Elmi-nəzəri konfrans
"Hüseyn Cavid və dünya
romantizmində Şərq-Qərb
təmasları"
Bütün dünyanı əhatə etmiş qloballaşma-kürəsəllik milli bədii düşüncənin müqavimətini
artırmaq zərurətini
irəli sürüb. Son zamanlar
bu istiqamətdə diqqətəlayiq forumlar düzənlənir.
Bu günlərdə Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində dünya
romantizminin görkəmli
nümayəndəsi filosof-şair
Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-nəzəri
konfrans da bu silsilədə idi. Konfransın plenar iclasını giriş sözü ilə açan
ADMİU-nun rektoru, professor Timuçin
Əfəndiyev 1982-ci ildə
ulu öndər Heydər Əliyev tərəfindən Cavidin
nəşinin uzaq Sibirdən gətirilməsi
ilə bağlı maraqlı faktları diqqətə çəkdi,
ölkə Prezidenti cənab İlham Əliyevin dahi Cavidin yubileyi ilə bağlı imzaladığı sərəncamın
ədəbi-tarixi əhəmiyyətini
qeyd etdi. Ölkə Prezidentinin klassiklərimizin
yubileyləri ilə bağlı verdiyi sərəncamlar ədəbiyyat
və mədəniyyətin
inteqrasiyası prosesində
milli özgünlüyün
davamlılığını, rəqəmsal dünyaya qarşı humanitar düşüncənin müqavimətini
artırmaq kimi tarixi bir missiyaya
xidmət etdiyini vurğuladı. O, Cavidin
romantik fəlsəfəsindən
və səmavi qəhrəman konsepsiyasından
danışdı. Mütəfəkkir
şair, görkəmli
dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində
orijinal ədəbi simalardan biri olduğunu, minillik Azərbaycan ədəbiyyatının
növbəti inkişaf
mərhələsi sayılan
XX əsr Azərbaycan
romantizminin hamıdan çox Hüseyn Cavidin adı ilə bağlılığını
qeyd etdi.
Plenar iclasda oxunmuş
"Hüseyn Cavid romantizmində dünya modeli və fəlsəfi pafos" adlı məruzədə
(filologiya elmləri doktoru, professor G.Əliyeva-Kəngərli)
qeyd olundu ki, XX əsr Azərbaycan romantizmi XIX əsr Avropa romantizmindən fərqli olaraq dini-moralist romantizm deyil, vətəndaş romantizmi
idi. Avropada romantizmi bir
ədəbi-fəlsəfi cərəyan
kimi sentimentalizm hazırlamışdı. Ona görə də Avropa romantizmində emosionallıq, bundan dolayısı dini-moralist istiqamət güclü idi. Vətəndaş idealının tərənnümünə
Avropa romantikləri - İngiltərədə Bayron
və Şelli, Fransada Viktor Hüqo, Almaniyada çox zəif şəkildə Helderlen çox-çox sonralar gəlib çıxdılar. Azərbaycan romantizmi
əslində Avropa romantizminin bitdiyi, tükəndiyi yerdən yenidən başlandı.
Bu tamamilə yeni dövrün - tarixdə milli azadlıq hərəkatları epoxasının
idealları ilə nəfəs alan
romantizm idi. Azərbaycan romantizminin bir fərqli cəhəti də var idi,
diqqəti millət, azadlıq və vətən taleyinə yönəltməklə bərabər,
həm də özünün insan idealında millilik və ümumbəşəriliyi
birləşdirirdi.
Konfransda 70-dən artıq bədii və elmi-nəzəri ədəbiyyatdan
ibarət kitab sərgisi nümayiş olunurdu. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin imzaladığı sərəncamdan
irəli gələn tədbirlər planına uyğun olaraq konfransda H.Cavidin dünya romantizmində tutduğu mövqe məruzələrin əsas
mövzusu olmuşdur.
Qeyd olunmuşdur ki, Azərbaycan milli romantizminin poetika və estetikasının təşəkkülü H.Cavidin
adıyla bağlıdır,
Cavid Şərq-Qərb
romantizm ənənələrini
yeni bir zirvəyə qaldırmış
qüdrətli sənətkardır.
