Abbas Zamanovun kitabxanası
1993-cü il aprelin 1-i Azərbaycanın
çağdaş tarixinə iki üzücü,
sarsıdıcı hadisə ilə daxil olmuşdu.
Həmin
gün erməni işğalçıları yurdumuzun daha bir
alınmaz qalasını - taleyin ümidinə
buraxılmış, hər tərəflə əlaqəsi kəsilmiş
Kəlbəcəri işğal etmişdilər.
Həmin
gün Azərbaycan mədəniyyətinin cəfakeşlərindən
biri olan görkəmli alim, vətənpərvər ziyalı
Abbas Zamanov (1911-1993) dünyaya gözlərini
qapamışdı.
Bir elin
işğalı ilə bir şəxsin ölümü
arasında bərabərlik işarəsi qoyduğuma görə
məni qınamaq fikrinə düşənlər tələsməsinlər.
Əbəs
deyil ki, əski zamanlardan "Alim öldü-aləm
öldü" - deyiblər.
Xalq
arasında "aldatma günü" kimi məşhur olan 1
apreldə biz taleyin iki məkrli hiyləsi ilə üz-üzə
qalmışdıq. Həmin gün həm alimimizi, həm də qədrini
bilmədiyimiz, qorumağı bacarmadığımız aləmimizi
itirmişdik.
Bu iki
acı xəbəri Türkiyədə, yarım ildən bəri
çalışdığım Ərzurum Atatürk
universitetində eşitdim. Türkiyə siyasi müxalifəti, ilk
növbədə isə mətbuat Kəlbəcərin
düşmən əhatəsində qalmış dinc sakinlərini
xilas etmək üçün "kardeş Azerbaycandan"
bir neçə helikopter - vertolyot əsirgəyən
iqtidarı sərt tənqid atəşinə tutmuşdu. Amma bu qarmaqarışıqda elmimizin verdiyi itki də
diqqətdən yayınmamışdı. "Tərcüman",
"Zaman" qəzetləri "Abbas Zamanov öldü!"
başlığı ilə qısa, lakin yanıqlı
yazılar dərc etmişdilər.
Universitetdəki
azərbaycanlı "mühacir öyrətim üyələri"
ilə (müxtəlif fakültələrdə 10 nəfərə
yaxın həmvətənimiz çalışırdı)
gündəlik təmaslar sayəsində ölkəmizlə
daha yaxından maraqlanan türk həmkarlarımız
"Hocam, Kelbeceri de kayb etdiniz. Şimdi nasıl olacaq?"-
deyə soruşanda bütün
canıyananlıq və dərdə həmdəmlik
notlarına baxmayaraq, özüm də fərqinə varmadan bu
sualda gizli bir sərzəniş, sancma olduğunu
düşünürdüm. Aydın məsələdir
ki, belə deyildi. Aydın məsələdir
ki, alçaldılmış, təhqir edilmiş izzəti-nəfsimiz
bizi hər şeydən xoflanmağa, şübhələnməyə
vadar edirdi. Hər halda başqa cür ola
bilməzdi. Amma
çalışdığım dil-ədəbiyyat fakültəsində
Abbas Zamanovun ölümü ilə əlaqədar
başsağlığı verənlər, təəssüf
və kədər izhar edənlər hisslərində,
sözlərində tam səmimi idilər.
Ədəbiyyatçılardan
tutmuş dilçilərə, tarixçilərə,
ilahiyyatçılara qədər Ərzurum Atatürk
universiteti camesində əksər alimlər Abbas müəllimi
tanıyırdı.
Bu təsadüfi
deyildi. Hər şeydən öncə, inanclı
türkçü və vətənpərvər olan Abbas
Zamanovun Ərzurum universiteti ilə çoxillik səmərəli
əməkdaşlığının, bu elm ocağına
göstərdiyi təmənnasız xidmətin nəticəsi
idi.
1970-ci illərin
əvvəllərindən etibarən Abbas müəllim o zaman
Ərzurumda çalışan gənc ədəbiyyatşünas
alim, Türkiyədə Azərbaycan mədəniyyətinin ən
fəal, ardıcıl təbliğatçılarından Əli
Yavuz Akpinar vasitəsilə (indi İzmirdəki Egey
universitetinin professoru olan Yavuz bəy eyni fəaliyyətini daha
böyük ölçüdə davam etdirir) universitet kitabxanasına
Bakıda çıxan kitabları göndərməyə
başlamışdı. Zaman keçdikcə bu
kitabların sayı o qədər artmışdı ki,
onların əsasında ayrıca bir mini kitabxana təşkil
etmək zərurəti yaranmışdı.
