Əqidə
qardaşları
Dünyaya gəlişinin 90 illiyini xatirəsinə
dərin hörmətlə qeyd etdiyimiz ölməz bəstəkarımız
Fikrət Əmirov təqribən yarım əsr bundan əvvəl
(1965-ci il) böyük müəllimi dahi Üzeyir Hacıbəyli
və onun unudulmaz əqidə qardaşı barədə
yazdığı bu məqaləsinin bir yerində deyir:
“Üzeyir Hacıbəylidən və Müslüm Maqomayevdən
bizi illər ayırmışdır. Lakin hər iki sənətkarımızı
biz həmişə sonsuz ehtiramla yad edəcəyik.
Xalqımızın Üzeyir kimi, Müslüm kimi
oğullarını bizdən cismən ayıran gündən
nə qədər uzaqlaşırıqsa, onlar bizim qəlbimizə
bir o qədər yaxınlaşırlar. Çünki onlar
öz sənətləri ilə əbədiyyət
qazanıblar.”
Eyni sözləri ölməz bəstəkarımız
Fikrət Əmirovun özünə də tamamilə aid etmək
mümkündür.
Hər xalq
öz tarixinin gözəl səhifələri ilə, bəşər
mədəniyyəti xəzinəsinə bəxş etdiyi
incilər, hədiyyələr və böyük şəxsiyyətlərlə
qanuni olaraq fəxr edir.
Azərbaycan
xalqının belə oğulları arasında böyük bəstəkar
və mütəfəkkir Üzeyir Hacıbəyli və
musiqimizin görkəmli xadimi Müslüm Maqomayev xüsusi
yer tuturlar.
Qədim
dünyanın böyük şeir dühası Homer musiqinin
insan mənəviyyatına xeyirxah təsirindən bəhs edərkən
demişdir: "Mən insanların vaxtlarını ən mənalı
keçirmələrini onda görərəm ki, bütün
ariflər, mənsəb və rütbələrindən
asılı olmayaraq, sıra ilə əyləşib, böyük
bir ehtiram və diqqətlə öz müğənnilərinə,
bəstəkarlarına qulaq assınlar".
Biz bu
gün fəxr edirik ki, bir zaman Homerin həsrət çəkdiyi
bir cəmiyyətin, yüksək sənət aşiqi olan bir
cəmiyyətin övladlarıyıq. Üzeyir Hacıbəyli
və Müslüm Maqomayev isə bu cəmiyyətin, bu
xalqın hörmətini qazanmış qüdrətli nəğməkarlarımızdır.
***
Azərbaycan
professional bəstəkar yaradıcılığının əsası
muğam operalarının və musiqili komediyaların
yaradılması ilə qoyuldu. Bu, tarixən qanunauyğun bir
hadisə idi: çünki xalq musiqi təfəkkürünün
ən geniş yayılmış formalarından sayılan
muğam canlı poetik söz və səhnə hərəkətləri
ilə üzvi vəhdətdə olaraq Azərbaycan
xalqının həmin dövr milli şüurunun
ayılmasında professional musiqi
yaradıcılığının digər
"xüsusi" janrlarına nisbətən xeyli dərəcədə
böyük rol oynayır. Azərbaycan musiqi sənəti
üçün yeni olan muğam operası möhkəm
kök salmış milli musiqi ənənələri,
yaradıcılığı və
ifaçılığı əsasında meydana
çıxdı.
Təsadüfi
deyil ki, ilk Azərbaycan muğam operası "Leyli və Məcnun"un
müvəffəqiyyətini müəllif özü belə
izah edirdi: "Azərbaycan xalqı özünün, Azərbaycan
operasının səhnədə görünməsini
artıq arzulayırdı".
Beləliklə,
musiqi teatrının yaranması tarixən şərtlənmişdi:
onun təşəkkülünün ilk dövründə
xalq musiqi nümunələrindən - muğamlardan, muğamların
emosional keyfiyyətlərindən faydalanmaq opera
dramaturgiyası baxımından da təbii idi. Xalq musiqisinin zənginliyi,
forma və janrının rəngarəngliyi professional musiqi sənətinin
digər sahələrinin də yaranması və
inkişafı üçün əlverişli zəmin oldu. Ona
görədir ki, böyük simfonik işlənmə
potensialına malik muğamların müxtəlif formaları
yaradıcılıq süzgəcindən keçirilməsini
gözləyirdi. Diqqətəlayiq hadisədir ki, Azərbaycan
bəstəkarlıq məktəbinin banisi Ü.Hacıbəyli,
onun ardınca M.Maqomayev, Z.Hacıbəyli və M.C.Əmirov
inqilaba qədərki yaradıcılıq təcrübələrində
bu zəmindən imkan daxilində faydalanırdılar.