Konfransda
dünyanın bir çox ölkəsindən
mütəxəssislər iştirak
edirdi. Onların
sırasında ABŞ-ın
Masaçuset Amherst Universitetinin
tarix fakültəsindən
prof. Audrey L.Altstadt, Almaniyanın Berlin şəhərindən
Türk-Azərbaycan Ədəbiyyatı
və Xalq Bilimi "Muğam" Mədəniyyət Mərkəzinin
direktoru Əbdülqadir
İnaltəkin, Özbəkistanın
Təsviri İncəsənət
Qalereyasının direktor
müavini sənətşünaslıq
doktoru Kamola Akilova, Özbəkistan-Azərbaycan
Dostluq Cəmiyyətinin
icraçı direktoru,
Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetinin kafedra müdiri, tarix elmləri doktoru Nuriddinov Erkin Zuxriddinoviç, Türkiyənin İzmir şəhərindəki Ege
Üniversitetinin Türk
Dünyası Araşdırmaları
qurumunda dr. Əli Erol, Türkiyənin Balıkesir Universiteti fənn-ədəbiyyat fakültəsinin
tarix bölümündən
dr. Sebahattin Şimşir,
Türkiyənin Abant İzzet Baysal Universitetindən Mələk
Şahindokuyucu, Türkiyənin
Trabzon şəhərindən Duyğu və Fatma Karahasanoğlu bacıları, Türkiyənin
Mərmərə Universiteti
Türkiyat Araşdırmaları
İnstitutundan yardımçı
dr. Mehdi Gəncəli,
Türkiyənin Ərdahan
Universitetindən yardımçı
dr. Sevil Piriyeva, Türkiyənin Nevşəhər
Universiteti Sosial Bilimlər İnstitutundan Qəmzə Ağbaş,
Namangan Dövlət Universitetinin
aspirantı Nigora Ohundedayeva vardı.
Məruzə və çıxışlarda
əsas diqqət ümumən romantizmdə
Şərq-Qərb təmaslarına
ortaq və ayrılan dəyərlərə
yönəlmişdi. Bu beynəlxalq
konfrans dünyanın
H.Cavid haqqında nüfuzlu və möhtəşəm sözü
idi. Dünya şöhrətli alimlər belə bir fikir birliyinə
gəldilər ki, Hüseyn Cavid sözün həqiqi mənasında novator idi. O, Azərbaycan ədəbiyyatına mənzum
faciə janrını
gətirdi, mənzum dramaturgiyanın əsasını
qoydu. Yüksək romantik pafos
bu dramaturgiyanın vüsətini təmin etdi. İlahi eşqi ("Şeyx
Sənan") tərənnüm
edən, insan qəlbini İblis pəncəsindən xilas etmək üçün çarpışan ("İblis")
şairin qəhrəmanı
adi dildə sakit və təmkinli
üslubda danışa
bilməzdi. Bunun
üçün xəyalı
səmalara qaldıra bilən romantik poeziya, yüksək pafos və qanadlı
patetika lazım idi və H.Cavid
bunu yaratdı, qəhrəmanlarına səhnədən
səmaya uçmaq üçün imkan verdi. XX əsrin
20-ci illərini yeni proletar ədəbiyyatı
vintçiyi, təkərciyi
tərənnüm etdiyi
bir dövrdə, ədəbiyyatın Lenindən
və Stalindən böyük adam
tanımadığı bir
dövrdə səhnəyə
türkün böyük
oğlu Əmir Teymuru, ulu peyğəmbər
Məhəmməd Əleyhissəlamı,
filosof-şair Ömər
Xəyyamı çıxardı.
Bu, böyük cəsarət, yenilməz iradə, möhtəşəm
tarixi uzaqgörənlik
idi. Bu, eyni
zamanda H.Cavid romantizminin türkçülüklə
bağlılığından irəli gəlirdi.