Universitet
kitabxanası nəzdində "Abbas Zamanov bağış
kitablığı" (yəqin ki, Azərbaycan türkcəsində
bunu "Abbas Zamanovun hədiyyə etdiyi kitablar" şəklində
çevirmək daha məqbuldur - V.Q.) belə meydana
çıxmışdı. "Bağış
kitablığı"nın yerləşdiyi
otaq əsas kataloqlar olan zalın sol tərəfində idi. Onun yuxarı başından Abbas müəllimin
portreti asılmışdı. Rəflərdə
isə klassik və müasir Azərbaycan
yazıçılarının əsərləri, dünya
klassikasının ana dilimizdəki nəşrləri, eləcə
də dilə, ədəbiyyata, tarixə və elmin digər
sahələrinə aid əsərlər
toplanmışdı. Dəqiq hesabını bilmirəm,
amma "Bağış" fondundakı kitab və dövri
nəşrlərin sayı mindən az
olmazdı. Abbas müəllim demək olar ki, son
yarım əsrdə Azərbaycanda meydana çıxan bir
çox nəşrlərin Atatürk universitetinə
çatdırılması qayğısına
qalmışdı.
Bu mini
kitabxana ölkəmizə marağın nisbətən
güclü olduğu və çoxlu Azərbaycan əsilli
insanların yaşadığı Ərzurumda kifayət qədər
populyar idi.
Ərzurum
universitetində çalışdığım il yarım ərzində mən də dəfələrlə
həmin "bağış kitablığı"ndan
yararlanmışdım. "Yararlanmışdım"
demək azdır. Əslində, bu mənim
üçün göydəndüşmə bir fürsət
olmuşdu. Məhz Abbas müəllimin
kitabları sayəsində həm elmi, həm də pedaqoji fəaliyyətimi
uğurla davam etdirə bilmişdim.
Təbii ki,
Atatürk universitetində Azərbaycan və "dış
türklər" ədəbiyyatı fənni üzrə
oxuduğum mühazirələrin hazırlanması
üçün "öz kitablarımıza"
böyük ehtiyacım vardı. Onların
hamısını Bakıdan özümlə gətirməyim
mümkün deyildi. İkincisi, 1988-ci ildə Türkiyəyə
ilk səfərim zamanı münasibət qurduğum
keçmiş millət vəkili, "Ötükən" nəşriyyatının
sahibi, qiymətli türk ziyalısı Nevzad Kosaoğlunun təklifi
ilə qoşulduğum mühüm bir layihənin gerçəkləşdirilməsi
üçün Azərbaycan yazıçı və
şairlərinin əsərlərinin əlimin altında
olması son dərəcə zəruri idi.
Nevzad bəy
həmin dövrdə 10 cildlik "Böyük türk klassikləri"
antologiya-ensiklopediyasının nəşrini başa
çatdırmışdı. Keçmiş SSRİ-nin
süqutu ərəfəsində türk respublikaları ilə
əlaqələrin asanlaşması bu seriyanı genişləndirmək
imkanı yaratmışdı. Əgər
ilk on cilddə əsasən Anadolu türk ədəbiyyatı
yer almışdısa, sonrakı 15 cildin digər türk ədəbiyyatlarına
həsr olunması nəzərdə tutulurdu.
"Böyük türk klassikləri"nin
4 cildi Azərbaycan ədəbiyyatına
ayrılmışdı. Azərbaycan türkcəsi
ilə günümüzə çatan ilk şeirin müəllifi
İzəddin Həsənoğludan XX əsrin əvvəllərinə
qədərki dövrün ədəbi nümunələrinin
seçilməsini, müəlliflər haqqında
icmal-oçerklər və zəruri şərhlər
hazırlanmasını mən öz üzərimə
götürmüşdüm.
Ərzuruma
yola düşdüyüm 1992-ci ilin sentyabrında bu nəhəng
işin çox az bir hissəsi yerinə
yetirilmişdi. Maddi və mənəvi
sıxıntılar ucbatından qeyri-müəyyən
müddətə Türkiyəyə getmək zərurəti
yarananda Nevzad bəyin yanında yalançı
çıxacağımı düşündüm. Çünki hətta Bakıda antologiya-ensiklopediya
üzərində işlədiyim vaxt şəxsi
kitabxanamın yetərincə böyüklüyünə
baxmayaraq ara-sıra Axundzadə, yaxud Akademiya kitabxanasına
üz tutmalı olurdum. Türkiyədə
onlarla azərbaycanlı müəllifin əsərlərini,
onların həyat və yaradıcılıqları
haqqındakı tədqiqat və monoqrafiyaları, soraq
kitabçalarını haradan tapacaqdım?
