"Ədəbi Nobel"dəki əbədiyyət
(işığı) haqqında...
Nobel
mükafatının ədəbiyyat (nəsr) üzrə
laureatlarının əsərləri toplanan "Ədəbi
Nobel" antologiyasının doğma dilimizdə işıq
üzü görməsinin sevincini istəkli
oxucularımızla bölüşmək istərdim.
"Nobel mükafatlı qadınlar" kitabının müəllifi
və Nobel irsinə biganə olmayan oxucu kimi, bu mənimçün
ikiqat sevincdir - ideyanın davamlılığı, mövzunun
ardıcıllığı, istəklərin sistemliliyi, Azərbaycan
nobelşünaslığının inkişafı
baxımından… fürsətdən istifadə edib,
dünyanın ən nüfuzlu ədəbi mükafatı olan
Nobel mükafatı mövzusunda Azərbaycan dilində
işıq üzü görən digər kitabların
yaradıcı heyətlərinə, müəlliflərinə
də bir Azərbaycan vətəndaşı və millət vəkili
olaraq təşəkkür etmək istərdim.
Hesab edirəm,
dünya ədəbiyyatının bütün sanballı əsərləri,
nüfuzlu mükafatlar qazanmış əsərlər dilimizə
çevrilməli, Azərbaycan oxucusuna
qazandırılmalıdır. Bu anlamda, fədakar ədəbiyyatçımız
Nəriman Əbdülrəhmanlının
çalışmalarını xüsusi qeyd etmək istərdim.
Oxuculara təqdim
olunan irihəcmli "Ədəbi Nobel"
antologiyasının I cildində 67 nasirin əsərləri
toplanıb (ümid edirik ki, gələcəkdə
"Nobel"li şairlərin və dramaturqların əsərləri
də toplu şəklində işıq üzü görəcək).
110 il boyunca "Nobel"ə layiq görülmüş
nasirlərin antologiyada təqdim olunmuş
yaradıcılıq örnəkləri, bütövlükdə,
antologiya özü bir fakt olaraq əhatə miqyasına
görə dəyərli ədəbiyyat, ümumən, mədəniyyət
hadisəsidir. Tərtibçinin də qeyd etdiyi kimi,
"Antologiya Azərbaycan ədəbiyyatını da dünya
ədəbiyyatı ailəsinin üzvü kimi hiss etməyə
imkan verəcəkdir".
***
Bakı, 2012-ci il…
67 "Nobel"li yazarın 110 illik söz boxçası…
İllər, ölkələr, müəlliflərin mükafata
layiq görülmə
səbəbləri…
Ömürlər, əsərlər, qəhrəmanlar, xarakterlər,
süjetlər, üslublar,
janrlar, "izm"lər…
Kimlər var, nələr
var, necə var?!.
"Epos sahəsindəki böyük
xidmətlərinə görə"
"Nobel" alan polşalı
Henrik Senkeviç;
"Müşahidə etmək
bacarığı, parlaq
fantaziyası, ideya bitkinliyi və rəvayətçilik istedadına
görə" ödüllənmiş
Redyard Kiplinq (Böyük Britaniya);
"Əsərlərini digərlərindən
fərqləndirən yüksək
idealizmə, parlaq fikir və müqəddəsliyi
tərənnüm etdiyinə
görə"… fərqləndirilmiş
İsveç yazıçısı
Selma Lagerlöf; "Torpağın
şirələri"ni açdığı
üçün ödül
alan Knut Hamsun (Norveç);
"Misilsiz poetik gözəlliklə birləşdirdiyi
parlaq satirasına, idealizm və humanizmlə zəngin yaradıcılığına görə"
ödül almış
irlandiyalı yazıçı
Bernard Şou; "İnsanı
və çağdaş
həyatın daha qabarıq tərəflərini
düzgün əks etdirdiyinə və bədii gücünə görə" yüksək
ödülə layiq görülmüş Roje
Marten dü Qar (fransa); "İntellektual biliyə həvəsi və bənzərsiz yaradıcılıq üslubu
ilə birləşdirmiş
olduğu müstəsna
poetik təxəyyülünün
gücü və zənginliyinə görə"
təlatümlü 1944-cü ildə ödül almış danimarkalı Yohannes Vilhelm Yensen; "Humanizmin klassik ideallarını özündə əks etdirən dərin ruhlu yaradıcılığına
və həmçinin
gözəl üsluba
görə" ödülləndirilmiş
Herman Hesse; nəhayət,
2006-cı ildə Türkiyəyə
"Nobel" gətirmiş ("Doğma şəhərinin
melanxolik ruhunun axtarışı nəticəsində
mədəniyyətlərin toqquşması və qovuşması üçün
yeni simvollar tapdağına görə")
Orxan Pamuk və "Poeziyanın cəmləşdirilməsi və
nəsrdəki səmimiyyəti
ilə məzlumların
həyatını təsvir
etdiyinə görə"
ödül almış
alman yazar Herta Müller!..
Əsərlərə baxıram:
"Mələk", "Amur oxları",
"Serenada", "Xoşbəxtlik",
"Kraliçanın məktubu",
"Hər şeydə
yaxşı cəhəti
görmək lazımdır",
"Vizit kartları",
"Mömin kasıblıq",
"Zülmət içində",
"Qəzəbli mələk",
"Hindu qəsəbəsi", "Susqunluq", "Ölüm
rəqsi", "Ölü
üzlə hadisə",
"Ürək", "Bəşər
ağacı", "Mənim
haqqımda xatirə",
"Kabbalanın sirləri",
"Xilas olunmuş dil", "Sənin qar üzərindəki izinlə", "Axırıncı
stansiya", "Məhdudluq",
"Pəncərədən baxmaq" və s… Gəldiyim ilk qənaət
bu olur: "Ədəbi Nobel" hər
bir azərbaycanlının
evində, ən azı, hər bir oxucumuzun əli çatan kitabxanada olmalıdır.
