Xabi-Qəflət

 

Çəməndir məktəbi-aliyyələr ətfali-islama,

Müəllimlər əgər əl çəkməsə təlimü diqqətdən.

...Özün əbcəd bilib, şagirdə öyrətmə rəsaildən,

Məcaz əhli olan bicadı dəm vursa həqiqətdən.

Necə təhsil qıldız, görmədi dünyada bir kimsə,

Yəqin bu elmi siz dərk eylədiz elmi-qiyafətdən.

Belə məlum olur elmi-hüsuli var cənabızda,

Bizi məhrum qılmaq ruzi-məhşərdə şəfaətdən.

...Səni həqq, çox müəttəl qoyma bu əbnayi-islamı,

Biz indi bildik elmiz yox, bu iş bədtərdir sirqətdən.

...Könül, bir huşa gəl, bica yerə ömri-cavan getdi,

Rəfiqi boşla, əl çək yardan, seyrü-səyahətdən.

Bura dünyadı, çoxları çıxarmış yerdən eyvanə,

Vəli çoxları da salmış yerə eyvan rüfətdən.

Çox aşiqlər gəzər asudəxatir öz həbibi ilə,

Görürsən axırı Məcnun olurlar dərdi-firqətdən.

...Belə yatmaqda mənzurun nədir ey binəva millət?

Hanı məktəblərin, nə oldu dilin, tutdun rəzalətdən?

Kimə oldun ümid, atdın kənara elmi bilmərrə?

Hanı səndə olan əvvəlki qüvvət, həm mətanətdən?

Hanı ol vaxtın ey millət, olurdun şöhrəyi-aləm?

Nə üçün çıxmazsan ey biçarə, indi künci-izlətdən?

...Biri çıxmış havada seyr edər yüz min xəyal ilə,

Kimi dağlarda hər cür axtarırlar mədəniyyətdən.

Birisi qüvvəyi-əqliyyəsilə yer üzün ölçüb,

Kimisi əlli il fikr eyləyir bu əsli-firqətdən.

Birisi durbin ilə baxır Şəmsi-Xüdavəndə,

Biri Germaniyada fikr edər bir tazə saətdən.

Birisi aləmi heyran qoyur səs maşinası ilə,

Əgər fikr eyləsən qurtarmazsan dəryayi-heyrətdən.

Hanı İsgəndərü-Dara ki, ləşgər çəkdi zülmata?

Elektir çıxdı, məhv oldu qaranlıq adı zülmətdən.

Gedirdi kuhi-Qafa, su üzündən olmadı mümkün,

Uzaqdır bu sözüm İsgəndərin şənində şöhrətən.

...Hanı Rüstəm ki, cəng eylərdi daim bir kəman ilə?

Bu səhra topların görsə, danışmaz bir də heybətdən.

...O qədri pəhləvanlıqdan dediz, aləm olub vəhşi,

Keçənlər keçdi, indi kimdə vardır bu şücaətdən?

Səid, fürsəti fövt etmə, yaz bu mətləbi yeksər,

Özün təsdiq edərsən, gər desəm əbnayi-millətdən.

 

* * *

 

Ey milləti-biçarə, qəmin çarəsi olmaz,

Qəflət qəmi bir kasadı, həşrə kimi dolmaz.

Hər millət edər ərsəyi-təlimdə cövlan,

Avarədi hər karidən əbnayi-müsəlman.

Asayişimiz, sənətimiz qəflətimizdir,

Qəflət yuxusu əldə olan sənətimizdir.

Yox bizdə ibadət ki, olaq həqqə müqərrib,

Dərs almağa tutduq, bəli bir şivəyi-məktəb.

Ol gün ki, nə elm adı var idi, nə kitabət,

Nə məktəb adın bir kəs eşitmişdi, nə sənət.

...Bilməm niyə düşdük belə bəs haldan-hala?

Möhnətlərə bu milləti kim qıldı həvalə?

Parlaq günü kim zor ilə çəkdirdi səhabə?

Tar eylədi dünyanı, verib bizləri xabə.

Bir halda bizdən hamı əxz eyləyə təlim,

İndi niyə cəhli edələr bizlərə təslim?

Kim saldı bizi çöllərə, döndərdi cünuna?

Bu milləti kim qıldı uzaq elmü fünuna?

Heç kimsə bizi qılmadı bu dərdə giriftar,

Qəflət bizi bu dərdü-qəmə eylədi vadar.

Qəflət özü hər millətə bir günə ilişdi,

Lakin bizə bir özgə təriq ilə girişdi.

...Hər millətə kim eylədi izhari-məhəbbət,

Əsla ona aldanmayıb, etməzdilər hörmət.

Hər ölkəyə qoyduqca qədəm, etdilər ixrac,

Dünyanı gəzib, oldu müsəlmanlara sərtac.

