"Erməni
tarixçiləri də etiraf etmişlər ki, onlar Cənubi
Qafqaza gəlmədirlər"
Bakı
Dövlət Universitetinin kafedra müdiri professor Anar İsgəndərlinin
tədqiqat sahəsinə XIX-XX əsrlərdə Osmanlı və
Cənubi Qafqazda erməni-türk və azərbaycanlı-erməni
münasibətlərinin tarixşünaslığı
daxildir. Onun tədqiqatlarında erməni hərbi birləşmələrinin
azərbaycanlı əhaliyə qarşı həyata
keçirdiyi soyqırımlar sovet, vətən, mühacir və
Qərb müəlliflərinin əsərləri əsasında
araşdırılmışdır. Bu günlərdə tarix
elmləri doktoru A.İsgəndərliyə müraciət edərək
xüsusilə indi aktual olan bir sıra məsələlərə
münasibət bildirməsini xahiş etdik.
- Anar
müəllim, Cənubi Qafqazda türk-müsəlmən əhalisinin,
yəni azərbaycanlıların hələ eramızdan
çox-çox əvvəllər məskunlaşması
tarixi faktlarla sübut olunmuşdur və bu məsələdə
heç bir şəkk-şübhə ola bilməz. Sizin
yaxın vaxtlarda işıq üzü görmüş
"Azərbaycan həqiqətləri: 1918-1920"
kitabınız da bu bölgənin tarixinin obyektiv şəkildə
öyrənilməsində mühüm əhəmiyyət kəsb
edir.
-
Qeyd etdiyiniz kitabın başlıca məziyyəti onun
yazılmasında Qərb, rus, türk və Azərbaycan dillərində
olan müxtəlif mənbələrə istinad
olunmasıdır ki, həmin mənbələrin də
böyük bir qismi elmi dövriyyəyə ilk dəfə cəlb
edilmişdir. Ümumiyyətlə, tarixən Cənubi Qafqazda
məskunlaşan azərbaycanlılar həmişə
qonşu xalqlarla xeyirxah münasibətləri ilə diqqəti
cəlb etmişlər. Eramızdan əvvəl III minilliyin
ortalarında Azərbaycanın kuti, turukki və lullibi
tayfaları Şərq ölkələri ilə, o cümlədən
qonşuları Mesopotamiya ilə ticarət əlaqələri
yaratmışdılar. Akkad, Şumer şəhər dövlətləri
ilə qurulan münasibətlər bu ərazidə yaşayan
xalqların tarixində böyük iz buraxmışdır.
Eramızdan əvvəl IX əsrdə Azərbaycan ərazisində
qədim Manna dövləti yarandı və bu dövlət
dünya tarixinə Azərbaycanın ən qədim dövlətlərindən
biri kimi daxil olmuşdur. Bu dövlət qonşuları Midiya,
Assuriya və Urartudan fərqli olaraq heç bir qonşu
dövlətin torpağına göz dikməmişdi.
Eramızdan əvvəl VII əsrdə isə kimmer, skif və
sak tayfalarının bu ərazidə məskunlaşması
türkdilli tayfaların mövqeyini daha da möhkəmləndirdi.
-
Bəs ermənilərin tarixən
Cənubi Qafqazda yaşamaları ilə bağlı
iddiaları barədə nə deyə bilərsiniz?
-
Erməni ideoloqları iddia edirlər ki, guya dünyanın
yaranışı onların adı ilə bağlıdır.
Bu iddianın tərəfdarları tarixi həqiqətlərdən
daha çox rəvayətlərə üstünlük verirlər.