Bu, bir güldəstədir,
sözlə çəkilmiş
gözəllik tablosudur,
sənət əsəridir
- bu güldəstə,
bu tablo böyük qələmlərin
ortaq işidir: hərə bir ilmə, bir naxış vurub, bir rəng qatıb
ümumi ədəbi
Nobel portretinə çevrilib
və nəticədə
bənzərsiz antologiya
yaranıb!..
Əziz oxucu, "Ədəbi Nobel" antologiyasına
daxil olan əsərlərin bir bölümünü, əlbəttə,
bu və ya başqa dildə,
eləcə də kitabda, mətbuatda oxumuş ola
bilərsiniz, yazarların
bir çoxunun imzası sizə tanışdır, lakin onu da etiraf
edərsiniz ki, heç də buradakı bütün adlar və bütün
əsərlərlə tanış
deyilsiniz. Ən ümdəsi, antologiya standartına uyğun olaraq burada "Ədəbi Nobel" meyarları,
o meyarlara uyğun gələn əsərlərdən
örnəklər (başqa
sözlə, mükafat
almış yazarlar) birgə təqdim olunur və bu dünyadakı ədəbi(yyat) tendensiyasını, dövrün,
zamanın ritmini, intonasiyasını izləməyə
imkan verir. Məncə,
kitabın ən önəmli üstünlüyü
bundadır. İkincisi,
biz dünya ədəbiyyat
təsərrüfatında baş verən prosesləri, yüksək
sənətkarlıq meyarlarına
dair baxışların
məhsulunu öz doğma dilimizdə oxuyuruq; üçüncüsü,
respublikamızda tərcümə
işinin səviyyəsi
göz önündə
canlanır; nəhayət,
dördüncüsü, kitabxanalarımız,
yaradıcı birliklərimiz
(Azərbaycan oxucusu) yeni, gözəl bir kitab qazanır!..
"Ədəbi Nobel" antologiyasının
ilk növbədə, yeni
nəsil yazarları, gənc qələmlər
üçün arzuedilən
nəşr olduğunu
bilirəm. Bu arzu həm yuxarıda sadaladığımız səbəblərdən
qaynaqlanır, həm də hər bir gənc yazarın
atıldığı meydanda,
çıxmaq istədiyi
dünya ədəbi arenasında ondan öncə "nə deyilib, nə yazılıb?" sualına
müəyyən aydınlıq
gətirir. Təbii
ki, yazarlıq, ədəbiyyat adamı olmaq(lıq) üfiqi genişliyi, milliliklə bəşəriliyi harmoniyaya
gətirməyi, dünyanın
vahidliyini, bəşər
mədəniyyətinin bütövlüyünü
görməyi tələb
edir. Bax, bu anlamda
"Ədəbi Nobel"in
gənclərimizin stolüstü
kitabı olacağını
düşünürəm.
Onu da vurğulamalıyam
ki, "Ədəbi
Nobel" hər bir düşünən oxucunu
öz klassikasına sayğıya dəvət
edir - istər-istəməz
müqayisə aparırsan
və özün üçün bir sonuca varırsan. Mənə elə gəlir ki, bu müqayisədən
çıxan sonuclardan
biri də budur: Azərbaycanda da "Nobel"ə layiq yazıçılar olub, var və
olacaq! Eyni sözü, hələlik
yalnız Orxan Pamukla təmsil olunan Türk dünyası
haqqında da deməliyəm. Yəni əgər
konkret olaraq, Azərbaycandan kimsə "Nobel"
mükafatı almayıbsa, mən şəxsən bunu
mükafata layiq yazıçımızın olmaması ilə
deyil, o yazıçını layiq olduğu səviyyədə
təqdimat edə bilməməyimizlə (bir də,
mükafatın kimə verilməsini müəyyənləşdirən
qurumların yalnız sırf yaradıcılıq meyarları
ilə deyil, bəzən siyasi-ideoloji məsələləri
də göz önündə tutması ilə) əlaqələndirərdim.
Onu da qeyd edim ki, bu il Azərbaycan
yazıçısı Kamal Abdullanın mükafata namizəd
kimi qeydə alınması da Azərbaycan ədəbiyyatının
dünya ədəbiyyatı ilə gərəkli təmas
olaraq başa düşülməlidir.
Bütün
hallarda "Ədəbi Nobel" həm də o anlamda diqqətçəkicidir
ki, oxucularımızın dünya ədəbiyyatı ilə
daha yaxından bələdliyi üçün daha bir
sanballı imkandır.
İnanıram
ki, "Ədəbi Nobel" respublikamızın ədəbi
mühitində canlanmaya, yeni gəlişmələrə təkan
verəcəkdir.
Bütün
oxucularımıza, ədəbiyyatsevərlərimizə
sayğılarla,
Dr.Qənirə
PAŞAYEVA,
millət vəkili, Avrasiya Beynəlxalq
Araşdırmalar İnstitutu İB-nin sədri
Ədəbiyyat qəzeti.- 2012.- 2 noyabr.- S.5.