Layiqli tədqiqat

  

Azərbaycan xalqı əgər dünya mədəniyyəti xəzinəsinə heç bir töhfə verməsəydi belə, bircə Nizami fenomeni kifayət edərdi ki, bu xalq dünyanın sivil xalqları sırasında özünə möhtəşəm bir mövqe qazansın.

Etiraf etməliyik ki, bu qloballaşan dünyada Nizami Gəncəvinin bəşəri ideyaları, insana və insanlığa humanist münasibəti, fəlsəfi fikir zənginliyi, müdrikliyi ilə öz birincilik missiyasını qorumaqdadır. Nizami sivil dünyanın birincilərindən olduğunu bu gün də özündə saxlayır. Nizami, bu başıbəlalı Azərbaycan türk xalqının öz ana torpağı, qədim Gəncə şəhərində, öz isti, məhrəm qucağında böyüdüb dünya mədəniyyətinə hədiyyə etdiyi dahilərdəndir. Bu gün erməni şovinistləri Azərbaycan türk xalqına nə qədər qaralar yaxsa da, onlar dünyalarında Nizaminin böyüklüyünüonu yetirən Azərbaycan türk xalqının möhtəşəmliyini özləri də etiraf etmək məcburiyyətindədirlər. Müqayisə edək: Sovet dönəmində tanınmış nizamişünaslardan biri kimi bu simasız xalqın nümayəndəsi M.Şaqinyanın Nizami haqqında ağızdolusu elmi fikirlərini: Biz böyük babamız Nizaminin xələfləriyik, Nizami ideyalarının həyatiliyinin bu gün şahidləriyik! Bir nümunə: Bu gün Azərbaycan dünyanın ən talerant ölkələri sırasında birincilərdəndir! Nə üçün? Ona görə ki, bu hissi bizdə babamız Nizami Gəncəvi yaratmışdır, öz əbədiyaşar əsərlərilə!

Çağdaş dövrümüzdə xalqların bir-birinə inteqrasiya olunduğu bir zamanda biz öz mənəvi dəyərlərimizi daha ciddi qorumalı və onları başqa xalqlara daha sürətlə, daha əyani vasitələrlə təqdim etməliyik. Doğrudur, bu gün dünyanın bütün sivil xalqları Nizamini tanıyır, lakin etiraf etməliyik ki, xalq yalnız sivil təbəqədən ibarət olmur. Nizamini bütün xalqların, bütün təbəqələrinin tanıması üçün Nizami irsini daha geniş, daha ətraflı tədqiq və eyni zamanda dünya miqyasında Nizamiyə layiqli şəkildə təlqin etməliyik. Bu, bizim öz keçmişimizi, mədəni səviyyəmizi ədəbi-bədii söz xəzinəmizi layiqli şəkildə dünyanın bütün xalqlarına tanıtmaq biz dilçilərin qloballaşma qarşısında ən prioritet məqsədimiz olmalıdır.

Bakı Dövlət Universitetinin dosenti, fars dili filologiyası üzrə tanınmış Nizami söz xəzinəsinin ardıcıl tədqiqatçısı, filologiya elmləri namizədi (filologiya üzrə fəlsəfə doktoru) Mənzərə Həsən qızı Məmmədovanın bu günlərdə nəfis şəkildə "Nafta-Press" nəşriyyatında çapdan çıxmış "Nizami Gəncəvi dilinin leksik üslubu ("İskəndərnamə" əsəri üzrə)" monoqrafiyası Nizami irsini qloballaşma meydanına çıxarıb, xalqımızı, mədəniyyətimizi xalqlara inteqrasiya etmək prosesində Nizami kəlamına layiqli səviyyədə təqdim edilməyə xidmət edə biləcək səviyyəli bir elmi tədqiqatdır.

Xatırladaq ki, dos. Mənzərə xanım Məmmədova 30 ildən artıq bir zaman kəsiyində, ardıcıl olaraq Nizami Gəncəvinin söz xəzinəsi üzərində tədqiqat aparan, aramla, özünəməxsus təmkin və dözümlə xalqımıza baş ucalığı gətirən bir dahi şairimizin söz yaradıcılığı, ədibin əsərlərinin leksikoqrafik araşdırılması, səriştəli lüğətçi üsulu ilə "İskəndərnamə" poemasının söz, ifadə yaradıcılığını izləmiş, Nizaminin özünəməxsus fərdi üslubunu müəyyən edən, söz xəzinəsinə aydınlıq gətirən istedadlı, zəhmətkeş alimlərimizdəndir.