Ermənilərlə bağlı yazılan həqiqətlər
isə başqa şey deyir. "Tarixin atası"
adlandırılan Herodot yazır: "Fərat çayının
yuxarı axarlarındakı ərazilərdə köçəri
erməni tayfaları yaşayırdı." Tarixçi
Tatsit yazır: "Xəzərsahili xalqlar - hunlar, albanlar,
kadusilər və başqalarının aralarında erməni
adına rast gəlmədim." Rus tarixçisi Dyakonov belə
yazır: "Erməni etnosu Qafqazın hüdudlarından kənarda
formalaşıb." Erməni tarixçisi Pastermasyan isə
yazır: "Ermənilər eramızdan əvvəl VII-VI əsrlərdə
Qərbdən Şərqə gəlmişlər." Bir
sıra erməni müəllifləri qədim erməni
tayfalarının eradan əvvəl II minilliyin ortalarında
Balkan yarımadasında frakiyada Hind-Avropa dil ailəsinə mənsub
digər etnoslarla birlikdə yaşadıqlarını qeyd
edirlər. Eradan əvvəl I minilliyin ilk əsrlərində
erməni tayfaları Kiçik Asiyanın şərqinə
doğru köçməyi davam etdirmiş, Dəclə və
Fərat çaylarının
yuxarı axarları boyunda məskunlaşmağa
başlamış, daha sonra isə Van gölü hövzəsinə
yayılmışlar.
Ümumiyyətlə,
ermənilərin qədim tarixi ilə bağlı dəqiq mənbələr
yoxdur. Məlum olan odur ki, uzun əsrlər boyu ermənilər
Roma, İran-Sasani və Bizans imperiyalarının
vassallığında olmuşlar. Bir sözlə, erməni
tarixçilərinin ermənilərin yaranışı və
onların Cənubi Qafqazda formalaşması ilə
bağlı yazdıqları uydurmalar o qədər çoxdur
ki, bunların təhlilinə heç bir lüzum yoxdur.
Ermənilərin
Cənubi Qafqaz torpaqlarında yaşaması ilə
bağlı iddiaların heç bir elmi əsası yoxdur. Fakt və hüquqi sənəd
kimi 1805-ci il mayın 14-də Rusiya dövləti ilə
Qarabağ xanlığı arasında bağlanmış
Kürəkçay müqaviləsinə nəzər yetirmək
kifayətdir. 11 maddədən ibarət olan həmin müqavilənin
heç bir bəndində ermənilərlə bağlı
bir cümlə belə yazılmayıb. Əgər bu torpaqlar
ermənilərə məxsus idisə, ermənilərin himayəçisi
olan Rusiya dövləti nə üçün onların
adını bir dəfə də olsun bu müqavilədə
xatırlamır. Əksinə, müqavilənin birinci bəndində
birmənalı olaraq belə qeyd olunur: "Biz, yəni
Şuşalı və Qarabağlı İbrahim xan və
bütün Rusiya qoşunlarının infanteriya generalı,
Qafqaz müfəttişliyinin infanteriya müfəttişi
knyaz Pavel Sisianov, olduqca mərhəmətli, böyük
imperator Əlahəzrət Aleksandr Pavloviçin verdiyi tam səlahiyyət
və ixtiyarla Allahın köməyi ilə Şuşalı
və Qarabağlı İbrahim xanın bütün ailəsi,
nəsli və ölkəsi ilə bütün Rusiya
imperiyasının və indi bəxtiyarlıqla
hökmranlıq edən böyük Aleksandr Pavloviç və
onun yüksək varislərinin əbədi təbəəliyini
qəbul etməsi məsələsinə başlayaraq
aşağıdakı şərtləri bağladıq, qərara
aldıq və imzaladıq."
Müqavilədən
də göründüyü kimi, bu sənəd Azərbaycanın
Qarabağ xanı İbrahimxəlil xanla bağlanmış və
müqavilənin bütün maddələrində bu
torpaqların Azərbaycana məxsus olması təsdiq olunur. Yəni
Kürəkçay müqaviləsinə əsasən
Qarabağ xanlığı məhz müsəlman - Azərbaycan
torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks
etdirən Kürəkçay müqaviləsi eyni zamanda
Qarabağın, o cümlədən də bu diyarın
dağlıq hissəsinin Azərbaycan xalqına məxsus
olduğunu sübut edən ən mötəbər sənəddir.
