Söz sənəti
Təbiətdə,
cəmiyyətdə, insanın ömür yolunda təbii axar,
hər bir şeyin öz məqamında yetişib ərsəyə
gəlməsi, hər bir axarın öz təbiiliyi ilə
giclənib nəhrə çevrilməsi gerçəkliyin
keyfiyyətlərindən, həyatın dinamikasından irəli
gəlir, xüsusən yaradıcılıq prosesində. Bu
prosesdə təbii stixiya daha inandırıcı və daha məntiqidir.
Azərbaycan
ədəbi fikrində, ictimai mühitində, böyük
oxucu auditoriyasında yaxşı tanınmış
yazıçı-publisist Əli İldırımoğlu belə
bir yaradıcılıq yolu keçmiş, istedadının təbii
axarı ilə yaradıcılıq üfüqlərinə
doğru irəliləmişdir.
Əli
İldırımoğlunun yaradıcı qələmi ədəbi
fikrin hansı sahəsinə toxunubsa, orada özünəməxsus
bir yenilik, təravət, novatorluq yarada bilib. Məhz bu
xüsusiyyətinə görə Azərbaycanın xalq
yazıçısı Mirzə İbrahimov vaxtilə onun
publisistikasını Azərbaycan jurnalistikasında yeni mərhələ
və ədəbi məktəb kimi qiymətləndirmişdi.
Əli
İldırımoğlu geniş epik
yaradıcılığa - hekayə, povest, romanlar
dünyasına birdən-birə, bir çoxları kimi
"göydəndüşmə" gəlməmişdir.
Bu, uzun yaradıcılıq prosesinin qanuni, real və təbii
nəticəsidir. Ömrünü, qələmini yazıya, ədəbi
prosesə həsr etmiş bir yazıçı-jurnalist illər
boyu topladığı ədəbi təcrübənin qlobal
epik davamıdır.
Əli
İldırımoğlunun monumental romançılıq sahəsindəki
fəaliyyəti onun yaradıcılıq yolunun, həmçinin
Azərbaycan romançılığının inkişaf
tarixinə nisbətən çağdaş dövrün son mərhələsinə
aid olsa da (halbuki ilk romanının yaşı 20 ildən
çoxdur), o, bir sıra müasirləri sırasında
professional nasir-romançı kimi fərqlənir.
Azərbaycan
mətbuatında 60 ildən artıq bir müddətdə qələm
çalan, qələmini külüngə çevirən Əli
İldırımoğlu yüzlərlə məqalə,
oçerk, felyetonun, onlarla hekayə, novella, povestin, neçə-neçə
kitabın müəllifi olandan sonra roman janrına müraciət
edən, imzası, şəxsiyyəti yaxşı tanınan,
ciddi, mübariz, prinsipial, zəhmətə tablaşan nasirdir,
ziyalıdır. Həyat həqiqətlərinə sadiq qalan,
ancaq gördüyünü, duyduğunu,
yaşadığını, taleyinin bir parçasına
çevirən gerçəkliyi qələmə alan, özgə
süfrələrinin qırıntılarına göz dikməyən,
ömrü boyu - gəncliyindən mətbuatımıza, ədəbiyyatımıza,
ən ümdəsi millətimizə namusla xidmət edən, səksəni
haqlasa da, gənclik həvəsi və enerjisi ilə işləyən
yaradıcı şəxsiyyət, söz sahibidir. Epik təhkiyə
onun yaradıcılıq yoludur, yazıçı-nasir
taleyidir.
Hələ
ötən əsrin 80-ci illərində Əli
İldırımoğlunun istedadını yüksək qiymətləndirən
xalq yazıçısı Bayram Bayramov Əli
İldırımoğlunun yaradıcılığı
haqqında yazdığı "Həyatın öz səsi"
məqaləsində onun yaradıcılığını
örnək sayır, gənclərə belə tövsiyə
edirdi: "Əlinin bədii yaradıcılığa meyili
güclüdür, duyğuları, müşahidələri
zəngindir. Həyatı bilməyən, ondan uzaq düşən,
mövzunu göylərdə, xəyallarda axtaran qələm
sahiblərinə məsləhət görərdim ki, Əli
İldırımoğlunun yazılarını oxusunlar,
oradakı həyat materialını, həyatın öz
parçalarını, öz problemlərini görsünlər,
bəhrələnsinlər.
…Dəqiq
müşahidəsi olan jurnalistin bədii nəsrə meyil etməyi
təbii haldır və oxuduğumuz hekayələrindən məlum
olur ki, müəllifin bu meyili özünü
doğruldur".
