"Közərən sətirləri"in işığında

 

Mən Əli İldırımoğlunun sənədli, bədii bütün əsərlərini oxumuşam. Bir dost kimi hər təzə çıxan kitabını mənə bağışlayıb. O kitabların hərəsi Əli ömrünün bir parçasıdır. Əli isə son dərəcə keşməkeşli bir həyat yaşayıb. Uşaqlığından öz əli, öz başı olub, ağsaqqal olmaq məcburiyyətində qalıb. Hələ "Kommunist" qəzetində işlədiyi ilk illərdə Əli başına gələn qəziyyələri, görüb-eşitdiklərini mənə yerli-yataqlı danışıb və mən hər dəfə heyrətimi bildirmişəm ki, bu dediklərini o, niyə kağıza köçürmür? O vaxt Əlinin övladları hələ orta məktəbdə oxuyurdular. Əlinin qayğıları başından aşırdı və jurnalist olan atanın baba yaşında yazıçı olacağını demək çətin idi. Ancaq qəzetdə fəal çıxışı onun həvəsinin qədərsiz olduğunu göstərirdi. Həvəs isə istedadla yaranır. Həvəs istedadın canı-qanıdır. Elə adamlar var ki, məhz həvəsinin az olması günahından istedadı üzə çıxara bilmir.

Əli İldırımoğlunun əksər oçerklərinin, felyetonlarının, publisist məqalələrinin ilk oxucusu olduğumdan inanırdım ki, o, yarı yolda dayanmayacaq.

İllər isə keçirdi, çox illər keçdi, nəhayət, "Həmin adam", "Zorən jurnalist" romanları meydana çıxdı. Bu vaxta qədər Əlinin seçmə hekayələri, povestləri, felyetonları və oçerkləri toplular şəklində işıq üzü görmüşdü. Dostdan, tanışdan təbriklər eşitmişdi. Həmin kitablar (xüsusən "Telepat") Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində diplom işi mövzusuna çevrilmişdi. Ancaq "Zorən jurnalist" onun qələm meydanında ikinci zühuru idi.

"Zorən jurnalist" romanı olmuş əhvalatlar əsasında ustalıqla yazılan bədii əsərdir. Romanın qəhrəmanı Nazim adlandırılsa da, Əlinin özüdür. Daha dəqiq desəm, jurnalistika sahəsində Əlinin ilk addımlarının bədii təsviridir.

"Zorən jurnalist" Əli İldırımoğlu adlı bir nasirin də olduğunu qətiyyətlə elan etdi.

… "Közərən sətirlər" mövzuca həm tarixi, həm də olduqca müasir səslənən əsərdir. Əli mərdliyi, kişiliyi tərənnüm edib. O, hər qayada, hər qartal uçuşunda neçə-neçə xalq qəhrəmanı görüb. Təkcə doğma torpağında deyil, göylərdə də ana məhəbbətini axtarır.

…Əsərdə Süleyman Rəhimov, Hüseyn İbrahimov, İslam Səfərli, Adil Babayev, Əliağa Kürçaylı və başqa ziyalılarımız haqqında da maraqlı hekayətlər var. Xüsusən Süleyman Rəhimovun məşhur Nehrəm kəndində Cəlil Məmmədquluzadənin qızı Minəvvər xanımı görməyə getməsi ədəbiyyat tədqiqatçılarımız üçün də maraqlı faktdır.

Bir var - el dili ilə danışasan, bir də var - al dili ilə. Əli İldırımoğlu el dili ilə danışan yazıçılarımızdandır. Xüsusən, "Közərən sətirlər" el-oba ifadələri xəzinəsidir. Bir var, deyəsən "onun tərbiyəsini əzəl gündən pis veriblər", bir də var, deyəsən "qatıq turş olanda mayasındandır". Bir var, deyəsən "buğda təmizlənir", bir də var, deyəsən "kəhrəba buğda dənələri şüşələnir". Bir var, kiminsə pis adam olduğunu uzun-uzadı nəql edəsən, bir də var, deyəsən "naxələfdi!" Əlbəttə, el ifadələri daha tutarlı olur, hədəfə düz dəyir.

 

 

Əfqan

 

Ədəbiyyat qəzeti.- 2012.- 16 noyabr.- S.4.