Erməni
tarixçisi V.Parsamyan yazır: "Bu, inkaredilməz bir
faktdır ki, Cənubi Qafqazın Rusiya imperiyasına birləşdirildiyi
dövrə kimi ermənilər bu ərazidə cəm
halında yaşamamışlar. Rusiyaya birləşəndən
sonra Ermənistan adlandırılan ərazidə əhalinin
33,8 faizini ermənilər, 49,7 faizini isə müsəlmanlar
(azərbaycanlılar) təşkil edirdilər."
-
Bir faktı da qeyd etməliyik
ki, 1988-ci ildə açıq müstəviyə keçən
Ermənistan-Azərbaycan müharibəsinə qədər erməni
tarixçiləri özləri də etiraf edirdilər ki,
onlar Cənubi Qafqaza gəlmədirlər.
-
Bəli, tamamilə doğru buyurursunuz. Ancaq Sovet dövründə
ermənilərlə bağlı bütün mənbələr
"Xarici ölkələrin qaynaqları Ermənistan və
ermənilər haqqında" adı altında erməni
dilində nəşr edildi. Erməni tarixçiləri ən
qədim erməni tayfalarının eradan əvvəl II
minilliyin ortalarında Balkan yarımadasında, frakiyada digər
etnoslarla birlikdə yaşadıqlarını qeyd etmişlər.
Eradan əvvəl XIII-XII əsrlərdə xalqların
növbəti köçü zamanı erməni tayfaları
da Kiçik Asiyanın mərkəzinə, daha sonra isə
yarımadanın şərq hissəsinə tərəf hərəkət
etmişlər. Eradan əvvəl I minilliyin ilk əsrlərində
erməni tayfaları Kiçik Asiyanın şərqinə
doğru köçlərini davam etdirmiş, Dəclə və
Fərat çaylarının
yuxarı axarları boyunda məskunlaşmışdılar.
Görkəmli
amerikalı tarixçi, mənşəcə erməni Ronald
Syuni "Erməni xalqı: qədim dövrdən bu günə
kimi" adlı əsərində yazır ki, tarixi Ermənistan
adlanan ərazilərə ermənilər 2600 il bundan əvvəl
gəlmişlər. Gəlmə ermənilər burada daha
öncədən yaşayan Urartu əhalisini məhv etmişlər.
Ronald Syuni həmçinin qeyd edir ki, Dağlıq Qarabağ qədim
albanların tarixi torpağıdır, qədim albanlar isə
azərbaycanlıların əcdadlarıdır.
1441-ci
ildə Qaraqoyunlu hökmdarı Cahan şahın icazəsi ilə
erməni katolikosluğunun mərkəzi Kilikiyanın mərkəz
şəhəri olan Sisdən İrəvan bölgəsinə
- Üçkilsəyə (Eçmiədzinə)
köçürüldü. Bu faktı ən fanatik erməni
tarixçiləri də təsdiq etmək məcburiyyətində
qalıblar. Hətta ortodoksal erməni kilsəsinin İrəvan
bölgəsinə, bir sözlə, Üçkilsəyə
köçürülməsinin 570 illiyinin dövlət səviyyəsində
qeyd olunması da məlumdur.
Dini
mərkəzin Üçkilsəyə
köçürülməsi İrəvan bölgəsində
erməni təsirinin güclənməsinə səbəb
oldu. XVIII əsrin ikinci yarısında erməni katolikosu vəzifəsini
icra etmiş irəvanlı Simeon bununla bağlı
yazdığı əsərində qeyd edirdi ki, 1429-cu ildə
katolikosluğun baş yepiskopu Sumbatın oğlu Qriqor İrəvan
əmiri Rüstəmə məxsus Valarşabad kəndini
satın alaraq erməni kilsəsinə
bağışladı. Bu alış-veriş erməni
katolikosluğunun mərkəzinin İrəvan bölgəsinə
köçürülməsinə imkan verdi. Katolikosluğun
mərkəzi Eçmiədzinə
köçürüldükdən sonra erməni kilsə
xadimləri yeni torpaq sahələri almağa başladılar.