Ona
görə də layihə üzərindəki işi təxirə
salmağı, bu da mümkün olmasa, çox ürəkdən
qoşulduğum və artıq müəyyən bir hissəsini
hazırladığım antologiya-ensiklopediyadan imtina etməyi
düşünürdüm. Və belə bir zamanda Abbas
müəllimin Ərzurum universitetinə hədiyyə etdiyi
kitablar dadıma çatdı. Qaynaqların, mənbələrin
bir yerə cəm olması nəticəsində çoxcildli
nəşr üzərindəki iş Bakıdakından da
sürətlə getməyə başladı. Hər
dəfə "bağış kitablığı"ndan
yeni-yeni kitablar götürəndə ürəyimdə Abbas
müəllimə dönə-dönə minnətdarlıq
edirdim. Azərbaycanlı müəlliflərin
əsərləri ilə maraqlanan, kiril əlifbası ilə
oxumağı bacaran tələbələrim də bir müddət
sonra bu balaca kitabxananın daimi oxucularına
çevrilmişdilər.
1993-cü
ilin sonlarında "Böyük türk klassikləri"
seriyasından Azərbaycan ədəbiyyatına həsr olunan
birinci cild çapdan çıxdı. Bu təkcə mənim
deyil, həm də artıq o zaman həyatda olmayan Abbas müəllimin
zəhmətinin bəhrəsi idi. Əgər
onun vaxtilə qardaş Türkiyəyə göndərdiyi
kitablar olmasaydı, Ərzurumda bu işin öhdəsindən
gəlmək qeyri-mümkün idi.
Başqa bir
görkəmli alim və kitabşünasımız Əziz
Mirəhmədovun Azərbaycan ədəbiyyatı ilə
bağlı hazırladığım cildlər haqqında
"Xalq qəzeti"ndə dərc etdirdiyi "Doğmaca
kitablar" məqaləsini də minnətdarlıq hissi ilə
xatırlayıram...
Amma
bütün bunlardan Abbas müəllimin xəbəri
olmadı...
1993-cü
ilin təkcə Azərbaycan üçün deyil, Türkiyə
üçün də nəhs gələn səksəkəli
aprel günlərində (ölkədə böyük
islahatların binasını qoymuş səkkizinci Prezident
Turqut Ozal aprelin 17-də qəflətən vəfat etmişdi)
Abbas Zamanovun ölüm xəbəri Ərzurum universitetinin rəhbərliyini
laqeyd buraxmamışdı. Onun ruhu qarşısında
son borc kimi şəxsi kitabxanasını universitet
üçün almaq ideyası meydana
çıxmışdı. Bu ideyanın əsas
müəlliflərindən və qızğın tərəfdarlarından
biri filologiya fakültəsinin dekanı, professor Şərif
Aktaş idi.
Sorbonna
universitetində mükəmməl Avropa təhsili məktəbi
keçmiş Şərif bəy mühafizəkar Ərzurum
mühitində tam bir Kefli İskəndər təsiri
bağışlayırdı. Amma Cəlil Məmmədquluzadənin
ölməz qəhrəmanı qədər cəsarətli və
üsyankar olduğunu deyə bilməzdim. Çünki
içi barışmazlıq və üsyanla dolu olsa da, zahirən
hamı kimi görünməyə
çalışırdı. Universitetin əksər
müəllimlərindən fərqli olaraq məscidə getməsə
də, Ramazan ayında özünü oruc tutan kimi göstərirdi.
Bu səbəbdən də orucluq günlərində
siqaret çəkməyə həmişə mənim
otağıma gəlirdi. Dinçi həmkarlarının
kabinetində tütün iyini hiss edəcəklərindən
ehtiyatlanırdı. İndiyə qədər
yadımdan çıxmır, bir dəfə,
görünür, yenə də orucluq məsələsində
başqalarından fərqlənmədiyini göstərmək
üçün məni hamının eşidəcəyi bir
tərzdə evinə, iftara çağırmışdı.
Və həmin iftar süfrəsində...
rakı görəndə təəccüblənmədim.
Düşündüm ki, bu Şərif
Aktaşın qəbul etmədiyi, lakin qaydalarına uyğun
yaşamağa məcbur olduğu cəmiyyətə, ictimai
münasibətlər sisteminə özünəməxsus
etirazı, üsyanıdır.
Şərif
bəylə Azərbaycanın tanınmış
yazıçıları, şairləri, ədəbiyyatşünas
alimləri, eləcə də "bağış
kitablığı" sayəsində Ərzurumda daha
yaxşı tanınan Abbas müəllim haqqında çox
söhbətlərimiz olmuşdu. Kədərli hadisədən
xəbər tutan kimi "Senin hocanın kitablarını
üniversiteye alib götürmeliyiz!"-dedi. Tezliklə
məsələni o zamankı rektor, sonralar bir müddət
Bakıda Qafqaz universitetinə də rəhbərlik edən
professor Ərol Erolla danışdı və mənim, necə
deyərlər, ilkin "kəşfiyyat" məqsədi ilə
Bakıya ezam edilməyim haqqında qərar qəbul olundu.
