Azərbaycan bayrağına

  

Yetmiş il qəlbimizdə

Yaşatdıq bu bayrağı.

Nəhayət, vaxtı gəldi.

Zəfər çaldıq,

öc aldıq.

Müqəddəs bayrağımız

Asimana ucaldı.

O, hər kəsin şərəfi,

Vətənin vüqarıdı.

Hər bir vətəncanlının,

Hər azərbaycanlının

Başından yuxarıdır

Müqəddəs bayrağımız.

Eşqi, qeyrəti, ruhu,

Fəxri, iftixarıdır

Müqəddəs bayrağımız.

Hər arzumun önündə

Dalğalanan, ucalan -

Vətən hara yönəlsə

O yerdə zəfər çalan,

Ucal, göydə dalğalan,

Görsün cahan, bayrağım,

Ruhuma can verən can -

Azərbaycan

bayrağım!

 

 

İnsan səsi

 

İnsan elə toxumdur ki,

Hara düşsə bitə bilər.

İnsan sənin ovcunda da

Gözdən qaçar, itə bilər.

Ən dar anda insan səsi

Ümid verər, hayan olar,

İmdadına yetə bilər,

Yaşayarsan.

 

 

Qiyamət

 

Deyirlər qiyamət yaxınlaşıb -

Yer bir canlıdır,

ağlı çaşıb.

Dalğalar sahilə dırmaşıb,

çaylar daşıb.

Bunların bazara dəxli yoxdu,

Bazarda şıdırğı alverdi,

Bazar başqa dünyadı,

başqa yerdi.

Zəlzələlər, vulkanlar,

daşqınlar gəlir.

Qaçqınlara da sığınmağa

qaçqınlar gəlir.

Müxalifət deyir:

Bunların hamısında

günahkar iqtidardı,

Deyəsən dünyada

hamının yeri dardı.

Yer üzü böyük bir bazardı.

İqtidar da deyir:

Müxalifət günahkardı.

Qəhətə çıxan məhəbbətdi.

Hamı bir Allahın bəndəsidi,

Vətənimiz məbəddi.

Yer kürəsi himə bənddi.

Bazarda ən ucuz şey insandı,

Bahalaşan qiymətdi,

deyəsən qiymət

nemətdi.

Bu gələn qiyamətdi,

qardaş, qiyamətdi.

Xöşbəxt adam lal-kar Məmətdi.

Bu şeri verdim oxudu,

cavab yazdı:

"Eh... bəgəm qiyamət dərddi?!"

 

 

İndianada bir gölün sahilində

 

Sepryum Corcla

İndianada oturmuşduq

Bir gölün sahilində,

Danışırdıq qohumluq dilində.

Nəvəm Pərvizdi tərcüməçimiz.

Yol kimi uzanır söz,

gedir çıxır

yetmişinci illərə.

Dedim:

- Mən Vyetnama

getmişdim onda...

- Mən getmişdim o ellərə.

- Mən Hanoyda,

Sayqoda oldum.

- Mən çöllərdə,

çaylarda,

göllərdə...

Kürəyimdə əsgər çantası,

Hər anımda ölüm qorxusu.

Əllərimdə öldürmək qoxusu.

-Söz adamı çarpar qılınca

Mən getmişdim

şeir dalınca,

söz dalınca...

Xəyalımız külək oldu,

Tərcüməçimiz ürək oldu,

dindik, danışdıq.

yaxşı onda yox,

indi tanışdıq.

Vyetnamda axtardığımızı

İllər sonra

burda tapmışdıq.

 

 

Çikaqo

 

Məni Çikaqo ilə tanış edən həmyerlim Əhməd bəyə ithaf edirəm.

 

Yağış yağdı,

yudu küçələri.

Yudu dəmirləri, şüşələri.

Evlərin şüşə gözləri ağladı,

Gözəllər üzündəki boyanı

çətir altında

qorudu, saxladı.

Yol yanında çiçəklər

gözəl-göyçəklər

çimdi, oyandı.

Dəmir tavanlar, damlar deyindi,

elə bil qaynanadı.

Gün çıxdı

elə həmin an

hər yanı sildi, qurutdu.

Elə həmin an

hamı yağışı unutdu.

Hərə bir yana üz tutdu.

Yalnız göydələnin

başı buludda qalmışdı.

Hərə deyinirdi:

Bu yağışdı?!

Bu buluddu.

Şəhərdə insanlar qaynaşır:

Hərə öz işinə,

öz vərdişinə

qaçdı.

Yanaşı qaçırdı xeyir, şər.

Hamamdan çıxmışdı,

Miçiqan dənizində güzgülənirdi

Çikaqo -

dəmir şlyapalı şəhər.

Pikassonun

müəmmalı dəmir heykəlləri,

Obamanın Çikaqosu

doğma vətəni.

Yağışla qarşıladı,

Günəşlə yola saldı məni.

 

 

Fikrət Qoca

 

Ədəbiyyat qəzeti.- 2012.- 16 noyabr.- S.6.