Sandıqda qalan muştuluq
Hekayə
- Orda saxla
görüm!
- Harda?
- Odey, ala inəyin
tuşunda. Sürücü əyləci
basıb maşını saxladı və diqqətlə ətrafa
boylandı. Həndəvərdə ala inəkdən
başqa ins-cins yox idi. Göz işlədikcə
uzanıb gedən düzənlikdə tikanlıqdan və adda-budda
bitmiş yulğunlardan başqa bir şey gözə dəymirdi.
Asfalt yolla yanaşı böyük bir kanal
uzanıb gedirdi. Kanalın o biri tərəfində kənd
var idi: arabir it hürüşməsi və mal nobatına
çıxmış adamın acıqlı, həm də əsəbi
səsi gəlirdi. Bir də... bir də sərnişinin
sanki boğulurmuş kimi, kəsik-kəsik nəfəs
alması. Şofer bunu ona çatası
pulu almaq üçün əlini uzadanda gördü. Elə o anda da əli şaxta vurmuş yarpaq kimi
dizinin üstünə düşdü. Bayaqdan
yolda dil-dil ötən, tez-tez bahalı siqaret verən,
dünyadan və həyatdan qatı açılmamış
qaravəllilər söyləyən sərnişin tay-dəyişik
düşmüşdü. Batıq sinəsi
körük kimi qalxıb-enir, gözləri az
qala hədəqəsindən çıxmaq istəyirdi. Civə kimi bir yerdə dayanmayan iri bəbəkləri
sulanmışdı. Kabinənin
qapısını yarıaçıq qoyaraq hələ də
tərpənmir, anlaşılmaz bir baxışla uzanıb gedən
tikanlığı süzür, xırda yağış
gölməçələrinə baxırdı. Bütün bədəni titrəyirdi. Bu titrəmə şoferə də keçdi. "Buna nooldu, ə? Qabağıma
hansı ayağı ağır köpək oğlu
çıxdı bu sabah".
Şofer
istədi onun ənginə bir dənə qoyub itələsin
aşağı, sonra da maşına qaz verib aradan
çıxsın, ancaq sərnişinin enli kürəklərinə
ötəri nəzər fırladıb fikrindən vaz
keçdi. "Yenə şirin dilnən, bəlkə birtəhər
başımdan, həm də maşından rədd elədim
getdi". Ona görə də yarızor, yarıxoş
dodaqlarını yana aralayıb dişlərini
ağartdı.
- Hə, əmioğlu,
deyəsən, gəlib çatdıq axı. "Əmioğlu"nun
tükü də tərpənmədi. Bir
qədər də düzənliyi seyr edib isti və boğucu
havanı ciyərlərinə çəkəndən sonra
ayağının altındakı təzə həsir zənbili
götürüb özünü yerə tulladı. Amma yadına nəsə düşmüş kimi
yolun yarısından geri qayıtdı, cibindən əynindəki
paltarı kimi əzik-üzük bir onluq çıxarıb
şoferin bayaqdan açıq qalmış və keyləşmiş
ovcuna dürtdü.
- Sağ ol,
qaranoy, az da olsa, çox hesab elə.
Sonra əlini
yellədərək götürüldü. Yolda bir neçə dəfə
ayaqları dolaşaraq yıxıldı. Hələ
sürücünün zəndinə görə
torpağı bir-iki dəfə öpdü də. Ən qaravəllisi o oldu ki, inəyin
başını qucaqlayıb onu duz kimi yaladı. Doğma qardaşı kimi üzünü
üzünə söykəyib ağladı. Tay buna
söz ola bilməzdi. Çünki
səssizlikdə hönkürtü əməlli-başlı
eşidilirdi. Ömründə belə şeyə
ürcah olmayan sürücü birdən özünə gəlib
maşına necə qaz verdisə, köhnə "QAZ-53"
canavar görmüş axsaq qoyun kimi yolun sol tərəfindəki
çökəyə düşüb az qaldı kəlləmayallaq
olsun. Maşının müvazinətini
güclə saxlayaraq obaşdannan qabağına çıxan
"ayağı ağır köpək oğlunun"
bütün ölənlərini qəbirdən
çıxarıb tikanlı düzlərə səpələdisə
də, ürəyi soyumadı. Hirsindən
həmin onluğu götürüb bayaqdan vızıldayaraq
baş-beynini aparan arını basıb öldürdü, lap
xaşılını çıxartdı. Elə o dəm də nəzərləri
güzgüdə özünə sataşdı. "Bıy, ə yoxsa dəli oluram, başıma
hava gəlir, nədi?" Dodaqları hələ
də örtülməmiş, dişləri ağara
qalmışdı. Sağ əlini sükandan çəkib
başına bir qapaz saldı...