Həmin
səfərin ən faydalı tərəfi mərhum alimin ruhu
qarşısında son borcumu vermək, cümə
axşamlarında iştirak etmək imkanın yaranması
oldu. Abbas müəllimin ailəsi ilə əvvəlcədən
də müəyyən əlaqələrim vardı. Onun
istəyi ilə Nizami adına Ədəbiyyat
İnstitutunun əyani aspiranturasında oxuyan nəvəsi
Aygün Rzayevanın elmi rəhbəri təyin olunmuşdum.
Bakıya
gəlib Abbas müəllimin yaxınları və
doğmaları ilə görüşsəm də, Ərzurum
universitetindən alınan təklif barəsində heç
kimə heç bir söz demədim. Əvvəla, hələ
yas mərasimi başa çatmamışdı və belə
söhbətin yeri deyildi. O biri tərəfdən də
Abbas Zamanov qardaş ölkəyə artıq bir
kitabxanalıq kitab bağışlamışdı. İllər boyu topladığı
kitabxanasının vətənində qalmasının, Azərbaycan
elminə və mədəniyyətinə, ən azı filoloq
nəvəsinə xidmət etməsi mənə daha doğru
və ədalətli qərar təsiri
bağışlayırdı.
Ərzuruma
qayıdandan sonra "əliboş" gəlməyimin həqiqi
səbəblərini ürək qızdırdığım
Şərif Aktaşa izah etdim. Fikrimlə
razılaşıb "Belke de doğru olanı sen
yapmışsın. Şurdakı yobazlar (Ərzurumda
"cahil", "nadan" mənasında işlənir -
V.Q.) hiç kitab okumazlar ki!" - dedi.
Amma buna
baxmayaraq, indinin özündə də əmin deyiləm: Abbas
Zamanovun kitabxanasını xilas etdim, yoxsa bu kitablarla həqiqətən
maraqlananların, onlara daha çox ehtiyac duyanların
üzünə qapadım?
Yazıqlar
olsun ki, zaman keçdikcə biz kitaba, mütaliəyə
münasibət məsələsində Şərif bəyin
şikayətçi olduğu həmin o Türkiyəni də
ötüb keçdik.
Abbas
müəllim 60-80-ci illər elmi-ədəbi mühitinin
canlı əfsanələrindən biri idi. O, həm də cəmiyyətimizdə
indi demək olar ki, tamam yoxa çıxan "köhnə
kişilərin" bizim nəslin gördüyü, təmas
qurmaq imkanı qazandığı son nümayəndələrindən
sayıla bilərdi. Hətta özündən
bir neçə yaş böyük dostu, professor Əziz Şərif
də Abbas Zamanovun şəxsində ilk növbədə
insanlıq və vətəndaşlıq missiyasını ləyaqətlə
həyata keçirən "köhnə kişi"
görürdü. "Sənin dostluğun mənə həm
dayaq, həm də təsəllidir, - deyə Moskvadan ona
göndərdiyi məktubların birində yazırdı. -
Dostluqda, sədaqətdə sənin mislin yoxdur. Sənin bu keyfiyyətin mənə keçmiş
kişiləri (əsl kişiləri) xatırladır - mənim
atamı (maarifçi ziyalı Qurbanəli Şərifov nəzərdə
tutulur - V.Q.), Sidqini, Sabiri, Mirzə Cəlili
xatırladır".
Milli təəssübkeşliyi,
cəsarəti, qədirbilənliyi ilə həm öz nəslinin
nümayəndələri, həm də gənclər
arasında ad çıxarmışdı. Özünün çox
kitabı çap olunmasa da, başqalarının
kitablarını yaymaqla daha çox populyarlaşmış,
Azərbaycan ədəbiyyatının, mədəniyyətinin
təbliğatçılarından biri kimi tanınmışdı.
Klassik və müasir ədəbi irsimizlə
bağlı heç bir diqqətəlayiq hadisə, yaxud şəxsiyyət
onun diqqətindən kənarda qalmamışdı.
Toxunduğu
mövzuları dərinliyi və təfərrüatı ilə
işləmiş, üz tutduğu sahələrdə həqiqi
nüfuz sahibinə çevrilə bilmişdi. Ömrünün çoxunu
millətimizin böyük cəfakeşlərinin - Sabirin, Mirzə
Cəlilin yaradıcılıq irslərinin öyrənilməsinə
həsr etmişdi. Ədəbiyyatımızın
Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, C.Məmmədquluzadə,
Ə.Haqverdiyev, N.Nərimanov, S.S.Axundov, S.Hüseyn, H.Nəzərli,
S.M.Qənizadə kimi görkəmli nümayəndələrinin
əsərləri Abbas müəllimin tərtibi, müqəddimə
və şərhləri ilə nəşr olunmuşdu. Həmidə xanımın neçə-neçə
monoqrafiyadan qiymətli olan "Cəlil Məmmədquluzadə
haqqında xatirələrim" kitabını əlyazması
əsasında Azərbaycan və rus dillərində çapa
hazırlamışdı.
