Ölüm

 

Yuxuda gördüm ki, artıq torpaq olmuşam, yolun kənarında bir metr qalınlığında qaranlıq torpaq. Qaş qaralmışdı. Quru ot yüklənmiş arabalar daşlara toxunub taraq-taraqla keçir, sanki nəyisə uçurub dağıdırdılar. Bu vaxt havanı bürüyən xoş ətir doğulduğum bir torpaqda mənə nələri xatırlatmadı. Arabaların təkərlərinin səsi qulaqlarımdan çəkilməmiş, bir-birinə qoşulub gedən biçinçilərin yorğun nəzərləri könlümü qarət edib özləri ilə apardı. Qəlbim qurğuşun təki soyuq ala-qaranlıqda tozun altında sızlayanda Allah yadıma düşdü. Onun əməllərinə lənətlər yağdırdım.

Lap yaxınlıqda qadın döşlərinin təsviri sayaq qırmızı gildən düzəldilmiş saxsı qab-qacaq da mənim kimi torpaq olmuşdu. Fikirli halda qəlbimi ələ alıb soruşdum:

- Sən kimsən?

- Mən kiməm? Hm, sənin ölümün! Burada adət-ənənə belədir, gördüyün kimi, həm sadə, həm də dəhşətli. Sən ki, məni Ölüm deyə çağırırdın.

Ona belə cavab verdim:

- Bədənim gənclik ehtirasından coşub vəcdə gələndə mən nifrət etməyi də bacarırdım. İndi isə tutqun tozdan başqa bir şey deyiləm. Mən təkcə qanqalı sevirəm. Çünki arabaların cırıldayan təkərləri altında əzilsəm də, yenə də üstümdə göyərib boy atan qanqaldı.

- Artıq mən də nifrət edirəm, - deyə o dilləndi. - Mən öz qanına bələnmiş yaralı kimi qıpqırmızıyam. Ona görə ki, əzab çəkmişəm, əzab. Səni sevdiyim üçün xahiş etdim, bizi bir yerə qoysunlar. Arzum yerinə yetdi.

- Mən səni lap yaxından, qəlbən sevmək istərdim, - cavab verdim. - Səni əllərim üstündə gəzdirər, heç vaxt ürəyinə dəyib incitməzdim.

- Mən də səni sevərdim, - dedi, - lakin ürəyimin başında. Qəlbimin bir hissəsində sənin nifrətinin alovu məskən salıb.

 

***

 

Bir axşam dulusçu yoldan keçirdi. O, yorğunluğu çıxsın deyə, oturub dincəlmək istədi. Əlini yerə dayayanda narın torpaq barmaqlarına toxundu, sevinci yerə-göyə sığmadı

- Ah, necə incədir, necə gözəldir, - deyə hər iki torpağı əlinə götürüb əzizləməyə başladı. - Biri-birindən geri qalmazlar. Baxmayaraq ki, onların biri zülmət kimi qara, o biri isə qana bələnmiş kimi, al-qırmızıdır. Bunları aparıb kasa düzəldəcəyəm.

Dulusçu əvvəlcə hər ikimizi qarışdırmaq istədi. Birimiz sevgi, birimiz isə nifrət olduğumuzdan qarışmadıq. Bizi sudan havadan başqa dünyada heç bir qüvvə birləşdirə bilmədi. Dulusçu da bizi bu yol ilə qarışdıra bildi. Bizdən elə gözəl, elə möhkəm kasa düzəltdi ki, insanların heç bir turş kimyəvi maddəsi belə onu ayıra bilməzdi. Dulusçu bizi daha möhkəm etmək üçün qaynar peçə qoydu. Biz parlaq rəng aldıq. Kasa günəş şüası altında daha gözəl, daha cazibədar görünürdü, canlı təzə açılmış qızılgül ləçəyi kimi

Kasa hamar, incə, heç cür ayırmaq mümkün olmayan gözəl bir qaba döndü. Saxsı qab qayıran onu isti peçdən götürəndə sevincək halda fikirləşdi: o artıq palçıq yox, güldür. Sanki Allah öz əli ilə onu bir gül düzəldib".

Kasa suyun tamını dəyişdirib şirinləşdirirdi. Həmin qabı alan adam bu vaxtadək onun içinə yovşan, su baldırğanı başqa acı şirələr tökür, əvəzində isə kasadan bal götürürdü. Əgər kahinin qəlbini o kasaya salmaq mümkün olsaydı, ondan arı şanındakı kimi, bal damcılayardı.

 

 

Qabriela Mistral (Çili)

 

Tərcümə edəni: Fərhad Əliyev

 

Ədəbiyyat qəzeti.- 2012.- 2 noyabr.- S.5.