Məhz belə isə ardıcıl, aramla, son dərəcə məsuliyyətlə yanaşmanın nəticəsində bu gün, dos.Mənzərə xanım Məmmədovanın dahi Nizami Gəncəvinin yaradıcılığını müxtəlif istiqamətlərdən işıqlandıran çoxsaylı məqalələri, ən maraqlısı "İskəndərnamə" poemasının birinci hissəsinin iki cildlik, 1139 səhifəlik "Nizami Gəncəvi dilinin lüğəti ("Şərəfnamə" əsəri üzrə)" əsəri 2009-2010-cu illərdə Bakıda "Nafta-Press" nəşriyyatında çap olunmuşdur.

Zənnimizcə, bu yalnız Nizamiyə və onun möhtəşəm irsinə böyük məhəbbət və Mənzərə xanımın böyük vətəndaşlıq duyğusundan, ümumən vətəninə, xalqına böyük sevgidən irəli gələn bir hissin nəticəsində yaranan haldır.

Oxuculara böyük məmnunluq hissilə təqdim etdiyim "Nizami Gəncəvi" dilinin leksik üslubu ("İskənədərnamə" əsəri üzrə)" monoqrafiyası, adı çəkilən əsərin dil vahidlərinin elmi-bədii-üslubi araşdırılmasına həsr edilmişdir. Monoqrafiyada ilk dəfə olaraq, Nizami sözünün məna zənginlikləri, onların mətni-üslubi çalarları, Nizami dilində sözün Nizamiyə məxsus məna qatları, məcazlar sistemi, semantik, bədii söz əlvanlıqları, söz yaratma prosesində Nizamiyə məxsus novatorluq, neologizm səciyyəli leksik vahidlər, Nizamiyə məxsus təkrarsız bədii ifadə vasitələri, təşbihlər, metaforalar şeir dili kimi qiymətləndirilmiş, fars dilinin zəngin məna incəliklərindən şairin məharətlə istifadə etmək yolu ilə xüsusi fəsahət və bəlağətlə şeir yaratma istedadından konkret dil vahidləri əsasında bəhs edilir, bu prosesdə şairin dünyanın bədii söz xiridarlarını mat qoyan qüdrətli qələmindən çıxan möhtəşəm söz xəzinəsi həssas dilçi-şərqşünas səriştəsi ilə incələnir, Nizami böyüklüyünü nümayiş etdirən əyani şeir nümunələri ilə əsaslandırılır. Müəllif Avropa şərqşünaslığına əsaslanaraq yazır: "Nizami dilinin fəsahət və bəlağəti Avropa tədqiqatçılarının da nəzərini cəlb etmiş, onun sözünün zəriflik və sənətkarlıqla yazıldığı qənaətinə gəldiklərini dəfələrlə qeyd edərək, hətta onun poemalarının Firdovsinin quru epopeyasından çox-çox uzaq olduğunu göstərmişdir. Bu halda onlar Nizamini daha çox lirik şair kimi tanımışlar".

Tədqiqatçılar Nizami ilə Firdovsini müqayisə edərkən Nizaminin bədii söz sahibi kimi daha poetik obrazlar yaratmaq istedadını, yaratdığı klassik şeir nümunələrini dağ çeşməsinin dəstilə edilmiş suyunabüllura bənzərliyini qeyd etmişlər. Əlbəttə, bütün bunlar Nizamiyə çox yaraşır, lakin biz müəllifin o fikri ilə tamamilə razıyıq ki, ən münasib adı Nizamiyə şairin özü vermişdir: Dərya! Tədqiqatlar göstərir ki, Nizami həqiqətən də dəryadır, çünki, bütün elm sahələrindən Nizamiyə müraciət olunarsa, o dəryadan mütləq şəkildə faydalanmalar əldə edə biləcəkdir. Elə bu cəhətdəndir ki, Nizami həm də alimdir! Ən maraqlı odur ki, bunlar arasında tərəddüd etmədən riyazi bərabərlik işarəsi qoymaq olar. Çünki çəkilər eynidir! Müəllifin uzunmüddətli araşdırmasından gəldiyi qənaət oxucuda istər-istəməz fəxarət hissi oyadır. Müəllif yazır ki, yeni fars dilinin qüdrətini, zənginliyini incəliklərinə qədər mənimsəyən, onun dərinliklərinə varmaq qabiliyyətinə malik olan Nizami fars dilinin bütün şəhdü-şəkkərini əsərlərinə hopdurmağı bacarmış, onu daha rəngarəng, zəngin etmişdir. Nizami yaradıcılığında sözonun məna çalarları... son həddədir. fars dilinin leksikqrammatik xüsusiyyətlərindən istifadə imkanları şairin dilində olduqca orijinal və təkrarolunmazdır! Nizami Gəncəvi dilinin qüdrəti elə bundadır deyən müəllif zənnimizcə, tamamilə haqlıdır.

