Yeni teatr mövsümü

 

“Kəllə” pyesi ilə açıldı

     

Gələn ilin mart ayında 130 yaşını tamamlayacaq Naxçıvan Teatrı üç əsri əhatə edən yaradıcılıq yolunda klassik və müasir milli dramaturgiyamızla yanaşı dəfələrlə xarici dramaturgiyaya, tərcümə əsərlərinə də müraciət etmişdir. Bu əsərlər sırasında Türkiyə dramaturgiyası, xüsusən də Nazim Hikmət yaradıcılığı özünəməxsus yer tutmaqdadır. Onu da qeyd etmək yerinə düşər ki, bu qədim sənət ocağı 1964-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı adlandıqdan sonra ilk dəfə müraciət etdiyi Türkiyə dramaturgiyasından məhz N.Hikməti seçmişdi. Müəllifin 1968-ci ildə tamaşaya qoyulan "Kor padşah" pyesi (həmmüəllif Vera Tulyakova) ümumiyyətlə sovet dövründə Naxçıvan Teatrında Türkiyə dramaturgiyasının ilk nümunəsi olmuşdur.

Sonrakı illərdə böyük dramaturqun "Bayramın birinci günü" (1980), "Qəribə adam" (1989) pyesləri də teatrın repertuarını zənginləşdirmişdir. Müstəqillik dövründə isə (2007) naxçıvanlı teatrsevərlər "Kor padşah" tamaşasını döğma kollektivin ifasında, yeni quruluşda görmək imkanı əldə etdilər. Lakin yeni quruluş birinci "Kor padşah" səviyyəsinə çatmadığına görə repertuarda heç bir il də davam gətirə bilmədi.

Naxçıvan Dövlət Musiqili Dram Teatrı cari ildə yenidən Nazim Hikmət dramaturgiyasından bəhrələndi. Bu dəfə yaradıcı heyət görkəmli dramaturqun "Kəllə" faciəsini hazırlayaraq 2012-2013-cü il mövsümünü həmin tamaşa ilə açdı. Müəllif özü 3 pərdə 14 şəkildən ibarət olan əsəri barədə belə yazmışdır: "Kəllə" pyesini 1932-ci ildə İstanbulda yazmışam. Yanılmıramsa, bu, mənim onuncu səhnə əsərimdir. İlk pyeslərimi 20-ci illərdə Boluda, Ankarada və Moskvada yazmışdım. Onların içərisində oynanılanlar da olmuşdur. Bir dramaturq kimi mən, demək olar ki, Moskvada yetişmişəm. İyirminci illərdə Moskvanın teatr mühiti, Stanislavski, Tairov, Meyerxold kimi görkəmli sənətkarlar mənə böyük təsir etmişlər. Moskvada yazdığım ilk pyeslərdə bu təsir xüsusilə böyükdür. "Kəllə" pyesi də bunlardan biridir.

"Kəllə"nin birinci variantını mən 1927-ci ildə Moskvada düzəltdiyimiz "Süpürgə" Teatrı üçün yazmışdım. Pyes o zaman "Hər şey maldır" adını daşıyırdı... 1932-ci ildə pyesi yenidən işləyib, "Kəllə" adı altında İstanbul "Darülbədan" Teatrına gətirdim. Teatrın rejissoru, bədii rəhbəri və baş aktyoru bizim görkəmli səhnə xadimimiz, Stanislavski və Vaxtanqovun tələbəsi Ərtoğrul Mühsin idi. Əsəri o, səhnəyə qoydu və baş rolu da özü oynadı. O zaman Türkiyə qəzetlərinin də yazdığına görə tamaşa böyük müvəffəqiyyətlə keçdi. Tamaşa qurtardıqdan sonra küçəyə yığılan izdiham bizi əlləri üstündə atıb-tutdu. Tamaşaçıların belə böyük hüsn-rəğbətindən təşvişə düşən hökumət əsəri qadağan etmək üçün bəhanə axtarmağa başladı və çox keçmədən belə bir bəhanə tapıldı. Bir neçə baytar-həkim əsərdə "Baytarlar və baytarlıq elmi təhqir edilir!" deyə bizi məhkəməyə verdilər. Əsəri oxuyanlar bu ittihamın nə qədər gülünc və əsassız olduğunu aydın bilər. Lakin bu gülünc ittiham pyesin qadağan edilməsi üçün kifayət oldu və əsər Türkiyədə bir daha oynanılmadı.

Həmin il "Kəllə" İstanbulda kitab şəklində nəşr olundu. 1951-1960-cı illər ərzində əsər rus, alman, rumın, çex, polyak, ərəb, italyan və ingilis dillərində çıxdı. Moskvada rejissor Diki onu radio təmsili şəklində tamaşaya qoydu. Mən teatr səhnəsində onu İstanbuldan sonra yalnız Kirovabad (Gəncə, 1957-ci il - Ə.Q.) Dram Teatrında görə bildim. Həm quruluş, həm də aktyorların oyunu xoşuma gəldi."

