Rübailər

 

Bir ovuc torpaqdır sonda hər insan,

Dünya belə olub yaranışından.

Torpaq əməlləri üzə çıxardır -

Yaxşılar gül olur, yamanlar tikan.

 

Zülm oda bənzəyir yetişsə hara,

Külə döndərəcək, yanacaq ora.

Qanunu su eylə, su olan yerdə

Yaxşılıq, gözəllik, səadət ara.

 

Ağıllı hökmdar, ağıllı insan

Dünyanın incisi sayılar, inan.

Hər iki dünyada bu insanların

Yeri uca olar başqalarından.

 

Yaxşı insanlar da qızıla bənzər,

Onlarla dost olsan qəlbini bəzər.

Tanıtma pislərə qapını belə,

Çünki əməlləri qəlbini üzər.

 

Hər yerdə özündən tərif deyərdi,

Sanardın bilikli bir peyğəmbərdi.

Bir azca dərinə gedəndə,elmi

Görərsən özünə çatan qədərdi.

 

Sağımda, solumda var neçə düşmən,

Qorxub çəkinmirəm şər işlərindən.

Kim pislik edirsə üzə vurmuram,

Yaxşılıq edirəm əvəzində mən.

 

 

Asim Yadigar

 

Ədəbiyyat qəzeti.- 2012.- 9 noyabr.- S.4.