Folklor və tariximiz
19 noyabr
2012-ci ildə AMEA Rəyasət heyətinin binasında AMEA Folklor İnstitutu və AMEA A.Bakıxanov adına Tarix İnstitutunun birgə
təşkilatçılığı ilə «Folklor və
tariximiz» mövzusunda Respublika Elmi konfransı keçirildi. İki gün davam etməsi nəzərdə
tutulan konfransda AMEA Humanitar və ictimai elmlər
bölməsinin akademik katibi, müxbir üzv Kamal Abdulla, akademiklər
Nailə Vəlixanlı, Teymur Bünyadov, filologiya
üzrə elmlər doktoru, folklor İnstitutunun direktoru Muxtar
Kazımoğlu (İmanov), müxbir üzv, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, həmin istitutun direktor müavinləri Cəbi Bəhramov, Tofiq Nəcəfli, filologiya
üzrə elmlər doktorları Kamran Əliyev,
İsrafil Abbaslı, Füzuli
Bayat, Gülbəniz Babaxanlı, Mahmud Allahmanlı, Qara Namazov, sənətşünas professor
Rafiq İmrani və b. iştirak edirdilər.
Konfrans
altı bölmədə təşkil olunmuşdu
və hər bölməyə görkəmli tarixçi
və folklorşünas alimlərin - Hənəfi
Zeynallı, Əmin Abid, Vəli Xuluflu, Məmmədhüseyn Təhmasib, Əziz
Ubaydillin və Bəhlul Behcətin
adları verilmişdi.
Konfransı
giriş sözü
ilə m.ü. K.Abdulla açaraq
iki institutun birlikdə
Azərbaycanla bağlı dəyərlərini cəmiyyətin
müzakirəsinə çıxarmaq səyini elmi nöqteyi-nəzərdən AMEA Humanitar və ictimai elmlər
bölməsi qarşısında çox
maraqlı, faydalı və perspektivli bir məsələ kimi
vurğuladı. O, xalqımızın folklorda
yaşayan tarixinin
qarşılıqlı şəkildə öyrənilməsini,
konkret problemlərin ortaq
müstəvidə öz həllini
tapmasını konfransın keçirilməsində əsas məqsəd
olduğunu qeyd etdi. Alim bunu
da əlavə etdi ki, Azərbaycan xalqı ən zəngin folklor xəzinəsinə sahib
olan xalqlardan biridir. Hər bir xalqın
folkloru müxtəlif dönəmlərdən
keçir. Foklorla tarixin bir-birinə təsiri məsələlərini,
inteqrasiya problemlərini Azərbaycan folklorşünas alimləri və
tarixçilərinin birgə müzakirə etməsi
baxımından bu konfrans
mühüm əhəmiyyət kəsb edir. Çıxışının
sonunda K.Abdulla folklorda tarixi məqamların
araşdırılmasına xidmət edən bu
tədbirin təşkilatçılarına - Folklor
İnstitutunun direktoru
M.İmanova və A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Y.Mahmudova təşəkkür
edərək konfransın işinə uğurlar
arzuladı.
Tarix
İnstitutunun direktoru
Y.Mahmudov çıxış edərək
bildirdi ki, folklor nümunələrinə istinad etməyin əhəmiyyəti böyükdür. Şifahi
xalq ədəbiyyatına istinad
etdikdə görürük ki, bizim xalqımız geniş coğrafiyada fəaliyyət
göstərmiş xalqdır. Xalq ədəbiyyatımızdan
bəlli olur ki,
Çindən Firəngistana
kimi böyük bir ərazidə milli-etnik
izlərimiz vardır. Azərbaycan xalqının «qarı
düşmənlə», «qara donlu kafirlərlə» mübarizə tarixi də məhz folklordadır. Bu baxımdan «Kitabi-Dədə Qorqud»
dastanı dəyərli bir örnəkdir.