Tam 45 ildən sonra Nazim Hikmətin "Kəllə" faciəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşunda yenidən Azərbaycan səhnəsinə qayıtdı. 2002-ci il may ayının 18-də premyerası olan bu tamaşanın quruluşçu rejissoru respublikanın əməkdar incəsənət xadimi Bəhram Osmanov olmuşdur. Baş rolu xalq artisti, mərhum ustad aktyorumuz Kamal Xudaverdiyev ifa etmişdir.

Beləliklə, daha 10 il sonra "Kəllə" Naxçıvan Dövlət Musiqili Dram Teatrının uğurlu bir tamaşası kimi milli teatr salnaməmizə yeni səhifə yazdı. Tamaşaya teatrın direktoru və baş rejissoru, xalq artisti Kamran Quliyev quruluş vermişdir. Naxçıvan səhnəsində hazırlanan tamaşada pyesin birinci pərdəsindəki 3-cü və 5-ci şəkillər, ikinci pərdəsindəki 1-ci (qismən) və 3-cü şəkillər, həmçinin 15-ə qədər əsas və epizodik obraz ixtisar edilmişdir. Qeyd etmək lazımdır ki, əsərlə tanış olmayan tamaşaçı bunu qətiyyən hiss etmir, pyesi oxumuş tamaşaçı isə bugünkü tamaşaların vaxt ölçüsü baxımından aparılmış bu ixtisarların yerində edildiyinə haqq qazandırır.

Tamaşada rol bölgüsü ümumən düzgün seçim əsasındadır. Baş rolu - doktor Dalbanezonu xalq artisti Rza Xuduyev yaradır. Bu, təsadüfi ifadə deyil. Hələ tələbəlik illərindən "Mən sizi dünyalar qədər sevirdim", sonralar isə "Şahid qız" bədii filmlərindəki yaddaqalan oyunları ilə Azərbaycan tamaşaçısına tanış olan R.Xuduyev 25 ilə yaxın çalışdığı Naxçıvan DMDT-nın səhnəsində sözün əsl mənasında yaratdığı onlarca obraz olmuşdur ki, Dalbanezo da onlardan növbətisidir. İstedadlı aktyor obrazının daxili aləmini yaxşı qavrayaraq Dalbanezonun xarakterik danışığını, hərəkətlərini düzgün tapmaqla düşdüyü vəziyyətlərdə onun şəfqət, ehtiram, həyəcan, hiddət, qəzəb hisslərini təbii boyalarla çatdırır.

Dalbanezonun qızı rolunda çıxış edən gənc aktrisa Nurbəniz Niftəliyeva özünün məlahətli zərif ifa tərzilə xəstəhal qəhrəmanını tamaşaçıya sevdirməyə nail olur. Azərbaycan Respublikasının əməkdar artistləri Bəhruz Haqverdiyev (Pedro), Vidadi Rəcəbli (naşir), aktrisa Zəminə Baxşəliyeva (qapıçı qadın), xalq artistləri Həsən Ağasoy (Frayman), Şirzad Abutalıbov (sərsəri) əlvan ştrixlərlə danışıq tərzlərilə personajlarının əsas xüsusiyyətlərini nümayiş etdirə bilirlər.

Tamaşada bir neçə aparıcı obrazları dublyorlar ifa edirlər. Şair rolunda Nəsimi Məmmədzadə əvvəl centlmen, sonra həris, Elnur Rzayev isə əvvəl romantik, sonra çılğın bir obraz təqdim edirlər. Respublikanın əməkdar artistləri Xəlil Hüseynova Əli Əliyevə Vilyams rolu həvalə olunmuşdur. Bu obraz Prezident təqaüdçüsü X.Hüseynovun ifasında təmkinli, tədbirli, öz müəssisəsinin qeydinə qalan tabeliyindəki Paolinanın diqtəsilə hərəkət edən, Ə.Əliyevin ifasında isə hiyləgər, qətiyyətli, öz mənafeyini güdən Paolinadan məqsədləri naminə istifadə edən bir adamı təsiri bağışlayır. Naxçıvan MR əməkdar artisti Günay Qurbanovanın oynadığı Paolina işlədiyi müəssisəni lazımi səviyyədə təmsil edən, rəhbərliyin tapşırıqlarını can-başla yerinə yetirən bu yolda mənliyini qurban verməklə təhqiramiz sözləri soyuqqanlılıqla qəbul edən bir xarakterdir. Aktrisa Nazlı Hüseynquluyevanın Paolinası isə rəhbərinin əmrlərinə sözsüz tabe olmaqla onu əlində saxlamağı bacaran, məkrli, qəddar, Dalbanezonun təhqirlərinə səbrlə dözsə , zamansa bunun hayfını alacağına əmin olan işbaz bir qadındır.