Qarşıdan
içi adamla dolu maşınlar gəlirdi. Hər şey həmişəki
kimi idi. Yol da, hava da, elektrik məftillərindəki
sərçələr də. Bayaqkı qaravəlli də
ya yuxu idi, ya da...
***
...Dəmir məhəccərli
körpünü keçib bəndin üstünə
qalxdı. Bu da kənd... "Oxxay,
görünüşünə qurban olum! Daşına-torpağına,
ağacına-yarpağına qurban olum! Gəlmişəm, ay
el, ay oba! Niyə qabağıma
çıxmırsınız, ay camaat?
Dünyamalıyam dəə! O qədər də nainsaf, namərd
bilməyin məni. Bir işdi, oldu. Allah baisin evini yıxsın, balalarını mələr
qoysun - necə ki, mənim balalarımı mələr
qoydu".
Dünyamalı
həyatda çox ağır şeylər
görmüşdü. Ağlı söz kəsəndə atası
öldü. Atasından bir az sonra
müharibənin o qanlı-qadalı illərində
"çörək" deyə-deyə hamının
gözü qarşısında bacısı keçindi. Neçə dəfə milisionerlərin
qabağında getdi-gəldi, "tamahına güllə dəymiş",
"əclaf", "ikiayaqlı canavar" kimi
damğalandı. firavan və rahat həyata
öyrənmiş olduğundan, həbsdə itin əzabını
çəkdi, amma bir dəfə də olsun ağlamadı,
heç gözləri də yaşarmadı.
İndi
isə həyatında ilk dəfə olaraq özünü
unutmuşdu. Nə illah eləyirdisə, göz
yaşlarını saxlaya bilmirdi. Onu hər
şeydən çox yandıran "dostları" idi.
Üç gün əvvəldən teleqram
vurub bildirmişdi ki, filan günü gəlirəm.
Özü də bir nəfərə, iki nəfərə yox,
düz beş nəfərə. Həmişə
olduğu kimi, yenə də cibinin ağzını gen
açmış, pula qızırğanmamışdı,
halbuki birinin adına göndərdiyi
teleqramla beşini də xəbərdar edə bilərdi. "Bay! Heç elə şey
olar? Gərək adbaad hamısına
ayrıca teleqram gedə. Puldu də! Əl çirki! Noolsun?" Elə bu bədxərcliyin,
kefçilliyinin ucundan, hər yoldan ötənə
"qurbandır!" deyib seçmə erkəkləri bir-bir
səpələyəndə yıxmışdı dədəsinin
evini. Bir də gözünü
açıb gördü ki, fermada evdən gətirdiyi bir həsir
qalıb, bir də qoca çoban Məmmədnəsir. Onun da hirsindən dişləri
bağırsağını kəsir. İstəyir
ağzını açıb desin, ay əbləh oğlu əbləh,
bu adamlar sənin dirigözlü düşmənlərindi,
yemək-içmək dostlarındı, bir o mirətinə
qalmışını qoy qabağına, fikirləş. Sabah biri böyürdən çıxıb dəftər-kitab
ortaya tökəndə, haqq-hesabı çötkədə
sağ-sola çevirəndə nə cavab verəcəksən?
Soruşacaqlar ki, balam, yumurtlamadı, bəs
falına nə zaval gəldi. Onda hərəsi
qaçıb dürtüləcək bir deşiyə, sən
də qalacaqsan quru yurdda. Niyə öz əlinlə
öz çırağını keçirirsən?
