Kimlər gəldi, kimlər getdi bu dünyadan...

        

Azərbaycan vokal sənətinin korifeylərindən sayılan Mirzə Babayevin ifasında başlığa çıxardığımız sözlərlə başlayan mahnını çox dinləmişik. Etiraf etmək gərəkdir ki, hər dəfə dinləyəndə bu mahnı insanda son dərəcə kövrək hislər oyadır. Eyni zamanda bizi çox adi bir həyat fəlsəfəsini dərk etməyə çağırır. Bu dünyaya gələn hər kəs öz taleyinə yazılan bir gündə getməli olacaq. Amma o gələn özünü və ətraf mühiti dərk etməyə başladığı andan düşünməlidir ki, min bir nazü-nemətindən daddığı bu dünyada nə qoyub gedəcək. Hansı əməlləri ilə yaddaşlarda yaşayacaq. Özündən sonrakı ömrü nə qədər davamlı olacaq. Bu gün haqqında söhbət açmaq istədiyim Teymur Əliyev bilmirəm bu barədə düşünmüşdü, yoxsa yox, amma özündən sonrakı ömrü 20 ildir ki, davam edir. Bu ömrü həm onun övladları, həm də Azərbaycanın böyük teleradio məktəbi yaşadır. Ədəbi ictimaiyyət onu daha çox şair, tərcüməçi Teymur Elçin kimi tanıyırdı. Azərbaycan radio-televiziya əməkdaşları üçünsə o, Teymur müəllim idi. Həm tələbkar, həm sərt, həm mülayim, həm qayğıkeş Teymur müəllim. Əsl müəllim adının bütün məziyyətlərini özündə ehtiva edən Teymur müəllim. O, 1924-cü ildə Şuşa şəhərində anadan olub. 1931-ci ildən ailəsi ilə birgə Bakıya köçübdü. 132 saylı orta məktəbi bitirib. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məzunu olub. Əmək fəaliyyətinə 40-cı illərin əvvəllərindən başlayıb. O illərdə radioda diktor, redaktor kimi çalışıb. Sonra müxtəlif yüksək vəzifələrə təyin olunub. Mədəniyyət nazirinin müavini, bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı olub. Mərkəzi Komitədə şöbə müdiri vəzifəsində çalışıb. 1957-ci ildə Azərbaycan Teleradio Verilişləri Komitəsinə sədr təyin edilib. Bu vəzifədə cəmisi 7 il çalışıb. Amma Azərbaycanın efir dünyasında əbədiyaşar bir ömür qazanıb.

Bədii yaradıcılığa isə çox erkən yaşlarından başlayıb. Azərbaycan uşaq ədəbiyyatının demək olar ki, ən gözəl nümunələrini yaradıb. Rus və digər xarici ölkələrin uşaq ədəbiyyatlarından ən məşhur əsərləri Azərbaycan dilinə çevirib. Bu tərcümələrin çoxu az qala orijinaldan da qüvvətli alınıb. Amma bu an mən onun ədəbi fəaliyyəti haqqında geniş söhbət açmaq fikrindən uzağam. Çünki mən özüm də bu an sizinlə həmsöhbət ola-ola belə bir suala cavab tapmaq istəyirəm ki, Azərbaycan Teleradio Verilişləri Komitəsində sədr çox olub. Niyə Teymur Əliyevin adı gələndə onu tanıyanların hər birinin üzündə xoş bir təbəssüm yaranır? Niyə 20 ildir ki, efir məkanında sanki bir Teymur Əliyev əfsanəsi yaşayır? Bu niyələri cavablandırmaq mənim üçün də çətin olduğundan, vaxtilə onunla ünsiyyətdə olanların bir neçəsinə üz tutdum. İndi onlardan eşitdiklərimi sizə də təqdim etmək istəyirəm. İstəyirəm ki, Azərbaycan teleradio işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan efir məkanının qurucularından sayılan Teymur Əliyevi siz də yaxından tanıyasınız. İlk müsahibim bu gün ömrünün 80-ci sinnini yaşayan Məryəm xanım Zöhrabovadır:

"Mən 1954- cü ildə Azərbaycan mətbuatının böyük himayədarı olan Nəsir İmanquliyevin tövsiyəsi ilə Azərbaycan radiosuna işə qəbul olundum. O məkan mənim ilk və son iş yerim oldu. Burada əlli ildən çox çalışdım. Bu müddət ərzində 15 sədr gördüm. Onların hər birinə böyük hörmətim var. Amma Teymur müəllim haqqında həyəcansız danışa bilmirəm. Bir şəxsiyyət ifadəsi var. Anlamı çox böyükdür. Mən bu ifadəni bütün mahiyyəti ilə Teymur müəllimə aid edərdim.