Bu təbii
meyilin güclü axara, axına çevrilməsi nəticəsində
Əli İldırımoğlunun müxtəlif vaxtlarda nəşr
olunan və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə
qəbul edilən sanballı, siqlətli ədəbi-estetik, əxlaqi-mənəvi
məzmuna malik kitabları ilə
qarşılaşırıq.
Əli
İldırımoğlu Azərbaycan
romançılığının zəngin ənənəsindən
güc alıb, yaradıcı şəkildə faydalanıb,
həmçinin mövzu, kompozisiya seçimi, həyati
faktlara yeni münasibət, sənətkarlıq cəhətdən
fərqli, orijinal yazıçı mövqeyi ilə bu ənənəni
zənginləşdirib, yeni dövr Azərbaycan romançılığı
mərhələsində öz mövqeyini müəyyənləşdirib,
cəsarətlə həmin romançılar pleyadasında
layiqli yerini tuta bilib.
Əli
İldırımoğlunun epik nəsri hadisələrə
tamamilə milli mövqedən - azərbaycançılıq
mövqeyindən müstəqil xəlqilik konsepsiyası
müstəvisində bədii şərh verən monumental bədii
faktlardır.
Ədibin təkcə
"Aqibət" romanı deyil, həmçinin digər epik
əsərləri də saflıq yoluna aparan parlaq işıq
selidir. İnsanlığın aqibətinə, bu aqibətin ədəbi-bədii,
bir çox hallarda isə teoloji dərkinə, milli, fəlsəfi,
mənəvi, əxlaqi izahına kömək edən, söz
səltənətindən nur alan işıq seli…
O, bir
romançı kimi elə mövzulara, milli şüurun, mənəviyyatın,
əxlaqın elə qatlarına toxunur ki, əsərləri
bütövlükdə milli dəyər səviyyəsinə
yüksəlir.
Böyük
rus şairi Aleksandr Blokun özündən çox-çox
böyük adaşı Aleksandr Puşkin haqqında dediyi:
"Şair dəyişməz dəyərdir!" sözlərini
mən cəsarət və fəxarətlə Əli
İldırımoğlu yaradıcılığına,
xüsusən onun romanlarının ideya-estetik qayəsinə
şamil edərdim. Bu romanlar - "Közərən sətirlər",
"Həmin adam", "Zorən jurnalist", "Mənim
rəncbər atam", "Qarlı gecələr" və
nəhayət, "Aqibət" Azərbaycan romanı tarixində
hərəsi bir "dəyişməz dəyərdir" -
milli nəsrimizin dəyəri…
Yaxşı
cəhət odur ki, yazıçının hər yeni əsəri
təkcə öz yaradıcılığı,
yazıçı taleyində deyil, həmçinin müasir,
çağdaş ədəbi prosesdə parlaq ədəbi
fakta çevrilir. Və bu yüksələn xətt üzrə
inkişaf yazıçını təntitmir, iddia
kürsüsünə sürükləmir, şöhrətin
əsirinə çevirmir, əksinə, məsuliyyəti birə
on qat artırır.
Bu eliksirin
mənbəyini həyatdan alan Əli
İldırımoğlunun taleyi (görünür,
istedadlı adamların taleyi yaşadığı dövrdən
asılı olmayaraq oxşar olur) hardasa Maksim Qorkinin, yaxud da
Portuqaliya yazıçısı, 1998-ci il Nobel mükafatı
laureatı Joze Saramaqonun yazıçı taleyi ilə
oxşardır.
Böyük
yaradıcılığa həyatın dibindən gələn
M.Qorki kimi o da həmkarlarının sualını
cavablandırarkən deyir: "Zirvənin
cığırı dərədən başlayır. Gərək
dibdən gələsən - həyatın dibindən. O,
istedadının zirvəsinə belə bir yoldan, belə bir məkandan
keçib gəlmişdir. İstedadını zəhmətlə
yoğurmuşdur.
"Qarlı
gecələr" romanının sonluğunda
yazdığı "İzim və sözüm" adlı
şərhində Əli İldırımoğlu deyir:
"Dünənim, bu günüm barədə müfəssəl
olaraq bu qədər. Yazdım yozdum ki, yaxın-uzaq gələcəkdə
əsil-nəcabətim bilinsin. İldırımzadələrin
hansı kökün üstündə pöhrələndiyi bəlli
olsun".
Bax, elə
buradan Əli İldırımoğlunun bir insan, qələm
və istedad sahibi kimi "olduğu kimi olduğu"nun səbəbi
və ədəbi portretinin digər cizgiləri aşkar
görünür.
