Yalta - 2011"
festivalında, oktyabr ayında isə Daşkənd Beynəlxalq
Teatr festivalında J.Koktonun "İnsan səsi" pyesinin
tamaşası ilə ölkəmizi təmsil etmişik.
2012-ci ildə də bir neçə festivala dəvət
almışıq. H.Mirələmovun "Xəcalət"
pyesinin tamaşası ilə mart ayında Serbiyanın Belqrad
şəhərində keçirilən XI "Slaviya" Beynəlxalq
Teatr festivalında, mayda isə Moldovanın Kişinyev şəhərində
keçirilən Beynəlxalq Teatr festivalında
çıxış etmişik. Qeyd edim ki,
"Xəcalət"dəki işğala məruz
qalmış ərazilərdən didərgin
salınmış insanların qaçqın həyat tərzi
bəşəriyyət üçün ağrılı
problemlərdəndir. Müharibənin,
qaçqınlığın səbəbləri,
yaratdığı insan iztirabları neçə-neçə
dünya xalqlarının tarixində və taleyində
yaşanıb. Ona görə də "Xəcalət"
tamaşasının mövzusu başqa xalqlar
üçün də yetərincə aktualdır. Uğurlu səfərlərimizdən biri də bu
yaxınlarda, yəni sentyabr ayının sonunda Tbilisi şəhərində
Beynəlxalq Teatr festivalında Elçinin "Şekspir"
pyesinin tamaşası ilə olub. Bu
festivallarda aldığımız mükafatları, fəxri-fərmanları
sadalasam, uzun bir siyahı alınar. Önəmli
olan budur ki, biz həmin festivallarda ölkəmizin teatr mədəniyyətini
ləyaqətlə təmsil edə bilmişik. Bu teatr
mövsümü müddətində isə Rusiyanın
Sankt-Peterburq şəhərinə, Tümen vilayətinə,
həmçinin Qazaxıstanın Karaqanda vilayətinə
qastrol səfərinə getməyi, Ukraynada keçiriləcək
Beynəlxalq Teatr festivalında iştirak etməyi
planlaşdırırıq.
- Bu gün teatrdakı
yaradıcılıq atmosferi necədir?
-
Gördüyünüz və sadaladığım kimi, yeni
tamaşalar üzərində işləyirik,
tamaşaçı auditoriyası ilə əməkdaşlıq
əlaqələri qururuq və bu istiqamətdə
çalışırıq. Cəmiyyətimizin
yeni nəslinin mənəvi-estetik
dünyagörüşünün tərbiyəsi, onlarda azərbaycançılıq
əqidəsinin formalaşması əsas
qayğılarımızdandır. Teatrımız
fərdi yaradıcılıq xüsusiyyətləri ilə zəngin
olan, müxtəlif nəslə mənsub qüdrətli aktyor
potensialına malikdir. Burada hər kəs,
təbii olaraq, seçilmək, özünü təsdiq etmək,
tamaşaçılar qarşısında bədii-estetik
baxımdan məzmunlu obrazlarda görünmək əzmi ilə
çalışır. Yaxın günlərdə
kollektivimiz ölkəmizdə Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə
keçiriləcək "Dünya teatr prosesi XXI əsrdə:
Problemlər, prespektivlər və alternativlər" adlı
II Beynəlxalq Elmi-praktiki Teatr Konfransına
hazırlaşır. Məlum olduğu kimi, bu
konfrans ilk dəfə Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi tərəfındən 2010-cu ildə bizim
teatrda keçirilib və onun böyük praktik əhəmiyyəti
olub.
Sözümüzün
sonunda bildirirəm ki, teatrın rəhbərliyi və
yaradıcı heyəti tamaşaçıların da, tənqidçilərin
də, opponentlərimizin də fikirlərinə hörmətlə
və ehtiramla yanaşır, söylənən hər
mülahizəni analitik süzgəcdən keçirir. Səhnə sənətimizin
inkişafı naminə deyilən hər fikrə diqqət
yetirməyi özümüzə borc bilirik, minnətdarlıqla
qəbul edirik.
Söhbəti yazdı:
A.İsmayıloğlu
Ədəbiyyat qəzeti.- 2012.- 2 noyabr.-
S.8.