Yaxşı yadımdadır. O adəti üzrə işə bir qədər tez gələrdi. Yaradıcı işçiləri otağına toplayıb günün əsas mövzuları barədə söhbət aparardı. Kimin hansı qəzet və jurnala abunə olduğunu soruşardı. Son vaxtlar nə oxuduqları ilə maraqlanardı. Kimə nə tapşırıq verəcəyini dəqiq müəyyənləşdirərdi.

Teymur Əliyevin işıqlı, zəkalı, çox təmiz baxışları var idi. Bu təmizlik daxildən gələn bir təmizlik idi."

 

Kimlər gəldi, kimlər getdi bu dünyadan...

 

Gəlib-gedənlər arasında elələri oldu ki, nə izləri qaldı, nə sözləri. Amma Teymur Əliyevin teleradio məkanında izi də qaldı, oxucuya, tamaşaçı və dinləyiciyə ünvanladığı sözləri də qaldı, ən başlıcası isə ünsiyyətdə olduğu insanların xatirəli dünyalarında yaşadı, bu gün də yaşayır. Növbəti müsahibim uzun illər Azərbaycan televiziyasında çalışan Seyfulla Cəfərovdur:

"Ömrümün bu 85-ci sinnində xəyalən o illərə qayıtmaq, Teymur müəllimi xatırlamaq inanın ki, mənə qeyri-adi bir sevinc bəxş edir.Taleyimə yazılan o illərə görə Tanrıma minnətdaram. Mən radio-televiziyanın çox gözəl bir dövründə orda çalışmışam. Xoşbəxtlikdən işə də məni Teymur müəllim özü qəbul edib. Şəxsən görüşərək qəbul edib. Onun belə bir iş üsulu vardı: Komitəyə yeni işçi qəbul eləyəndə ona burada çalışan kimsə zəmanət verməliydi. Mənə bu zəmanəti o zaman orada çalışan, həm də imzası ilə yaxşı tanınan Hüseyn Mehrəliyev verdi. Mən bu zəmanətin nə qədər məsuliyyətli olduğunu yaxşı anlayırdım. Odur ki, çalışdığım müddət ərzində hər zaman bu etimadı doğrultmağa səy göstərdim. Bu səyimin nəticəsi də uğurlu oldu. Belə ki, mən televiziyanın xalq təsərrüfatı redaksiyasında baş redaktor vəzifəsinədək yüksəldim. O zaman bir sıra aktual verilişlər məhz bu redaksiyada hazırlanırdı. Ölkə rəhbərliyi də bir qayda olaraq bu verilişlərə çox diqqət yetirərdi. O səbəbdən yaradıcı heyət nə kimi məsuliyyət daşıdığını yaxşı dərk edirdi. Teymur Əliyevin idarəetmə sahəsindəki ən böyük uğurlarından biri onun kadr seçimi idi. Kadr seçimində demək olar ki, heç vaxt yanılmayıb. Çünki onun işə götürdüyü adamlar həmişə yüksək peşəkarlıqları ilə fərqləniblər. Onların hər biri ən azı 30 il bu kollektivdə çalışıb. Bir qayda olaraq da Teymur müəllimdən həmişə böyük məhəbbətlə söhbət açıblar. Onun qoyduğu ənənələri daim yaşatmağa çalışıblar.