Qeyd etmək
lazımdır ki, XIX əsrin sonu və XX əsrin əvvəlində
Azərbaycan mədəniyyətinin inkişafı,
ictimai-siyasi fikri ədəbiyyat və incəsənət
nümayəndələrimizin Rusiyanın böyük mütərəqqi
xadimləri ilə möhkəm yaxınlığı şəraitində
baş vermişdir. O dövr Azərbaycan mədəniyyətinin
görkəmli simalarından M.Ş.Vazeh, M.F.Axundzadə,
A.A.Bakıxanov, H.B.Zərdabi, M.Ə.Sabir, C.Məmmədquluzadə
və bir çox başqalarının yaradıcılığına
rus ədəbi-ictimai fikrinin Gertsen, Çernışevski,
Belinski və Dobrolyubov kimi qüdrətli qələm sahiblərinin
xeyirxah təsiri ciddi əhəmiyyətə malik olmuşdur.
Azərbaycan və gürcü... yazıçılarından
Axundzadə, Bakıxanov, Çavçavadze və Orbeliani
arasındakı möhkəm bağlılığı da
xüsusi xatırlatmaq gərəkdir.
Bu dövr
Azərbaycan musiqi həyatı müəyyən müsbət
hadisələrlə xarakterizə olunur. Bir sıra şəhərlərdə
musiqi salonları və dərnəkləri meydana
çıxır ki, bunlar maarifçilik işləri ilə
seçilir. Görkəmli dramaturqumuz Ə.Haqverdiyevin
başçılıq etdiyi Şuşa həvəskar teatr
truppasının təcrübəsi bu cəhətdən diqqətə
layiqdir. Söhbət Füzulinin "Leyli və Məcnun"
("Məcnun Leylinin qəbri üstündə" səhnəsi,
1887-1888-ci illərdə göstərilmişdir), Nəvainin
"Fərhad və Şirin" poemalarından musiqili səhnələrin
ifasından gedir.
Azərbaycanda
xalq musiqisindən ibarət ilk kütləvi konsertlərin təşkili
təşəbbüsü də (1901-ciil) Şuşa musiqi
dairəsinə mənsubdur.
Opera sənətimizin
banisi olan Üzeyir Hacıbəylinin həyat və
yaradıcılığı xalqımızın inkişaf
tarixinin ictimai dəyişikliklərlə zəngin
dövrünə təsadüf edir. 1905-ci il inqilabı
dövründə proletar Bakısının tarixə
yazdığı şanlı qəhrəmanlıq səhifələri
xalqımızın ictimai şüurunda böyük bir
dönüşün təkanı oldu. O vaxt Üzeyirin müəllimlik
etdiyi Bibiheybət mədənlərindəki barrikadaların
şöhrəti nəinki Qafqaza və Rusiyaya, eləcə də
Şərqin bir çox ölkələrinə
yayılmışdı. Həmin dövr Cəlil Məmmədquluzadə
("Molla Nəsrəddin"), Mirzə Ələkbər
Sabir, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy
Haqverdiyev, Abbas Səhhət, Firidun bəy Köçərli,
Abdulla Şaiq, Süleyman Sani Axundov, Məmməd Səid
Ordubadi kimi geniş dünyagörüşlü, demokratik əhval-ruhiyyəli
maarifpərvər ziyalılar dəstəsini yetirdi. Gənc
Üzeyir də zülm və əsarətin, cəhalət və
nadanlığın bünövrəsinə Fərhad kimi
külüng vuran qəhrəman oğullar sırasında idi.
O, əsrin mübarizə meydanına həm böyük bir bəstəkar,
həm də istedadlı bir yazıçı kimi
atıldı.
1908-ci ildə
Bakı şəhərində ilk Azərbaycan operası -
Üzeyir Hacıbəylinin "Leyli və Məcnun"u
tamaşaya qoyuldu. Bu əsərdə müəllif azad fikir,
azad məhəbbət uğrunda faciələr yaşayan bəşəriyyətin,
o cümlədən doğma Azərbaycan xalqının əsrlərcə
sürən mənəvi məhkumluğunu musiqi dili ilə
açıb söylədi. Bəstəkar milli musiqi
folklorumuzdan elə qiymətli bir sənət nümunəsi
yaratdı ki, o hələ də öz
parlaqlığını itirməyib. Çünki burada Füzuli
şeirilə Üzeyir musiqisi, başlanğıcını
xalq dühasının bitib-tükənməyən
qaynaqlarından alan iki nəhəng axın birləşmişdir.