Y.Mahmudov folklor və tarix əlaqəsindən
danışarkən sözünü belə
tamamladı: «folklor xalqın
yaşatdığı tarixdir. Belə
düşünənlər var ki, folklorda tarixi
dəqiqlik yoxdur. Halbuki
bizim real tariximiz xalqın yaşatdığı
folklordadır. Tarix İnstitutu
olaraq biz folklorun bir tarixi
mənbə kimi öyrənilməsinə
çoxdan başlamışıq».
Konfransda
çıxış edən AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov bildirdi ki, milli
ədəbiyyatımızın ilkin
qatlarında zəngin və dərin məzmunlu Azərbaycan folkloru dayanır. Tarixi
hadisələr və tarixi şəxsiyyətlər
folklorda folklorun
poetikasına uyğun şəkildə öz əksini tapır. Tarixi
hadisələrin folklorda əks
olunmasının öyrənilməsi həm də folklorun öz mahiyyətinin,
ayrı-ayrı folklor janrlarının
poetikasının öyrənilməsinə kömək edir. M.İmanov konfransda dinləniləcək məruzələrin
əsas istiqamətlərini diqqətə
çatdırdı: folklorşünaslıq elmi
və tarix; tarixşünaslıq elmi və folklor; epos və tarix; folklorun digər janrları və tarix.
Milli və
mənəvi dəyərlərimizin öyrənilməsində
birinci yeri tutan folkloru
«etnoqrafiyanın şah damarı»
adlandıran akademik T.Bünyadov
belə konfransların keçirilməsini ümumxalq
əhəmiyyətli bir təşəbbüs
kimi qiymətləndirdi. O, əlavə etdi ki, xalqın folklorunu, etnoqrafiyasını öyrənmədən
onun tarixini öyrənmək
doğru olmazdı. Düz
deyirlər ki, folklor həmişə
tarixə yoldaşlıq edib.
Konfransın
birinci günü - 19
noyabrda qısa fasilədən sonra məruzələr dinlənilməyə
başladı. Professor Kamran
Əliyevin sədrliyi altında dos. T.Nəcəfli
«Azərbaycanda Cəlalilər hərəkatı və Koroğlu», fil.ü.f.d.
M.İsmayıl «Folklorda yaşayan tarixi həqiqət:
«Sarı gəlin» xalq mahnısının
etnik kökləri üzərində bir dəyərləndirmə», fil.ü.f.d.
A.Cəmil «Manas: tarixi
varislikdən ədəbi varisliyə», fil.ü.f.d.
Ə.Ələkbərli «Kitabi-Dədə Qorqud»:
dastanda gizlənən tarix»,
fil.ü.f.d. V.İbrahimova
«Aşıq Qurbaninin şeirlərində
Şah İsmayıl Xətai obrazı», G.Hasilova «Tarixi roman və folklor» mövzusunda məruzələrlə
çıxış etdilər.
Qeyd edək
ki, konfransda dinlənilən
məruzələr iki istiqamətdə -
Azərbaycan və ümumtürk
arealında araşdırma örnəkləri kimi
diqqətə çatdırıldı.
T.Nəcəflinin «Azərbaycanda
Cəlalilər hərəkatı və Koroğlu»
məruzəsində dastanın baş qəhrəmanı
Koroğlunu, həmçinin onun rəhbərliyi altında fəaliyyət
göstərən Cəlali dəstə üzvlərinin tarixi şəxsiyyət olduqlarını isbatlayan faktlar diqqəti
çəkdi. Məruzədə qeyd olundu ki,
Koroğlunun yaxın silahdaşları Dəli
Həsən, Giziroğlu Mustafa
bəy, Kosa Səfər və
Tanrıtanımaz tarixi qaynaqlarda
Cəlalilərin geniş şöhrətə
malik rəhbərləri arasında yad edilir. Məruzə
müəllifi Koroğlu və onun yaxın silahdaşlarını Azərbaycanda
və qonşu ölkələrdə baş verən tarixi hadisələrdə
həqiqətən iştirak edən tarixi şəxsiyyətlər kimi
səciyyələndirdi.
