Ədəbi mühitin gözündə və sözündə

  

Bu ifadə xalq yazıçısı Süleyman Rəhimova məxsusdur. Müqtədir yazıçımız deyərmiş ki, kitab gərək kərpic qalınlığında olsun. Qarşımda hamının vətəndaş-alim kimi tanıdığı Qəzənfər Paşayev haqqında yazılmış kərpicdən qalın, "çəkidə yüngül, vəzndə ağır" bir kitab var. Yaradıcı adamlar üçün qızıl gül ətrindən də üstün olan təzə-tər mətbəə qoxulu "Ömrün əbədiləşən illəri" (B., "Təhsil", 2012 - 672 səh.) adlanan bir kitab... Bu kitab əslində vətəndaş-alim olan, "yaxın dost, gözəl insan, əsl vətəndaş, əqidəli ziyalı" (Sabir Rüstəmxanlı) təşbihləri ilə süslənə-süslənə təqdim olunan, mənim vətəndaş-alim kimi tanıdığım prof. Qəzənfər Paşayev fenomeninin ədəbi mühitin gözündə və sözündə necə canlandırılmasını, necə qiymətləndirilməsini özündə ehtiva edir...

Kitabda görkəmli, dünya miqyasında tanınan və hörmət edilən prof. Qəzənfər Paşayevin çoxşaxəli, rəngarəng və zəngin yaradıcılığına həsr edilmiş məqalələr toplanmışdır. Bu maraqlı əsərdə görkəmli Azərbaycan, Türkiyə və İraq alim və yazıçılarının, akademiklərdən: Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Teymur Bünyadov, Vasim Məmmədəliyev, İsa Həbibbəyli, müxbir üzvlərdən Yaşar Qarayev, Tofiq Hacıyev, Nizami Cəfərov, Azad Nəbiyev, professorlardan Əzizə Cəfərzadə, Qasım Qasımzadə, Musa Adilov, Vaqif Vəliyev, Bəhlul Abdulla, Yavuz Axundlu, Elçin, Abel Məhərrəmov, Qəzənfər Kazımov, Vaqif Arzumanlı, Nizaməddin Şəmsizadə, Məhərrəm Qasımlı, Məhərrəm Məmmədli, Muxtar İmanov, Murtuz Sadıxov, Babək Qurbanov, Zeydulla Ağayev, Qəmərşah Cavadov, Məhərrəm Cəfərli, Himalay Qasımov, Elman Quliyev, Bədirxan Əhmədov, Alxan Bayramoğlu, Tehran Əlişanoğlu, İmamverdi Həmidov, Vaqif Yusifli, Asif Rüstəmli, Şahin Xəlili, Ramazan Qafarlı, Mahir Naqib, Dr. Əbdüllətif Bəndəroğlu, Dr. Cəlil Kəmaləddin, Dr.Hüsen Şərqi, Əbdül Həmid Həmudi, Mövlud Taha Qayaçı, Qasım Sarı Kəhya, yazıçı İsi Məlikzadə, yazıçı-publisist Nahid Hacızadə, şair-alim Hüseyn Kürdoğlu, Ayaz Vəfalı, Sabir Rüstəmxanlı, İmamverdi Əbilov, Əlirza Xələfli, Flora Xəlilzadə, Sərvaz Hüseynoğlu və bir çox başqa qələm dostlarımızın, oxucuların mətbuatda çap olunmuş məqalələri, araşdırmaları, yazıları, ürək sözləri, məktubları, ithaf şeirləri yer alır və bütün bunlar elm aləminin məcnunu olan Qəzənfər Paşayevin yaradıcılığına, şəxsiyyətinə müxtəlif rakurslardan işıq salır...

Başqa sözlə ifadə edəsi olsaq, bu kitabda həyatı, fəaliyyəti, xarakteri iki-üç romana sığmayan qeyri-adi bir insanın, XX-XXI əsrlərin yetişdirdiyi fenomenal bir azərbaycanlı ziyalının bədiı əsər qəhrəmanı səviyyəsində portreti canlanır; Azərbaycanın bir şəxsiyyətdə cəmlənmiş ədəbiyyatşünas, folklorşünas, yurdşünas, etnoqraf, dilçi alimini, publisist yazıçısını, müxtəlif dillərdən tərcüməçisini, pedaqoqunu, elmi rəhbərini, messenant ziyalısını, filologiya elmlər doktorunu, professorunu, dünya çaplı ədəbiyyat xadimini, ərəb, fars, ingilis, rus dillərinin bilicisi olan, bu dillərdə sərbəst yazıb-yaradan, müxtəlif ölkələrin auditoriyalarında, konfrans salonlarında mühazirələr söyləyən xocalar xocasını boya-boy görürük. Bütün bunlar olduqca qutsal əhval-ruhiyyə yaradır, qürur dolu hisslər baş alıb gedir... Qürur hissi keçirirsən ki, belə bir müasirin var, belə bir azərbaycanlın var, belə bir ziyalın var... Əslində, Qəzənfər Paşayev özündə, yaradıcı şəxsiyyətində, niyyətində və istəyində özündən əvvəlki böyük azərbaycanlı ziyalılara məxsus ənənənin, əqidənin, məsləkin daşıyıcısına çevrilmişdir...