Katolikos Makulu Qriqor İrəvan əmiri Rüstəmdən 7
kəndin torpağını 90 min dinara alıb Eçmiədzin
kilsəsinin vəqfinə çevirmişdi. İrəvanlı
Simeonun yazdığına görə, 1443-cü ildə
katolikos Qriqor Cahan şahın icazəsi ilə əmir Səədin
oğlu Pir Hüseynə məxsus Üçkilsə kəndinin
torpaqlarını satın alaraq Eçmiədzin kilsəsinə
vəqf olaraq bağışlamışdı.
Alqı-satqı
sənədlərində adları çəkilən
yaşayış məntəqələrinin və yer
adlarının əksəriyyəti, o cümlədən Molla
Dursun, Qarakit, Şorlu, Kültəpə, Əlibəyli, Kasax
çayı, Bəzirqan yolu və s. Azərbaycana məxsus
olan yer adlarıdır. Bu faktlar XV əsrin birinci
yarısına kimi İrəvan bölgəsindəki
torpaqların azərbaycanlılara məxsus olduğu bir daha təsdiq
olunur.
- Tarixən
Qafqazda əmin-amanlığın tərəfdarı və
Qafqaz evinin yaradılmasının təşəbbüskarı
olan azərbaycanlılardan fərqli olaraq ermənilər nəyə
nail olmaq istəyirlər?
-
Məlumdur ki, Cənubi Qafqazda sülh və əmin-amanlığın
tərəfdarı kimi çıxış edən müstəqil
Azərbaycan dövlətinin qurucuları nə qədər
çətin olsa da 1918-ci ildə keçmiş İrəvan
xanlığının paytaxtı İrəvan şəhərini
ermənilərə güzəştə getdilər. Hətta
təşkil olunmuş ilk Azərbaycan parlamentində ermənilərə
21 yer ayırdılar. Həmin güzəştlərdən
şirniklənən ermənilər Sovet Rusiyasının
yaxından köməkliyi ilə Azərbaycanın Zəngəzur
qəzasına sahib oldular və daha sonra isə Dağlıq
Qarabağın və s. torpaqların verilməsi ilə
bağlı ədalətsiz ərazi iddialarına
başladılar.
XX
əsrin 50-ci illərinin əvvəllərində erməni
ideoloqları türksüz Ermənistan yaratmaq
üçün sovet rəhbərliyinin köməkliyi ilə
Qərbi Azərbaycanda yaşayan minlərlə azərbaycanlının
öz dədə-baba torpaqlarından deportasiya olunmasına
nail oldular. 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində
tarixən bu ərazidə yaşayan bütün azərbaycanlılar
qovularaq qaçqınlıq həyatını yaşamağa
məcbur edildilər. Hələ bu azmış kimi erməni
silahlı birləşmələri tərəfindən Azərbaycan
Respublikası ərazisinin 20 faizi işğal edilmiş və
bir milyon insan məcburi qaçqına çevrilmişdir.
- XIX əsrin
ortalarından bu ərazidə məskunlaşmağa
başlayan ermənilər Cənubi Qafqaza qırğın,
milli və dini ayrı-seçkilik, düşmənçilik
hissləri gətirdilər. Bu siyasət indi də davam edir.
-
XX əsr dünyanın müxtəlif ölkələrində
baş verən çoxsaylı faciələrlə yadda qaldı.
