İstiqlal şairi Xəlil Rza Ulutürkün anadan olmasının 80 illik yubileyi təntənə ilə qeyd edildi

         

Oktyabrın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli istiqlal şairi və ictimai xadim, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün anadan olmasının 80 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilmişdir.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xəlil Rza Ulutürkün ədəbi irsinin zənginliyi, ictimai fəaliyyəti, onun yaradıcılığında vətənpərvərlik mövzusunun xüsusi yer tutduğu haqqında məlumat vermişdir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Xəlil Rza Ulutürkün 80 illik yubileyinin keçirilməsi haqqında" 2012-ci il 4 iyun tarixli sərəncamının şairin yaradıcılığına dövlət tərəfindən verilən böyük qiymət olduğunu bildirmiş, ölkədə müvafiq tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır.

Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev azadlıq şairi Xəlil Rza Ulutürkün yaradıcılığını daim yüksək qiymətləndirmiş, onu "İstiqlal" ordeni ilə təltif etmişdir.

Hazırda Xəlil Rza Ulutürkün adına mədəniyyət ocaqları, küçə və məktəblərin olduğunu qeyd edən nazir böyük şairə olan xalq sevgisinin daim yaşayacağını diqqətə çatdırmışdır.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Zəlimxan Yaqub, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, xalq şairi Nəriman Həsənzadə ölməz poeziya ustası Xəlil Rza Ulutürkün Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələrdən, istiqlal şairinin ictimai fəaliyyətindən söhbət açmış, onunla bağlı xatirələrini söyləmişlər. Qeyd olunmuşdur ki, şairin zəngin ictimai-siyasi mövzulu yaradıcılığı xalqımızın bədii-poetik fikir salnaməsinin parlaq səhifələrini təşkil edir.

Xəlil Rza Ulutürkün ömür-gün yoldaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun fəxri doktoru Firəngiz Ulutürk şairin 80 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir. O, Xəlil Rza Ulutürkün vəfatından sonra 45 kitabının nəşr olunduğunu diqqətə çatdırmış, bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

Bir çox yüksək rütbəli dövlət nümayəndələrinin, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə Xəlil Rza Ulutürkün şeirləri səsləndirilmiş, sözlərinə yazılmış mahnılar ifa olunmuş, görkəmli poeziya ustasının ictimai fəaliyyətinə dair videosüjet nümayiş etdirilmişdir.

 

 

AzərTAc

 

Ədəbiyyat qəzeti.- 2012.- 2 noyabr.- S.3.