Ona görə xoşbəxtəm ki...”

  

Noyabrın 19-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli ədəbiyyatşünas alim, professor Qəzənfər Paşayevin 75 illiyi münasibətilə tədbir keçirildi.

Mərasimi AYB-nin katibi Arif Əmrahoğlu açaraq dedi: "Bu gözəl günə hamımızın sevimlisi olan Qəzənfər müəllimin şərəfli alim-vətəndaş ömrünün işığını tutub gəlmişik. Bu "işıq" sözünü xüsusilə vurğulayıram. Ona görə ki, Qəzənfər müəllim həqiqətən də işıqlı, nurlu şəxsiyyətdi - təmənnasız xeyirxahlığı, diqqəti, alim cəfakeşliyilə bir arada. Onun yaradıcılığı möhtəşəm abidə kimidi. Eyni zamanda da maraqlı şəxsiyyəti. Qəzənfər müəllimin ayağı dəyən, nəfəsi ötən yerdə sevinc var, rahatlıq var. O, təmənnasız yaxşılıqları ilə həmişə insanların yanındadı. Kərkükşünaslığımızın başçısı kimi də, gözəl dost, səmimi yoldaş, ailə başçısı, tərcüməçi-araşdırmaçı kimio, çox mükəmməldi. Qəlbinin işığı çöhrəsini nurlandıran, ömrünü uzadan bir şəxsiyyət olan Qəzənfər Paşayev insanlığın dostu, elmin cəfakeşidir".

Mərasimdə çıxış edən xalq yazıçısı, AYB-nin sədri Anar qeyd etdi ki, İraqla Azərbaycanın əlaqələri çox qədimdi. Ölkəmizin bu qardaş diyarda ilk mədəniyyət və mənəviyyat təmsilçisi dahi şairimiz Məhəmməd Füzuli olub. Bu gün Qəzənfər Paşayev həmin missiyanı ləyaqətlə yerinə yetirir. O, türkman qardaşlarımızı bir daha bizə tanıtdı, yenidən doğmalıq köynəyindən keçirdi - səmimiyyəti, qayğıkeşliyi və böyük təbiətilə…

Xalq şairi, AYB-nin birinci katibi Fikrət Qoca tədbirdə çıxış edərək dedi: "İnsanın ağlı, zəkası ən böyük gücüdür və Qəzənfər Paşayev bu gərəkli dəyərlərin, mənəvi gücün daşıyıcılarından, sahiblərindən biridir…"

AMEA-nın müxbir üzvü, türkoloq alim Tofiq Hacıyev yubilyarı qədirşünas şəxsiyyət kimi səciyyələndirdi: "Təkcə mərhum akademik Həsən Şirəliyevin, professor Abbas Zamanovun xatirələrinə bəslədiyi ehtiram hissi, onların qəbirüstü abidələrinin ucaldılmasına etdiyi yardım bəs edər ki, Qəzənfər müəllimin kamil insan obrazını, qədirbilən simasını göz önünə gətirək…"

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Q.Paşayevin dəyişməz, sabit milli xarakterindən, xeyirxahlıq duyğusundan ətraflı bəhs edərək dedi: "Onun maraq dairəsinin Nostradamusa qədər genişlənməsi təsadüfi deyil və çəkinmədən deyirəm ki, bu dahi görücünün katrenlərini şərh etməyin özübir görücülükdür, Allah vergisidir. Yaxın günlərdə nəşr etdirdiyi "Ömrün əbədiləşən illəri" kitabı isə Qəzənfər müəllimin böyük insanlıq, millət və Vətən sevgisinin bir cavabıdır.

AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov Q.Paşayevi özünün də mənsub olduğu alimlər nəslinin həmyaşıdı olan alimlərin böyük müəllimlərindən biri kimi səciyyələndirdi. Vurğuladı ki, Qəzənfər müəllimin özü əbədi bir sənət əsəri kimidir, yaradıcılığının yiyəsi olan, ona sahib çıxa bilən bir alimdir.

Millət vəkili Qənirə Paşayeva isə yubilyarı tər-təmiz eşq, sədaqət simvolu kimi qiyaslandırdı: "Qəzənfər müəllim bizim nəslə gözəl əxlaqı ilə nümunə olub, örnəyə çevrilib. O, gözəl ziyalı, gözəl dost, gözəl ailə başçısı və gözəl əmi obrazıdı. Bütün məqamlarda adının, milli kimliyinin qarşısında bu epiteti işlətmək olar".

