"Heç bilmirəm
bu altmış il necə keçdi..."
Müsahibimiz filologiya elmləri doktoru
Şirindil Alışanlıdır
- Şirindil müəllim, geriyə baxanda
ibrətamiz nələr var? Nəyisə dəyişmək
olardımı?
- Bu məqamda
istər-istəməz bir ideya əsas götürülməlidir.
Ötənləri indinin müstəvisində dəyərləndirdiyimiz
kimi, çağdaş günlərimizi də
yaşadığımız ömrün təcrübəsi,
belə demək mümkünsə dərsləri zəminində
saf-çürük etmək gərəkdir. Heç
bilmirəm bu altmış il necə
keçdi. Yaddaşımda daha çox XX əsr
bütöv bir epoxa kimi canlanır. XXI əsri
dərk etmək üçün düşünüb
daşınıram. Bəzən mənə
elə gəlir ki, bəşəriyyət gələcəyə
doğru hərəkətində nəyisə axtarır, lakin
ümumi bir paradiqma, bütün xalqların və mədəniyyətlərin
mənafeyini ehtiva edən magistral yol tapa bilmir. XX əsr Azərbaycan gerçəkliyinin
daşıyıcısı kimi ötənlərin çoxu
ilə fəxr edirəm. Tərbiyə
aldığım ailəmlə, şair Hüseyn
Kürdoğlunun mənə verdiyi halal çörəklə,
vüqarlı, namuslu yaşamaq məktəbi ilə.
Ötən
əsrin 60-70-ci illərində yaşamağın dadı
damağımdan getməyib. Bakının 21 nömrəli məktəbində
mənə dərs demiş Bibigül Almazovanı, eləcə
də 19 və 111 nömrəli məktəbdə dərs
aldığım günləri şirin bir yuxu kimi
xatırlayır, təhsil sistemindəki o səviyyəni
heç cür unuda bilmirəm.
Ali təhsil
aldığım BDU-nun filologiya fakültəsi XX əsr Azərbaycan
filoloji fikrinin beşiyi və mərkəzi olmuşdur. Mənə dərs demiş
bütün müəllimlərimi minnətdarlıqla
xatırlayıram. Əgər nəyə isə nail
olmuşamsa buna görə Mir Cəlal, Əkbər Ağayev,
Qulu Xəlilov, Seyfulla Əsədullayev, Firidun Hüseynov, Samət
Əlizadə kimi müəllimlərimə qəni-qəni rəhmət
diləyirəm. Universiteti bitirəndən sonra
altı ay işsiz qaldım. Çox
qapılar, çox sifətlər gördüm. Bircə onu bilirəm ki, romantik naturam məni
sınmağa qoymadı. İki
böyük ziyalı və şəxsiyyət - Qasım
Qasımzadə və Mirzağa Quluzadə mənim taleyimi həll
etdilər. Onların mərdliyi,
saflığı və ləyaqəti qarşısında
baş əyirəm. Mənim Nizami adına
Ədəbiyyat İnstitutuna gəldiyim vaxt bu nüfuzlu elm
ocağının qızıl dövrü idi. Mirzə
İbrahimov, Məmməd Arif, Məmməd Cəfər, M.H.Təhmasib,
Mirzağa Quluzadə, Əkbər Ağayev, Mirəli Seyidov, Əziz
Mirəhmədov, Kamal Talıbzadə, Kamran Məmmədov,
Azadə Rüstəmova, Qasım Qasımzadə, Məsud Əlioğlu,
Yaşar Qarayev, Nadir Məmmədov, Dilarə Əliyeva,
Rüstəm Əliyev, Qulamhüseyn Beqdeli, Qafar Kəndli kimi ədəbiyyatşünasların
yaratdığı elmi mühitdə işləmək və
gələcəyə nikbin baxmaq üçün münbit mənəvi-əxlaqi
zəmin vardı. Yadımdadır ki, çap
olunan məqalələrim haqqında bu şəxsiyyətlərin
hər birindən ürək dolusu söz eşitmişəm.
- Sizin ilk məqalələriniz
geniş əks-səda doğurduğu kimi, mübahisələr
də yaradıb.