Onu da qeyd etmək gərəkdir ki, Teymur müəllimin Radio-Televiziya Komitəsindəki böyük xidmətləri ölkə rəhbərliyinin də diqqətindən yayınmayıb. Ona görə də o Mərkəzi Komitənin təbliğat-təşviqat şöbəsinə müdirliyə dəvət olunub. Bununla da onun iş yükü bir az da artıb. Təbiidir ki, Radio-Televiziya Komitəsi də onun nəzarət dairəsində olub. Burda belə bir məqamı da xüsusilə qeyd etmək istəyirəm ki, yüksək vəzifədə olub, yerlibazlıqdan, qohumbazlıqdan uzaq olmaq da böyük hünər tələb edirdi. Teymur müəllim belə bir hünərin də sahibiydi və bu sahədə çoxlarına örnək ola bilərdi. Onun üçün istedad, işgüzarlıq, saf əqidə əsas meyar idi. Teymur Əliyevlə ilk ünsiyyətimizdən son görüşlərimizədək onu hər zaman doğru, dürüst, olduqca alicənab gördüm. Bilirsizmi, alicənab sözü çox böyük məna daşıyır. Onu hər vəzifə sahibinə, hər insana aid etmək olmaz. Mənəvi təmizlik deyilən bir ifadə var. Bu da tək-tək adamlarda olur. Teymur müəllim də o təklərdən biri idi. İdeal bir mənəvi saflıq daşıyıcısı idi. İnsanlarda da bu keyfiyyəti çox dəyərləndirirdi. Həm də çox arif adam idi. Qarşısındakını, obrazlı şəkildə desək, oxuya bilirdi. Doğruya dayaq olardı, yalnız doğruya. Həqiqəti sevərdi, yalnız həqiqəti. Onun sədrliyi dövründə radio və televiziya verilişlərinin "letuçkaları" birgə keçirilərdi. Sanki hamı çalışardı ki, müzakirə olunan mövzuya məhz Teymur müəllimin obyektivlik prizmasından yanaşsın. Çünki hamı bilirdi ki, onun gözü ekranda, qulağı radioda olardı. Gözündən, qulağından nəyinsə yayınması qeyri-mümkün idi. Bir də ki, bu sahənin bütün incəliklərinə bələd idi. Çünki sədrliyə diktorluqdan başlayaraq bütün mərhələləri keçərək gəlmişdi.

Son dərəcə tələbkar idi. Ən böyük tələbkarlığı da elə özünə qarşı idi. Hər kəsdən dürüstlük tələb edərdi. Çünki özü bu yolun yolçusu idi. Onun üçün şəxsi mənafe deyilən anlam yox idi. Dövlətin, xalqın, dinləyici və tamaşaçının mənafeyi onun üçün hər şeydən əzəl idi. Operator və redaktorlara onu ekranda göstərməyi qadağan etmişdi. Öz səsində radio üçün heç nə yazdırmamışdı. Hər barədə gözü tox insan idi. Bir sözlə, hər kəsə örnək ola biləcək bir insan idi. Dünyasını tez dəyişdi. Amma görürsüzmü, doğru deyiblər ki, heç nə unudulmur, heç nə yaddan çıxmır. Aramızda olmadığı düz iyirmi ildir. Amma onu tanıyanların ömründə yaşayır, həmişə də yaşayacaq. Çünki özü pak bir insan ömrü yaşayıb."

 

Kimlər gəldi, kimlər getdi bu dünyadan...

 

O illərdə ədəbiyyatımızda Teymur Elçin imzası vardı. Amma bəlkə də çoxu onun Teymur Əliyev olduğunu bilmirdi. Bu da onun hədsiz təvazökarlığından irəli gəlirdi. Halbuki, Teymur Elçinin şeirləri dillər əzbəri idi. Onun uşaqlar üçün yazdığı şeirlər elə böyüklərin də dilindən düşməzdi. Altmışıncı illərdə o şeirlərə yazılan mahnılar bu gün da yaddaşlardan silinməyib. Onların böyük əksəriyyətinin müəllifi olan bəstəkar Oqtay Zülfüqarov Teymur müəllimi xatırlayarkən belə deyir:

"Uşaqlar üçün yazmaq çox çətindir. Amma çox da gözəldir. Bu hər bir şair, yazıçı və bəstəkardan daha çox duyğusallıq tələb edir. Uşaq şeirləri hər yaşın öz dövrünə uyğun olaraq onların təbiətə, insanlara baxışlarının formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Mən özüm bu janra böyük bəstəkar Qara Qarayevin tövsiyəsi ilə gəlmişəm. O zaman bu sahədə böyük boşluq var idi. Uşaq mahnılarına ehtiyac çox idi. İlk dəfə Abdulla Şaiqə müraciət etdim. Onun şeirlərinə bir neçə mahnı yazdım. Bir az da Mirmehdi Seyidzadə ilə işlədim. Onda hələ Teymur müəllimin yaradıcılığına bələd deyildim. Elə ki, onun şeirləri ilə tanış oldum, ürəyimə çox yatdı. Onda Teymur müəllim Teleradio Verilişləri Komitəsində sədr işləyirdi. İş qrafiki də çox sıx idi. Ona müraciət etdim. Təklifimi qəbul etdi. Gün ərzində boş vaxtı olmadığından gecə saat on ikidən sonra işləməyi qərara aldıq. Teymur müəllimin şeirlərinə yazdığım ilk mahnı "Sərçə" oldu. Çox az bir müddətdə bu mahnı məşhurlaşaraq dillər əzbəri oldu. Hər şeirə, xüsusilə də hər uşaq şeirinə mahnı yazmaq olmur. Mahnı mətni uşağın dilinə uyğun, həm də axıcı olmalıdır. Məhz belə bir mətn gözəl bir musiqi ilə vəhdətdə olarsa, yaddaşlara yazıla bilər. Necə ki, bizim "Sərçə" mahnısı səsləndiyi andan yaddaşlara yazıldı və çox uzunömürlü oldu. Neçə-neçə uşaq nəsilləri bu mahnını sevə-sevə oxudu. Bu gün də oxuyurlar.

Bir dəfə bəstəkar Qəmbər Hüseynli mənimlə belə bir zarafat elədi. Dedi ki, Oqtay, sənin "Sərçə"n mənim "Cücələrim"i yedi. Mən də elə ona zarafatla cavab verərək dedim ki, sizin "cücələrinizi" heç qartal da yeyə bilməz.

Onu da nəzərinizə çatdırım ki, mənim mahnı yaradıcılığımda Teymur Elçin yalnız uşaq mahnıları ilə deyil, müxtəlif mövzulu mahnılarla da yaşayır. Məsələn, mən onun "Gözəl Bakı", "Niyə küsdün", "Minnətdar ol, sən", "Laylay" şeirlərinə də musiqi bəstələmişəm, bu mahnılar da dövrün istedadlı ifaçılarının repertuarında olub. Onu da deyim ki, Teymur müəllimin çox gözəl musiqi zövqü vardı. Ona görə də onunla işləmək adama çox müsbət enerji verirdi. Gözəl ünsiyyət mədəniyyətinə malik idi. Həm də zarafatcıl idi. Ona görə də onunla işləməkdən adam nəinki yorulmurdu, heç doymurdu.

Ən böyük arzum budur ki, Teymur Elçinin uşaq şeirləri kitab şəklində çap olunsun. İndi son dərəcə gözəl texniki imkanlar var. Bu kitablar hətta mahnılardan ibarət disklə də buraxıla bilər. Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin bu məsələyə xüsusi diqqət yetirməsini istərdim. Teymur Elçinin şeirləri kiçik yaşlı uşaqlar üçün hazırlanan dərsliklərə də salına bilər. Bu sahədə çox iş görmək olar. Sadəcə olaraq ilk addımın atılması gərəkdir."

 

Kimlər gəldi, kimlər getdi bu dünyadan...