"Leyli və Məcnun" muğam operası musiqi sənətində
yeni bir janrın yarandığını elan etdi. Musiqi sənətinin
bu yeni növünü... bəzilərinin düşməncəsinə
qarşılanmasına baxmayaraq, xalq öz sözünü
dedi, minlərlə qabarlı əl öz bəstəkarını
alqışladı. Çünki doğma təranələr
- heyratılar, şikəstələr, bayatılar qədər
şirin gələn bu opera onun ürəyindən xəbər
verirdi. Bəstəkar sənət meydanında tək
qalmadı. Üzeyir musiqisinin coşqun ümmanına yeni
çaylar, yeni çeşmələr qoşuldu. Azərbaycan
milli musiqisinin tərəqqisi uğrunda onunla birlikdə fədakarlıq
göstərən başqa sənətkarlar meydana
çıxdı. Onlar xalq mənəviyyatına
bağlı, melodik zənginliyinə görə milli musiqimizlə
səsləşən ölməz əsərlər
yaradır, musiqidə yeni cığırlar
açırdılar. Bu sənət fədailərindən ən
görkəmlisi Üzeyir Hacıbəylinin yaxın dostu və
silahdaşı Müslüm Maqomayev idi.
İki sənətkar,
iki dost çiyin-çiyinə addımlayır, Azərbaycan
bəstəkarlıq məktəbinin təməl
daşlarını qoyurdular.
Onların
keçdiyi yola nəzər saldıqda bəzən adama elə
gəlir ki, tale özü bu tarixi dostluğa, bu misilsiz əməkdaşlığa
şərait yaradırmış.
Üzeyir
Hacıbəyli və Müslüm Maqomayev eyni ildə, eyni
ayda, eyni gündə anadan olublar. Hələ uşaq
yaşlarından musiqiyə böyük həvəs göstərmiş,
eyni seminariyanı bitirmiş, sonra müəllimlik etmişlər.
Daha sonralar isə uzun müddət professional musiqimizin
bütün ağırlığını qibtəyə
layiq bir təvazökarlıqla öz qüdrətli
çiyinlərində daşımışlar.
Üzeyir
Hacıbəyli dedikdə gözlərimiz qarşısında
təkcə böyük sənətkar deyil, eyni zamanda həssas
və qayğıkeş müəllim, yazıçı,
alim və ictimai xadim canlanır.
Üzeyir
Hacıbəyli xalqını əsl oğul məhəbbəti
ilə ürəkdən sevirdi. Bu ülvi məhəbbət
onun musiqi əsərlərində, ictimai, elmi və ədəbi
fəaliyyətində əsas yer tutur. Biz bu məhəbbəti
Müslüm Maqomayevin də musiqisində, ictimai və pedaqoji
fəaliyyətində aydın görürük.
Müslüm
Maqomayev Üzeyir Hacıbəyli ilə birlikdə professional
Azərbaycan musiqisinin inkişafına misilsiz xidmət göstərmişdir.
Müslüm Maqomayev ilk opera truppamızın
yaradılmasında böyük rol oynamış, Azərbaycanda
birinci professional dirijor olmuş, musiqi sənətinə həvəs
göstərən gənc kadrların yetişməsinə
yaxından kömək etmişdir.
Ü.Hacıbəyli
və M.Maqomayevin ilk operaları ilə Azərbaycan professional
musiqisinin sonrakı nəhəng sıçrayışı
üçün ciddi musiqi tariximizdə yeni bir səhifə
açılırsa, "Şah İsmayıl" operası
ilə Azərbaycan professional musiqisinin birinci mərhələsi
tamamlanır.
Peterburq
konservatoriyasında dərs aldığı illərdə
Üzeyir Hacıbəyli Hüseynqulu Sarabskiyə
yazırdı: "Mənim də bu qədər əlləşdiyim
odur ki, gələcəkdə teatr işini elə bir hala salaq
ki, nəinki tək bir Bakı və ya Qafqaz, bəlkə hər
bir yerdə və hər bir şəhərdə teatr verməyə
imkanımız olsun. Ancaq bir qədər vaxt gözləmək
və zəhmət çəkmək lazımdır".
Əlimizdəki
sənədlərdən aydın olur ki, Üzeyir Hacıbəyli
mübarizənin çətinliyindən qorxmurdu,
dövrünün dəhşətli, cahil qüvvələri
onu bu yoldan çəkindirə bilmirdi. Əksinə, o öz
dostlarını, yoldaşlarını da bu yola
çağırırdı. Xalqı maarifləndirmək, cəhalətdən
xilas etmək, ayıltmaq, düşündürmək yoluna!..