- 70-ci illərin
ikinci yarısında sağlam bir ədəbi mühit, qaynar ədəbi
proses mövcud idi. Ədəbi tənqid üzrə
Yazıçılar İttifaqında ayrıca katib vəzifəsi
təsis edilmiş, Elçin bu vəzifəyə
seçilmişdi. Obyektiv tənqidə
meydan vermək üçün şərait var idi. Mən də ilk yazılarımı mətbuata, o
cümlədən "Ədəbiyyat və incəsənət"
qəzetinə təqdim etdim. Hiss edirdim ki, İnstitutun rəhbərliyinə
təzyiq edirlər. Mənim isə itirəcəyim
heç nə yox idi. Baş laborant idim.
Növbəti yazılarımdan birini rəhmətlik Yusif Əzimzadə
qaytarıb dedi ki, oğlum, bir az gözlə,
MK-dan göstəriş veriblər, səni çap edə
bilmərik. Bir müddət sonra isə, elə
həmin baş laborant vəzifəsində məni poeziya barədə
Respublika müşavirəsinə məruzəçi təyin
etdilər. Baş laborantın məruzəçi
olduğu bu müşavirəni akademik Məmməd Cəfər
aparırdı. Bu mənim
üçün ədəbi aləmdə özümü təsdiq
oldu. Həmin müşavirənin dərc
olunduğu "Ədəbiyyat və incəsənət"
qəzetini Moskvada aldım. Sonralar öyrəndim
ki, mənə olan hücumların qarşısını
M.Quluzadə, İ.Qasımov, Q.Qasımzadə, Elçin,
Y.Qarayev, S.Rüstəmxanlı kimi namuslu qələm sahibləri
almışlar.
- Moskvada təhsil aldığınız
illərin yaradıcılığınızda rolunu necə dəyərləndirərdiniz?
- Əvvəla,
70-ci illərdə SSRİ-nin müxtəlif nüfuzlu ali məktəblərinə və elmi mərkəzlərinə
təhsil almağa yüzlərlə gənc göndərilirdi.
Bu, bizim respublika rəhbərliyinin uzaqgörən
siyasəti idi. O gənclərdən biri kimi SSRİ Elmlər
Akademiyasının M.Qorki adına Dünya
Ədəbiyyatı İnstitutunun ədəbiyyat nəzəriyyəsi
şöbəsində təhsilimi davam etdirdim. Əslində
namizədlik dissertasiyamı yekunlaşdırmaqdaydım.
"Məmməd Cəfərin ədəbi-nəzəri
görüşləri" mövzusunda universiteti bitirərkən
yazdığım diplom işi yüksək qiymətləndirilmişdi
və İnstitutda da bu mövzunu mənə namizədlik
işi kimi təsdiq etdilər.
Moskvaya
gedərkən Yaşar Qarayev məsləhət gördü
ki, çalış professor Yuri Borev sənə rəhbər
olsun. Şöbədə
ilk söhbətdən sonra Y.Borev Azərbaycana və azərbaycanlılara
böyük ehtiramı olduğunu bildirdi və rəhbər
olmağa razılıq verdi. Lakin mövzunu daha geniş və nəzəri aspektdə
işləməyi təklif etdi. Sözün
düzü böyük ehtiram bəslədiyim M.Cəfər
müəllimə bunu necə deyəcəyimi özümə
aydınlaşdıra bilmirdim. Yaşar
müəllimə zəng edib əhvalatı ona bildirdim.
Onunla M.Cəfər müəllimin iş otağı bir idi.
M.Cəfər müəllimin sözü qısa və konkret
oldu: onlar necə deyirlər, elə də et.
Romantizm probleminə həsr edilmiş namizədlik
işimdə M.Cəfər müəllimin
yaradıcılığı tam izlənilir. Lakin indi də özümü borclu bilirəm ki,
vaxtı ilə yazdığım o kitabı nəşr edim,
böyük ürək sahibi olan bu müdrik insanın xatirəsinə
öz ehtiramımı bir daha bildirim.