...Axırda bizi çəngələyib, vermədi fürsət,

Hər ləhzə məhəbbət qılıb, andırdı sədaqət.

Əvvəl bizi tərqib qılıb yatmağa gündüz,

Söylərdi göz açmın yuxudan, batmasa ulduz.

Söylərdi müsəlmana; nə lazımdı ticarət?

Sənət nədir, hər ləhzə verir cana əziyyət.

Sənət kişinin dildəki xoş zövqi-səfadır,

Sənət özü baş tapsa əgər, dərdü-bəladır.

Sənət nədi, bir işdə üç ay fikrə cumursan,

Bir taxtanın üstündə yüz həngamə qurursan.

Dünyanı tutub qalmayacaqsan, evi bərbad,

Bir loğma çörək tap, yegilən, ta ki, dolan şad.

Pul qalsa bu gündən sabaha cibdə xətadır,

Ləzzət qalacaq şəxsə, xoş iş seyrü səfadır.

Başın böyük olduqca böyükraqdı bəlası,

Bidar ol əzizim, bu pulun yoxdu vəfası.

...Dövlətlilərin daim olur başı bəlada,

Təkmil edib asudəliyi tanrı gədada.

Bikar olan hər şəhərdə əngüştnümadır,

Hər kimsə ağız ləzzətini bilsə, gədadır.

...Ağıl əhli bu nalayıq olan işləri tutmaz,

Bikar gəzənlər sözümü hərgiz unutmaz.

...Bəs hər ikisi indi bu cür oldu bərabər,

Bilməm nədən ötrü bəs olur çidə bu işlər?

Dünyada qəmi qismət ediblər neçə payə,

Vermişlər yüzün tacirə, bir hissə gədayə.

Sizlərdə əbəsdir uşağı məktəbə qoymaq,

Məktəb bu deyil, bəlkə budur ömrü qurtarmaq.

Beş yaşda uşaqlar nə qanırlar nədi təhsil,

Biçarə, əbəs bir yerədir elmdə təcil.

...Bu elm deyil, bəlkə bu miftahdı cəhlə,

fərz eyləgilən sən bu müdərrisləri fəhlə.

Ay başını gözlər ki, uşaqdan pulun alsın,

Bunlara nə var, qoy bu müsəlman dalı qalsın.

...Qardaş, buların başı çıxar çay-çilovdan,

Bunlar nə bilir elm nədir, ya nədi Quran.

Bunlardı sizi eyləyən afaqda tənbəl,

Axır qoyacaq sizləri dinarə mətəl.

 

 

İfdəyi-Məram

 

Şu keçən əyyami-müslim bəs ki istibdadmış,

Bizdən əksəndaz olan əflakə boş fəryadmış.

* * *

Eyləyin fəryad, bidar olsun ərvahi-vətən,

Millətin viranə mülkündə quraq ta əncümən.

Səslənir şimdi Cavadxan xaki-paki-Gəncədən,

Arxadaşlar, belə istibdada tuş olmaq nədən?

Şu keçən əyyami-müslim bəs ki istibdadmış,

Bizdən əksəndaz olan əflakə boş fəryadmış.

* * *

Şamilin ətvarına layiq gərək ad eyləmək,

Həzrəti-peyğəmbərin idnində dilşad eyləmək.

Qafqazın viransərasın yeni icad eyləmək,

Milləti qeydi-əsarətdən bir azad eyləmək.

Şu keçən əyyami-müslim bəs ki istibdadmış,

Bizdən əksəndaz olan əflakə boş fəryadmış.

* * *

Baş verib, azad olunmaqla durub bünyadımız,

Göstərib bu rahi-pakı bizlərə əcdadımız.

Şeyx Şamildir bu kar üzrə bizim ustadımız,

Arxadaşlar, millətə çatsın gərək imdadımız.

Şu keçən əyyami-müslim bəs ki istibdadmış,

Bizdən əksəndaz olan əflakə boş fəryadmış.

* * *

Baş götürmək taki, insanlar tək olsun sayəmiz,

Qırmızı qan olsun hürriyyət üçün pirayəmiz.

Ölməyi lay-lay desin gəhvarə içrə dayəmiz,

Gör nə icraatlar etməkdədir həmsayəmiz.

Şu keçən əyyami-müslim bəs ki istibdadmış,

Bizdən əksəndaz olan əflakə boş fəryadmış.

* * *

Bu Vətən uğrunda canlar qoydu hər bir qəhrəman,

Qəhrəmanların məzarı üstə qurmaq imtahan.

Güstəgu etmək, qübar ilən bulansın asiman,

Millətə lazım deyil viranə dönmüş asiyan.

Şu keçən əyyami-müslim bəs ki istibdadmış,

Bizdən əksəndaz olan əflakə boş fəryadımış.

* * *

Müstəbidlərdən müsavat üzrə almaq ixtiyar,

Əl-ələ vermək, Vətən uğrunda olmaq cannisar.