Üzeyir
Hacıbəylinin yaxın sənət dostlarından Məmməd
Səid Ordubadi xatirələrində ilk tanışlıq illərini
yada salır, qarşılıqlı əməkdaşlıq
şəraitində görülən işləri qeyd edir.
M.S.Ordubadi yazır: "Mən hələ Ordubadda olduğum
zaman rəssam Əzim Əzimzadə ilə tanış idim və
onunla tez-tez məktublaşırdıq. Günlərin birində
müştərək yazılmış bir məktub aldım.
Məktub Əzimzadə, Üzeyir bəy, bir də o
zamanın satiraçılarından birisi tərəfindən
yazılmışdı. O məktubda Üzeyir bəy
yazırdı:
"Səid!
Təəccüb edirəm ki, nə üçün Ordubadda
qapanıb qalmısan. Sən yığışıb
Bakıya gəlsən, öz yazılarına çox
geniş səhifələr tapa bilərsən, səninlə
yaxından tanış olarıq, sənin irəli getməyin
üçün imkan yaradarıq. Əzimzadənin dediyinə
görə, qoçulardan qorxduğun üçün
Bakıya gəlmək istəmirsən. Bu barədə
heç də qorxmağa dəyməz. Mənə inan,
qoçuların özü də satiranı gülə-gülə
oxuyurlar. Sənin "Molla Nəsrəddin" məcmuəsində
"Plov cəzair müçtəməsinin əhvali-coğrafiyası"
ünvanlı satiran çox xoşuma gəldi. Onu daima
yorğun olduğum vaxt götürüb oxuyuram. Hətta
qarınqulu mollalar belə acıqlandıqlarına baxmayaraq,
bu yazını gülə-gülə, dönə-dönə
oxuyurlar. Mən məsləhət görürəm ki, belə
şeyləri yazanda oxucunu yalnız güldürməyə
diqqət vermə, onları düşündürməyə
çalış.
Sənin
qaibanə dostun Üzeyir!"
Üzeyir
Hacıbəyli və Müslüm Maqomayev yorulmaq bilmədən
xalq üçün işləyirdilər. Onlar musiqi məktəbləri
yaradır. Azərbaycan konservatoriyası təşkil edir, ilk
dəfə not sistemli xalq çalğı alətləri
orkestri və xor kollektivi düzəldirdilər.
Müslüm
Maqomayev Azərbaycan Opera Teatrına rəhbərlik edir, onun
direktoru və baş dirijoru olur, Azərbaycan radiosunun musiqi
verilişləri redaksiyasının başında durur.
Üzeyir
Hacıbəyli və Müslüm Maqomayevin sənətini
xalqa sevdirən budur ki, yaradıcılığının lap
ilk dövrlərindən onlar böyük və doğru bir
yol tutmuş, bu yolda cəsarət və inamla irəliləmişlər.
Həmin yol xəlqilik və realizm yoludur.
Bu cəhətdən
Üzeyir Hacıbəylinin "Ər və arvad", "O
olmasın, bu olsun" və "Arşın mal alan"
operettaları diqqəti xüsusilə cəlb edir.
Operettaların ədəbi mətnini də Ü.Hacıbəyli
özü yazmışdı. Bu librettolar özlüyündə
Azərbaycan dramaturgiyasının qiymətli əsərlərindəndir.
Burada Ü.Hacıbəyli komediyamızın klassik ənənələrini
davam etdirərək sadə və təbii süjetlərlə
oynaq, canlı hadisələr və dolğun xarakterlər
yaratmışdır. Onun komediyaları Qoqol və Axundzadə
komediyaları kimi dərin ictimai-əxlaqi mənaya malikdir.
Böyük
humanist və maarifçi M.F.Axundzadə ilə Azərbaycan
opera sənətinin banisi Üzeyir Hacıbəylinin
yaradıcılıqları arasında tarixi paralel aparmaq ədəbi
tənqiddə və musiqi tənqidində çoxdan bəri ənənə
halını almışdır və bu, tamamilə təbiidir.
Əqidə, ruh etibarilə bir-birinə çox yaxın olan
bu iki ölməz sənətkar Azərbaycan xalqının
milli şüurunun oyanmasında həqiqətən eyni dərəcədə
çox böyük rol oynamışlar.