Mənim
çalışdığım M.Qorki adına
Dünya Ədəbiyyatı İnstitutunun ədəbiyyat nəzəriyyəsi
şöbəsində dünyada tanınmış alimlər
işləyirdi. "Ümumdünya ədəbiyyatı
tarixi" çoxcildliyi, tarixi poetikaya həsr edilmiş ilk
kollektiv əsər, ədəbi üslublar, ədəbiyyatşünaslığın
və tənqidin metodoloji problemlərinə həsr edilmiş
kitablar hazırlanırdı. N.Gey, Y.Borev,
V.Kojinov, S.Boçarov, V.Skvoznikov, D.Urnov, Q.Belaya,
İ.Podqaetskaya, B.Qonçarov, A.Mixaylov və digər nəzəriyyəçilərin
iştirakı ilə keçirilən hər bir müzakirə
mənim üçün yeni dərs idi. Bu
ilin iyun ayında İnstitutda oldum. Yuri
Borevin 87-illiyini qeyd etdik. İnstitutla əlaqələrim
davam edir. İki layihə üzərində işləyirik:
"Ədəbiyyatşünaslıq terminləri lüğəti"
və "Ədəbiyyat nəzəriyyəsi".
Ötən il məni Estetika və Azad Sənətlər
Akademiyasına üzv seçdilər. Bu
Akademiyanın orqanı olan "Akademiçeskiye tetradi"
jurnalının redaksiya heyətinin üzvü kimi dərginin
elektron versiyasını oxuyuram və nəşrdən qabaq
fikir mübadiləsi edirik. Dünyanın
tanınmış mütəxəssisləri ilə işləmək
mənim üçün xoşdur.
Onu da qeyd etməyi
lazım bilirəm ki, o zamanlar bizim ədəbiyyatşünaslıq
daha çox ideoloji aspektdə işləyən K.Lomidze,
Z.Kedrina kimi ədəbiyyatşünaslara sıx bağlı
idi və ədəbiyyat haqqında elmimiz də sosioloji təhlilə
üstünlük verirdi.
- Şirindil müəllim, siz 37
ildir ki, fasiləsiz olaraq Ədəbiyyat İnstitutunda
çalışırsınız: baş laborant, kiçik
elmi işçi, İnstitutun elmi katibi, şöbə
müdiri. Elmi-təşkilati fəaliyyətdə
nəyə üstünlük verirsiniz?
- Əvvəla,
mən M.Quluzadə, M.Cəfər, Ə.Mirəhmədov,
Y.Qarayev kimi görkəmli elm təşkilatçılarının
təcrübəsini görmüşəm. Ə.Mirəhmədov kimi tələbkar
bir kişiylə İnstitutun rəhbərliyində
olmuşam. Düz iyirmi ildir AMEA-nın Rəyasət
Heyətində nəşriyyat və poliqrafiya işlərinə
rəhbərlik edirəm. Mənim
üçün yeganə meyar ədalət prinsipidir. Axı, bizə himayədarlıq edənlər, əlimizdən
tutanlar heç bir təmənna güdməyiblər. Kim onlara xəyanət edirsə bədbəxtdir.
- Ədəbiyyatşünaslığımızda
hansı yeni istiqamətlər ədəbiyyat tariximizi yenidən
yazmağa kömək edərdi?
- Otuz ildən
artıqdır ki, ədəbiyyatşünaslığımızda
kök salmış sosioloji təhlildən qurtarmağın
yolu kimi tarixi poetika aspektində tədqiqatlara meydan
açmağa çağırıram. 1989-cu
ildə bu mövzuda ilk məcmuəni çap etdirdim. İndi üçüncü kitab çap prosesindədir.
Bədii təsvir vasitələrinin təkamülünə
həsr olunub. Tarixi poetika səpkisində
araşdırmalar milli və dünya ədəbiyyatı
anlamının daxili, immanent qanunauyğunluqlarını ortaya
qoymaqda bədii əsəri mövcud təhlil
üsullarının (semantik, struktural, bütöv-sistemli və
s.) imkanlarından istifadə etməyə yol açır.
Tarixi poetikanın mərhələləri,
metodu, dövrləşdirilməsi sahəsindəki cəhətlər
də bu istiqamətin ədəbiyyatşünaslığın
ana xəttinə çevrildiyini təsdiq edir. Rusiyanın bir çox elmi idarələrində nəzəri
və tarixi poetika ayrıca elmi-təşkilati vahid kimi təmsil
olunur. Məhz tarixi poetika üzrə tədqiqatlar imkan
verir ki, sosioloji məzmun daşıyan təlimlərdən
milli ədəbi fikir tarixi təmizlənsin, onun
yaranışı və təkamülü
dövrlərində dini, siyasi və s. institutlarla
bağlılıq, bu məqamdakı fərdiliyi üzə
çıxsın.