Filologiya elmləri doktoru Şirindil Alışanlı yubilyardan ailələrinin yaxın dostu kimi bəhs etdi, mərhum şair Hüseyn Kürdoğlunun ona həsr etdiyi poemadan parçalar oxudu, unudulmaz yaxşılıqları dilə gətirdi.

Millət vəkili Jalə Əliyeva Q.Paşayevi xeyirxahlıq simvolu kimi səciyyələndirdi, yazıçı, millət vəkili Aqil Abbas vurğuladı ki, onun yazdıqları tarix və millət üçündü, millətin varlığını sabaha ləyaqətlə daşıyır.

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı qeyd etdi ki, yubilyarla onu uzun illərin səmimi dostluq telləri bağlayır. Qəzənfər müəllim bir dəfə salam verdiyi yerə qırx il ehtiramla baş əyib keçən insanlardandı: “Qəzənfər müəllimin şəxsi arxivində İraqda görüşüb dostlaşdığı çox ağsaqqalın, şairin, gənc ziyalının, ümumən neçə-neçə sadə xalq nümayəndəsinin qiymətli ədəbi-bədii materiallarla zəngin söhbətləri yazılmış lentlər, həmçinin qalın-qalın dəftərlər, nəhayət, məktublar vardır. Ancaq görünür, bunların hamısından daha çox ürəyinə, qəlbinə yazıb gətirmişdir. İraqdakı azərbaycanlıların ləhcəsini diqqətli təhlil nəticəsində "Kərkük dialektinin fonetikası" mövzusunda namizədlik dissertasiyası yazıb müdafiə edib. Müəllif bu sahədəki işinə görə kərküklü bir qocadan aldığı ilk mükafatı da oxucusundan gizlətmir: "Get, oğlum, yaradan sənə yar olsun! Mənim dilim uğrunda çalışırsan. Ölsəm də dil uğrunda öləydim!.."

Şübhə etmirsən ki, bu sözləri həqiqətən

 

Mən dilimnən vaz keçməm, -

Olursam dilim-dilim! -

 

deyən bir xalqın övladı, böyük Füzulinin nəvə-nəticəsi söyləyə bilər.

Bu tədbirdəki çıxışlar da təsdiq edir ki, kərküklü qocanın müqəddəs duası qəbul olunub…”

Professorlar Vaqif Arzumanlı, İmamverdi Həmidov, filologiya elmləri doktoru Asif Rüstəmli, kərküklü yazıçı Əsəd Əbdül, şairlərdən İlyas Tapdıq Beynəlxalq Rəsul Rza mükafatı laureatı, əməkdar müəllim Oqtay Rza söz alaraq Q.Paşayevin çoxşaxəli yaradıcılığından söz açdılar, ona həsr etdikləri şeirləri oxudular.

Professor Nizaməddin Şəmsizadə çıxış edərək vurğuladı ki, Qəzənfər müəllim totalitar sovet sisteminin hər cür təpki qadağalarına baxmayaraq, türk dünyasına çıxmağa özündə güc cəsarət tapa bildi. Yetmiş beş illik ömür boyu xalqa sevgi səmimiyyət yoluyla getdi. Qarşıda isə onu daha möhtəşəm, geniş yaradıcılıq üfüqləri gözləyir.

Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov çıxış edərək yubilyarın Kərküklə Bakı arasındakı birliyin möhkəmlənməsi sahəsində gördüyü işlərdən danışdı

Sonda söz alan professor Qəzənfər Paşayev yubiley mərasiminin keçirilməsinə təşəbbüs göstərdiyinə görə AYB-nin rəhbərliyinə dərin təşəkkür etdi: "Hər şey üçün, diqqətiniz üçün çox sağ olun. Mən xoşbəxt adamam - nəslimdən, xalqımdan, dövlətimdən yarımışam. Bütün həyatım boyu ən böyük arzum Azərbaycanı azad, müstəqil görmək olub. Vaxtilə xaricdə işləyərkən oraya müxtəlif ölkələrin dövlət başçılarının gəldiyini görürdüm. Bayraqları ucaldılır, himnləri səslənirdi. Çox istəyirdim ki, mənim müstəqil, azad ölkəmin bayrağının bu cür ucaldığını görüm, himnimiz belə səslənsin. Şükür ki, bu günü görmək mənə nəsib oldu. Müstəqilliyimizin, azadlığımızın şahidi oldum. Təbrizdən Bakıya yollar açılıb, kərküklü qardaşlarımız yubileyimdə iştirak edir, tarixi dostluq, qardaşlıq körpüləri bərpa olunur. Bütün bunlara görə özümü xoşbəxt hesab edirəm, bundan sonra da xoşbəxt hesab edəcəm

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2012.- 23 noyabr.- S.6.