Xurşidbanu Natəvanın anadan
olmasının 180 illik yubileyi
qeyd edilib
Noyabrın 14-də Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda
Azərbaycan poeziyasının görkəmli nümayəndəsi,
dövlət xadimi Xurşidbanu
Natəvanın anadan olmasının 180
illiyinə həsr edilmiş elmi sessiya keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə
AMEA-nın müxbir üzvü,
professor Teymur Kərimli
çıxış edərək ölkəmizdə Azərbaycan
klassiklərinin yubileylərinin keçirilməsi haqqında
dövlət başçısının müvafiq
sərəncamlarını xatırlatmış, bunların ədəbiyyatımızın
təbliği, öyrənilməsi və
inkişafında böyük əhəmiyyət
kəsb etdiyini söyləmişdir. Bildirmişdir ki, tədbir
Prezident İlham Əliyevin
“Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi
haqqında” 2012-ci il 3 aprel
tarixli Sərəncamına əsasən təşkil
edilmişdir.
Natəvanın
zəngin yaradıcılığı, ömür
yolu və şəxsiyyəti haqqında
söhbət açan T.Kərimli Azərbaycan
klassiklərinin ədəbiyyatımızın
inkişafındakı rolunu qeyd etmişdir.
Tədbirdə
filologiya elmləri doktoru
İslam Qəriblinin “Xurşidbanu
Natəvan və onun poetik
irsi” mövzusunda məruzəsi
dinlənilmişdir. Bildirilmişdir ki, Qarabağ
xanlarının vərəsəsi sayılan Xurşidbanu
Natəvan parlaq istedada
və qabaqcıl ideyalara malik
şəxsiyyət olmuş, Azərbaycan
mədəniyyətində və ictimai həyatında
dərin izlər qoymuşdur. Qədim zadəgan
nəslinin nümayəndəsi olmuş
Natəvan yaradıcılığa XIX əsrin ortalarında
başlamış, Azərbaycan ədəbiyyatında Füzuli ənənələrini
davam etdirən görkəmli şairlərdən
biri olmuşdur. O,
yaradıcılığına “Xurşid”
(Günəş) təxəllüsü ilə
başlamışdır. Natəvan ədəbi-mədəni
yaradıcılığında Azərbaycanın klassik ənənələrindən bəhrələnmiş,
bunları öz poeziyasında uğurla davam etdirmişdir. Qəzəl, məsnəvi,
qoşma və s. janrlarda həzin, səmimi lirika,
təbiət gözəlliklərinin və insanın könül dünyasının bəzən real, bəzən isə romantik,
təsirli poetik vasitələrlə təsviri
onun yaradıcılığının
başlıca keyfiyyətləridir.
İ.Qəribli
X.Natəvanın fəaliyyətində 1872-ci ildə Şuşada yaratdığı “Məclisi-üns”
(dostluq, ülfət məclisi) ədəbi
məclisini xüsusilə qeyd etmişdir. Bildirmişdir ki, Xan qızı məclisə
rəhbərliyi və onun bütün
xərclərini öz üzərinə götürmüşdür.
Natəvanın
xeyirxahlığı və xeyriyyəçiliyindən
söhbət açan İ.Qəribli bildirmişdir ki, o, kasıblara kömək etmiş,
Şuşaya su kəməri
çatdırmışdır.
Xurşidbanu Natəvan
1897-ci il oktyabrın 1-də vəfat etmiş və Ağdamın “İmarət” qəbiristanlığında
dəfn olunmuşdur.
Tədbirdə
filologiya elmləri doktorları Asif Rüstəmli və Alxan
Bayramoğlu şairənin həyat və
yaradıcılığından danışmışlar.
Ədəbiyyat qəzeti.- 2012.- 16
noyabr.- S.4.