- Hazırda XX əsr (sovet
dövrü) ədəbiyyatı şöbəsinə rəhbərlik
edirsiniz. Son iyirmi ildə ən
çox təftiş və tənqidə məruz qalan da bu
dövrün ədəbiyyatıdır. Sovet dövrü
Azərbaycan ədəbiyyatını obyektiv dəyərləndirmək
üçün hansı istiqamətlərdə iş
aparılır?
- Yenidən dəyərləndirmə
məsələsini təkcə sovet dövrü ədəbiyyatı
ilə məhdudlaşdırmaq doğru olmazdı. Son iyirmi ildə yaranan demokratik elmi meyarlarla
bütövlükdə klassik irsə yanaşmada, təhlil və
qiymətləndirmədə yeni metodoloji problemləri həll
etmək gərəkdir. Çernışevskinin məşhur
bir kəlamını təkrar etməyi xoşlayıram:
"Elmin tarixi yoxsa nəzəriyyəsi də yoxdur, amma elmin
nəzəriyyəsi olmazsa, onun tarixini xəyala belə gətirmək
olmaz." Sovet dövrü ədəbiyyatını
müasir demokratik elmi meyarlar və sənətin daxili
inkişaf qanunauyğunluqlarına əsaslanan nəzəri
metodoloji prinsiplər müstəvisində tədqiq etməyin
və obyektiv dəyərləndirmə qənaətlərinin
bərqərar olmasının bütün çətinliklərini
aradan qaldırmaq istiqamətində şöbədə nəzəri-tarixi
və praktik məzmunda araşdırma və nəşr
işləri davam etdirilir. Bu baxımdan şöbədə
iki istiqamətdə iş aparırıq. XX əsr
ədəbiyyatının seçmə nümunələrini
antologiyalar kimi nəşrə hazırlayırıq. "XX əsr Azərbaycan poeziyası
antologiyası" silsiləsindən 20, 30, 40-cı illəri əhatə
edən kitablar nəşr olunub, 50-ci illər mətbəədədir,
60-cı illər nəşrə hazırlanır. Bu layihənin başa çatması ilə XX əsr
(sovet dövrü) poeziyası haqqında tam təsəvvür
yaradan kitablar ortada olacaq. Antologiyada poetik
prosesi təmsil edən bütün müəlliflər
istisnasız təmsil olunurlar. Gələcəkdə
digər janrlar da əhatə olunacaq.
Paralel
olaraq nəzəri-tarixi aspektdə tədqiqatlar
aparırıq. "XX əsr ədəbiyyatı məsələləri"
seriyasından üç kitab nəşr olunub,
dördüncüsü isə yaxın vaxtlarda işıq
üzü görəcək. Bu kitablarda XX əsr ədəbiyyatının,
həmçinin klassik ədəbi irsin dövrləşdirilməsi
və yenidən dəyərləndirilməsinin nəzəri
metodoloji problemləri, habelə konkret ədəbi şəxsiyyətlərin,
məsələn, M.Arifin, Səməd Vurğunun, Mikayıl
Müşfiqin və b. yaradıcılıqları fonunda sovet
dövrü ədəbiyyatının tarixi inkişaf yolu tədqiq
olunur.
Hazırda
XX əsr ədəbiyyatının janrlarının
qaynaqları, təşəkkülü, inkişaf mərhələləri,
poetikası istiqamətində tədqiqatlar davam etdirilir. Hekayə janrına həsr
edilmiş kollektiv tədqiqat müzakirə və redaktə
prosesindədir. Roman janrına həsr
olunacaq işin plan-prospektini hazırlayırıq.