1992-ci ilin fevralında erməni hərbi birləşmələrinin
Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı həyata
keçirdiyi soyqırım əsrin ən böyük faciələrindən
birinə çevrildi. Erməni hərbi birləşmələri
366-cı rus alayının köməyindən istifadə edərək
fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini
işğal etdilər. Xocalı faciəsi zamanı 613 nəfər,
o cümlədən 106 qadın və 23 körpə qətlə
yetirildi, 487 nəfər əlil oldu, 1275 nəfər əsər
alındı, 150 nəfər isə itkin düşdü.
1992-ci
il mayın 8-9-da Şuşa şəhəri, mayın 16-18-də
Laçın rayonu, 1993-cü il aprelin 1-3-də Kəlbəcər
rayonu, iyunun 26-28-də Ağdərə rayonu, iyulun 23-24-də
Ağdam şəhəri, avqustun 23-də Füzuli şəhəri və
kəndləri, avqustun 24-də Cəbrayıl şəhəri
və kəndləri, avqustun 31-də Qubadlı rayon mərkəzi
və onun kəndləri, oktyabrın 30-da Zəngilan rayon mərkəzi
və onun kəndləri, noyabrın 12-də Horadiz şəhəri
işğal edildi.
1988-1993-cü
illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü
nəticəsində Ermənistanda yaşayan 250 min azərbaycanlı,
habelə Azərbaycanın işğal olunmuş ərazilərindən
760 min azərbaycanlı öz dədə-baba torpaqlarından
qovuldu. Azərbaycanlı qaçqınların sayı 1 milyon
10 min nəfərə çatdı. Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində Azərbaycan tərəfinə
dəyən maddi ziyanın həcmi 60 milyard ABŞ dolları
həcmində qiymətləndirilir. 1988-1994-cü illərdə
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində
20 min insan həlak olmuş, 50 mindən artıq insan isə
yaralanmış və ya şikəst olmuşdur.
1994-cü
il mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəsin
elan olunmasından sonra 5500-dən artıq hərbçi və
dinc sakin erməni silahlıları tərəfindən qətlə
yetirilmişdir.
20
ilə yaxındır ki, Azərbaycan hakimiyyəti erməni hərbi
birləşmələri tərəfindən işğal
olunmuş torpaqlarımızın geri qaytarılması
üçün danışıqlar aparır. Birləşmiş
Millətlər Təşkilatı Təhlükəsizlik
Şurasının ermənilərin işğal olunmuş Azərbaycan
torpaqlarından çıxarılması ilə bağlı
dörd qətnaməsi (822, 853, 874 və 884 nömrəli)
mövcuddur, amma bu günədək onların bir nəticəsi
yoxdur.
- Anar
müəllim, bu gün də Cənubi Qafqazda sakitlik yoxdur. Bu
sakitliyi pozan qüvvələrin kimliyi və onlara
havadarlıq edənlər də məlumdur.
-
Bəli, Cənubi Qafqazda silah gücünə özgə
torpaqlarını işğal edən və bir milyon insanı
qaçqınlıq həyatı yaşamağa məcbur edən
qüvvələr də məlumdur. Məlum olmayan və
narahatçılıq doğuran odur ki,
işğalçı siyasət həyata keçirən bu
qüvvələr böyük dövlətlər tərəfindən
müdafiə olunurlar.
Dünya
bu gün terrora qarşı mübarizə aparır və bu
mübarizədə hər bir sülhsevər xalqın
iştirakına böyük ehtiyac vardır. Mərhum Avstriya
tarixçisi Erix Fayql
yazırdı ki, görəsən, mənim türkiyəli
dostum erməni terrorçusunun gülləsinə tuş gəlməsəydi,
mən bu həqiqətləri qələmə almağa cəhd
edərdimmi? Bəli, Erix Fayql
milli və dini fərqləri nəzərə almadan türklər
və ermənilər arasında mövcud olan münasibətlərə
aydınlıq gətirdi. Yazdığı əsərində
obyektiv mövqe nümayiş etdirdiyinə görə yəqin
ki, ruhu həmişə şad olacaq.
