Azərbaycan
Yazıçılar Birliyində
Əli İldırımoğlu-85
Ömrün
85 illik zirvəsindən boylanıb baxdıqca doğulub
boya-başa yetdiyi Qubadlı rayonunun Əliquluuşağı
kəndi qənşərindən keçən Bərgüşad
çayının axarına bənzər illərin unudulmaz
xatirələri iplik-iplik düzümlənir
tanınmış yazıçı-publisist Əli
İldırımoğlunun gözləri önündə.
Bitib-tükənmir ki, bu xatirələr… Adətən belə
ömürlər kamillik məktəbi kimi vərəqlənir.
Elə
yaxın günlərdə öz işinə böyük əmək
sərf etmiş bu dəyərli qələm adamının 85
illik yubileyilə bağlı Azərbaycan
Yazıçılar Birliyində keçirilən tədbirdə
çıxış edənlər də onun ömür
salnaməsini dərin ehtiramla vərəqlədilər. Tədbiri
AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru
açaraq yubilyarın sənət yolundan ətraflı bəhs
etdi.
Xalq
yazıçısı, AYB-nin sədri Anar, xalq şairi,
AYB-nin birinci katibi Fikrət Qoca, ədəbiyyatşünas
alim Qurban Bayramov, xalq artisti Rasim Balayev, türkiyəli yazar
Mustafa Saatçı, şair və yazıçılardan
Mahirə Abdulla, Ramiz Rövşən, Yaşar Əliyev, bədii
qiraət ustası Ağalar Bayramov, filologiya üzrə fəlsəfə
doktoru Cahid İsmayıloğlu və başqaları da qələm
yoldaşlarının sənət uğurlarından,
özünəməxsus yaradıcılıq yolundan bəhs
etdilər, onun milli-mənəvi dəyərlərin
yaşadılmasına hesablanan əsərlərinin tərbiyəvi
əhəmiyyətindən söz açdılar, Sumqayıt
şəhər İcra Hakimiyyəti rəhbərliyinin hədiyyəsi
yubilyara təqdim edildi.
Çıxışlarda
vurğulandı ki, Əli İldırımoğlu bu gün də
gənclik ehtirası, müdrik düşüncəsi ilə
baş-başa yazıb-yaradır, maraqlı əsərlər
üzərində işləyir.
S.Hüseynoğlu
Ey anıb axtaranlarım!
Allaha inamım, ata-babama ehtiramım,
övladlarıma məhəbbətim, elimə-obama
bağlılığım, vətənə sədaqətim,
gücsüzlərə köməkliyim, yazıqlara rəhmim,
yolunu azanlara qəzəbim - əyilən qəddim,
qıyılan gözlərim, pozulmuş səhhətim, yuxusuz
gecələrim, narahat günlərim, gərginləşən
əsəblərim - sevincim, kədərim, tapdığım
və itirdiyim uğurlar, dosta etibarım, gəncliyimin əzabları,
ahıllığımın gileyləri kitablarımın əmanətindədir.
Məni və mənimi bilmək istəsəniz ömür
salnaməmin natamam parçası olan əsərlərimi vərəqləyin.
Əli İldırımoğlu
Ədəbiyyat qəzeti.- 2012.- 23
noyabr.- S.5.