Göz baxır islamə, andırmaq gərək isbati-kar,

Eyləmək bu millətin əvvəlki şanın paydar.

Şu keçən əyyami-müslim bəs ki istibdadmış,

Bizdən əksəndaz olan əflakə boş fəryadmış.

* * *

Arif insanlar gərək bilsinlər hürriyyət nədir?

Rəsmi-hürriyyət nasıldır, qeyrəti-millət nədir?

Ey Səidi-Ordubadi, səndə bu qəflət nədir?

Gər sən insan olsan, insanlıqda bu zillət nədir?

Şu keçən əyyami-müslim bəs ki istibdadmış,

Bizdən əksəndaz olan əflakə boş fəryadmış.

 

 

Nitqin surəti

 

İki fərağa düşən ər və övrətin lisanına oxşar bir libasa geyindirib, məzkur vəfalı övrətin ərindən artıq hürriyyətpərəst olduğunu nişan verməyə mütəcasir oldum (cəsarət etdim).

Səid

 

Kədərəngiz bir qaranlığa malik olan tabutun bu qara taxtaları mənə bir günəşin zamani-qürubunu andırır. Bu günəş sirəti-bir qəhrəmanmış, həm bir mücəssəmi-həmiyyət.

Ah, bu qəyur qəhrəman yalnız bir həftə müqəddəm kəndi talari-hökumətində təvəqqüf etmiş idi.

Daha nələr deyim. Bu əndəlibi-hürriyyət əsarətin bir hali-əsəf iştimalını eşitdi. Qanadlanıb dilxahı üzrə talarından əcəlin bir meydani-fəlakət nişanınamı düşdü?

Bəli! Son dəfə olaraq nuş etdiyi mağəri-həyatından əsarətin damağ alışdıran qoxusunu hiss etdi. Edib də talarından cənggaha, daha getdikcə əcəlin bir çərxi-tizruy olan atəşbar toplara oturub, nəhayət, üzünü çevirərək məqərri-sülhi-əbədi olan bu qaranlıq tabuta qondu.

Məsud qəhrəman! Sağəri-şəhadəti mərdanə nuş etdin. Mərhəba!

Düşmənlərin tiği-canşikarı ştiklərin bihədd zəxmləri, topların sədayi-biamanı səni amansız bir tabutun gedər-gəlməz atına süvar etdi.

Bəli! Niyyəti-hürriyyətsiriştin səni bir məqami-müqəddəsə isal etdirdi.

Ey zair! Dünyayi-fanini ziyarət etməkdən mənzurun beş günlük bir fanilikdə üç günlük bir hürriyyət qazanmaq idi. Şimdisə hürriyyəti-əbədiyyətə vasil oldun.

Ey qəhrəman! Sən indi cənnətin qərin səfasındasan. Vətən uğrunda etdiyin fədakarlıqlar, qazandığın niknamlar hər tərəfdən gözəl mələklər surətində səni istiqbal edirlər.

Ey vah! Ardınca şitaban olduğun hürriyyət bir nami-şəhadətlə həmağuş olaraq səni səndən ziyadə istiqbal etdi. Axtardığın peyda oldu. Lakin bir çoxları napədid etdin.

Əcəba! O isə bizlərik. Arxamızdakı libasi-matəmi çıxarmarıq. Zira səninlə bir mələk surət cavabımda ləhədnişin olur.

Ax, zavallı cavan!

Bu qan dənizlərində əl-ayaq çalarkən ürəklər çırpınması ilə bu taxteyi-tabuta sıçradın. Şimdi sahili-səlamətə gedirsənmi?

Get! Heç bir əsrdə məsləki-həqiqin olan hürriyyəti, bu sədayi-dilnişini əfradi-millətin qulaqlarından çıxmayacaqdır. Xatircəm get!

İftixarlı adın millətin xatirindən ta beqiyamət (qiyamətədək) silinməyəcəkdir. Tabutun bu qaranlıq bacalarından məzarın bu soyuq torpaqlarına çəkidə olan hürriyyətin hüznavər qanları əsla napədid olmayacaqdır. Zira bu qanlar bir qəhrəmanın Vətən uğrunda olan cannisarlıqlarını cənabi-həqqə isbat edəcəkdir.

Ey bu cəngavərlərin amali-hürriyyət iştimali şamiənəvazınız olan hürriyyətpərvərani-cahan, zamani-irtihalını daxi görüb ibrət alınız!

Ey hürriyyət, sən necə aləmrübasan!

Dünənləri bu qəhrəmanın hücumlarına qarşı duramayan bu rus ordularını bu gün bu qəhrəmanın məzarı üzrə başları açıq qara baydaqlarla saxlayırsan.

Əfsus, baxtın müsaidəsizliyi!

 

 

Məmməd Səid Ordubadi

 

Ədəbiyyat qəzeti.- 2012.- 16 noyabr.- S.3.