Əlaqələr, ənənələr

 

Aşıq Ələsgərin şeirləri

     

Neçə illər əvvəl görkəmli alman türkoloqu, unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin dostu H.Əhməd Şmide redaksiyamıza göndərdiyi məktubunda yazırdı: "Hörmətli redaksiya üzvləri, "Ədəbiyyat qəzeti"nin 12 oktyabr 2001-ci il tarixli nüsxəsində oxumuşam ki, böyük dostum, mərhum Abbas Zamanov haqqında xatirələr kitabı düzəldiləsidi.

Budur ki, mən də rəhmətlik dostum haqqında bir neçə sətir yazıb qurtarmışam. Arzu edirsinizsə, dərc edə bilərsiniz.

Məqaləmi (sitatlar xaric) bütövlükdə Türkiyə türkcəsi ilə qələmə aldığıma görə sizdən üzr istəyirəm. Bu ləhcədə daha sərrast yaza bilirəm...

Hörmət və ehtiram hisslərimlə,

H.Əhməd Şmide"

 

"Ədəbiyyat qəzeti" həmin məqaləni o zaman nəşrə hazırlanan "Müasirləri Abbas Zamanov haqqında" kitabına (toplayanı, tərtib edəni və müqəddimənin müəllifi AMEA-nın həqiqi üzvü İsa Həbibbəylidir. "Çinar-Çap", 2003) təqdim etməklə bərabər, həm də öz səhifələrində dərc etdi.

"Bir böyük dostum vardı..." adlı həmin məqalədə Əhməd Şmide yazırdı: “Heç bir vaxt vaz keçmədiyim, inşallah, son nəfəsə qədər də vaz keçməyəcəyim iki cəhət var: birincisi, haqq tanıdığım dinim, ikincisi, türklük sevgisidir. Zatən mənim anlayışıma görə bu iki cəhət tarixin gedişatında möhkəmlənmiş, artıq bir-birindən ayrılmaz vahid bir qavram halına gəlmişdir. Məni tanıyanlar bilirlər ki, İslama və türklüyə bağlılığım, öz milli mənsubiyyətimə, yəni almanlığıma əsla zidd deyildir. Əksinə, öz millətimi, onun tarix və kültürünü yüksək saydığım üçündür ki, başda türklər olmaq üzrə digər millətləri o dərəcədə sevə bildim. Atama borclu olduğum bir çox dəyər ölçülərindən biri də odur: özünü bil ki, başqasını da biləsən. Özünə düşmən olma ki, başqasına da düşmən olmayasan… Bu anlayış eyni zamanda, İslamın təsvirində də ifadəsini tapır: mömin Allahla, özü özüylə və ətrafıyla barış içində olan adamdır. Vurmaq, yıxmaq, öldürmək - bunlar səlamət anlamına gələn İslama, tamamilə yaddır…

Əziz ağa qardaşım Bəxtiyar Vahabzadənin dəvətilə 1969-cu ilin sonlarında ilk dəfə Azərbaycana gəlmişdim. Köhnə "İnturist" otelində yerləşər-yerləşməz odamın qapısı döyüldü, içəri, o ana qədər sırf məktublaşma yolu ilə tanış olduğum Bəxtiyar Vahabzadənin yanında... gülərüzlü bir şəxs girdi. Onunla da əvvəlcə bir neçə dəfə məktublaşmışdıq, hətta mənə fotoşəklini də yolladığı üçün həmən tanıdım. fotoşəkil indi də məndə durur. Arxasına şəfqət dolu bu sözləri yazmışdı: "Dostum Əhməd Şmide cənablarına yadigar. A.Zamanov. 10.XII.68, Bakı".

Görüşdük. Cibindən bir qırmızı alma çıxarıb mənə uzatdı. Türk mifologiyasından bildiyimə görə, qızıl alma yetişmək istənilən bir mərhələnin rəmzidir. Abbas müəllimin verdiyi qızıl alma Vahabzadə - Zamanov - Şmide üçlü dostluğunun ilk meyvəsi oldu. Və bu alma sanki qəlbimdəki bir ağacın ilk meyvələrindəndi. Bu ağac heyranı olduğum türk mədəniyyətinin simvoluydu. Gənc sayılırdım: 34-35 yaşlarında, yəni uşaqlıq, gənclik xəyallarının hələ çəkilib getmədiyi bir yaşda idim. Daha sonraları həyat bəlli bir sıra xülyalardan səni əl çəkməyə vadar edir.

Bəxtiyar bəy və Abbas müəllim vasitəsilə Azərbaycanın zəngin mədəniyyəti ilə daha yaxından tanış olaraq çox-çox dəyərli şəxsiyyətlərlə dostluq qurmaq səadətinə yetdim.”

Əhməd Şmidenin "Ədəbiyyat qəzeti" ilə davamlı ünsiyyətinin səbəbkarı unudulmaz Bəxtiyar müəllim idi.