Monoqrafiya mükəmməl girişdən, üç fəsildən, Azərbaycan, rus, farsAvropa dillərindən istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

İrəlidə yığcam şəkildə şərh etdiyimiz mükəmməl girişdə Nizaminin qüdrətli sözünün Şərq arealında zəngin leksikoqrafik tədqiqinə aydınlıq gətirir, Şərq aləmində Nizami sözünün əzəmətliyini və böyüklüyünü nümayiş etdirən lüğətlərdən - Şərq leksikoqrafiyası tarixindən və bu sənətin inkişafında Nizami yaradıcılığının böyük xəzinə olmasından bəhs edir. Müəllif doğru olaraq qeyd edir ki, Nizami əsərlərinin leksikoqrafik tədqiqi - dövrün lüğətlərində təsbiti həm də fars dilinin tarixən leksik səviyyəsinə işıq saçan mənbələrdir. Bununla belə, Nizaminin dilində alınma sözlər də mövcuddur ki, bunların böyük bir qrupunu türk mənşəli sözlər təşkil edir. Girişdən belə bir nəticə əldə edilir ki, fars dilinin leksikoqrafiya məktəbinin təşəkkülündə Nizami Gəncəvinin əsərləri mükəmməl bir mənbə olaraq geniş dairədə tədqiqatlara cəlb olunmuşdur.

Monoqrafiyanın birinci fəsli Nizaminin "İskəndərnamə" əsərində təşbihlər sisteminin araşdırılmasına həsr edilmişdir. Bu fəsildə təşbihlər və onun ünsürləri (təşbihin predmeti - personaj, təşbih obrazı, təşbih əlaməti), təşbihlərin qrammatik növləri - onların yaranma növləri və yaratdıqları mənalar, oxşarlıq, bənzətmə bildirən ön qoşmaları vasitəsilə yaranan təşbihlər, qoşmalaşmış sözlər vasitəsilə yaranan təşbihlər, təşbih obrazlarının sahələr üzrə mənbələri: səma cisimləri, heyvanat aləmi, mineralogiya və zərgərlik məmulatları, fəsillər, coğrafi yer adları, toponimlər, millət, xalq adları - etnonimlər, tarixi şəxsiyyət- antroponimlər, bitki və çiçək adları Nizaminin "İskəndərnamə" əsərində bədii təşbihlərin yaranmasında şairin böyük müşahidəçilik qabiliyyəti və istedadı nəticəsində məxsusi bədii ifadə vasitələrinə çevrilmişbu növ təşbihlər şairin yüksək bədii, kamil obrazlarının yaranmasında əsas vasitə olması qeyd edilir.

Monoqrafiyada şairin yüksək bədiilik göstəricisi kimi səciyyələndirilən təşbihlərin qrammatik quruluşu da araşdırılır və onların sözlər, söz birləşmələri, cümlələr vasitəsilə ifadə edilməsi göstərilir, təşbihlərin Nizami dili üçün, onun poetik zənginliyinin təmin edilməsində ən işlək, ən münasib bədii ifadə vasitəsi olması vurğulanır və bunlar "İskəndərnamə" əsərindən oxucuya ekspressiv emosional zövq verən nümunələrlə dilçilik - üslubi izah -təhlillərlə müşayiət edilir.

Əsərin ikinci fəslində Nizaminin "İskəndərnamə" poemasında işlənmiş antonimlər araşdırılır, onların Nizami dilində orijinallığı oxucuya təqdim edilir. Aydın olur ki, Nizaminin təqdim olunmuş poemasında mövqelərin qarşılaşdırılması antonim cərgələrin yaranmasında əsas vasitə kimi xüsusi yoldur. Belə qarşılaşma məqamlarında şair bütün vasitələrdən istifadə edir: insani münasibətlər, ictimai vəziyyət, dini - mifik anlayışlar, təbiət hadisələri, abstrakt anlayışlar, insanın bədən üzvləri, məişət əşyaları və s. və i.a. şairin dilində məntiqi şəkildə qarşılaşdırıla bilir, müqayisələr edilirbütün bunlar məcazi örtük altında bədii vasitələrə çevrilir. Xüsusi olaraq qeyd edilir ki, "İskəndərnamə" belə situativ - oppozisiya nəticəsində yaranmış antonimlər nominativ antonimlərdən çoxdur və bunların böyük çoxluğu məhz Nizaminin yaratdığı məxsusi antonimlərdir ki, belə hal şairin müşahidələri, böyük ümumiləşdirmə qabiliyyətinin nəticəsidr. Fəslin sonunda şairin dilində işlənmiş üslubi antonimlərin qrammatik təhlili verilir və bunların sadə, düzəltmə, mürəkkəb, eləcə də söz birləşməsi şəklində qurulması diqqətə çatdırılır. Digər bir qrup antonimlərin fars dilinin səciyyəvi vahidlər- izafət tipli sintaktik tərkiblərdən ibarət orijinal Nizami qələminə məxsus birləşmələrdən ibarət olması konkret dil faktları ilə təqdim edilir.