"Heç
bir ədəbiyyat sənin kimi mücahidsiz keçinə bilməz. Vay o ədəbiyyatın
halına ki, onun Abbas Zamanovu olmasın!" - professor Əziz Şərifin bu sərrast kəlmələri
klassik və müasir Azərbaycan söz sənətinin tədqiqi,
nəşri və təbliği üçün Abbas müəllimin
gördüyü böyük işlərə verilən həqiqi
qiymət idi.
Ali təhsilini
qiyabi yolla Azərbaycan Pedaqoji İnstitutunda alsa da, əslində
elmdə və həyatda qazandığı bütün
nailiyyətlər keçdiyi "həyat universitetləri"
sayəsində mümkün olmuşdu.
On
yaşından ehtiyacın hər üzünü
görmüş, Naxçıvanın və Bakının
uşaq evlərində böyümüşdü. Gənclik dövrü
"böyük terrorun" və müharibənin
ağır illərinə təsadüf etmişdi. Amma bu çətinliklərə baxmayaraq, Abbas
müəllim zəhmətsevərliyi sayəsində həyatda
öz yerini tuta bilmişdi. Görünür,
gəncliyində bir müddət müxtəlif ictimai-siyasi
işlərdə çalışması, daim insanlarla təmasda
olması ona heç zaman quru, pedant kabinet aliminə
çevrilməyə imkan verməmişdi. Abbas müəllim elmi və ictimai fəaliyyətini
həmişə paralel davam etdirmiş, heç vaxt vəzifəsini
yalnız yazmaqla bitmiş sayan alimlərdən
olmamışdı. Yalnız fikir yox, həm
də əməl adamı idi. Gəlişi gözəl
sözlər deməyi yox, iş görməyi
daha üstün tuturdu. Özünü tabe
tutduğu bu prinsip və daxili intizam nəticəsində illər
boyu heç kimdən tapşırıq gözləmədən,
heç kimə hesabat vermədən, heç bir mükafat
ummadan geniş coğrafiyada elm, ədəbiyyat və mədəniyyətimizin
səlahiyyətli elçisinə çevrilmişdi.
Opera
Teatrının və filarmoniyanın direktoru olduğu
dövrdə (1940-1941) sənət adamlarımızın Təbrizə
ilk qastrol səfərini (1941) təşkil etmişdi.
Nizami adına Ədəbiyyat Muzeyinə rəhbərlik
etdiyi (1968-1971) illərdə bu elm və mədəniyyət
ocağının beynəlxalq əlaqələrinin xeyli
genişlənməsinə, muzeyin yeni ekspozisiyalarla zənginləşməsinə
və Azərbaycan ədəbiyyatının mühüm tədqiqat-təqdimat
mərkəzlərindən birinə çevrilməsinə
nail olmuşdu.
Azərnəşrin
bədii ədəbiyyat şöbəsində müdir,
"Gənc işçi" və "Ədəbiyyat qəzeti"nin
məsul katibi, Nizami adına Ədəbiyyat İnstitutunun elmi
işçisi, Azərbaycan Dövlət Universitetinin baş
müəllimi, bu universitetdəki Azərbaycan sovet ədəbiyyatı
tarixi kafedrasının müdiri və professoru kimi Abbas Zamanov
həmişə fəallığı ilə
seçilmiş, təşəbbüskarlığı ilə
tanınmışdı.
O, filologiya
elmləri doktoru, Azərbaycan EA-nın (1983) və Türkiyə
Dil Qurumunun (1971) müxbir üzvü, əməkdar elm xadimi
(1980), Türkiyənin Səlcuq və Konya Universitetlərinin
fəxri professoru idi.
Abbas
müəllim həm də Azərbaycanın elm tarixində,
xüsusən də humanitar sahədə az-az təsadüf
edilən bir nailiyyətə imza atmışdı. 1965-ci ildə,
ömrünün nisbətən ahıl çağında
"Sabir və müasirləri" mövzusunda müdafiə
etdiyi namizədlik dissertasiyasına görə Elmi
Şuranın qərarı ilə ona namizədlik mərhələsini
keçmədən birbaşa filologiya elmləri doktoru alimlik
dərəcəsi verilmişdi. Azərbaycandan
gələn dissertasiyalara xüsusi "həssaslıqla"
yanaşan keçmiş SSRİ Ali Attestasiya Komissiyası
alimin əsərlərinin miqyas və əhəmiyyətini nəzərə
alaraq Elmi Şuranın çıxardığı bu qərarla
razılaşmalı olmuşdu.