Üzeyir
Hacıbəyli Azərbaycan professional musiqisinin atası olmaq
etibarilə, milli musiqimizə nə qədər bağlı
olsa da, həmişə irəli baxmış, milli məhdudiyyətə
qapanıb qalmamışdır. Bütün xalqların
mütərəqqi mədəniyyətindən məhəbbətlə
danışan Ü.Hacıbəyli rus xalqının zəngin
mədəniyyəti və incəsənəti ilə daha
çox bağlı idi.
O, milli və
məhz milliliyi ilə ümumbəşəri mahiyyət
daşıyan bir sənətin tərəfdarı idi. Bəstəkar
yazırdı: "Əsrlərdən bəri davam edən tərəqqi
nəticəsində müxtəlif ölkələrdə
böyük musiqi dahiləri yetişib və onlar ölməz
əsərlər qoyub gediblər ki, mədənilik iddiası
edən bir millət bu əsərlərdən bixəbər və
bibəhrə qala bilməz. Çünki bu əsərlərin
insaniyyətə olan xidməti dedikcə böyükdür.
Bu əsərlərdən bəhrə almaq və onları
anlamaq üçün piano, violen, fleyta və sair kimi aləti-musiqiyə
məktəbinə ehtiyac var". Üzeyir Hacıbəyli
bizi bütün musiqi alətləri və növlərindən
xəbərdar olmağa çağırırdı. O deyirdi:
"Biz mədəniyyətin hər bir qismində iştirak
etməliyik… Ümumi musiqi sənətini öyrənərsək,
öz milli musiqimizin tərəqqisinə
böyük-böyük xidmətlər etmiş olarıq. Belə
olmasa, biz bir nöqtədə donub qalarıq. Not sistemi, Avropa
musiqi alətləri və musiqi formaları bizim əsrlər
boyu yaranmış zəngin, ahəngdar musiqimizi yeni mərhələyə
qaldırar, onun dünyada yayılmaq imkanlarını xeyli
genişləndirər".
Dahi bəstəkar
vokal sənətimizdə yeni məktəb yaranması zərurətini
xüsusi olaraq qeyd edir və bu sahədə rus-Avropa "səliqəsi"
tətbiq etməyi məsləhət görürdü. Bəstəkarın
bu fikrinin doğruluğunu həyat, musiqimizin inkişaf təcrübəsi
tezliklə sübut etdi. Məlumdur ki, Bülbül və
Şövkət Məmmədova ifaçılıq sənətimizdə
böyük novator kimi məhz "Avropa səliqəsi" ilə
vokal dərsləri aldıqdan sonra parladılar. Üzeyir
Hacıbəyli onların bu səyini və sənətkarlığını
həmişə yüksək qiymətləndirərdi. O qeyd
edirdi ki, Bülbülün füsunkar ifaçılıq məharətinin
səbəbi "Azərbaycan milli havalarını və
muğamlarını bilməsi ilə yanaşı Avropa təhsilindədir".
Üzeyir
Hacıbəyli dünya xalqları mədəniyyətinin, o
cümlədən musiqi yaradıcılığının
qarşılıqlı əlaqə və təsirinin əhəmiyyətini
tez-tez xatırladardı.
O,
yaradıcılığında xalq ruhundan qidalanmış, sənətdə
xəlqiliyin gözəl nümunələrini yaratmış
bəstəkarları daha çox sevirdi. Həmişə
Qlinkanı, Çaykovskini, Rimski-Korsakovu, Motsartı, Baxı,
Bethoveni, Verdini dərindən öyrənməyə
çağırırdı. Çaykovskiyə münasibəti
çox səciyyəvidir. O deyirdi: "Mən
Çaykovskinin yaradıcılığına coşqun pərəstiş
edən adamlardan biriyəm. Mən öz azad
yaradıcılıq fantaziyamı xalq musiqi dilinin sarsılmaz
təməli üzərində inkişaf etdirmək prinsipini
Çaykovskidən götürmüşəm".
Üzeyir
Hacıbəyli öz müasirləri olan görkəmli sovet
bəstəkarları Qlier, Prokofyev, Şaporin,
Şostakoviç və Xrennikovla yaxın dost olmuş və həmişə
onların yaradıcılığından hörmətlə
danışmışdır.
Bir nəzəriyyəçi
kimi Müslüm Maqomayev də professional musiqimiz
qarşısında duran bir sıra problematik məsələlərə
münasibətini aydın bildirirdi.
Maqomayev sənətkarlarımızı
müasir dövrün siyasi, bədii tələblərinə
cavab verən musiqi əsərləri yaratmağa
çağırırdı. O yazırdı: Milli formalı
Azərbaycan musiqisi simfonik orkestr vasitəsilə səslənməlidir.