Allah tərəfi,
çoban Məmmədnəsir bu sözləri elə
açıq-aşkar da demişdi Dünyamalıya. Dünyamalı, kişinin qabağında
ləbbey də eləməmişdi:
"Ağsaqqaldı!" Di gəl ki,
Allahın qoyunları Dünyamalının dostlarının gəldiyini
görəndə ilim-ilim itirdilər, titim-titim titrəyirdilər,
başlarında bir fəlakət hiss edirdilər, amma
Dünyamalı, özü demişkən, qanmırdı,
çünki "beyninin qanan vaxtı deyildi, qan
vaxtıydı onda". O zaman prokuror nə qədər
soruşdu ki, bu qədər qoyunu kimnən yemisən, elə
iki əlini sinəsinin üstündə çarpazlayıb təkrar
etdi ki, heç kimnən: mən olmuşam, özüm
olmuşam, bir də Dünyamalı.
Qohum-qardaş
acı-acı gülümsəmişdi. "Ay bədbəxt! Hələ
yerin istidir. Başına gələcəklər
ağlına gəlmir. Guya kişilik edirsən.
Arxayın ediblər ki, heç kimi satma,
çıxardacağıq. Eləmi?"
Ürəyi yananların dodağı
qaçmışdı. Gününü
yelə verənlər, tamaşaya yığılanlar isə
onun bu düşük hazırcavablığına, bivec
söz quramasına çiyinləri atıla-atıla qəhqəhə
çəkmişdilər. Dünyamalı
özü də məzəliliyinə,
hazırcavablığına ürəkdən şaqqanaq
çəkmişdi. Məhkəmənin
sonrakı gedişinə o qədər də fikir verməmişdi.
Beş-on günlük əziyyətinin əvəzini necə
çıxacağı haqqında plan cızmışdı!
Yəqin, "yoldaşlar" da bir şey
düşünüb təşkil edərdilər.
Azı Kislovodskidən, Yesentukidən-zaddan bir yerə putyovka
düzəldərlər.
Axırıncı
dəfə yatab olanacan arxayın idi ki, yuxarıdakı
dostları onu mütləq qurtaracaqlar. Və yenidən qovaq
ağacının kölgəsində həmin həsirə
dirsəklənərək dağ kimi oğlanların, hörmətli
kişilərin sağlığına vuracaqlar. Amma "hörmətli kişilər" fermanın
o qoyunları kimi elə yoxa çıxdılar ki, heç
soraqlarını da verən olmadı.
Bəndin
üstündən düşüb titrək və
yadırğamış addımlarla kəndə girdi. "Bu Pəsigilin evidir.
Həyət-bacanı əcəb sahmana salıb... Bıy! Ay
maşallah! "Volqaya" bax, ə! Sağlıqnan işlədəsən,
ay Pəsi! Amma ağlı başında, vallah.
Mən ki gördüyümü görmüşəm!.. Sənin də bir sürü külfətin
var mənim kimi... Ağlı başında, ay Pəsi... Bu da
Zərbəyim arvadın! Ə, yanı o Zərbəyimdi?
Əcəb dirçəlib. Oğlunun xiffətini eləyirdi.
Şükür Allaha, o da doxturluğu oxuyub gəldi, tay nə dərdi olacaq ey! Allah
heç ananı gözü yolda qoymasın (Bir vaxt anası
bu sözləri Zərbəyim arvad barədə demişdi).
Yolda-rizdə
adam görünmürdü.
Toydu?.. Hanı zurna, qaval, nağara gumbultusu?..
Vaydı?.. Ağlaşma səsi də yoxdu axı...