İlk olaraq olduğu kimi, Qəzənfər Paşayevi ədəbi mühiti oxucuları, dostları, xalqı, milləti XX əsrin 80-ci illərinin əvvəllərində dərc etdirdiyi, əl-əl, ev-ev gəzən, indinin özündə də olduqca populyar olan və bestellerə çevrilmiş, bir roman şirinliyi ilə oxunan "Altı il Dəclə-Fərat sahillərində" (1987) kitabından tanımışdı. Mən isə onu "Kərkük bayatıları" (1968) kitabından tanımış və fəxarət bəsləmişdim.

Ədəbi mühit 80-ci illərdən başlayaraq bu kitabdakı bitməz-tükənməz mətləblərə dönə-dönə qayıtmış, onu yüksək qiymətləndirmişlər. Qəzənfər müəllim İraqı-Kərkükü, Ərbili, Mosulu yenidən doğmalarına qovuşdurmuş, necə Kolumb Amerikanı kəşf etmişdisə, o da bu elləri sözün qüdrəti ilə eləcə kəşf etmişdi və bu kəşf qaranlıqları yaran şimşəklər kimi ədəbiyyat aləmində parlamışdı...

Bu kitabı və onun müəllifini müqtədirlər "Ömrün əbədiləşən illəri" (Q.Qasımzadə), "O qədər uzaq, bu qədər yaxın" (B.Vahabzadə), "İraq necə yaxın olur" (A.Vəfalı), "Azərbaycan kərkükşünaslığının banisi" (T.Hacıyev), "Kərkük pərvanəsi" (B.Abdulla), "Kərkük sevdalı insan" (F.Xəlilzadə), "Azərbaycanda İraqın ədəbi və mədəni əlaqələr səfiri" (Zahid əl-Bayati), "Kərkük ağırlıqlı ədəbiyyatşünaslıq" (İ.Həbibbəyli) kimi dəyərləndirmiş, həqiqətin həqiqətini qələmə gətirmişlər...

"Ömrün əbədiləşən illəri" kitabında keçən əsrin 80-ci illərindən başlamış bu günlərimizə qədər prof. Qəzənfər Paşayevin zəngin, milli dəyərli yaradıcılığı, səmərəli fəaliyyəti, Kərbəla müqəddəsliyi ilə yoğrulmuş ziyalı şəxsiyyəti barəsində yazılmış 144 adda məqalə və material xronoloji ardıcıllıqla verilmişdir. Bu məqalə və materiallarda onun çap edilmiş 42 kitabının - monoqrafiyalarının, bədii-elmi publisistikasının, tərcümələrinin, tərtib etdiyi əsərlərin, ədəbi, ictimai, pedaqoji fəaliyyətinin şərhi, izahı, təhlili verilir, qiymətləndirilir, dəyərləndirilir.

Bunlardan bir qismini bir daha xatırladır və gənc oxucularımıza tövsiyə edərdim: "Rusca-ərəbcə danışıq kitabı", "İngiltərə haqqında ölkəşünaslıq fənni dərsliyi" (ingiliscə), "İraq-türkman folkloru" (monoqrafiya), "Kərkük fonetikasının dialektikası" (monoqrafiya), "Kərkük folklorunun janrları" (azərbaycanca, rusca, türkman və türküyə ləhcəsində, farsca Bakıda, İstanbulda, Bağdadda, Tehranda nəşr olunub), "İraq türkman ləhcəsi", "Nəsimi haqqında araşdırmalar", "Nostradamusun möcüzəli aləmi", "Dilimiz - varlığımız", hərəsi 40 ç.v. həcmində olan yeddi cildlik "Seçilmiş əsərləri", tərtib etdiyi "Kərkük bayatıları" (Rəsul Rza ilə birgə), "Arzu-Qəmbər dastanı", "Kərkük mahnıları", "İraq - Kərkük atalar sözləri", "İraq-Kərkük bayatıları", "Nəsiminin İraq Divanı", "Azərbaycan folklor antologiyası. İraq - Türkman cildi" (Ə. Bəndəroğlu ilə birlikdə), "Qoca Azaflıyam (Azaflı Mikayılın şeirlər toplusu)", tərcümələrindən Aleksandr Dümanın "Qafqaz səfəri" (ingilis və fransızcadan), Sula Benetin "Necə yaşayasan yüzü haqlayasan" (ingiliscədən), Aqata Kristinin "Mavi qatarın sirri" (ingiliscədən), İrəc Parsinecadın "M.F.Axundzadənin ədəbi-tənqidi" (ingiliscədən) və s. bu sıradan durna qatarı kimi ədəbiyyatımızın səmasında pərvaz eləyən neçə-neçə əsərlər...

