Cümə axşamı, 10 mayıs 1990,

Moskva, Lefortovo zindanı

         

Firəngizim  Moskvadadır. Paqonlu praporşikin açıq zənbildə gətirdiyi limon, portağal, xiyar, pendir, alma üzərində onun tanış, doğma xətti ilə doldurulmuş kağız parçasındakı adı, soyadı ən böyük sərvətimdir. Xəttini gözlərimlə öpürəm. Görəsən, müstəntiq bizə görüş verəcəkmi? Görəsən, Oljas Süleymenov mənim müdafiəçim olmaq xahişimi qəbul edibmi? Sorğular, həyəcanlar dənizindəyəm.

 

Hardasan, ey mənə canımdan əziz,

Dağına, daşına qurban olduğum!

Orda nalan qalıb mənsiz firəngiz,

Gözünün yaşına qurban olduğum.

 

O mənim ilk müjdəm, ilk qaranquşum,

Yuxusuz gözlərim, dağılan huşum.

Vüsalı yazımdır, hicranı qışım,

Yazına, qışına qurban olduğum.

 

Uzaq xatirələr toyda, dügündə,

Ömür gəldi, keçdi darda, sürgündə.

Kişilər dünyada seyrələn gündə

Kişi duruşuna qurban olduğum.

 

Gözüm pəncərədə... pəncərə zülmət,

Yatıb dincəlməkdən bezmişəm daha.

Haçan açılacaq bu sabah, Allah,

Yüz il var, min il var hələ sabaha!..

 

Moskva, Lefortovo zindanı

Birinci gün, 14 mayıs 1990

-------------------

1990, fevral, Moskva

 

Xəlillə ilk dəfə görüşəndə ağladım. Onun görkəmi məni yaman sarsıtdı. Mən gedəndən sonra Xəlil “Sənin göz yaşların” adında şeir yazdı.

Firəngiz Ulutürk

 

 

Sənin göz yaşların

 

Mən səni ömrüm boyu təbəssümlü görmüşəm,

Gülümsər gözlərindən sevinc, fərəh dərmişəm.

Sənin səadətinə həyatımı vermişəm,

Bəs nədir bu hıçqırıq?.. Göz yaşın almaz-almaz.

Canavarlar önündə, gülüm, ağlamaq olmaz!

 

Bir bax, öndə, arxada paqonlular dayanıb,

O da fələk dustağı... çoxu naçar dayanıb.

Şimaldayıq, dizəcən ləkəli qar dayanıb

Qoltuqlara sığınır burda bahar, burda yaz,

Canavarlar önündə, gülüm, ağlamaq olmaz!

 

Göz yaşlarım tökülür Moskvanın qarına,

Çırpılır kor məhbəsin soyuq divarlarına.

Qana batmış dağam mən, güvən yalnız yarına

Bizim dərin yaramız göz yaşıyla sağalmaz,

Canavarlar önündə, gülüm, ağlamaq olmaz!

 

And olsun Vətənimin qarsalanmış daşına

Yüz-yüz general dəyməz sənin bir göz yaşına!

Bahar kimi gəlmişəm, günəş kimi qarşıla

Camalından utansın ruhu keçəl, beyni daz,

Canavarlar önündə, gülüm, ağlamaq olmaz!

 

Yanaqların islanıb... gözlərindən öpüm gəl,

Qırıq-qırıq, od nəfəs sözlərindən öpüm gəl.

Gedər qış da, gələr yaz, bu dövran belə qalmaz,

Canavarlar önündə, gülüm, ağlamaq olmaz!

 

Azadlığın havası dolubsa milyon qəlbə,

Əvvəl-axır bizimdir, bizimkidir qələbə.

Bu qanlı, nəm divarı qoparaq qəlpə-qəlpə,

Yalnız haqqındır zəfər, nahaq özü matəm, yas,

Aç başından bu şalı, qara bağlamaq olmaz,

Canavarlar önündə, gülüm, ağlamaq olmaz!

Gülüm, ağlamaq olmaz!

 

 

Xəlil Rza Ulutürk

 

Ədəbiyyat qəzeti.-2012.- 9 noyabr.- S.1.