Adamlar
bilərəkdən eşiyə çıxmırlar, yoxsa təsadüfən
belə yiyəsizlikdi? Yox e, ola bilməz, kənd poçtuna beş
adamın adına teleqram gələ, heç kimin bundan xəbəri
olmaya. Süfrəsinin həmişə dolu,
başının yığnaqlı olduğuna öyrəşdiyindən,
istəyirdi dustaqlıqdan qayıtmasını da geniş,
allı-güllü bir qonaqlıqla qeyd eləsin. Hamıya göstərsin ki, mən hələ
ölməmişəm, mən elə həmin
Dünyamalıyam.
Yavaş-yavaş
ürəyinin döyüntüsü artdı, qulaqları
guvuldadı. Hələ heç vaxt kəndi belə səssiz-səmirsiz
görməmişdi. Doğrudanmı, bu boyda kənddə
bir adam tapılmayacaq ki, onun qabağına
çıxsın, bir uşaq olmayacaq ki, qırmızı yelənli
yaylığı muştuluq alsın? Yox, əşi,
elə şey olar? Bu qədər camaat
qırılıb yəni?! Bax, bu saat kimsə
ya çəpərdən, ya qulabandan, ya da darvazadan
boylanıb kəndə car çəkəcək ki, ay camaat,
Dünyamalı gəldi. Ya da bu saat bir topa uşaq tindən
çıxıb əvvəlcə salam
verəcək, sonra "Bu nabələd adam kimdir?" - deyib bir-birindən soruşacaqlar. O da geri
dönüb: "Ə, qırışmallar, Dünyamalı əminizi
tanımırsınız?" - deyəndə
gör nə qaçışma başlayacaq də! Pəh! O deyəcək muştuluq mənimdi, bu deyəcək
mənimdi.
Dünyamalının
yaş dolu gözlərində nəsə parlayıb
söndü. "Yazıq anam bir kəlağayını on yerə
necə böləcək? Əşi, pul verərəm! Bunu da əyri yolnan qazanmamışam ki, öz əlimin
halal zəhmətidir. Təki bir-iki uşaq..."
Dünyamalının
bədəni soyudu, dodaqları səyridi. Evlərinə çatmağa az qalmışdı, lap az, amma nəinki qoca,
cavan, uşaq, heç bir it də qabağına
çıxmamışdı. O indi bir it hürüşü
üçün bütün cibindəkiləri verərdi,
anasının muştuluq yaylığını özü
öz əli ilə həmin itin boynuna bağlayardı. Təki bir it qabağına çıxıb ona hürsün,
onun gəlişini aləmə car çəksin. O da
yalandan itə acıqlansın, boğazı
cırılınca qışqırsın ki, ay it, rədd ol!
Rədd ol, ay it!
Gərək
bu saat camaat onun gəldiyini bilsin. Onnan sonra ölsə də, tay dərdi olmaz. Yoxsa bu nə
müsibətdi, ey yerin-göyün yiyəsi? Axı sən adilsən, rəhmlisən, öz
yaratdığın bəndəni niyə bu kökə
salırsan, ay Allah?
Dünyamalı
yerimirdi, dolu həsir zənbil ayaqlarına ilişə-ilişə
qaçırdı.
Qaça-qaça da nə isə anlaşılmaz bir şey
oxuyurdu, yerdən daş-torpaq götürüb həyət-bacalara
selbəliyirdi...
İtlər
qəhətə çəkilmişdilər.
"...Deməli,
öz gönünüzü qorudunuz. Türməyə
düşmüşəm, ləkələnmişəm, həə?
Daha adam deyiləm? Kiminsə ailəsinə
sataşmamışam, qızına, gəlininə əyri
göznən baxmamışam, mərdimazar olmamışam,
dövlət malını dağıtmışam, sizin ki bir
çöpünüzə də toxunmamışam! Bəs
onda?.."
Deyəsən,
nəsə anladı. Əslində, bu gün gəlməyini hamı
bilirdi. Ehtiyat edib hər kəs öz evində
gizlənmişdi. Kimsə birinci
görüşüb adını "it dəftəri"nə
salmaq istəmirdi. Diz çökdü.
Torpağı, çayırı xışmalayıb
tüpürdü:
- Dünya...
busansa, tfu sənə!