Bu yolla təkidlə, qətiyyətlə getmək
lazımdır. Azərbaycan bəsətkarları gərək
milli mövzularda simfonik əsərlər yaratsınlar.
Bu nəzəri
müddəaların doğruluğunu Maqomayev özü
müvəffəqiyyətlə təcrübədə
sübut etdi. Maqomayev milli musiqimizdə simfoniya yolunun bələdçisi
oldu. Onun "Azərbaycan çöllərində" əsəri,
"Azad Azərbaycan qadını" rəqsi və başqa
əsərləri Azərbaycan simfonizminin ilk nümunələri
idi.
Azərbaycan
mədəniyyətinin nəhəng addımlarla irəlilədiyi
bu illərdə incəsənətin bizim üçün
tamamilə yeni olan janrları meydana çıxırdı.
Kino sənətinin hələ zəif inkişaf etdiyi o
vaxtlarda Müslüm Maqomayev filmlər üçün musiqi
yazırdı.
Bu fakt
Maqomayevin mədəniyyətimizin qeyrətini çəkən
əsl vətəndaş olduğunu bir daha çübut edir.
Onun "Nərgiz"
operası Azərbaycan opera sənətinin inkişafında ikinci
mərhələnin başlanğıcı oldu. "Nərgiz"
yeni bir üslubda, rus-Avropa klassik operaları səpkisində
yaranmış Azərbaycan operasıdır. Bəstəkar bu əsərində
muğam operası çərçivəsindən cəsarətlə
kənara çıxmış və Azərbaycan opera sənətinin
gözəl nümunələrindən birini
yaratmışdır.
Üzeyir
Hacıbəyli dostu və həmkarı haqqında
yazırdı: "Maqomayev öz ruhuna və istiqamətinə
görə xalq bəstəkarı idi, əsl realist idi, Azərbaycan
musiqi yaradıcılığının yolu üstündə
duran hər cür əngəlləri amansızcasına
qırıb-dağıdan cəsarətli bir novator idi".
Üzeyir
Hacıbəylinin "Koroğlu" operası musiqi tariximizdə
çox böyük və əlamətdar bir hadisə oldu.
"Koroğlu"nun ilk tamaşası milli mədəniyyətimizin
bayramına çevrildi. Bəstəkarın uzun illərdən
bəri topladığı yaradıcılıq təcrübəsi,
onun yüksək musiqi mədəniyyəti bu operada yeni bir
qüvvəylə parladı. "Koroğlu" dünya
musiqi mədəniyyətinin nailiyyətlərini özündə
təcəssüm etdirən, yüksək sənət tələblərinə
cavab verən ölməz bir əsərdir. Azərbaycan opera sənətinin
zivrəsidir.
Üzeyir
Hacıbəyli "Koroğlu" operası ilə şair qəlbli,
nəğməkar ürəkli bir xalqın oğlu
olduğunu bir daha sübut etdi.
Operanın
partiturasında tardan istifadə olunması təsadüfi
deyildi.
Axı,
tar azərbaycanlılar arasında ən geniş
yayılmış, simləri xalqın ürək telləri
ilə həmahəng səslənən çox qiymətli
musiqi alətidir. Üzeyir Hacıbəyli tarı bəzi
"solçuların" hücumlarından müdafiə
etməklə zəngin xəzinəmizi - Azərbaycan xalq
musiqisini müdafiə edirdi. Moskvada
keçirilən Azərbaycan incəsənəti dekadası
günlərində simfonik orkestrdə sarı simli Azərbaycan
tarının və başqa milli çalğı alətlərinin
müvəffəqiyyətlə səslənməsi Hacıbəylinin
yaradıcılıq ideyalarının qələbəsi və
milli musiqimizin təntənəsi idi.
O öz
fikrini izah edərkən belə deyirdi: "Mən tarın bu
operada iştirak etməsi üçün başqa cür
düşünürəm. Hərgah tarı
milli bir alət olduğu üçün irəli çəkmək
istəsəydim, o zaman kamançaya da müəyyən yer
verərdim. Lakin bu lazım deyildi. Şərq musiqisi əsasında yazılan əsərdə
kamançanın vəzifəsini skripka daha yaxşı bədii
bir surətdə ifa edə bilər. Lakin tar belə
deyil, tarın tembri orkestrdə yenilik yaradır və onun incə
səsləri artıq dərəcədə xoşa gəldiyi
üçün orkestrə daxil edilməsini lazım bilirəm".