Elə ona
görə onun "Aqibət" romanındakı Höcət
Cahangirin, Bağır kişinin, Kor Həşimin, Fərəc
kişinin xəmrinin nədən yoğrulduğu,
"köşələrinin hansı göndən çəkildiyi",
"hansı zindanda döyüldüyü", "hansı
kökün üstündə pöhrələndiyi" və
milli-əxlaqi, türkçü dəyərlərimizin
daşıyıcılarına çevrilən bədii
obrazlar səviyyəsinə yüksəlmələrinin
kökü bəlli olur.
Ədəbiyyatşünasların
və ədəbi tənqidçilərin əksəriyyəti
Əli İldırımoğlunun ədəbi
obrazlarının, süjet və mövzularının
avtobioqrafikliyini qəbul edir. Məsələn, Əli
İldırımoğlunun "Zorən jurnalist" romanını
ətraflı təhlil edən professor Əliheydər Həşimov
"Həyat dərsliyi" adlı məqaləsində
yazırdı: "Əli İldırımoğlu
özünün ədəbiyyata gətirdiyi müsbət
obrazlarının rəftar və davranışında təmkinini
saxlayan, ələm, kədər və ağır günlərdə
heç vaxt sarsılmayan, bayağı şöhrətə
aludə olmayan, ədalət uğrunda mübarizə aparmaqdan
yorulmayan sevimli ədəbi qəhrəmanlarının real
prototipi, canlı nümunəsidir".
Bu fikrin
gerçəkliyinə heç bir şübhə etmədən,
bir cəhəti də bildirək ki, bu proses əksinə də
hərəkət edir. Yazıçının şəxsiyyəti,
xarakteri, həyatından müəyyən detallar, obrazlara
transformasiya etdiyi kimi, obrazların xarakterlərindən, həyat
tərzlərindən, psixikasından yazıçı şəxsiyyətinə
də nəsə keçir, onun həyat idealının
müəyyən cizgilərinə çevrilir və beləliklə
də, yazıçı şəxsiyyətinin
bütövlükdə formalaşma prosesinə xidmət
etmiş olur…
Bu cəhətdən
Əli İldırımoğlunun romanlarındakı obrazlarla
onun yazıçı şəxsiyyəti arasında qəribə
bir uyarlıq və tamlıq müşahidə edilməkdədir.
Bu uyarlıq, tamlıq, xüsusən əxlaqi-mənəvi dəyərlər
sistemində özünü daha bariz şəkildə
göstərir.
Digər əsərlərində
olduğu kimi, "Aqibət" romanında da onun itib-batmaq təhlükəsi
qarşısında qalan mənəvi-əxlaqi, milli dəyərlərimiz
uğrunda romançı yazıçı mübarizəsi
lirik qamma yaradır və qan yaddaşında donub qalan əxlaqi
dəyərlər uyğudan ayılır, həzin ana dilinin
axarı ilə yeni nəslin yaddaşında bərpa olunur.
Böyük
rus klassiki A.Blok yazırdı: "Yazıçı
dünyaya ona görə gəlib ki, ürəyini mənəvi
acların qarşısında üryan etsin… Rus həyatından
yox olmuş həqiqəti geri qaytarmaq bizim yazıçı
borcumuz, yazıçı işimizdir".
Bu mənada
Əli İldırımoğlu haradasa konservator
yazıçıdır. O, xalqının, millətinin əlindən
alınmış, qəsdən unutdurulmuş əxlaqi-mənəvi
dəyərlərin - Azərbaycan əxlaqından yox
olmış həqiqətin bərpası ilə məşğul
olur. Bu cəhətdən "Aqibət" romanında təsvir
olunan bir hadisə olduqca səciyyəvidir. Romanda oxumuş,
yüksək əxlaqa, düşüncəyə, təmkinə
malik kitabxanaçı qız, qənirsiz gözəl Qənirə
adlı bir obraz təsvir olunur. Onun danışıq tərzi,
rəftarı, ailəsinə - ata-anasına,
qardaş-bacılarına münasibəti, valideynlərinin
dolanışığı uğrunda hər bir zəhmətə,
əzaba qatlaşması, digər mənəvi keyfiyyətləri
yazıçı tərəfindən inandırıcı və
təsirli lövhələrlə təsvir edilir.