Şöbədə
həyata keçirilən digər layihə "Azərbaycan
mühacirət ədəbiyyatı kitabxanası" seriyasıdır. XX əsr mühacirət
irsi dövriyyədə olmadan həmin yüzilliyin ədəbiyyatı,
ictimai-siyasi tarixi haqqında bütöv, elmi obyektivliyə əsaslanan
söz demək qeyri-mümkündür. Çağdaş
siyasi, mənəvi institutlarımız öz
başlanğıcını mühacirlərimizin
yaratdıqları siyasi-mənəvi qurumlardan
götürür. Rusiya, Almaniya, Polşa, Orta Asiya
respublikaları kimi ölkələrdə də mühacirət
irsinin yaşarılığını ehtiva edən
tarixi-siyasi-mənəvi sərvətlər gündəmə
gəlməkdədir. Emiqrantologiya xüsusi elmi
sahə kimi təşəkkül tapmaqdadır və hər
bir ölkədə fərdi çalarlar kəsb edir. Göstərdiyim seriyadan ilk kitab "Yeni
Kafkasiya" dərgisinin transliterasiya edilmiş və çap
prosesində olan cildidir. Bu cildi bizim
sifarişlə ədəbiyyatımızın fədakar tədqiqatçısı
Yavuz Akpinar hazırlamışdır.
Almaniyanın
federal arxivində, Berlin kitabxanasında mühacirət irsimizlə
bağlı öyrənilməmiş zəngin materiallar
mövcuddur. XX əsrin siyasi tarixini, ədəbi-mədəni
prosesini dəyərləndirməkdə bu irsin nəzəri-metodoloji
tutumu diqqətəlayiqdir. fərqli
baxış, fərqli dəyərləndirmə, təhlillərdə
daha çox obyektivliyə, Avropa dəyərlərinə əsaslanan
meyarlar böyük mübahisələrə səbəb olan
klassik mənəvi sərvətlərimizi obyektiv şərh
etməkdə həm praktik, həm də nəzəri təcrübə
kimi misilsiz əhəmiyyətə malikdir.
Almaniya
federal arxivində "Sovet Sosialist Cümhuriyyətləri
Birliyi tarix və kulturunu tədqiq institutu"nun dərgisində
(1958, № 12, səh. 12) Səməd Vurğunun Mirzə Fətəli
haqqında, onun xarici təsirlər altında yetişdiyini
iddia edənlərə cavabı dərc olunub və təqdir
edilir. Berlin
kitabxanasında öyrənmədiyimiz "Kafkasiya
dağlıları" və "Şimali Kafkasiya" dərgilərində
Azərbaycanın ədəbi və
ictimai-siyasi həyatına dair zəngin materiallar var.
Bunların tədqiqi şöbənin perspektiv
planındadır.
Nəhayət,
VI cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin sovet dövrü və sonrakı dövr ədəbiyyatını
əhatə edən cildlər üzərində on ilə
yaxındır işləyirik. Mənə
şöbəyə gələndə bu cildin heç nəyə
yaramayan materiallarından ibarət kiçik bir qovluq verdilər.
Bu cildin plan-prospektini uzun müddət müzakirə
etdik, müəlliflər heyətini seçdik. Artıq redaktə və təkmilləşmə
işləri gedir.
- Şirindil müəllim, nəşr
etdiyiniz "Tarix" janrında kitablar - "Azərbaycan
tarixi" (yeddi cilddə), "Azərbaycan ədəbiyyatı
tarixi" (altı cilddə, dörd cildi nəşr edilib),
"Azərbaycan fəlsəfəsi tarixi" (üç
cilddə, iki cildi nəşr edilib) konsepsiyası və elmi-nəzəri
səviyyəsi etibarı ilə sizi razı salıbmı?
- Bu
çoxcildliklərin nəşrində mənim zəhmətim
çox olub. Bu əsərlər mənim
üçün əzizdir. Son otuz ilin Azərbaycan
humanitar fikrinin olanı budur. Həmin
çoxcildliklərin nəşrinin elmi əhəmiyyəti
artıq tarixi fakt kimi götürülməlidir. Qeyd
olunan çoxcildliklər müasir tarixi dövrləşdirmə
və dəyərləndirmə üçün nümunə
ola bilməz və belə bir missiyanı
da öz üzərinə götürməmişdir. Həmin əsərlərdə mədəniyyət,
elm, təhsil də daxil olmaqla bütün tariximiz ictimai
formasiyalar nəzəriyyəsinin prinsipləri ilə
araşdırılıb, hətta sovet humanitar fikrində
mövcud olan digər nəzəriyyələr də
axıracan nəzərə alınmayıb. "Azərbaycan
ədəbiyyatı tarixi"nin ilk
dörd cildi tarixi ədəbi prosesi izləmək
iqtidarında deyil. Birinci cilddə ayrıca
oçerklə təmsil olunmuş böyük poeziya nümayəndələri
(aşıq şeri) sonrakı cildlərdə öz yerini
tapmır. Məsələn, Aşıq Ələsgər
bu ədəbiyyat tarixinin öz tarixi dövrünə aid cilddə
niyə olmasın və s. Təkrara yol verilsə də
6-cı cilddə aşıq ədəbiyyatının
böyük nümayəndələri öz halal yerlərini
tapmalı və ədəbi prosesdəki rolları
aydınlaşdırılmalıdır.