Monoqrafiyanın üçüncü fəsli Nizami Gəncəvinin "İskəndərnamə" əsərində üslubi sinonimlər linqvistik təhlil edilir, onların şairin dilində bədii ifadə yaratma zənginliyi, "ədəbi dildə işlənən sərhədlərini aşaraq çox cərgələri əhatə etməsi" vurğulanır. Şairin dilində sinonimlərin də çox hallarda məhz şairin qələminə məxsus, orijinal, üslubi səciyyə daşıması nəzərə çatdırılır, onların mətni - üslubi məna gözəllikləri mütəxəssis qələmi ilə təhlil edilir. Ən maraqlısı odur ki, şairin bədii ifadə vasitələrinin sinonimlər vasitəsilə zənginləşmə prosesini Nizami qələminin dühası ilə üzvi surətdə bağlı olması səlis bir dildə, aydın üslubda oxucuya çatdırılır: Şairin dilində, eləcə də "İskəndərnamə" əsərində hadisələr, anlayışlar "müəllifin (şairin) qələminin qüdrəti ilə, elə ustalıqla verilir ki, oxucu bunların üslubi sinonim olmasını müəyyən etməkdə çətinlik çəkir. Burada yenə Nizaminin söz qüdrəti, ifadə möhtəşəmliyi yada düşür! Dahi söz ustası "İskəndərnamə" əsərində yaratdığı üslubi sinonimlər əsərin bədii obrazları ilə əlaqədardır. Bunlar elə yeni- orijinal sinonim cərgələrdir ki, onlar fars ədəbi dili üçün yenidir. Nizaminin qüdrəti də elə bundadır! Müəllifin çox dəqiq ifadəsi ilə desək, "Bütün bunlar böyük Nizaminin bədii dilinin gücü, qüdrəti, söz sənətkarlığına sədaqətinin məhsuludur".

Poemada bədii ifadə vasitələri kimi metaforalardan, metonimiyalardan, fars dilinin sintaktik vahidlərinin məcazlaşması yollarından məharətlə istifadə edən böyük şair fikrinin oxucu üçün maneəsiz qavranmasına, nail olmuşdur.

Müəllif bu, son dərəcə qiymətli monoqrafiyanın yazılmasında Nizaminin "İskəndərnamə" poemasının "Şərəfnamə" hissəsinin leksikoqrafik tədqiqinə həsr etdiyi "Nizami Gəncəvi dilinin lüğəti ("Şərəfnamə" əsəri uzrə), I c, Bakı, 2009, II c, Bakı, 2010)" fundamental lüğətlərdən istifadə edərək Nizami sözünün zəngin xəzinəsini bütün aydınlığı ilə oxucuya çatdırmışdır.

Monoqrafiyanın yazılmasında müəllifin bədii dil məsələlərinin linqvistik təhlilləri Nizami sözünün zəngin məna çalarlarının oxucuya çatdırılmasında mühüm amil kimi qeyd olunmağa layiqdir. Düşünürsən ki, belə təhlillər yalnız Mənzərə xanım kimi ömrünün kifayət qədər hissəsini Nizami sözünün möcüzələrinə həsr etmiş, səbirli, təmkinli, dilçilik məsələlərində səriştəli bir elm adamı araya-ərsəyə gətirə bilərdi.

30 ildən artıqdır ki, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsi İran filologiyası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, təcrübəli müəllim, fars dili üzrə mütəxəssis, ürəyində Nizami irsinə böyük məhəbbət, üzüyuxarı yol gedir. Biz bu yolda xalqa, millətə təmənnasız xidmətə yönəlmiş, xeyirxah işində təcrübəli nizamişünasa yeni böyük uğurlar arzulayır, xalqımızın əsassız siyasi gərginliklərə, qara ləkələrə məruz qaldığı bir zamanda Nizami dühasının beynəlxalq səviyyədə qloballaşan biganə dünyanın hər bir vətəndaşına belə sanballı əsərləri ilə cavablandıracaqlarına əmin olduğumuzu bildiririk.

 

 

Sevil Mehdiyeva,

AMEA Nəsimi adına

Dilçilik İnstitutu,

Azərbaycan dili tarixi

şöbəsinin müdiri,

f. e.d., prof. əməkdar müəllim

 

Ədəbiyyat qəzeti.- 2012.- 9 noyabr.- S.7.