Digər personajlar olan doktorun (Naxçıvan MR əməkdar artisti Əbülfəz İmanov), polis məmurunun (Zakir fətəliyev), komisyonçunun (Rəhman Dünyamalıyev), təlimçinin (Teyyub Zeynalzadə) səhnədə bir neçə dəqiqə görünmələrinə baxmayaraq, ifaçıların qənaətbəxş oyunları sayəsində bu obrazlar da tamaşaçı yaddaşına həkk oluna bilir.

Tamaşanın bədii quruluşu Naxçıvan MR əməkdar rəssamı Əbülfəz Axundova məxsusdur. Uzun illərdir Naxçıvan Teatrının quruluşçu rəssamı kimi öz dəst-xəttilə seçilən Ə.Axundov "Kəllə"də tamaşaçılarda maraq oyadaraq onları düşünməyə vadar edə bilmişdir. Səhnənin arxasındakı qara fonun mərkəzində parçalanmış kəllə təsvir olunur. Şübhəsiz ki, bu alim-doktor Dalbanezonun haçalanmış fikirlərinin təsirindən parçalanmış kəlləsinin simvoludur. Dalbanezo öz əsas ideyasından uzaqlaşdırılır onun beynini başqa, ürəyincə olmayan bir istiqamətdə çalışdırırlar. Hərdən səhnədəki parçalanmış kəllənin ortasından kəllə boyu qırmızı işıq yanıb-sönür. Rəssamın belə bir ştrixi bu kəllənin daxilində baş verənləri - hiddəti, qəzəbi, sarsıntını bunların təbii nəticəsi olaraq qan təzyiqinin artmasını tamaşaçıya çatdırmağa xidmət edir.

Dekorasiyalar, geyimlər səhnənin orkestr xəndəyindən pilləkənlə istifadə edilməsi əsərin məzmununa xidməti gerçəkləşdirir. Lakin Dalbanezonun evindəki mizin polis rəisinin kabinetindəki stolun bir qədər böyük masa ilə, parkdakı iki nəfərin otura biləcəyi bir ədəd kiçik skamyanın iki ədəd normal skamya ilə əvəz olunmaları məqsədəmüvafiqdir. Çünki gecə parkda sərsəri uzanıb yatarkən, yuxusu gəlməyən Dalbanezo oturub ona baxaraq öz-özünə danışır. Mövcud səhnədə isə Dalbanezo sərsərilə şəhər parkına uyğun olmayan kiçik bir skamyaya sığışdırılır. Dalbanezonun yeni laboratoriyasında müxtəlif tibbi ləvazimat şüşə qabların təsvir olunduğu primitiv şkafın görüntüsü ümumi tərtibata xələl gətirir. Diskotekanı xatırladan səhnədə isə qadınların tamamilə uyğunsuz, adi, gündəlik məişət geyimində olmaları da tamaşaçını çaşdırır. Yeri gəlmişkən tamaşanın musiqi tərtibçisi, respublikanın əməkdar artisti Elman Əliyev əsərin ruhuna dövrünə uyğun musiqilərin səsləndirilməsinə nail ola bilmişdir.

Tamaşada tərcümədən irəli gələn (tərcüməçi görkəmli yazıçı-teatrşünas İslam İbrahimovdur) dil qüsurları bəzi hallarda aktyorların danışığındakı məntiqi vurğularda nöqsanlar mövcuddur. Məsələn, orijinal pyesdəki "itfaiyə arabası" ifadəsi "yanğın avtomobili" kimi səsləndirilir. Halbuki yanğınsöndürən maşın deyilməlidir. Hadisələrin baş verdiyi məkan Dollaryanda adlanır. Aktyorların bir çoxunda bu söz elə ifadə olunur ki, sanki erməni soyadı səslənir. Personajların bəzilərinə sinyor, sinyorina, digərlərinə mister, missis deyə müraciət olunur, hətta bəzən cənab, xanım da səslənir ki, bu da anlaşılmazlıq yaradır. Daha bir texniki səhv: Vilyamsla Paolina Dalbanezonun mənzilindən çıxdıqdan sonra onların maşınlarından güclü bir uğultu eşidilir bu zaman doktor deyir: "Avtomobilləri öküz kimi, qudurmuş buğa kimi, azğın bir inək kimi böyürür..." Lakin onların gəlişi zamanı nədənsə bu səs eşidilmir.

Bütün bunlara baxmayaraq "Kəllə" bir tərcümə əsəri xarici həyat tərzindən bəhs edən bir tamaşa kimi rejissor, rəssam xüsusilə aktyorun püxtələşməsi baxımından məqsədəmüvafiq olaraq vaxtında ərsəyə gətirilmiş yeni bir yaradıcılıq nailiyyətidir. Qeyd olunan olunmayan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra bu uğurlu tamaşa ilə istər Azərbaycan, istərsə Türkiyə tamaşaçısının qarşısına çıxmaq olar.

 

 

Ələkbər QASIMOV,

AMEA Naxçıvan Bölməsinin İncəsənət,

Dil Ədəbiyyat İnstitutu teatr musiqi

şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq

üzrə fəlsəfə doktoru

 

Ədəbiyyat qəzeti.- 2012.- 9 noyabr.- S.6.