Dünyamalının
bəzi sözlərini bayaq mağıl seçmək olurdu,
amma indi boğazından böyürtünümü,
boğulan adamın səsinimi xatırladan nəsə
yoğun və kobud bir səs gəlirdi.
...Axır ki,
gəlib doqqaza çatdı. Bu da həyəti.
Ev həmin ev idi. Amma
içində yəqin ki, xeyli dəyişiklik olardı.
Hökm oxunanda əmlakının müsadirə
edildiyini eşitmişdi. Həyət-baca səliqəliydi.
Deyəsən, nar ağaclarını, bir də
üzüm tənəklərini ondan sonra basdırıblar.
...Bağçadan
bir oğlan çıxdı. Əlində
böyük bir qazan var idi, qazanın da içində gilənar,
gilas. Onun da dalınca bir qız. Onun da ətəyindən tutan daha balaca bir qız.
Oğlan Dünyamalının ilkiydi - Rəcəb.
Atasının adını qoymuşdu, elə çox vaxt
"dədə" deyə çağırırdı.
Böyük qız Sevinc idi. Əlbəttə,
tanıdı: "Şükür, İlahi! Balam
nə gözəl qız olub!" Sevil isə
onda - tutulanda arvadın boynuna təzəcə
düşmüşdü. Onu birinci dəfə
görürdü. O saatca qanı qaynadı. Ürəyindən odlu bir nalə qopdu. Təzə rənglənmiş doqqazın bir
tayını dizi ilə itələyib özünü həyətə
atdı.
- Rəcəb,
dədə, mənəm ey! Gəlmişəm,
başınıza dö-nüm! Gəldim, balalarım!
Rəcəb
atasını tanımadı. Sevinc qaçıb onun
arxasında gizləndi. Sevil isə qorxub
ağladı. Sonbeşiyinin
ağlamağını görəndə
Dünyamalının ürəyi tel-tel oldu, kənd-kəsək
başına uçdu.
- Yetim balalarım,
köyrək quzularım, sizə canım qurban, nədən
qorxursunuz? Rəcəb, dədə, qaç
ananı muştuluqla. De ki, dədəm gəldi.
Rəcəb
elə bil durduğu yerdə qurumuşdu.Tərpənmədi. Oğlunun yad
baxışlarını görən Dünyamalı
başına döydü. Uşaqların
üçü də səs-səsə verib
ağlaşdılar. Bağçadan
tappıltı, guppultu qopdu. Kimsə qıyya çəkdi:
-Nooldu, Rəcəb?
Dünyamalının
anası və arvadı qırğı kimi
şığıyıb uşaqları qucaqlarına
götürdülər.
- Bıy? Sənsən? Gəldiyin yollara
qurban, ay oğul?
- Xoş gəlmisən...
Dünyamalı.
Cavan
qadının gözləri güldü. Sifətinə sanki qan
çiləndi. Döşlərinin ucu
şirin-şirin gizildədi. Qolları
xoş bir hissdən boşaldı. Qızlar
sürüşüb yerə düşdülər. Analarının bəxtiyar və bəxtəvər
çöhrəsini görüb nə isə yaxşı bir
şey olduğunu başa düşdülər. Və bu dəfə ağlaşmadılar.
Dünyamalı
ayaq üstə dayana bilməyib diz çökdü:
- Ana,
balalarım məni tanımadılar. Niyə mənim
muştuluğum... axı...
Acı
hıçqırıqlar iri və yavan tikələr kimi
Dünyamalının boğazına tıxanıb ona
sözünü qurtarmağa macal vermədi. Arvad-uşaq
özünü onun üstünə atdı. Qol-qıçından yapışıb evə gətirdilər,
çarpayıya uzatdılar. Yarıyuxulu,
yarıhuşsuz vəziyyətdə hiss etdi ki, uşaqları
bayaqdan üz-gözündən, boyun-boğazından
öpür. "Dədə, indiyənəcən
haradaydın?" - deyə
soruşurlar. Kimsə onu soyundururdu. Bədəninə
toxunan barmaqların istisindən, tanış
qadın nəfəsindən arvadını tanıdı.
