Əbədiyyət nemətli zəhmət

 

Vasim müəllimi mən əslində, belə deyərdim: müqəddəs bir mənbədən - Qurani-kərimin məlum-məşhur tərcüməsi sətirləri arasında duyub dərk etməyə çalışmışam. Mərhum akademik Ziya Bünyadovla birgə qatlaşdığı bu ağır-əzablı, lakin əbədiyyət nemətli zəhmət onu ürəyində Allah sevgisi olan hər birimizə - bütün iman sahibi Azərbaycan övladına yaxından yaxın, doğma etmişdir.

Qurani-kərimin ana dilimizə tərcüməsinə maraq məndə hələ universitetdə (indiki BDU-da) oxuduğum illərdə başlamışdı. O zaman vaxt tapan kimi Respublika Əlyazmaları Fonduna gedər və unudulmaz Şəfayi müəllimdən nisbətən qısa müddət ərzində (bir semestr) öyrəndiyimiz ərəb əlifbasının köməyi ilə Bakıda sovet dövründən əvvəl tərcümə və çap edilmiş nadir Quran nüsxəsini saatlarla oxumağa çalışar, lakin, əlbəttə, istədiyim kimi oxuya bilməzdim. İllər ötdükcə, necə deyərlər, "mənzili-məqsüdə" yetdikcə əlaqədar mənbələrlə daha yaxından tanış olmaq imkanından həmişə mümkün qədər istifadə etdim. Ancaq bunların heç biri ən azı klassik ədəbiyyatımızın əbədi abidələrini gərəyincə başa düşməyə bəs etmirdi.

Quranın ana dilimizdə tərcüməsini görmək arzusunu-həsrətini vaxtilə universitetdə bizə dərs demiş unudulmaz Əli Fəhminin hərarətli mühazirələri xüsusilə gücləndirirdi. Məlum olduğu kimi, o özü də Qurani-kərimdən müəyyən hissələri tərcümə etmişdi. Vasim müəllim Əli Fəhminin bu sahədəki səyini ruhuna dərin hörmətlə xatırlayır. Yeri gəlmişkən, "Füzuli və folklor" mövzusunda diplom müdafiəm zamanı Əli Fəhmi müəllim mənim opponentim olmuş (diplom rəhbərim professor M.H.Təhmasib idi. O, sonralar həmin mövzuda namizədlik dissertasiyası müdafiəmdə elmi rəhbərim oldu) və zəhmətimi əla qiymətlə dəyərləndirmişdi. Ruhları şad olsun...

Həyatımın bu məqamlarını xatırlamağı ona görə mümkün saydım ki, sonralar Vasim müəllimin akademik Ziya Bünyadovla birlikdə ana dilimizə çevirdiyi Qurani-kərimin şəxsən mənim necə həsrətlə gözlədiyim müqəddəs bir tərcümə olduğu qədərincə hiss edilsin.

Müstəqil Azərbaycanımızın milli-mənəvi dəyərlərimizin qorunmasına, bütün islam aləminin, müsəlman dünyasının birliyinə , digər xalqların dininə, əqidəsinə yüksək hörmət -ehtiram ruhunda ardıcıl həyata keçirdiyi böyük siyasət tarixi nəticələrini verməkdədir. Xüsusilə belə çox mühüm bir dövrdə islami dəyərlərin müqəddəs kitabını, onun əbədiyaşar hökmlərini gərəyincə bilmək, bəşəriyyətin səadəti naminə İlahi kəlamın verdiyi imkanlardan mümkün qədər faydalanmaq vacibdir.

