Abdulla Şaiqin barelyefli xatirə lövhəsi açıldı

     

Oktyabrın 31-də Abdulla Şaiqin mənzil muzeyində böyük ədibin xalq rəssamı Natiq Əliyev tərəfindən hazırlanmış barelyefli xatirə lövhəsinin açılışı və anadan olmasının 130 illiyinə həsr edilmiş "Əgər Şaiq olmasaydı" kitabının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Abdulla Şaiqin yaradıcılığını tədqiq edən alimləri, kitabda məqalələri çap olunan müəlliflər, muzeylərin əməkdaşları və digər qonaqlar iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev böyük ədibin zəngin yaradıcılığından və milli ədəbiyyatımızın inkişafı və tərəqqisi naminə gördüyü əvəzsiz işlərdən söz açmışdır. Bildirmişdir ki, bütün dövrlər üçün aktual olan A.Şaiq irsinin təbliğinin böyüməkdə olan gənc nəslin yetişməsində böyük əhəmiyyəti vardır.

Abdulla Şaiqin mənzil muzeyinin direktoru Ülkər Talıbzadə, AMEA-nın müxbir üzvü, Nizami adına Ədəbiyyat İnstitutunun direktor əvəzi Teymur Kərimli və xalq şairi Fikrət Qoca görkəmli sənətkarın çoxşaxəli yaradıcılığı, bənzərsiz şəxsiyyəti haqqında ətraflı danışmışlar.

Vurğulanmışdır ki, bu görkəmli ədib Azərbaycan yazıçıları arasında hələ sağlığında ikən xatirəsi əbədiləşdirilən, Abdulla Şaiq adına Nümunə Məktəbi fəaliyyətə başlayan yeganə şəxsiyyət olmuşdur. Təkcə bu faktın özü Abdulla Şaiqin böyük ziyalı obrazını bütöv şəkildə göz önünə gətirir. Abdulla Şaiq yaradıcılığı sənətsevərlərə, ümumilikdə isə cəmiyyətə həm bədii zövq aşılayır, həm də insanların gözünü həyata açırdı. O, canlı bir körpü idi. Bu körpü dövrünün ziyalılarını, tələbələri, görkəmli şəxsiyyətləri birləşdirirdi. Abdulla Şaiq bir tərəfdən görkəmli şəxsiyyətlər haqqında xatirələrini yazır, digər tərəfdən də klassik irsə yeni münasibət aşılayırdı.

Abdulla Şaiq Talıbzadə Azərbaycanın ictimai, ədəbi və mədəni fikir tarixində görkəmli romantik şair, nasir, dramaturq, ədəbiyyatşünas alim, tərcüməçi və müəllim kimi bənzərsiz yer tutur. Yaradıcılığının belə çoxşaxəliliyi onun əsərlərinin məzmun və ideya-bədii keyfiyyətlərinə mənfi təsir etməmiş, əksinə, onların biri digərini tamamlayaraq, bütövlükdə A.Şaiq yaradıcılığının yüksək sənət nümunəsi kimi ümumxalq məhəbbəti qazanıb əbədiyaşarlığına səbəb olmuşdur.

Qeyd edilmişdir ki, Abdulla Şaiq milli sənətkar, müstəqillik mücahidi idi. O, uşaq ədəbiyyatımızın ən nadir nümunələrini yaratmış və təhsilimizin milli zəmində inkişafının əsasını qoyanlardan biri olmuşdur.

Sonra xatirə lövhəsinin üzərindəki örtük götürülmüş və iştirakçıları xalq rəssamı Natiq Əliyev tərəfindən böyük zövqlə yaradılmış bu sənət nümunəsinə baxmışlar.

Muzeylə yaxından tanış olan tədbir iştirakçılarına burada saxlanılan nadir fotoşəkillər haqqında ətraflı məlumat verilmişdir.

Tədbirin davamı olaraq "Əgər Şaiq olmasaydı" kitabının təqdimat mərasimi keçirilmişdir.

Kitabın tərtibçiləri sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə və filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva, redaktoru isə filologiya elmləri doktoru, professor Alxan Bayramoğludur.

Kitabın məziyyətlərindən söz açan tədbir iştirakçıları bildirmişlər ki, burada AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin anadan olmasının 130 illiyi münasibətilə keçirilmiş elmi sessiyada səslənən məruzələr, ədibin yaradıcılığının təhlilinə həsr elmi məqalələr və xatirələr toplanmışdır.

Nəşrdə yer almış materiallar ədibin bənzərsiz elmi-bədii yaradıcılığının öyrənilməsi baxımından yüksək qiymətləndirilmişdir.

 

 

Ədəbiyyat qəzeti.- 2012.- 2 noyabr.-S. 3.