Son illərin mübahisə
obyektinə çevrilmiş «Sarı Gəlin»
xalq mahnısının Azərbaycan
xalqına birbaşa mənsubluğu
araşdırmaçı M.İsmayıl tərəfindən
konkret arqumentlərlə isbata
yetirildi. Məruzəçi Azərbaycan
xalqına məxsus bu mahnının
Türkiyə variantlarına da toxundu və vurğuladı ki,
«Sarı gəlin» Türkiyə ərazisində də ən çox Azərbaycan türklərinin
yaşadığı Anadoluda geniş yayılmışdır. Müəllif
folklorumuzda etnik
köklər üzərində yaşayan
tarixi həqiqətləri konfrans
iştirakçılarının diqqətinə
çatdırdı.
A.Cəmilin «Manas:
tarixi varislikdən ədəbi varisliyə»
məruzəsində ədəbi obraz
Manasın tarixi şəxsiyyət
olması ilə bağlı elmi
mülahizələr ortaya qoyuldu,
bu faktı təsdiqləyən ümumtürk qaynaqlarından, tarixi
mənbələrdən dəlillər gətirildi. Məlum
oldu ki, epos qəhrəmanı Manasın prototipi 840-cı ildə Uyğur
xaqanının taxt-tacına sahib
çıxan Ajo adlı bir
qırğız sərkərdəsidir.
Yeri
gəlmişkən qeyd edək ki, dinlənilən məruzələr
sırasında Azərbaycan folklor örnəkləri
ilə yanaşı ümumtürk şifahi nümunələrinin də tədqiqata
cəlb edilməsi konfransın geniş bir arealı əhatə etməsindən xəbər
verirdi. Bu cəhətdən A.Ülvinin «Özbək folklor
biliciləri və abidələri özbək və Azərbaycan
folklorşünaslığında», B.Şahverdiyevin
«Boz qurdla bağlı
miflərdə verilən bəzi məlumatlara dair»,
Ş.Məmmədlinin «Tarixi fakt və hadisələr Qaraqalpaq
eposu «Qırx qız»da» mövzusunda
olan məruzələri
iştirakçıların xüsusi
marağına və açıq diskussiyaya
şərait yaratdı.
Konfransın
ikinci günü (20 noyabr) AMEA Folklor İnstitutunun direktoru, fil.ü.e.d. Muxtar İmanov «Eposda
tarixilik» məruzəsində folklor və tarixilik məsələsinə
yeni bir aspektdən
yanaşdı. O, qeyd etdi
ki, folklorda tarixilik məsələsindən
danışarkən folklor
janrlarının özünəməxsusluğunu hökmən
nəzərə almaq lazımdır.
Folklor tarixi heç də olduğu kimi əks etdirmir - tarixi hadisələri
və tarixi şəxsiyyətləri daha çox xalq təsəvvüründəki arxetiplər
əsasında əks etdirir. Bu xüsusiyyət folklorun
ayrı-ayrı janrlarının, o
cümlədən eposun daxili
poetik sistemi çərçivəsində
ortaya çıxır.
Konfransın ikinci
günündə də iştirakçılar Q.Namazovun, F.Bayatın,
V.İsgəndərovanın, İ.Sadığın,
M.Abbasovanın, M.Allahmanlının, N.Muradoğlunun,
S.Abbaslının, X.Xəlillinin və b.
təqdiqatçı-alimlərin folklor və
tarix probleminə aydınlıq gətirən
maraqlı məruzələri ilə tanış oldular. Konfrans öz işini uğurla başa vurdu.
Hazırladı:
Adil Cəmil
Ədəbiyyat qəzeti.- 2012.- 23
noyabr.- S.7.