Vilayət Quliyev - 60

     

Hörmətli Vilayət müəllim!

Sizi - tanınmış tənqidçi və ədəbiyyatşünas alimi 60 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Sizin imzanız ədəbi ictimaiyyətə 1978-ci ildən tanışdır. Məqalə və resenziyalarınız mövzu, mündəricə baxımından müxtəlif olmaqla yanaşı professional səviyyəsi, obyektivliyi, cəsarəti ilə də seçilir. Əhatə dairəsi geniş olan elmi-tənqidi əsərlərinizdə həm müasir Azərbaycan nəsrinin və poeziyasının yaradıcılıq axtarışlarından və sənətkarlıq problemlərindən, həm də klassik dövrdən, xüsusən ədəbi əlaqələr aspektində XIX əsrdən geniş bəhs edilir. Ədəbiyyatşünas kimi axtarışlara daha çox meyl edir, ciddi tədqiqatçılıq həvəsi ilə araşdırmalar aparır, mədəniyyət tariximizin görkəmli şəxsiyyətləri, az öyrənilmiş səhifələri barədə yeni, maraqlı faktlar üzə çıxarmısınız. Aktuallıq, meyarların dəqiqliyi, vətəndaşlıq hissi məqalə və resenziyalarınızı səciyyələndirən əsas xüsusiyyətlərdir. "Fikrin karvanı", "Ədəbi proses", "Azərbaycan-Avropa ədəbi əlaqələri" və s. kollektiv əsərlərin əsas müəlliflərindən birisiniz. "Mirzə Kazım bəy", xalq yazıçısı Elçinlə birgə yazdığınız "Özümüzsözümüz" kimi sanballı əsərlər böyük maraqla qarşılanmışdır. "Mirzə Kazım bəy" monoqrafiyasında böyük şərqşünas alimin yalnız yaradıcılığı şərh edilmir, yaşadığı dövr, soykökü, həyat və fəaliyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir, yeni faktlar göstərilir. "Azərbaycan filoloji fikrirus ədəbi-ictimai mühiti (XIX əsrin birinci yarısı)" adlı irihəcmli monumental monoqrafiyanızda ədəbi-mədəni əlaqələr, azərbaycanlı alimlərin Rusiyada şərqşünaslıq elminin yaranmasında və inkişafındakı rolu araşdırılır.

Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edirsiniz. Bu, həm də yaradıcılığınızda yeni mərhələ olmuşdur. İnformasiya böhranının aradan qaldırılması, Azərbaycan həqiqətlərini dünyaya bəyan etmək üçün əsl vətəndaş-ziyalı kimi qələminizi silaha çevirmisiniz. "Soyqırımı: kimə qarşı?", "Azərbaycanlıların soyqırımı haqqında həqiqətlər", "Erməni terrorizminin qurbanı-Behbud xan Cavanşir" və s. bu kimi məqalələr yazmaqla kifayətlənməmiş, dünyada tanınmış tarixçilərin bu mövzuda yazılmış əsərlərini ingilis dilindən tərcümə etmisiniz. Xalqımızın görkəmli tarixi şəxsiyyətləri haqqında çox maraqlı əsərlərin müəllifisiniz. "Ağaoğlular", "Böyük əkinçi", "Tarixdə iz qoyan şəxsiyyətlər", "İsa Sultan Şahtaxtinskinin qəribə həyatı", "Heydər Əliyev və ədəbiyyat məsələləri" bu qəbildəndir.

Siz tərcüməçi və tərtibatçı kimi də mədəniyyətimizə xidmət göstərirsiniz. L.Qumilyovun "Qədim türklər", V.Panov, V.Baxtinin "Mühəmməd Peyğəmbərin həyatı", C.Oruellin "Seçilmiş əsərləri", "23 Nəsrəddin" (dünya xalqlarının "Molla Nəsrəddin lətifələri"), Əlimərdan bəy Topçubaşovun "Parisdən məktub" əsərləri, Səməd Ağaoğlunun "Seçilmiş əsərləri" və Əhməd Ağaoğlunun "Seçilmiş əsərləri", Əhməd Cəfəroğlunun "Seçilmiş əsərləri" və s. sizin tərcümə və tərtibatınız ilə işıq üzü görmüşdür. "Türkiyə dışındakı türk ədəbiyyatları antologiyası"nın tərtibatçılarından birisiniz.

Siz otuz ildən artıq Nizami adına Ədəbiyyat İnstitutunda çalışmış, direktor müavini vəzifəsinədək yüksəlmisiniz. 2001-ci ildə Azərbaycan Respublikası xarici işlər naziri, daha sonra Azərbaycanın Polşadakı səfiri təyin edilmisiniz. Hazırda Azərbaycanın Macarıstandakı səfirisiniz. Siz diplomatik missiyanızı yerinə yetirdiyiniz ölkələrdə də elmi-ədəbi fəaliyyətinizi davam etdirir, mədəni əlaqələrimizin genişləndirilməsi sahəsində səmərəli fəaliyyət göstərirsiniz. Azərbaycan Dövlət mükafatı, M.F.Axundzadə adına mükafat, H.Z.Tağıyev adına mükafatın laureatısınız, Polşa Prezidentinin sərəncamı ilə "Polşa qarşısındakı xidmətlərinizə görə" ordeni ilə təltif olunmusunuz.

Hörmətli Vilayət müəllim!

Sizi bir daha yubileyiniz münasibətilə ürəkdən təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

 

 

Ədəbiyyat qəzeti.- 2012.- 9 noyabr.- S.3.