Arximed

 

Sən istinad nöqtəsi axtarırdın,

Xızır peyğəmbər dirilik suyu.

İskəndərin dəlləyi

Dərdini deməyə quyu

 

Elə şey axtarırdın ki,Arximed,

Onu tapa bilməzdi insan.

Allah allahlığıyla

İstinad nöqtəsi tapmadığından

oldu laməkan

 

Əgər o nöqtə tapılsaydı,

tapılacaqdı dirilik suyu.

Dəlləyə heç

gərək olmayacaqdı quyu

 

Özündə özünü tapsaydın,

O nöqtə özün idin,Arximed.

Dirilik suyu da

Xızır peyğəmbər.

Quyu da

Bu sirr açılsa,

araya qan düşər.

həyat olar,

bəşər!..

 

 

Xanəli Kərimli

 

Ədəbiyyat qəzeti.- 2012.- 9 noyabr.- S.4.