Şirin-şirin

 

Araz qırağının seyrəngahı var,

Gətirir bağçamız bar, şirin-şirin.

Alma mənəm, heyva mənəm, nar mənəm,

Həsrətlə sinənə sar, şirin-şirin.

 

Axan Araz kimi malım olaydı,

Üç gözəlin biri yarım olaydı;

Qoynun içi zəmistanım olaydı,

Yağaydı üstümə qar, şirin-şirin.

 

Ələsgərəm, qadan-balan alım mən,

İzin versən, qol boyuna salım mən;

Gəlmişəm bağına, bağban olum mən,

Dərim budağından nar, şirin-şirin.

 

 

Gülə-gülə

 

Xudam səni xoş gündə yaratdı,

Gəlibsən cahana, ay gülə-gülə;

Gözəllikdə yoxdur ay qız, əvəzin,

Alıbsan Tanrıdan pay, gülə-gülə.

 

Çətin oldu müşkül işim düzələ,

Sən təbibsən, gəl yaramı təzələ.

Mən neylədim sənin kimi gözələ,

Elədin ömrümü zay gülə-gülə.

 

Ələsgərəm, inkar olmaz vəfalar,

Yar yolunda canım çəkdi cəfalar.

Min naz ilə qaynadıbsan samovar,

Sən doldur, mən içim çay gülə-gülə.

 

 

Dağlar

 

Bahar olcaq ərir qarın,

Tökülür sellərin, dağlar;

Mor, bənövşə, lalə, sünbül,

Xoş olur güllərin, dağlar.

 

Dəstə-dəstə gəlir ellər,

Mədhini eləyir dillər;

Hər daşında şən bülbüllər

Xoş keçər günlərin, dağlar.

 

Düzdür sənin bu ilqarın,

Gün vurunca ərir qarın;

Çoxdur sənin vəfadarın,

Vardır bol çəmənin, dağlar.

 

Göllərində ötər qazlar,

Sularından içər qızlar;

Ələsgərəm, yaram sızlar,

Səndədir dərmanım, dağlar.

 

 

Aşıq Ələsgər

 

*Şeirdə rədif, qafiyələrin bəziləri pozulmuşdur. Görünür, şeirlər dildən-dilə keçərək yayılmış belə olmuşdur (red.).

 

 

Ədəbiyyat qəzeti.- 2012.- 9 noyabr.- S.6.