Şeir darıxmağın şəkli kimidi

 

Fərqanə. "İkimiz darıxsaq…" Bakı - 2012

  

Poetik boyartımı ilə seçilən Fərqanənin müşahidələri təkcə şəxsi yaşantılarına, gündəlik qayğılarına hesablanmır, daha çox cəmiyyətin, əhatəsində olduğu insanların könül ortağı olaraq araya-ərsəyə gəlir.

Tutaq ki, onun:

 

Evlərdə dəmlənən

çaylar soyuyur,

Kişilər ləngiyir

çayxanalarda -

 

müşahidəsi bir qələm adamının heç bir artıq təfərrüata, quru sözçülüyə ayaq yeri qoymadan insanın yaşam tərzində baş verən aşılanmaları bütün incəliklərinə qədər əks etdirə bilir və əlavə şərhə heç bir ehtiyac qalmır.

Fərqanənin:

 

Dünyanın düz adamıyam,

Tanrının öz adamıyam,

Bilirsən söz adamıyam,

Sən məni sözlə aldatma.

 

- misralarının həzin, poetik ovqatı onun əksər şeirlərinə hakimdi, o qədər ki, hətta ta ən qınaqlı misraları belə alqış kimi oxunur. Bu baxımdan onun başdaşı yonan ustayla olan söhbəti, belə bazarın heç mübarək olmaması arzuları çox lakonikdir. Nədənliyi onunla bağlıdır ki, Fərqanə yaşamadığı hissi yazmır, daha çox

 

Qarala-qarala

vərəq üstə

Bu gecə yuxumda

şeir yazırdım.

 

- cəfasının səfasını yaşayır:

 

Kim bilir növbəti kələklər idi,

Günüzlü çağıma gərəklər idi,

Birinci oxucum mələklər idi,

Bu gecə yuxumda şeir yazırdım.

 

Şair qəlb açıb, könül verdiyinin "getmə!" istəyinə qarşı heç bir əsəb, hikkə nidasıyla yox, qadın incəliyindən irəli gələn səmimi rica tonuyla izn istəyir və bu istək çox səmimi səslənir:

 

Bəlkə söz-sovun var, denən çatdırdım,

Şairlər Allaha yaxın olurlar.

 

Allaha yaxınlığın bir əsas yolu isə səmimiyyətdən, göz-könül toxluğundan keçir, Fərqanə şeirin dili ilə "torpağı ucuz, papağı baha satan" kişilərin üzsüz üzlərinə ictimai qınaq həmləsi etməyin, şeiri şəhid olan şairlərin qəm ortağı kimi sözünü şax deməyin dilini bilir, "şeirin ucbatından ölən canımla özüm öz evimdə kirayə qallam" yaşamının şükranlığını edir.

Fərqanənin şeir texnologiyası ənənədən gəlir. O, özübunun fərqindədi ki, ot kökü üstə bitər və bu kök üstündəki budağa "xoş gəldin" deməyi unutmur. İnanır ki:

 

Bu gedimli dünyada

Ölsə də diri olur.

Ötüb keçən hər günü

Aprelin biri olur -

Şairin yaşı olmur

 

Onun yenicə nəşr olunmuş "İkimiz darıxsaq…" adlı şeirlər kitabında kifayət qədər belə səmimi, yaddaqalan şeirlər yer alıb. Kitab şair Qulu Ağsəsin redaktorluğu ilə "Adiloğlu" nəşriyyatı tərəfindən çap edilib.

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2012.- 16 noyabr.- S.8.