Şeirlər
və poemalar
Xalq şairi Sabir Rüstəmxanlının
"Əbədi sevda" şeirlər və
poemalardan ibarət kitabı bu günlərdə "Təhsil" nəşriyyatı
tərəfindən nəfis tərtibatla çap
olunmuşdur. Nəşriyyatın təqdimində
deyilir: Sabir Rüstəmxanlı
son qırx ildə Azərbaycanın ədəbi-mədəni,
ictimai-siyasi həyatında dərin və
silinməz izlər buraxmış, sevilən, tanınan ədəbi
şəxsiyyətlərdən biridir. Onun hər
şairə qismət olmayan belə bir ümumxalq məhəbbəti
qazanmasının əsas səbəbi ədəbi
yaradıcılığındakı yüksək vətənpərvərlik
və mübarizə eşqiylə yanaşı, həm də
ictimai-siyasi fəaliyyəti - 1988-ci ildən
başlanan milli-azadlıq hərəkatının
əsas liderlərindən biri olması ilə
bağlıdır. O, Azərbaycanın Dövlət
müstəqilliyinin bərpası haqqında Konstitusiya
aktının təşəbbüskarlarından və onu Parlamentdə qəbul etdirən azsaylı
millət vəkillərindən biridir.
1989-cu ildə Azərbaycanda ilk müstəqil
və demokratik mətbuat nümunəsi olan "Azərbaycan" qəzetini təsis etmiş və iki il onun baş redaktoru
olmuşdur… 1991-1995-ci illərdə Azərbaycanın
mətbuat və informasiya naziri
vəzifəsində çalışarkən təkcə
ölkəmizdə deyil, bölgədə
demokratik mətbuatın inkişafı, söz azadlığının bərqərar
olması yolunda böyük
xidmət göstərmişdir… Dünya
azərbaycanlılarının hüquqlarını qorumaq sahəsindəki fəaliyyəti, sülh, ədalət, insan
haqları uğrunda yorulmaz
mübarizəsi onu beynəlxalq aləmdə
də yaxşı tanıdır.
S.Rüstəmxanlı
Azərbaycanın milli şairi
olmaqla yanaşı, həm də görkəmli
ədəbiyyatşünas-alim, nasir, dramaturq və tərcüməçidir.
Publisistikamızın
ən ciddi uğurlarından olan "Ömür
kitabı" hər bir ailədə stolüstü kitab olmuş, M.F.Axundzadə
adına ədəbi mükafata layiq görülmüşdür.
"Göy Tanrı", "Ölüm
zirvəsi", "Difai fədailəri",
"Xətai yurdu", "Sunnami" romanları tarixə və
çağımızın hadisələrinə yeni yanaşma tərzi və
yüksək bədii-estetik dəyəri ilə onu həm də nasir kimi sevdirmişdir…
Azərbaycanda iyirmi,
Türkiyədə, Rusiyada İranda, Özbəkistanda, İsveçdə
isə, üst-üstə, on beşdən
artıq kitabı nəşr edilmişdir.
2005-ci ildə ona Azərbaycanın xalq şairi adı verilmişdir… Polşa
Respublikasının Mədəniyyət Nazirliyi
mədəniyyət sahəsindəki xidmətlərinə
görə onu
"Sənətkara şöhrət" medalı ilə təltif
etmişdir…
Yeni
kitabında bölünmüş və
35 milyonu hələ də İran
rejiminin əlinin altında inləyən,
ərazisinin iyirmi faizi
Ermənistan tərəfindən işğal
edilmiş Azərbaycan xalqının faciələri
əsas mövzulardan biridir.
Ədəbiyyat qəzeti.- 2012.- 2 noyabr.-
S.6.