Bu əsərlər vətəninə, torpağına, azərbaycançılığına, türkçülüyünə tükənməz məhəbbətin nəticəsində yaranmış, 75 yaşını gənclik enerjisi ilə qarşılayan mütəfəkkir alimin xalqına, ədəbiyyatına töhfəsidir. Belə olduğundandır ki, akademik Bəkir Nəbiyev onu "Şərq və Qərb ziyalı tipinin ən yaxşı keyfiyyətlərini özündə birləşdirən dəyərli ziyalı" adlandırmışdır. Akademik Teymur Bünyadov isə onu belə qiymətləndirmişdir: "Miqyaslı, şöhrətli alim olan Qəzənfər Paşayev ensiklopedik biliyə, geniş erudisiyaya, güclü məntiqə, aydın təfəkkürə, dərin müşahidə qabiliyyətinə malikdir." Bu isə akademik Yaşar Qarayev deyimidir: "Bizim üçün İraq Füzulidən, Füzuli Kərbəladan başladığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır." Əbdüllətif Bəndəroğlu isə gerçəyi belə ifadə etmişdir: "Qəzənfər Paşayevin "İraq-türkman folkloru" kitabına bənzər bir kitab indiyənə qədər nə İraq türkmanları tərəfindən, nə də xarici alim və tədqiqatçılar tərəfindən yazılmışdır. Bu misilsiz əsərdir..."

Prof. Nizami Cəfərov isə Qəzənfər müəllimi belə səciyyələndirir: "O, böyük bir institutun görə bilməyəcəyi işi görmüşdür. ...Onun yazdıqları təmiz və pak ürəyin, intellektin səsidir. O, bizim folklorumuzun Müşfiqidir!" Qəzənfər Paşayevin adaşı və dostu prof. Qəzənfər Kazımov onun yaradıcılığını "əbədiyaşar ədəbi-elmi abidə və iftixar doğuran yaradıcılıq" adlandırmışdır...

Prof. Vaqif Arzumanlı Qəzənfər Paşayev barəsində yazdığı məqaləni "Yeddi cildə sığmayan yetmiş beş il" adlandırmışdır. Doğrudan da belədir, Qəzənfər Paşayev qarşıladığı bu 75 illin zirvəsindən baxanda cildlərə sığmayan bir ömrün şahidi oluruq. Bu kitab da, "Ömrün əbədiləşən illəri" kitabı da belə bir ömrə şahidlik edən dəyərli salnamədir... Ədəbi mühitin gözü və sözü ilə ifadə edilən qədirşünaslıq töhfəsidir...

Bu salnamənin, bu töhfənin ərsəyə gəlməsində, oxuculara bu qədər zərifliklə, səriştəliklə təqdim olunmasında kitabın tərtibçisi və nəşrə hazırlayanı olan Arastə xanım Paşayevanın da zövqünü və həssaslığını xüsusi olaraq qeyd etmək istərdim...

Bu yazımı xalq şairi Sabir Rüstəmxanlının sözləri ilə bitirmək istərdim. Çünki elə bil, mənim ürəyimin sözünü, elə mənim sözümü deyib: "Milli qeyrət! Çox vaxt namus sözü ilə yanaşı işlənsə də qeyrət təkcə namusun sinonimi deyil, o, həm də mərdliyin, mərhəmətin, vətəndaşlığın, kişiliyin, insanlara əl tutmaq qabiliyyətinin, fədakarlığın, millət yolunda çıraq kimi yanmaq ifadəsinin sinonimi, ekvivalentidir. Qəzənfər müəllimin ömrü boyu gördüyü bütün işlərin də, həyatının və yaşayış tərzinin ən dəqiq qiyməti də elə budur: Milli qeyrət!"

Əziz, doğma Qəzənfər müəllim! Yüz il yaşamağın sirlərini tərcümə etdiyiniz kitabda siz bizlərə öyrədirsiniz... "Hər kəs yüz il yaşamasa, günah onun özündədir!" (Osman Sarıvəlli). Sən Allah, günaha batma! Yüzü bizə göstər!.. Ünlü şairimiz Hüseyn Kürdoğlu düz deyib:

 

Hər papaqlı ər olmaz,

Nərə çəkən nər olmaz;

Xan olar, sultan olar,

Ancaq Qəzənfər olmaz!

 

 

Qurban Bayramov,

tənqidçi-ədəbiyyatşünas

 

Ədəbiyyat qəzeti.- 2012.- 23 noyabr.- S.6.