Şirindil
Alışanlı - 60
Bu günlərdə
AYB-nin Natəvan klubunda görkəmli alim, tənqidçi-ədəbiyyatşünas,
filologiya elmləri doktoru, professor Şirindil
Alışanlının 60 illik yubileyi böyük təntənə
ilə qeyd olundu. AYB-nin AMEA Nizami adına Ədəbiyyat İnstitutu
ilə birgə keçirdiyi yubiley tədbirinin
aparıcısı Arif Əmrahoğlu giriş sözündə
alim həmkarı Ş.Alışanlının keçdiyi həyat
və yaradıcılıq yoluna ötəri də olsa bir nəzər
salaraq onun tənqid və ədəbiyyatşünaslığımıza
gətirdiyi yeni yanaşma və modern konsepsiyalardan
danışdı. Natiq qeyd etdi ki, Şirindil
Alışanlı kimi istedadlı gənclərin timsalında
70-ci illərin ənənəvi tənqidi yeni ruh və
biçimdə köhnə stereotiplərdən
yaxasını qurtara bildi. Ədəbiyyatın arxasınca
sürünən tənqid ədəbiyyatın önündə
getməyə başladı ki, bunun özü bir böyük
hadisə idi. Ş.Alışanlının bu yöndəki
xidmətləri əvəzsizdir.
AYB-nin
sədri, xalq yazıçısı Anar çoxdan
tanıdığı Ş.Alışanlıya ədəbi
duyumuna, sağlam təfəkkürdən gələn
eridusiyasına, obyektiv və prinsipial mövqeyinə görə
hər zaman hörmət bəslədiyini vurğuladı. Xalq
yazıçısı sözünün tamamında hələ
cavan görünən yubilyara həmişə belə şux
və sağlam ömür, yeni-yeni yaradıcılıq
uğurları arzuladı.
AMEA-nın
müxbir üzvü, f.e.d.Teymur Kərimli 40 ildən bəri
tanıdığı saf və səmimi insan, qayğıkeş
və etibarlı dost, geniş diapazonlu alim
Ş.Alışanlının 60 illik yubileyinin Natəvan
klubunda keçirilməsinə görə öncə AYB rəhbərliyinə
təşəkkür etdi və sonra yubilyar dostunun həm
insanlığa, həm elmimizə örnək ola biləsi məziyyətlərindən
danışdı.
F.e..d.,
professor Kamran Əliyev Ş.Alışanlının görkəmli
alim kimi yetişməyində çox mühüm rol
oynamış müəllimlərini xatırladı, 70-ci illərdə
BDU-nun filologiya fakültəsindəki elmi-ədəbi
mühiti və tədris prosesini yada saldı. Belə qənaətə
gəldi ki, məhz həmin 70-cilərin böyük bir
qisminin bu gün Ədəbiyyat
İnstitutunda ciddi elmi fəaliyyətlə məşğul
olmaları, ad-san qazanmaları təsadüfi deyil…
AMEA-nın
müxbir üzvü Fəridə
Vəlixanova Ş.Alışanlının elm aləmində
qazandığı uğurları, eyni zamanda onun Moskvada
aldığı təhsillə, Y.Borev kimi müəllimlərinin
zəhməti ilə əlaqələndirdi və belə qənaətə
gəldi ki, həm Azərbaycan, həm rus ədəbiyyatına,
ədəbiyyatşünaslığına, nəzəri
fikrinə yaxından bələdçilik özünün
belə dəyərli nəticəsini vermişdir.
Yubiley
mərasimində çıxış edən digər alimlərdən
Məhərrəm Qasımlı, Nizaməddin Şəmsizadə,
Asif Rüstəmli, Qurban Bayramov, Vaqif Yusifli, Adil Cəmil, Sara
Osmanlı, Ələmdar Cabbarlı da Ş.Alışanlı
haqqında etibarlı dost, qayğıkeş insan, dəyərli
alim kimi danışaraq onu 60 yaşının tamamı
münasibətilə ürəkdən təbrik edib sağlam
ömür və yaradıcılıq uğurları
arzuladılar.
Tədbirdə
AMEA Həmkarlar İttifaqı və "Aşıq Şəmşir
Mədəniyyət Ocağı" İctimai Birliyinin
diplom-mükafatları da yubilyara təqdim olundu.
Sonda
Ş.Alışanlı bütün iştirakçılara,
həmçinin AYB rəhbərliyinə dərin təşəkkürünü
bildirdi.
A.Savalan
Ədəbiyyat qəzeti.- 2012.- 16
noyabr.- S.6.