Balaca boylu,
tosqun kişi olan Abbas müəllim bəlkə
də sırf zahiri əlamətlər baxımından qəhrəman
ruhlu, döyüşkən və cəsarətli adam təsiri
bağışlamırdı. Əslində isə
bu ilkin təsəvvür aldadıcı idi. Abbas Zamanovda hər qapını açmağa, hər
məclisdə söz deməyə, taleyüklü işlərin
məsuliyyəti altına girməyə artıqlaması ilə
yetəcək təpər vardı. Lazımi
məqamlarda qorxmadan sinəsini qabağa verməyi, köməyə
ehtiyacı olanı, haqqı tapdananı müdafiə etməyi
bacarırdı. Hadisələrin episentrində
dayanmaqdan, ağsaqqal kimi irəli düşüb söz deməkdən
heç vaxt çəkinmir, əksinə, alim və vətəndaş
kimi bunu borcu, vəzifəsi sayırdı.
Ötən əsrin
60-cı illərində ermənilərin Naxçıvana əsassız
iddiaları haqqında Elmlər Akademiyasının yüksək
kürsüsündən ilk dəfə məhz Abbas Zamanov
öz etirazını bildirmiş, ölkə rəhbərliyini
və xalqı ayıq-sayıq olmağa, torpağın və
millətin taleyi ilə bağlı bu məsələdə
prinsipial mövqe tutmağa çağırmışdı.
Milli
teatr və mətbuatımızın yaradıcısı Həsən
bəy Zərdabinin məzarının Azərbaycanın
Panteonunda - fəxri xiyabanda öz layiqli yerini tutmasının əsas
səbəbkarlarından birinin Abbas Zamanov olduğunu yəqin
ki, çoxları bilmir. 1907-ci il noyabrın 30-da Zərdabi o vaxtadək
görünməmiş milli birlik hissi və böyük təntənə
ilə Bibiheybətdəki Şıx qəbiristanlığında
dəfn edilmişdi. Lakin 30-cu illərdə bu ərazidən
yol çəkilməsi nəticəsində "Böyük
Əkinçi"nin nəşinin
qalıqları az qala gizli şəkildə şəhər qəbiristanlığına
gətirilmiş, xanımı və məsləkdaşı Hənifə
Abayeva-Məlikovanın məzarı yanında torpağa
tapşırılmışdı. Üzərində
heç bir nişanə, başdaşı
olmadığından naməlum qəbrin yerini iki-üç
nəfər yaxın adamdan başqa heç kəs bilmirdi.
Yalnız
Abbas Zamanovun təşəbbüsü və görkəmli
ziyalı, keçmiş Azərbaycan KP MK-nın katibi
Ş.Qurbanovun yardımı ilə H.Zərdabinin xatirəsini əbədiləşdirməklə
bağlı qərar qəbul ediləndə onun məzarının
yerli-dibli yoxa çıxdığı bəlli olmuşdu. Abbas müəllim bir
neçə ziyalı ilə birlikdə Həsən bəyin
Azərbaycanda yeganə varisinin - qızı Qəribsoltan Məlikovanın
yanına getmişdi. Lakin ailələrinin başına
açılan məşəqqətlərdən psixikası
pozulan qadın onların nə məqsədlə gəldiyini
eşidəndə bunu "Zərdabinin son izlərini də
itirmək" cəhdi kimi başa düşmüş, əlinə
keçəni qonaqların başlarına çırparaq
onları evdən qovmuşdu.
Bəstəkar
Rauf Hacıyevin anasının Zərdabi ailəsində
böyüdüyünü, bu evdə etibar sahibi olduğunu
öyrənən Abbas müəllim onun vasitəsilə məzarın
sirrini öyrənməyə
çalışmışdı. Böyük çətinliklər
bahasına məqsədinə çatmışdı. Özü millətə sahib dursa da, qəbrinə
sahib tapılmayan Həsən bəyin naməlum məzarının
yerini öyrənmişdi. Həmfikirlərinin
və tələbələrinin köməyi ilə orada
aparılan qazıntı nəticəsində Zərdabinin nəşinin
mühafizə edildiyi qutu aşkara
çıxarılmış və bugünkü fəxri
xiyabanda özünün üçüncü, həm də
layiqli və əbədi yerini tapmışdı.
Bu
yaxınlarda Əziz Şəriflə Abbas Zamanovun təxminən
yarım əsrlik məktublaşmaları haqqında
maraqlı yazı dərc etdirən tədqiqatçı Fərqanə
Kazımovanın "Azərbaycan" jurnalındakı məqaləsindən
Abbas müəllimin hələ 1969-cu ildə Hüseyn Cavidin
məzarını axtarmaq fikrinə
düşdüyünü oxudum və əsla təəccüblənmədim.