Xalq
yazıçısı Mirzə İbrahimov "Üzeyir
Hacıbəyli sənət və sənətkarlıq
haqqında" adlı məqaləsində haqlı olaraq
yazır ki, inqilabi çevrilişlər zamanı cəmiyyətin
köhnəlmiş iqtisadi-ictimai, siyasi və məişət
formaları dağılarkən və bütün bunlar yenidən
qurularkən ədəbiyyat və incəsənətdə
yeni ruh, yeni meyllər hakim olmağa başlarkən, dünəndən
qalan irsə qarşı mühafizəkarlıqla
yanaşı ifrat-solçu münasibətlər də
özünü göstərir. 20-ci illərdə Azərbaycanda
da belə hallara tez-tez rast gəlmək olurdu: Musiqi sahəsində
bu solçu meyllər xüsusən "tar məsələsi"ndə
daha qabarıq şəkil aldığından, o zaman nəzəri
cəlb etmişdi. Avropa musiqi formalarının bizdə
yayılmasını ürəkdən istəyən Üzeyir
Hacıbəyli "hətta tarın xalq musiqisi aləti
cümləsindən olduğuna da inanmayan" yoldaşlarla
mübahisəsində deyirdi: Avropa musiqisindən əlavə
bir də Şərq musiqisi vardır və biz azərbaycanlılar
özümüz Şərq əhlindən olduğumuza
görə musiqi təhsili işində Şərq musiqisinə
qarşı biqeyd qalarsaq, öz mədəni vəzifəmizi
kamalınca ifa etməmiş olarıq. Tar isə Şərq
musiqi təhsilini genişləndirə bilən alətdən ən
qiymətli, ən mühümüdür".
Üzeyir
Hacıbəyli sovet dövründə musiqi nəzəriyyəçisi,
musiqişünas alim kimi çox səmərəli fəaliyyət
göstərmişdir. Uzun illər gərgin elmi tədqiqatın nəticəsi
olan "Azərbaycan xalq musiqisinin əsasları" adlı əsəri
bəstəkarın musiqi nəzəriyyəsinə
böyük hədiyyəsidir.
Üzeyirin
yazdığı ilk himn Leylinin məhəbbət himni idi. Sonralar bəstəkar yeni
dövrün himnini - Azərbaycanın dövlət himnini
yazdı.
...Üzeyir
Hacıbəyli xalqımızın Böyük Vətən
müharibəsindəki misilsiz rəşadətini, zəhmətini,
hünərini coşqun ilhamla tərənnüm etmişdir. Bu illərdə bəstəkar
qələmini süngü ilə əvəz edən sənətkarlar
sırasında idi. Onun qızğın vətənpərvərlik
duyğuları ilə dolu mübariz mahnı və
marşlarının sədası cəbhələrdən gəlirdi.
Bu nəğmələr
əsgərlərimizlə bir sırada döyüşür,
onları qələbəyə səsləyirdi.
Üzeyir
Hacıbəylidən və Müslüm Maqomayevdən bizi illər
ayırmışdır. Lakin hər iki sənətkarımızı biz həmişə
sonsuz ehtiramla yad edəcəyik. Xalqımızın
Üzeyir kimi, Müslüm kimi oğullarını bizdən
cismən ayıran gündən nə qədər
uzaqlaşırıqsa, onlar bizim qəlbimizə bir o qədər
yaxınlaşırlar. Çünki onlar
öz sənətləri ilə əbədiyyət
qazanıblar.
Sevimli
şairimiz Səməd Vurğunun Üzeyir Hacıbəyli
haqqında yazdığı şeirdən
aşağıdakı misraları xatırlatmaq istərdim:
Ölüm
sevinməsin qoy! Ömrünü vermir bada,
El qədrini canından
daha əziz bilənlər;
Şirin bir
xatirətək qalacaqdır dünyada
Sevərək
yaşayanlar, sevilərək ölənlər…
Üzeyir
Hacıbəyli və Müslüm Maqomayevin xatirəsi bu
gün təkcə Azərbaycan xalqının yox, bir çox
xalqların qəlbində əbədi yaşamaq hüququ
qazanıb. Onların Moskvada və Azərbaycanda keçirilən
yubiley təntənələri musiqimizin əziz bayramı - Azərbaycan
bəstəkarlıq məktəbinin bayramı idi. Bütün ölkə xalqının bizim sənət
dühalarına verdiyi yüksək qiymətin ifadəsi idi.
