Fəridə
xanımı xatırlayarkən...
Gəncə ədəbi mühitinin yetirməsi olan
tanınmış şair Fəridə Əliyarbəyli
1924-cü ildə Nizami yurdunda
doğulmuşdu, 2011-ci il
oktyabrın 25-də 87 yaşında dünyasını dəyişdi,
vətənində torpağa
tapşırıldı. Uzun illər Azərbaycan
Yazıçılar Birliyi Gəncə
filialının məsul katibi
işləmiş Fəridə
xanım maraqlı həyat və yaradıcılıq yolu
keçərək şeir kitabları ilə
oxucuların sevimlisinə çevrilmişdir.
Azərbaycan
Yazıçılar Birliyi Gəncə
bölməsinin şəhər mərkəzi kitabxanasında
keçirdiyi ədəbi tədbir "Fəridə xanımı
xatırlayarkən..." adlanırdı. Dünyasını
dəyişməsinin birinci ildönümü ərəfəsində təşkil
olunan, şair və
yazıçıların, mədəniyyət işçilərinin, tələbə gənclərin, mərhumun ailə
üzvlərinin toplaşdığı xatirə məclisini
AYB Gəncə bölməsinin sədri, əməkdar incəsənət
xadimi Məmməd Alim
açaraq "ədəbi anamız"
deyə səciyyələndirdiyi Fəridə Əliyarbəylinin
ömürlüyünü səhifələdi,
sənətinin özəlliklərini konkret bədii nümunələrlə əsaslandırdı,
şeir, poema və
pyeslərinin toxunduğu lirik,
ictimai mətləblər üzərində
dayandı, görkəmli sənətkar, qayğıkeş ana və qeyrətli xanım kimi
bütün gəncəlilər tərəfindən
ehtiramla anıldığını
vurğuladı, xatirəsinə həsr etdiyi
"Yaşıl söz ağacı" şeirini oxudu.
Şair
və yazıçılardan Rübail, Aləmzər
Əlizadə, Nadir Ovçu,
Bəxtiyar Yunisoğlu, İsmayıl Abbas, Samirə Səma, Ülfət Cavad, Allahverdi Nuraib və müəllim Fazil
Kazımov çıxış edərək Fəridə xanımın xatirəsinə
hörmət və ehtiramlarını şeirlərlə
bildirdilər, onunla unudulmaz
görüşlərindən epizodlar danışdılar, gənc ədəbi
nəslə qayğı ilə yanaşmasını yada saldılar, kitablarının məziyyətlərindən
söz açdılar, Azərbaycan
poeziyasının qadın sənətkarları
sırasında layiqli yer
tutduğunu dilə gətirdilər.
Gəncə Dövlət Universitetinin
1-ci kurs tələbələri Aytac Abbasquliyeva, İlkanə
Əmirova və Mələk Novruzova Fəridə
xanım Əliyarbəylini şəxsən görməsələr
də, yaradıcılığı ilə tanış
olduqlarını, əsərlərini sevə-sevə
oxuduqlarını şairin şeirlərini
əzbər söyləməklə təsdiqlədilər.
Fəridə
Əliyarbəylinin nəticəsi,
1-ci sinif şagirdi balaca Fəridənin
ulu nənəsinin şeirini əzbər
söyləməsini tədbir iştirakçıları əsl
sürpriz kimi
qarşıladılar. Şairin ailə üzvləri - oğlu İlham Tağıyev, qızı Nəzakət
Hacıyeva və gəlini Raida
Tağıyeva Fəridə
xanımın anım gününün
keçirilməsinə, xatirəsinin hörmətlə yad olunmasına görə AYB-nin
Gəncə bölməsinə, şəhər mədəniyyət
və turizm idarəsinə,
mərkəzi kitabxanaya, bütün
tədbir iştirakçılarına minnətdarlıqlarını
bildirdilər, şairi təkcə söz ustası kimi deyil, səmimi insan,
etibarlı ömür-gün
yoldaşı, mehriban ana
və qayğıkeş nənə kimi də
səciyyələndirdilər.
Gəncə şəhər Mərkəzləşdirilmiş
Kitabxana sisteminin direktor müavini Fəridə Qədimova AYB-nin Gəncə bölməsi ilə birgə keçirdikləri
ədəbi tədbirlərin əhəmiyyətini qeyd edərək unudulmaz Fəridə xanım Əliyarbəylinin
bugünkü xatirə məclisinin təşkilinə
görə də təşəkkürünü
bildirdi, şairlə görüşlərini
heç vaxt
unutmayacağını vurğuladı.
Xatirə
məclisinin iştirakçıları mərkəzi
kitabxananın oxu zalında Fəridə xanım Əliyarbəylinin
əsərlərindən ibarət kitab sərgisi
ilə, qəzet və jurnal materialları
ilə tanış oldular. Tədbirə toplaşanlara ailəsi tərəfindən Fəridə xanımın
kitabları hədiyyə verildi. Məclisi
yekunlaşdıran AYB Gəncə bölməsinin sədri Məmməd
Alim Fəridə
xanımın anım gününə toplaşanlara,
tədbirin keçirilməsində əməyi olan hər bir kəsə
minnətdarlığını bildirdi.
AYB-nin Gəncə bölməsi
Ədəbiyyat qəzeti.- 2012.- 2 noyabr.-
S.4.