Bu sadə
kəndli qızının əxlaqı, mənəviyyatı
təzyiqlərə və təqiblərə məruz
qalır. Əhvalatlar XX əsrin 30-cu illərində
Qalaça adlı bir dağ kəndində baş verir. Yeni
qurulmuş bolşevik hökuməti, kollektivləşmə nəticəsində
ortaya çıxan kolxoz hərəkatının
yaratdığı ağır mühit, "NKVD"
basqıları, ümumiyyətlə, bu tarixi mərhələnin
bütün hadisələri dağ kəndinin timsalında
psixoloji ruhda təzədən canlandırılır və o
dövrdə cərəyan edən hadisələrin
görünməyən tərəflərinə
aydınlıq gətirir, işıq salır.
Kişiliyin,
əxlaqın, düzlüyün, qeyrətin, həyat tərzinin
fəlsəfəsindən gələn mənəviyyatın
qalası olan bu Qalaça kəndi indi Lüt Qasımın
tülüngü oğlu Lovğa səftərlərin
oylağına çevrilib. Tarix boyu qazanılmış əxlaq
və mənəviyyat anlayışları bu Qalaça kəndindən
get-gedə qeybə çəkilir. Lüt Qasımın
tülüngü oğlu Lovğa Səftər firqəçidir
və özgə vəzifədar kişilərin tumarına
yatan bacısı Gülpərinin hesabına bu kənddə
kolxoz sədri seçilib, hakimi-mütləq olub, erkək kəhərin
üstündə kənddə at oynadır…
Bu
harınlanmış, at üstündə olan, hakimiyyət
kürsüsündə əyləşən, bütün mənəvi
cəhətləri ilə də "lütkom" olan sədr
Səftər əxlaqsızlığa yuvarlanır və Qənirənin
namusuna təcavuz etməyə cəhd göstərir…
Bu epizod ənənəvi
romanlarımızdan da bizə tanışdır və ilk
baxışda stereotip təsiri bağışlayır… Lakin
burada tamamilə orijinal bir cəhət Qənirənin rəftarında,
namusunu, əxlaqını saflığa, təmizliyə
çıxarmaqdan ötrü canına qəsd etməsində
- özünü Dəvəbatan burulğanına qərq etməsində
ortaya çıxır.
Əslində,
"lütkom" nəslindən olan Səftər ona sadəcə
əl atmış, əlbəyaxa olmuşdular. Bunu isə
Cahangir kişi qızın imdad harayına gələndə
görmüşdü…
Əslində,
Qənirə özünü müdafiə edərək ləyaqətini
qorumuşdu.
Qənirənin
əxlaqi-mənəvi ucalığa yüksəlməsini
göstərən bir məqam diqqəti cəlb edir. Bu, onun
ölümqabağı keçirdiyi hisslər, daxili
sarsıntılar, öz məni ilə apardığı
mükalimə, iç dünyasına yönələn
monoloqudur: "Adına pis söz çıxan bir
qızın Qalaça torpağının üstündə
gəzməyə, bu yerlərin saf havasını udub, suyunu
içməyə, halal çörəyini kəsməyə,
başını qaldırıb insanların üzünə
baxmağa haqqı varmı? Yoox, Yooox!"
Bununla da o,
özünə ölüm hökmü kəsir.
Göründüyü kimi, Qənirə bu daxili monoloqunda
doğmalarından da çox kəndini, torpağını,
camaatını düşünür və belə dərk
edir ki, "it dəymiş ayran" kimi adının
murdarlanması kəndi, camaatı, doğma torpağı ləkələyir.
Bax, budur onun əxlaqi qənaəti, budur indi bir
çoxlarının unutduğu milli-mənəvi, əxlaqi dəyər
və bu dəyərin Qənirə obrazında bərpası.
Ümumiyyətlə,
Əli İldırımoğlu
romançılığında real həyat hadisələri,
dərk olunmuş həyatın özü var, şirin bir təhkiyə
ilə canlandırılan həyat…
Azərbaycan
ədəbi ictimaiyyətinə, ədəbiyyatına,
oxucularına təqdim olunan "Aqibət" romanı, əslində,
keçən əsrin 30-cu illərində, repressiya
dövründə millətin əxlaqına, mənəviyyatına
vurulan zərbədən sonra xalqımızın aqibətini əks
etdirən və bu günümüzün, çağdaş
dövrün bəlalarının köklərini göstərən,
müasirliklə yoğrulmuş tarixi əhəmiyyətli bir
romandır və onun müəllifi Əli
İldırımoğlunun bir nasir kimi yaradıcılıq
potensialının tükənməzliyindən xəbər
verən qüdrətli bədii faktdır…
Qurban Bayramov
Ədəbiyyat qəzeti.- 2012.- 16
noyabr.- S.4.