Möhtərəm Şeyximiz Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi Qafqaz Müsəlmanları İdarəsi bu sahədə əvəzsiz fəaliyyət göstərir. Təsadüfi deyil ki, bu mötəbər idarədə yaradılmış Elmi-Dini Şuranın sədri məsuliyyəti də Qurani-kərimi kəlmə-kəlmə şərh edən, Azərbaycan dilinin mövcud imkanlarını səfərbərliyə ala bilən və tam əminliklə deyərdim, qüdrətli alim Vasim müəllimə həvalə olunmuşdur. Şeyx həzrətləri onun barəsində əlbəttə, haqlı qeyd edir ki, "Qurani-kərimin tərcüməçisi, təfsirçisi və tədqiqatçısı kimi Azərbaycan alimi Vasim Məmmədəliyevin adı dünya islamşünaslığının diqqət mərkəzində və şərəf səhifəsindədir... Mən onun dərin zənginliyini uzun illər boyu müşahidə etmişəm. Tale elə gətirib ki, bizim səmimi amallar uğrunda qarşılıqlı əməkdaşlığımız sonradan sarsılmaz dostluğa və qardaşlığa çevrilib. Biz islamın inkişafında din ilə elmin vəhdətinə xüsusi əhəmiyyət verdiyimiz üçün Qafqaz Müsəlmanları İdarəsi nəzdində professor Vasim Məmmədəliyevin rəhbərliyi altında Elmi-Dini Şura yaradılmasına qərar verdik və şükür Allaha ki, niyyətimiz uğurla nəticələndi".

"Bir milyarddan artıq insanın etiqad etdiyi islam dininin müqəddəs kitabı, ərəb ədəbi dilinin ən möhtəşəm abidəsi və səmavi kitabların ən sonuncusu" olan Qurani-kərimin nəşrindən danışarkən Vasim müəllim həcmcə çox yığcam, məzmunca çox geniş "Son söz"də qeyd edir ki, bu nəşrdən məqsəd Qurani-kərimin Azərbaycan ədəbi dilinə tərcüməsidir.

Daha sonra əlavə edir: "Qurani-kərimi türk dilinə tərcümə etmiş mütəxəssislər "tərcümə" sözündən daha çox "məali" istilahını işlədirlər. Məali, yəni anlam - bu və ya digər ayənin ümumi məzmununun mütərcim tərəfindən başa düşüldüyü kimi verilməsi, sonra mötərizədə və ya xüsusi izahatla onun mənasının açıqlamasıdır. Fikrimcə, bu, Qurani-kərimin tərcüməsi üçün çox münasibdir".

Vasim müəllimin tərcümə dəst-xəttində bu ciddi tələbkarlığı açıq-aydın görmək mümkündür. Şəxsən mən etiraf edim ki, məsələn, "Şairlər" surəsi ilə və daha bir sıra başqa mövzularla bağlı müəyyən məqamları zərurət duyduğum hallarda özlüyümdə dəqiqləşdirmək üçün Şeyx həzrətlərinin Elmi-Dini Şuranın üzvlərinə (o cümlədən bu sətirlərin müəllifinə) hədiyyə etdiyi Qurani-Kərimin rus və türk dillərindəki sətri, həmçinin izahlı tərcümələrindən ibarət olduqca qiymətli, əvəzsiz cildlərdən böyük mənnətdarlıqla faydalanıram.

Bu şəxsi qənaətimi bildirmək mənim üçün çox xoşdur ki, belə müqayisələrdə indiyə kimi həmişə Vasim müəllimin təqdim etdiyi variantı əsas götürməli olmuşam.

Nəhayət, onu da deyim ki, ədəbi-bədii tərcümə prosesindən məlum olduğu kimi, xüsusilə qeyri-adi elmi-bədii qüdrətə malik orijinalın mütərcimə güclü təsiri faktı tamamilə təbiidir.

Müqəddəs kitabı ana dilinə çevirən qələm adamının isə şübhəsiz, ən böyük - hər kəsə nəsib ola bilməyəcək mükafatı Allahın ona bəxş etdiyi İlahi istedad olar.

Vasim müəllimi mən elə-belə də tanıyıram.

Yetmiş il onu müqəddəs bir məqsədə, şükürlər olsun, çox gümrah yetirmişdir. Şübhə etmirəm ki, inşallah, səksənində də səksənməyəcək!..

Bu dost-qardaş sözlərimi "Mənə bəxş edildi Qurani-kərim" misrası ilə başlayan və bir müəllif kimi özümün xüsusilə ürəyimcə olan şeirin son bəndi ilə bitirməyə daxili zərurət duydum:

 

Dünya həm sevincdi, həm də iztirab,-

İnsandır gətirir hər əzaba tab;

Yer üzündən şəri bəşər siləcək,-

Bir əlində qələm, birində - Kitab!..

 

 

Ayaz VƏfALI

10.11.2012

 

Ədəbiyyat qəzeti.- 2012.- 16 noyabr.- S.5.