Hər
sözdən dünyaya bir
işıq düşür…
Əbülfət Mədətoğlu.
"Mənim kimi sevə bilsən".
"Gənclik" nəşriyyatı
- 2012
Könlü-gözü
günəşdən əvvəl işıqlı dünyaya
açan, bütün doğmalardan öncə adamı inama səsləyən,
sinəyə sıxan bir aləmin könül
pıçıltıları ürpərir Əbülfət
Mədətoğlunun "Mənim kimi sevə bilsən"
adlı şeirlər kitabından. Bəs elər ki,
aşağıdakı misraların təzə-tərliyindən
barına biləsən, özünü o yerə qoyub
könlündən keçəni deyə biləsən:
Nə olar,
yuxudan oyanıb hərdən
Gör ki,
yatağına bir işıq düşür.
Bütün
ömrü "bir anın məntiqinə tabe olan" bu
istedadlı şairin səmimi deyim tərzindən, poetik
düşüncəsinin təzə-tərliyindən doymaq
olmur ki, olmur. O, göy dərinliyinə çəkilmək
istəyini, sozalan ümidlərə göz ola bilmək
arzusunu şeirin, sözün yeddi qatından təbii
ştrixlərlə keçirə bilir, yaranmış gözəlliklərin
gözlərinə baxmaq üçün göz ola bilməməsinin
təəssüfünü gözəl yaşayır.
Əbülfətin
elə yığcam lakonik, təbii şeirləri var ki,
onları ayrı-ayrı misralara, mənglərə bölərək,
tamlığını pozaraq təqdim etməyə adamın əli
gəlmir. Sadəcə üzünü köçürmək
zorunda qalırsan:
Pəncərəmin
önünə
Qonan
cüt göyərçinə
Elə həsrətlə
baxdım -
Uçdular.
Dən səpdim,
dönmədilər,
fit
çaldım, dinmədilər,
Nə
çəkdim, bilmədilər,
Uçdular…
Bilməzdim
qısqancdılar,
Baxışı
qısqandılar,
Bir həsəd
qazandılar -
Uçdular…
Bütün
ifadə, deyim, fikir yükü və poetik ovqat
baxımından təzə, təravətli və
orijinaldı, təqdirəlayiqdir.
Eyni
bütövlük, tamlıq meyarı ilə oxunur Ə.Mədətoğlunun
silsilə adsız şeirləri.
Bu
maraqlı kitaba əhatəli ön söz yazan ədəbiyyatşünas
alim Rüstəm Kamal da fərqindədir ki, Əbülfətin
hər bir şeri "bitib-tükənməyən monoloqun
hissələridir, qafiyələrlə, məkrarlarla
ayrılmış bütöv bir səsdir… Hər bənd, hər
beyt ürəyin döyüntüsü, cümlədə
pauzadır, nəfəsdərmədir…"
Təbii
ki, belədi və o yerdə ki, tənqidçi ilə
yazıçının mövqeyi eyni məqamda kəsişir,
üst-üstə düşür, deməli ədəbi əsərin
yaşamaq haqqı ikiqat isbatlanır.
Bu misralar Əbülfətin
yozumunda necə də məntiqli, ifadəli səslənir:
Divarların
arası
Boşluğun
nəfəs yeri.
Dərində
söz yarası -
Götürmək
olmur geri…
Şair
"Susdum, sözüm böyüdü sevən ürəklər
üçün" misrasında yaddaqalan,
Bir
azların içində
Bir az sənin
üçün də,
Bir az mənim
üçün də
Qalmışdım…
-
deyimində
təbii və orijinaldı.
Şeirin
yolu, şairin yaşarılığı bu təbiilikdən,
səmimiyyətdən keçir.
Sərvaz
Ədəbiyyat qəzeti.- 2012.- 16
noyabr.- S.8.