Amerikalı
tədqiqatçı T.Svyatoxovski yazır ki, XIX əsrin
sonlarında erməni millətçiləri
"Hnçaq" və "Daşnaksütyun" kimi
terrorçu təşkilatlar yaradanda bu təşkilatların
kimə qarşı cəbhə açacağı və kimdən
yardım alacağı da aydın idi. Həm də bu təşkilatlar
məqsədlərinə çatmaq üçün hansı
vasitələrdən istifadə edəcəklərini də
gizlətmirdilər. Ancaq müsəlmanlar, yəni azərbaycanlılar
XX əsrin əvvəllərində "Hümmət"
adlı bir təşkilatı yaratmaqla kifayətləndilər.
Təşkilatın məqsədi daha çox arzuya
oxşayırdı: dünya müsəlmanlarının həmrəyliyinə
nail olmaq. Bu həmrəyliyə nail olmaqdan ötrü
başqa xalqlar hədələnmir və onların torpaqları
gözaltına alınmırdı.
XIX
əsrin ortalarında Türkiyədə səfərdə
olan alman səyyahı Alfred Kyorts "Anadolu eskizlərində"
öz fikirlərini kiminsə təzyiqi altında
yazmamışdı. Ən əsası ona görə ki, bu əsər
Almaniyada çap olunmuşdu. Alfred Kyorts yazırdı ki, erməni
ziyalıları çoxdan başa düşürlər ki,
onların tayfaları hər yerdə pis ad qazanıblar. Ermənilər
öz müsəlman qonşularının hesabına
varlanmağı naqis iş hesab etmirlər, həm də
xristian adı onlara xeyir gətirir.
Tanınmış
rus tarixçisi V.Veliçko yazırdı ki, ermənilərin
yazılı tarixi dürüst olmasa da, heç bir
tarixçiyə tanış olmayan "böyük
adlarla" onu doldurur və bəzən də mənşəyi
şübhə doğuran adamlar şişirdilmiş halda təsvir
olunurlar. Sərhədləri daim dəyişkən bir ölkə
olan Ermənistanın şübhə doğuran hökmdarları
həmişə qonşu padşahlardan asılı vəziyyətdə
qalıblar və onları satmaqla məşğul olublar.
XIX
əsrin görkəmli gürcü publisisti
İ.Çavçavadze qeyd edirdi ki, qoy qadir Allah onlara (ermənilərə)
qüvvət, hamısına birləşmək
bacarığı versin. Lakin heç kimə kələk gəlməsinlər,
bizim adımızı alçatmaqla özlərini tərifləyib
göyə qaldırmağa və şöhrətləndirməyə
cəhd göstərməsinlər. Biz sizə
sığınacaq verdik, sizi saxladıq və sizinlə
qardaşlaşdıq. Bizimlə öz evimizdə düşmən
kimi rəftar etməyin. Evində yaşayan düşmənin
olunca, yolda uzanan şirin olsa daha yaxşıdır.
Burada
bir tarixçi olaraq onu da qeyd etmək istəyirəm ki, Cənubi
Qafqazda türk-müsəlman əhalisinə qarşı həyata
keçirilən qırğınlar və region əhalisinin
başına gətirilən müsibətlər
ardıcıl olaraq araşdırılmalı və yeni-yeni məlumatlar
geniş ictimaiyyətə çatdırılmalıdır.
Bu qırğınların törədilməsində
başlıca məqsəd isə heç şübhəsiz,
ermənilərin tədricən böyük dövlətlərin
himayəsi altında bu bölgəyə
köçürülməsi olmuşdur. Bütün bunlar da
bir daha ermənilərin bu regionda gəlmə
olduqlarını təsdiq edir.
Müsahibəni qələmə
aldı: Ələsgər Behbudlu
Ədəbiyyat qəzeti.- 2012.- 16
noyabr.- S.7.