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi
Şurasında və İxtisaslaşdırılmış
Müdafiə Şurasında dəfələrlə onun
xeyirxahlıqlarının şahidi olmuşdum. Sonralar
İnstitutun elmi arxivini araşdırarkən Abbas müəllimin
1969-cu ildə Elmi Şuranın iclasında bir il əvvəl
şah rejiminin gizli xəfiyyələri tərəfindən qətlə
yetirildiyi güman olunan Cənubi Azərbaycan
yazıçısı Səməd Behrəngidən, onun az
qala bir roman miqyaslı "Balaca qara balıq" hekayəsindən
söz açmasını, şəxsiyyətinin öyrənilməsinin,
əsərlərinin çapının zəruriliyindən
danışmasını əks etdirən maraqlı stenoqrafik
hesabat oxudum. Səməd Behrənginin şəxsində
Azərbaycanın böyük oğullarından birinə sahib
çıxmaq - Abbas müəllimi ürək
yanğısı ilə danışdıran hiss bu idi. Və ideoloji sayıqlığın tələblərinə
ciddi əməl olunduğu həmin dövrdə belə
mövzulara toxunmaq böyük vətəndaşlıq cəsarəti
tələb edirdi.
1970-ci
ildə Abbas müəllim o zaman tək-tək adamlara qismət
olan Avropa səfərinə çıxmış, Parisdə
olmuşdu. Fransa paytaxtında bilmirəm hansı yollasa Azərbaycan
Cümhuriyyətinin 1919-cu ildə Versal Sülh konfransına
göndərilmiş nümayəndə heyətinin həyatdakı
sonuncu üzvünü - Məhəmməd Məhərrəmovu
axtarıb tapmışdı. Və məlum olmuşdu
ki, yarım əsr əvvəl vətəni tərk edən
eloğlusu ilə onu birləşdirən ümumi bir cəhət
var - kitablara məhəbbət!
İrəvan
quberniyasından Rusiya Müəssislər Məclisinə və
Transqafqaz Seyminə nümayəndə seçilən Məhəmməd
Məhərrəmov (1885-1982) Cümhuriyyət quruculuğuna
töhfə verənlərdən, 1918-ci il mayın 28-də
Misaqi - Millini - İstiqlal Bəyannaməsini imzalayanlardan biri idi.
Azərbaycan Parlamentinin sosialist fraksiyasında təmsil
olunmuşdu. 1918-ci ilin dekabrında
Parlamentin qərarı ilə Ə.Topçubaşovun rəhbərlik
etdiyi nümayəndə heyətinin müşaviri kimi Parisə
- Versal Sülh konfransına göndərilmişdi. Cümhuriyyətin süqutundan sonra məhrumiyyətlərlə
dolu siyasi mühacir həyatı yaşamağı
bolşeviklərin hakimiyyəti altındakı Azərbaycana
dönməkdən üstün tutmuşdu.
Parisdə
kitabşünas-bukinist kimi tanınan Məhəmməd Məhərrəmov
gözlənilməz qonağına ilk cümhuriyyətimizlə
bağlı bəzi nadir nəşrlər
bağışlamışdı. İş elə gətirmişdi
ki, onlardan ikisini Abbas müəllim iştirakçısı
olduğu və gözəl bir çıxış etdiyi
doktorluq dissertasiyamın müdafiəsindən sonra hədiyyə
kimi mənə vermişdi. Bunlar nümayəndə
heyətimizin 1919-cu ildə Parisdə ingilis və fransız
dillərində çap edib yaydığı "Qafqaz Azərbaycanı
Respublikasının Paris Sülh konfransından tələbləri"
broşüraları idi. Fransızca nəşrin
iç səhifəsində Məhəmməd Məhərrəmovun
ərəb əlifbası ilə avtoqrafı və imzası
da vardı.
Hələ
1991-ci ildə "Tələbləri"n ingilis mətnini Azərbaycan
dilinə çevirmişdim. İlk cümhuriyyətimizin
tarixinə marağın çox böyük olduğu həmin
dövrdə tərcüməni Akademiyanın mətbəəsində
litoqrafik üsulla kitabça şəklində çap
etmişdik. İndi də həmin
kitabçanın bir neçə yüz nüsxəlik
"tirajının" Azadlıq meydanındakı mitinqlərin
birində necə sürətlə
yayıldığını qürur hissi ilə
xatırlayıram. 2008-ci ildə isə Azərbaycanın
haqq səsi olan bu mühüm tarixi sənədi Azərbaycan
dilinə tərcüməsi, habelə ingilis və fransız
mətnləri ilə birlikdə "Azərbaycan Paris Sülh
konfransında" adlı kitabda çap etdirmək mənə
müyəssər oldu.
Heç
vaxt bu barədə danışmasa da, Abbas Zamanov ilk
cümhuriyyətimiz haqqında onilliklər boyu xalqdan gizlədilən
həqiqətləri Azərbaycana ilkin gətirən ziyalı
və ictimai xadimlər sırasında idi. Bütün "köhnə
kişilər" kimi onilliklər boyu xalqdan gizlədilən
çox şeylərdən xəbərdar idi. Amma təəssüf
ki, bu barədə açıq danışmağın
mümkün olduğu günlərə qədər yaşaya
bilmədi...
