Mənim
yadigarlarım
Mən
öləndə
səbrim
əmanət qalacaq
Mənim
yadigarım
dözümüm olacaq.
İnamım
bayraq kimi
dalğalanacaq
tabutumun
üstündə.
Sözümü
üzə demişəm,
yatmamışam
marığa
heç kimin qəsdində.
Miras qalan
halallığıma
kimin qəlbi yatacaq?
Təmiz məhəbbətimlə
kim pisliyi atacaq?
Paxıllığım
olmayıb,
ömrümdə bədxahlıqdan
bir nişanə qalmayıb.
Nəfsimdən
arxayınam,
məni məndən almayıb!
Məndən
miras qalanlardan
kim duya bilər
təmizliyimi, kövrəkliyimi,
Dosta gərəkliyimi,
Əlimin
çörəkliyini?
Kədərimi
heç kimə
yadigar vermirəm,
aparacağam özümlə
qəbrimdə azdırmağa,
əbədilik basdırmağa…
Şəhidlər deyirdi
Şəhidlər xiyabanında
düşüncələr
Vətəni
qoruya bilmədik,
Çiçək
açan vətəndə
doyunca sevinib-gülmədik!
Qanımız
axan yerləri
vicdanları kimi satdılar.
Şəhid
olanların kölgəsində
xorul-xorul yatdılar.
Yalandan and
içdilər
sinələrinə döyüb,
söz verdilər,
qoruyacaqlar vətəni.
İştahları
güc gələndə,
nə səni düşündülər,
nə bu eli, nə məni!
Vətəni
qoruya bilmədik,
arxamızca gələn olmadı.
Vətən
eşqi
manqurtların ürəyinə
sevgi kimi dolmadı.
Hamı vətəndən
danışdı,
vətən dedi.
Ancaq vətəni
satdığı pula
çörək yedi, maşın aldı.
İndi
susub laldı.
hayıf,
vətəni qoruya bilmədik!
Ancaq deyirlər,
şəhidik!
Vətən
torpaqları əsirdirsə,
səsimiz bu məzarı
aşa bilmirsə,
bizə şəhidlik yaraşmır!
Vicdanı
satılmışlara
nə ad verək?!
Torpaq
altında da
rahat olmur ürək!
Ağ atlı sözlər
Sözlər
də ağ atlı oğlan kimidir,
öz cıdır düzünü soraqlayır
o.
Sözlər
səyahətə çıxan gəmidir,
coşqun ləpələri varaqlayır o.
Ağ
baxtım kimidir, ağ atlı hər
söz,
mənə sevinclərdən soraq gətirir.
Sanki
yollarımda parlayır ulduz,
çılğın harayıma özün yetirir.
Ağ atlı oğlan tək ağ atlı sözlər,
sevinc bəxş eləyir ömrümə mənim.
Açılır
qarşımda dərələr, düzlər,
çiçək-çiçək olur çölüm,çəmənim.
Çəkir
cilovunu sözlü ağ atlı,
misralar, sətirlər nura boyanır.
Ağ atlı sözlərin nal səslərindən
mənim şair təbim erkən oyanır.
Üfüqlər
qarşımda açılır rəng-rəng,
həyat misraları qəlbimə düzür.
Ağ atlı sözlərin cıdır
düzündə
şeir yarışında beləcə
süzür.
Ağ atlı sözlərdir ömrümə
düşən,
ağ atlı sözlərlə üzüm
ağ olur.
Ağ atlı sözlərin şəfəqləridir,
mənim bu sevdalı qəlbimə dolur…
İltifat Saleh
Ədəbiyyat qəzeti.- 2012.- 9 noyabr.- S.5.