Bu
gün Üzeyir Hacıbəyli və Müslüm Maqomayev gözlərimiz
önündə iki nəhəng zirvə kimi yanaşı
ucalırlar. Bu zirvələr Vətənimizdən
çox-çox uzaqlarda sənətsevər insanların nəzərini
xalqımızın mənəvi ucalığının
simvolu kimi cəlb edir. Onların yüksək
mədəniyyəti, qayğıkeşliyi, sadəliyi, mənəvi
təmizliyi, sözün əsl mənasında
insanlığı bizim üçün gözəl nümunədir;
xalqa, Vətənə namusla, qeyrətlə xidmət etməyin
nümunəsidir.
İndi
dünya miqyasında tanınmış Azərbaycan bəstəkarlarının
sənət şöhrəti üçün biz Üzeyir
Hacıbəyliyə və Müslüm Maqomayevə minnətdarıq. Onlar bizim üçün sənət
zirvələrinə yol açıblar. Azərbaycan
bəstəkarlarının orta nəslinə atalıq
qayğısı göstəriblər, çətinə
düşəndə əlimizdən tutublar. İndi də elə anlar olur ki, qeyri-ixtiyari
onları köməyə, məsləhətə
çağırır, lakin əbədi uyuduqlarını
yenidən yəqin edib bir daha təəssüflə dərindən
köks ötürürük.
Azərbaycan
bəstəkarlarının yeni nəsli öz müəllimlərindən
aldıqları sənət estafetini, böyük inamla yeni
yaradıcılıq üfüqlərinə doğru
aparır. Xalqımız bu gün öz yetişdirmələri
ilə, Üzeyir və Müslüm yolunun
davamçıları ilə, musiqi şöhrətimizi
bütün dünyaya yayan bəstəkar oğulları ilə
haqlı olaraq fəxr edir. Onların
arasında sənət yoldaşım Qara Qarayevin adını
xüsusilə çəkmək istəyirəm. O,
ölkə musiqi məktəbinin nadir istedadlı, görkəmli
xadimlərindən biridir. Qara Qarayevi bir sənətkar
kimi yüksəldən onun müasirliyi, özünə
qarşı yüksək tələbkarlığıdır.
Bəstəkarın "Yeddi gözəl" və
"İldırımlı yollarla" baletləri, bir
sıra simfonik əsərləri ölkə musiqi xəzinəsinin
nadir inciləridir. Biz fəxr edirik ki, istedadlı bəstəkarlarımız
sırasında müasir Azərbaycan bəstəkarlıq məktəbinin
görkəmli nümayəndələri C.Hacıyevin,
S.Hacıbəyovun, Niyazinin, C.Cahangirovun, S.Rüstəmovun,
T.Quliyevin, Ə.Bədəlbəylinin, R.Hacıyevin, S.Ələsgərovun,
Ə.Abbasovun, E.Nəzirovanın adları tez-tez çəkilir.
Sevinirik
ki, Azərbaycanda - Üzeyir Hacıbəylinin və
Müslüm Maqomayevin vətənində bu gün
istedadlı gənc bəstəkarlar nəsli
yetişmişdir. A.Məlikovun "Məhəbbət əfsanəsi"
baletinin böyük müvəffəqiyyəti buna parlaq
misaldır.
...Azərbaycan
bəstəkarlıq məktəbinin müvəffəqiyyətləri
böyükdür. Lakin qarşıda daha
böyük vəzifələr durur. Biz
müəllimlərimizin ölməz irsini göz-bəbəyi
kimi qorumaqla yanaşı, onların başladıqları
işi ləyaqətlə davam etdirməliyik. Zəmanəmizin
ən görkəmli bəstəkarlarından olan Dmitrii
Şostakoviç demişdir: "Mən arzu edirəm ki, Azərbaycan
bəstəkarları Üzeyir Hacıbəylinin böyük ənənələrini
müqəddəs saysınlar və inkişaf etdirsinlər".
Şostakoviçin
bu sözlərini, şübhəsiz, Müslüm Maqomayevin
yaradıcılığına da aid etmək olar.
...Bu gün bəstəkarlar
qarşısında duran əsas vəzifə quruculuq
işimizə kömək edən, xalqın ürəyinə
yol tapan, zamanın tələblərinə cavab verən sənət
əsərləri yaratmaqdır.
Biz bu vəzifənin
öhdəsindən gəlsək, deyə bilərik: Ölməz
ustadlarımız Üzeyir Hacıbəylinin və
Müslüm Maqomayevin ləyaqətli varisləriyik.
Fikrət Əmirov
Ədəbiyyat qəzeti.- 2012.- 23
noyabr.- S.1-4.