 

İllər gəlib, nəsillər dəyişdikcə zamanın sərt küləkləri çox təlatümlər yaradır. Çox şeyləri paramparça edir. Bəzi insanlar da bu təlatümlərə sinə gərə bilmir, min bir təbəddülata uğrayır, xırdalanır, parçalanır. Yalnız güclü iradə sahibləri bütöv qala bilirlər. Bu çox az adama nəsib olur. Teymur Əliyev də o azlardan biri idi. Bütöv insan idi. Azərbaycan radiosunun veteran diktoru Sevda Saleh də belə deyir:

"Allah-Taala həm zahiri, həm də daxili gözəlliyi sıradan hər kəsə vermir. Onu özünün sanki seçilmiş bəndələrinə ərməğan edir. Teymur müəllim də Ulu Tanrının elə o seçilmiş bəndələrindən idi. Elə ilk baxışdaca insanın diqqətini çəkən, hətta onda heyranlıq yaradan, yadda qalan zahiri görünüşü vardı. Eynək ona çox yaraşırdı. Baxışları aydın, saf olduğu qədər də zəhmliydi. Onun qarşısında adamın sanki nitqi kəsilirdi. Amma bu zəhmli baxışlar adamda əsla qorxu yaratmırdı. Adamı ondan uzaqlaşdırmırdı. Başqa sözlə desəm, bir müəllim zabitəsi vardı onda. Yaşımızdan asılı olmayaraq, hər birimiz onun qarşısında özümüzü bir şagird, bir tələbə kimi hiss edərdik. Bu müəllimin ən böyük xoşbəxtliyi ondaydı ki, o sevilən bir müəllim idi. Yaxşı yadımdadır, bir dəfə növbəti xəbər buraxılışına hazırlaşırdım. Qəflətən Teymur müəllim girdi içəri. Soruşdu ki, nə oxuyursan? Dedim, xəbərlərdir. Dedi, "söhbət nədən gedir orda?" Doğrusu, mən bülleteni təzə açmışdım deyə içindən xəbərsiz idim. Odur ki, suala dərhal cavab verə bilmədim. Amma onun bu qəfil sualı mənim efir materiallarına məsuliyyətimi birə- beş artırdı. Xüsusən xəbər proqramlarına.

Dilimizdə bir "bütöv insan" ifadəsi var. Bu bütövlüyün məziyyətləri çoxdur. Teymur müəllim bu məziyyətlərin hər birini varlığında yaşadırdı."

 

Kimlər gəldi, kimlər getdi bu dünyadan...

 

1926-cı ilin 6 noyabrında Azərbaycan radiosu ilk dəfə olaraq "Danışır Bakı" dedi. O vaxtdan 86 il ötür. Bu müddət ərzində Azərbaycan efirinə Aydın Qaradağlı, Gültəkin Cabbarlı, Fatma Cabbarova, Sabutay Quliyev, Ənvər Əlibəyli, Hüseyn Mehrəliyev, Mailə Muradxanlı, Valid Sənani, İbrahim Göyçaylı, Rauf İsmayılov kimi sənətkarlar gəldilər. Hər kəsin qismətinə yazılan bir gündə də bu dünyadan köç etdilər. Amma efir tarixində öz izlərini qoyub köçdülər. Bu izlər isə heç də adi izlər deyil. Bu izlər kökə bağlı olub, böyük bir xalqın varlığında yaşayan adət-ənənələrdir. Sevindirici haldır ki, 86 yaşlı Azərbaycan radiosunun və 56 yaşlı Azərbaycan televiziyasının yaradıcı heyəti dünyəvi tele-radionun yeniliklərindən bəhrələnərək öz kökünə, öz ənənələrinə də sadiq qalır. Gəlin bircə anlıq Televiziya və radionu insana bənzədək. İnsanın ən gözəl məziyyətlərindən biri özünə, öz əqidəsinə, öz mövqeyinə sadiqlik deyilmi? Mənimlə razılaşarsız ki, bu sualın cavabı birmənalıdır.

Sadiqlik bütün zamanlarda ən gözəl xüsusiyyətdir. Odur ki, qələminə, sənətinə, tutduğu mövqeyindən asılı olmayaraq, öz əqidəsinə hər zaman sadiq qalan bütün radioteleviziya əməkdaşlarını qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edirəm. Bir də onu xatırlatmaq istəyirəm ki, bu gün efirdə olub-olmamasından asılı olmayaraq, ömrünü mikrofon qarşısında keçirənlərin hər biri üçün bu bayram hər zaman son dərəcə əziz olub. Bayramımız mübarək!

 

 

Zərxanım ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2012.- 2 noyabr.-S.6.