Dodaqlarına elə bil köz yapışdı: uzun sürən
bir öpüş aldı. "Hə, odur".
Anası
hamını evdən çıxartdı: "Yol gəlib, hələ
bir dincəlsin".
Dünyamalının
az qalırdı ürəyi sinəsini
yarıb çıxsın, rahatlıqdan,
arxayınçılıqdan, sərbəstlikdən
darıxırdı. İnanmırdı. Baxışlarında, hərəkətlərində
çəkingənlik var idi. Dörd
gözlə evinə-eşiyinə baxırdı. Elə bil yolüstü gəlmişdi, həyət-bacaya
dəyib qayıtmalıydı. Ona görə
də bir baxışla hər şeyi gözlərinə
yığıb yadında saxlamaq istəyirdi. Dəli kimi gah oğlunu, gah da qızlarını
öpür, bunu qoyub, onu götürürdü. Birini bağrına basır, o birinin
başını sığallayır, sonbeşiyinin
saçını iyləyirdi. Uşaqlarından
macal eləyib anasının ayaqlarına yıxıldı,
öpdü, üz-gözünü sürtdü.
-
Ayağının altında ölüm, ana! Halal elə... Sənə bir oğulluq eləmədim.
Bağışla...
Bax,
burda arvadlar da özlərini saxlaya bilmədilər. Yerə-göyə
sığmayan bu zülmü ilahinin necə
götürdüyündən şikayətləndilər.
Arvadı:
- Qurunun oduna
yaşı da güdaza verənlərnən haqq-hesab çəkməsə,
Allaha Allah demərəm, - dedi.
Dünyamalının
anası:
- Asi düşmə, qızım, - deyib, gəlininə
toxtaqlıq verdi, - neynək, buna da şükür! Oldu keçdi. Bəlkə bundan
da pis olardı. Sağ-salamat ki,
balalarının üstünə gəldi, bəsimizdi.
"İndi
mən istəsəm axşamacan, lap sabahacan yataram. Olar?.. Olar! Niyə
olmur! Deyəcəm
çayımı-çörəyimi qravatımın
yanına gətirsinlər. Yerimin
içindəcə dirsəklənib çay içəcəm.
Sevili qucağımdaca yatızdıracam. "Dədəmi" sol tərəfimdə - ürəyimin
yanında. Sevinci də sağımda.
Oxxayy!"
O ki, var
ağlayıb, ürəyini boşaltdı. Ağladıqca
yüngülləşirdi, havası çoxalırdı.
"Bircə ürəyim də
toxtasaydı". Əlini sol
döşünün üstünə qoydu. "Noolub sənə? Bir az
yavaş... azca da... çıqqan da... aha... bax beləəə..."
Dünyamalı
suyun üzündə hərəkətsiz duran
üzgüçü kimi bir müddət lam qaldı. Sonra çarpayısının dəmirini, tor
yatacağını sığalladı. Qolunun,
qılçasının hərəsini bir yana
atıb dərindən nəfəs alaraq bütün əzalarını
boş buraxdı. Dodaqlarındakı göz
yaşı indi şirin dadırdı. Bircə
pis bu idi ki, hava ciyərlərinə tam gedib
çatmırdı. Təngnəfəslikdən ürəyi
az qalırdı ağzından
çıxsın. Rahatlığa, nəvazişə,
qayğıya, arın-arxayın uzanmağa birdən-birə vərdiş
eləyə bilmirdi.
Anası
üstünə nimdaş, astarı, mitili bu yaxınlarda
yuyulmuş təmiz bir yorğan saldı. Ev-eşikdən burnuna çoxdan
unutduğu tanış qoxular -
anasının, arvadının, uşaqlarının iyi gəlirdi.
Bir də bayaqdan bəri onu girinc edən,
neçə gün bundan irəli həbsdən
buraxılmasına baxmayaraq indicə, öz
yorğan-döşəyinin içindəcə duyduğu
azadlığın.
Səyyad Aran
Ədəbiyyat qəzeti.-
2012.- 9 noyabr.- S.5.