Məhəmməd
Məhərrəmova gəldikdə isə o, Abbas müəllimin
sayəsində hətta SSRİ Xarici Ölkələrlə
Dostluq və Əməkdaşlıq Cəmiyyətinin xatirə
medalı ilə təltif olunmuşdu. Azərbaycanlı siyasi
mühacir bu mükafata son dərəcə nadir bir nəşri
- A.Gertsen və N.Oqaryovun 1857-1865-ci illərdə Londonda,
"Azad mətbəə"də nəşr etdirdikləri
həftəlik "Kolokol" qəzetinin komplektini və məşhur
rus yazıçısı A.İ.Gertsenin XIX yüzillikdə
İsveçrədə çap olunan nadir cildlərini
Moskvadakı keçmiş Lenin kitabxanasına
bağışlaması sayəsində layiq
görülmüşdü.
Mənim
xatırladığım Abbas müəllim həmişə
axtarışda idi. Xüsusilə xaricdəki Azərbaycan nəşrləri
ilə maraqlananlar onun məsləhət və
yardımlarına daha çox ehtiyac duyurdular. Yadımdadır, 1991-ci ildə ilk dəfə Elmlər
Akademiyasının Ədəbiyyat İnstitutunda Azərbaycan
mühacirətinin ədəbi-bədii irsinə dair beynəlxalq
konfrans keçirmək istəyəndə vətəndən
uzaqda yaranmış söz sənətimizin əksər
nümunələri və tanınmış simaları
haqqında məlumatları Abbas Zamanovdan aldıq. Məlum oldu ki, o, hələ 60-cı illərdən
etibarən yasaq və qadağaların bütün xofuna
baxmayaraq, mühacir müəlliflərin özləri, yaxud
ailə üzvləri ilə əlaqə saxlayır, kitab
mübadiləsi edirmiş. O, yüzlərlə
ünvana qəzet və kitab göndərdiyi kimi,
çoxsaylı mənbələrdən də məktub, məlumat
alırdı. Bəzi alimlərimiz və
yazıçılarımız hətta özlərinin xaricdə
çap olunan əsərləri, yaxud
yaradıcılıqları ilə bağlı resenziyalar, rəylər
haqqında ilk xəbəri çox vaxt Abbas müəllimdən
eşidirdilər.
Hər
şeyə qadir internetin məsafə və zaman hissini aradan
qaldırdığı dövrdə bəlkə də Abbas
Zamanovun gördüyü işlərin miqyası
çağdaş tədqiqatçılara qeyri-adi
görünməyə bilər. İndi google-də axtarış verib bir
neçə dəqiqənin içərisində
tapdığımız məlumatları bir neçə il əvvəl bəlkə də aylarla davam edən
yazışmalar nəticəsində əldə etmək
mümkün idi. Abbas müəllim
ömrünün onilliklərini, habelə o qədər də
çox olmayan məvacibinin mühüm hissəsini bu işə
sərf etmiş elm fədailərindən idi. Və həmişə bundan həqiqi bir zövq
almışdı.
Nə dərəcədə
həqiqət olduğunu bilmirəm, ədəbiyyatçılar
mühitində danışırdılar ki, Mirzə Cəlil
irsinin mahir bilicisi Abbas müəllimin dissertasiya müdafiəsi
zamanı Elmi Şura üzvlərindən kimsə ona
gülünc sual vermiş, Cəlil Məmmədquluzadənin
gizli imzalarından birini deməsini tələb etmişdi. Abbas müəllim tələbə auditoriyası ilə
dissertasiya müdafiəsini qarışıq salan,
sualını kimə ünvanladığını unudan həmkarının
düz gözlərinin içinə baxaraq bir kəlmə ilə
"Zırrama" demişdi. Cavabın həm
müstəqim, həm də məcazi mənada dəqiqliyi
şübhə doğurmadığından özünü
göstərmək fikrinə düşmüş
"alim" susmağa məcbur olmuşdu.
Əziz
Şərifin dostuna yazdığı məktublardan birindəki
"Biz hələ Hacı Həsən ("Ölülər"
tragikomediyasının qəhrəmanlarından biri -V.Q)
donundan çıxmamışıq, aramızda zırramalar
istədiyin qədərdir. Bir sürü doktor və namizədimiz
olduğu halda alimimiz az, çox
azdır" - sözləri də dolayısı ilə dillərdə
dolaşan bu ibrətamiz əhvalatın həqiqiliyini təsdiq
etməkdədir.
Həmin
"azların" sırasında isə Abbas müəllimin
çox önəmli, həmişə görünən yeri
var.
Ədəbiyyat qəzeti.-
2012.- 9 noyabr.- S.4.