Münhendən Aşıq Ələsgərin yaradıcılığının Türk dünyasında daha geniş öyrənilməsinə dair göndərdiyi bu məqaləni də redaksiyamıza böyük şairimiz Bəxtiyar Vahabzadə təqdim etmişdi. Həmin əlaqələri, ənənələri yaşatmaq, yeni nəsillərə yetirmək hamımızın borcudur.

Aşıqlar aşığı Ələsgər məni uzun illər məşğul etmiş, dərin məhəbbət və ehtiramımı qazanmış böyük Azərbaycan şairidir. Təbiət bilicisi və insanlar dostu Ələsgərin şeirləri yaradıcılığı ilə tanış olduğum birinci gündən mənə çox doğma gəlmiş, ürəyimdə məskən salmışdır.

 

Gözəllər seyrəngahısan,

Görüm səni var ol, yaylaq!

Açılsın gülün, nərgizin,

Təzə mürğüzar ol, yaylaq!

 

Təbiəti duyan, ona vurğun olan heç kəs bu dağ pərəstişkarını sevməyə bilməz, çünki təbiət haqqında deyə bilmədiyimiz duyğu və düşüncələri bizim hamımızın adından ustad Aşıq Ələsgər xeyli sadə, həm də ki, səmimi şəkildə deməyi bacarmışdır.

Həmişə istəyirdim ki, Aşıq Ələsgəri Türkiyədə də tanısınlar. Hətta "Türk ədəbiyyatı" jurnalında yeri gəldikcə bir neçə dəfə Ələsgərdən bəhs etmişdim. Bir zamanlar aşığın ən gözəl qoşmalarını Anadolu türkcəsinə uyğunlaşdırıb çapa hazırlamışdım. Daha sonralar bu təşəbbüsdən vaz keçdim, çünki Ələsgər yalnız öz doğmaca Azərbaycan dilində səslənməlidir, çünki onun sənətinin dadı-duzu öz dilinin dadında və duzundadır.

Bir gün İstanbulda məşhur türk romançı və dramaturqu Mustafa Nicati Səbədçioğlunun evində qonaq idim. Söhbət Azərbaycan ədəbiyyatından gedirdi. Həmişə olduğu kimi, mən Azərbaycan ədəbiyyatı barəsində həyəcanla danışırdım. "Əfsus ki, Vaqif və Aşıq Ələsgəri Türkiyədə tanımırlar…" dediyim zaman Nicati bəy ayağa durdu və kitablığından bir balaca kitab götürüb mənə verdi. Kitabçanın adını görəndə gözlərimə inanmadım: "Göyçəli Aşıq Ələsgər". Kitabı oxumağa başladım. 1964-cü ildə İstanbula yaxın Adapazarı şəhərində çap olunmuşdu, adi qəzet kağızı ilə. İbtidai poliqrafik imkanlarla hazırlanmış bu kiçik məcmuənin tərtibçisi Nizaməddin Onk adlı bir müəllim imiş. Tərtibatından başa düşdüm ki, kitabça Aşıq Ələsgərin heyranı olan bu müəllim tərəfindən yəqin ki, öz pulu ilə, minbir çətinliklə, özü də çox kiçik tirajla buraxılıb. Türkiyədə şeir kitabları, ümumiyyətlə, bu cür kiçik tirajla nəşr edilir. Aqibəti də kitab mağazalarının rəflərində tozlanmaq, nəhayət, bir gün yandırılmaq olur. Mən həmin kitabçanı başqa yerlərdə nə qədər axtardımsa, tapa bilmədim və mətbəəyə yazdığım məktublara cavab da ala bilmədim.

Belə olan surətdə Nicati bəyin kitablığındakı nüsxədən surət götürməkdən ayrı əlacım qalmadı.

Bu işin ilk nəticələri belədir:

Nizaməddin Onkun "Göyçəli Aşıq Ələsgər" kitabı çoxu qoşma olmaq üzrə cəmisi 98 şeiri, ayrıca Ələsgərin Vəli ilə, Həcər xanımla, bir də bir aşıqla deyişmələrini, həmçinin "Dağ ilə Aran" adlanan nəfis bir deyişməni ehtiva edir.

Kitabdakı şeirləri Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun buraxdığı iki cildlik Aşıq Ələsgər kulliyyatı ilə ("Elm" nəşriyyatı, 1972) tutuşduranda Türkiyə nəşrindəki şeirlərdən Azərbaycan nəşrində 45 qoşma və bir müxəmməs olmadığı, 22 şeirində isə xeyli fərqlər görünür.

Türk müəllimi Nizaməddin Onkun böyük çətinliklə topladığı bu şeirləri olduğu kimi köçürərək Azərbaycan ədəbiyyatı alimlərinə tədqiq üçün təqdim eləmək istəyirəm.

Aşıq Ələsgərin akademik nəşrdə olmayan şeirlərindən bir neçəsini qəzetinizin oxucularına çatdırmağı özümə borc bildim.

 

 

Münhen

Ə.Şmide

 

Ədəbiyyat qəzeti.- 2012.- 9 noyabr.- S.6.