Almaniyalı alim Əbdülqadir
İnaltəkin H. Cavid
yaradıcılığını dahi Füzuli ilə bağlantılar kontekstində sufizmin əsas mövzusu olan ilahi eşqlə
ilgili təhlilə çəkdi. Bu çox
orijinal yanaşma təkçə Hüseyn
Cavid yaradıcılığının
sufizimlə əlaqələrini
deyil, həm də mübahisəli bir problemin - Füzuli yaradıcılığında
sufizmin təsdiqi kimi maraq doğurdu.
Füzuli Leylini yaratdığı
kimi, Cavid də ülvi bəşər övladı
olan Xumarı ilahi hüsnün, ilahi eşqin daşıyıcısı kimi
yaradır və onun Şeyx Sənanla əl-ələ
tutub haqqa doğru uçuşunu mayasında ilahi səadət olan nurlu faciə kimi yaradır. Sənan və Xumar insanları
bir-birindən ayıran
uçurum dərələri
öz ölümləri
ilə birləşdirməyə,
insanlığın Tanrıya
yetmək üçün
körpü rolu oynaya bilirlər. Beləliklə, də H.Cavid
öz yaradıcılığında
yerləri və göyləri birləşdirməyə
nail olur.
Beynəlxalq konfrans təkcə dünya ədəbiyyatşünaslığının
ayrı-ayrı nailiyyətlərini
deyil, həm də çağdaş Azərbaycan filoloji fikrinin səviyyəsini əks etdirdi.
Diqqət çəkən çıxışlardan biri
də professor Əli Erolun "Şeyx Sənan" adlı məruzəsi oldu . "Otuz yaşlı, sağlam ruhlu böyük din-iman sahibi, nüfuzlu
bir şeyx, şeyxlərin rəhbəri
vaxt gəlir ki, xəyalət aləmində bir gavur qızını, xristian imanlı gürcü qızı Xumarı görür və şaşırır.
Xumar ona nəinki ülviyyət rəmzi olan Zəhranı və bütün dünyanı, dinü-imanı,
ərşü-əlanı unutdurur. Bəlkə Şeyxin əqidəsi
möhkəm deyil?
Yox, o, dini sevən və onun fəlsəfi
mahiyyətini külli-aləmə
bəyan edən bir mübəlliğdir.
Şeyx Sənan Xumara qovuşmaqdan ötrü qarşısına
qoyulan bütün şərtləri qəbul
edir: dini-imanı atır, şeyxlərdən
ayrılır, boynundan
xaç asır, şərab içir, iki il donuz otarır, yalnız bir şərti - Quranı yandırmaq təklifini qəbul etmir. Bütün bunlar Şeyx Sənanı romantik bir sevgi qəhrəmanından
çox, ilahi eşq sahibi, sufi-mistik filosof kimi səciyyələndirir.
Artıq
onun üçün dinlərin, məscid və kilsənin, məscid və meyxanənin heç bir fərqi yoxdur" - deyən
professor "Şeyx Sənan"
həqiqətən də
H.Cavidin "hüsni-xuda
şairi" olduğunu
təsdiq edən möhtəşəm sənət
əsəri olduğunu
vurğuladı.
Həqiqətən dünya romantik ədəbiyyatının
bədii incisi olan "Şeyx Sənan" əsəri romantik faciə olmaqla bərabər, eyni zamanda sufizmi
səhnəyə gətirən
ilk dram əsəridir, müəllif
bu əsərlə
ilk mənzum tarixi faciənin, poetik teatrın, həm də sufi-mistik teatrın əsasını
qoymuşdur.
Romantizm nəzəriyyəsi kontekstində cavidşünaslıq
elminin müasir nailiyyətlərini ortaya qoyan bu beynəlxalq
konfrans xalqlar arasında ədəbi-nəzəri
münasibətlərin də
maraqlı bir düzəni kimi dəyərləndirilə bilər.
Şərq-Qərb təmasları zaman-zaman gündəmə
gəlib və bu gün də
aktualdır.
Böyük romantik şair və filosof Hüseyn Cavidə həsr olunmuş beynəlxalq konfrans bunu bir
daha sübut etdi.
Ədəbiyyat qəzeti.- 2012.- 16 noyabr.- S.6.