- Siz ədəbiyyata kəskin tənqidi
məqalələrinizlə gəlmisiniz. Müasir
ədəbi prosesdə sizi narahat edən problem yoxdur?
- Var,
özü də istənilən qədər. Mən
ədəbi prosesi ardıcıl izləyirəm. Ədəbi orqanlara abunəçiyəm. Son onilliklərdə ədəbiyyatdakı proseslərə
həsr edilmiş kitab üçün materiallar
toplamışam. Mən sözün bu qədər
urvatdan düşdüyü vaxtı görməmişəm.
Az qala meyarlar pozulub və bu baxımdan ədəbi
tənqidin də günahları var.
- Bir naşir kimi də kifayət qədər
tanınmısınız. Kitabla bağlı
hansı problemləri aktual hesab edirsiniz?
-
Respublikamızda ilk özəl "Sabah" nəşriyyatını
1991-ci ildə mən yaratmış və qadağan olunmuş
bir sıra ədəbiyyatın nəşrinə nail
olmuşuq. Racinin "Seçilmiş əsərləri"ni
on min tirajla, Sarı Aşığın
"Bayatılar"ını, "Azərbaycan folkloru
antologiyası"nın "Naxçıvan folkloru"
cildini beş min tirajla nəşr etdik. Bu siyahını xeyli uzatmaq da olar. 1997-ci ildə Akademiyanın rəhbərliyi nəşriyyat,
poliqrafiya işlərini mənə həvalə etdi. 15 ildə bu sahəyə sərf etdiyim vaxtla, zəhmətlə
indi fəxarət duyuram. Bu illər
elmimizin, mədəniyyətimizin müxtəlif sahələrinə
həsr olunmuş yüzlərlə əsər nəşr
etmişik. Yuxarıdakı çoxcildliklərdə
"Azərbaycanın faunası"na həsr
edilmiş üç cildliyi, çoxsaylı iki dilli,
üç dilli, izahlı sahə lüğətlərini,
dövri nəşrləri də yada salsaq təsəvvürünüz
aydınlaşar.
- Şirindil müəllim, indi nə
üzərində işləyirsiniz?
- "Nəzəri
fikrin tarixiliyi və müasirliyi" adlı kitabım
yaxın vaxtlarda çapdan çıxacaq. "Səməd Vurğunun
estetikası və poetikası" adlı uzun illər üzərində
işlədiyim kitabı tamamlayıb nəşr etmək də
yaxın zamanın işidir. Mirzə
İbrahimov, Məmməd Cəfər, Yaşar Qarayev
haqqında yazdığım kitabları nəşr etməyi,
"XX əsr Azərbaycan şerinin poetikası"
kitabını tamamlamağı planlaşdırıram. Bir də ki, monoqrafiya yazmaq mənə daha münasib
və rahatdır, nəinki kollektiv tədqiqatlara rəhbərlik
etmək.
Ötən
günlərə nəzər salır, adi məişət
problemlərinə, dost-tanış, qohum-əqrəbanın
qayğılarına sərf etdiyim vaxt və enerjinin
miqyasını düşünəndə fikirləşirəm
ki, elmi-təşkilati və naşir kimi fəaliyyətim səhhətimdən
çox şey qopardıb. Ancaq, necə deyərlər,
papağı yelə verməmişik.
- Həyatda nə istərdiz?
- Bircə onu
bilirəm ki, Laçında, Əhmədli kəndində,
babam Alışanın talasında qazılmamış qəbrim
qalıb...
Müsahibəni qələmə aldı: Ələsgər
Behbudlu
Ədəbiyyat qəzeti.- 2012.- 2 noyabr.-
S.7.