"Ədəbi Nobel antologiyası" təqdim olundu

      

  "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayevanın təşəbbüsü İctimai Birliyinin dəstəyi ilə çap olunmuş "Ədəbi Nobel antologiyası" Nobel qardaşlarının Bakıdakı ev muzeyi "Villa Petrolea"da ictimaiyyətə təqdim olundu. Mərasimdə Nobel ailəsinin üzvləri, millət vəkilləri, tanınmış ziyalıları, ədəbi ictimaiyyətin KİV-in təmsilçiləri iştirak etdilər.

Mərasimi millət vəkili Qənirə Paşayeva açaraq vurğuladı ki, Azərbaycanda Nobel ailəsinə xüsusi sayğı və maraq var. Nobel qardaşları vaxtilə Azərbaycanda neft texnalogiyasının inkişafı sahəsində nəzərə çarpan layihələr həyata keçirmişlər. Bu əlaqələrin çox qədim tarixi var. Ailənin üzvlərindən Qustav, Filip və Qiter Nobellər bugünkü tədbirdə bizimlə bir yerdədirlər. "Qanun" nəşriyyatı tərəfindən yenicə çapdan buraxılmış "Ədəbi Nobel antologiyası"nın təqdimatında onların iştirakı da bir tale məsələsi, haq-say faktıdı. Ədəbiyyatşünas Nəriman Əbdülrəhmanlının tərtibçiliyi ilə işıq üzü görən antologiyada dünyanın ən nüfuzlu ədəbi mükafatı olan ədəbiyyat üzrə Nobel mükafatının mövcud olduğu 110 il ərzində bu şərəfə layiq görülmüş 67 nasirin yaradıcılığı təqdim olunmuşdur. Əhatə miqyasına və ədəbi nümunələrin seçiminə görə xüsusilə seçilən bu antologiya Azərbaycan ədəbiyyatını da dünya ədəbiyyatı ailəsinin üzvü kimi hiss etməyə imkan verəcəkdir. Burada antologiyanın redaktorları Əkbər Qoşalının və Nurhafizin də zəhmətini qeyd etməyi özümə borc bilirəm.

AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov mərasimdə çıxış edərək Nobel ailəsinin üzvlərini salamladı: "Ədəbiyyat elə bir sahədir ki, ona düşəsi mükafatı xalq da seçir, beynəlxalq təşkilatlar və dövlət də… Xalqın və dövlətin seçdiyi ilə yanaşı Nobel mükafatı komissiyasının seçdiyinin də alternativi yoxdur. Nobel mükafatının qaynaqlandığı məkan daha çox Azərbaycanla bağlıdı. Təəssüf ki, hələ də haqqımız çatan bu mükafat Azərbaycanda heç kəsə nəsib olmayıb. Baxmayaraq ki, buna haqqı çatan ədəbiyyat və elm xadimlərimiz var".

N.Cəfərov çıxışında yeni nəşrin hazırlanmasında əməyi olan şəxslərə minnətdarlığını bildirdi, qeyd etdi ki, sovet ordusu tərəfindən güllələnmiş şəhid şair Ülvi Bünyadzadənin tərcüməsinin bu antologiyaya daxil edilməsindən məmnunluq duyur.

Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid mərasimdə çıxış edərək dedi: "Tarixi yaşatmaq böyük şəxsiyyətlərin işidir. Nobel qardaşları da tarix yaradan insanlardan olub.

Neft təkcə iqtisadi inkişaf gətirmir, həm də savaş, mübarizə gətirir. Ədəbiyyat isə həmişə insanları barışa, birliyə, sülhə səsləyir. Millət vəkili Qənirə xanıma minnətdarlığımı bildirirəm ki, belə vacib bir layihənin həyata keçirilməsinə dəstək verib. Ümumiyyətlə onun gördüyü işlərin miqyasını göz önünə gətirəndə qaynar enerjisinə heyranlığımı gizlədə bilmirəm".

Tədbirdə çıxış edən millət vəkilləri Asim Mollazadə, Musa Qasımov, xalq şairi Nəriman Həsənzadə, professor Urxan Ələkbərov, Belarus və Qazaxıstanın ölkəmizdəki səfirləri, yazıçı-publisist, f.e.d.Firuz Mustafa, tədbirin təşkilatçılarından biri "Nobel irsi" fondunun prezidenti, akademik Toğrul Bağırov və Nəriman Əbdürrəhmanlı yeni nəşrin məziyyətləri, ədəbi əlaqələrin vacibliyi barədə fikirlərini bölüşdülər.

Professor Qəzənfər Paşayev çıxışında vurğuladı ki, Nobel qardaşları öz işlərində halallığa tapınırdılar, sənayenin inkişafına təkan verirdilər. Halallıqca həmişə ehtiramla yad edilir. Təsadüfi deyil ki, Nobel qardaşlarının adıyla bağlı mükafat təkcə bir xalqın adıyla bağlı deyil, bəşəriyyətə məxsusdur, bəşəriyyətə xidmət edir. Sirr deyil ki, ədəbi əlaqələr xalqlar dostluğuna aparan ən etibarlı körpüdü. Bəşəriyyətin ən böyük kəşfi kitabdır, bədii ədəbiyyatdır. Mən Qoqolun "Taras Bulba" əsərini gənclik illərində oxuyarkən ilk dəfə dərk etdim ki, ancaq vətənə xəyanətə görə ittiham olunan insanlara acımaq olmaz…

Nobel qardaşlarının adı ona görə yaşayır ki, onlar öz işlərinə heç vaxt xəyanət etməyiblər, işi işbilənə tapşırıblar, quruculuqla məşğul olublar. Bunun nəticəsindən sənaye də bəhrələnib, elm və ədəbiyyat da.

Nobel qardaşları ailəsi adından çıxış edən Qustav, Filip və Qiter Nobellər tarixi münasibət və əlaqələrə sayğısına görə Azərbaycan xalqına təşəkkürlərini bildirdilər.

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2012.- 2 noyabr.- S.5.