Sifət
Ayrı sifətdədir hər qaya, hər daş,
Adi çiçəklərin
yüz min növü
var.
Mənaca üç deyil, ay dilçi qardaş,
Mənaca sifətin düz min növü var.
Sifət var dar gündə
burulur yolu,
Doğma qardaşıyla küsür,
əyişir.
Sifət var yaranır vəzifə qulu,
Vəzifə artıqca rəngi dəyişir…
Çox nadan olsa da
özünü öyən,
Boş yerə çağlayan sifət görmüşəm.
Anası sağ ikən ananı döyən,
Öləndə ağlayan sifət görmüşəm.
Sifət var saatda yüz
don geyibdir,
Toylarda qəm çəkib, gülübdür yasda.
İşi aşanadək allah deyibdir,
Hamam suyu
ilə tutduğu dosta.
Sifət var görməyib qışın buzunu,
Yüz adla evinə od qazanıbdır.
Sifət var sürüşüb illər uzunu,
Gələcək nəslinə "ad" qazanıbdır.
Xəlvət oğurlayıb elin varını,
Özü də xor baxıb
xalqın səsinə.
Bütün namusunu, bütün arını,
Sifət var dəyişib vəzifəsinə.
Arxalı sifət var tülkü olsa da,
Şir kimi dağlara nərə salıbdır.
Haqqı-ədaləti
salanda yada
Siçan yuvasını satın alıbdır…
Sifət var evində xörək də bişmir,
Yad qıza,
qadına şərbət
içirir.
Atası yüz yaşda yadına düşmür,
Oğluna bir yaşda yubiley keçirir…
Şerimlə sifətə yanaşdım
ki, mən
Dəyəm bu kölgədə yatana bəlkə.
Bəzi sifətlərdən danışdım
ki, mən
Belə sifətlilər utana bəlkə.
Vaqif Məmmədov
Ədəbiyyat qəzeti.- 2012.- 9 noyabr.- S.4.