M.F.Axundzadənin ədəbi irsi alman dilində

       

M.F.Axundzadənin ilk komediyaları işıq üzü görər-görməz onun müəllifinin səsi-sorağı Qafqazı aşaraq Rusiyaya, oradan da Avropaya yayılmağa başladı. Avropada, xüsusən Almaniyada Mirzə Fətəli irsinə göstərilən maraq onun əsərlərinin alman, fransız və ingilis dillərinə tərcüməsi, bu məşhur komediyalar haqqında yeni və maraqlı məqalələrin yazılması ilə nəticələndi.

Avropa şərqşünasları Azərbaycan dramaturqunun komediyaları ilə elə ilk tanışlıqda, onu Avropa dramaturgiyasının korifeyləri Aristofanla və Molyerlə müqayisə etmişlər. Bu mənada Berlində nəşr olunan "Arhiw für wissenshaftliche kunde fon Rusland" jurnalındakı yazı (Berlin, 1852, XI cild) xüsusilə maraqlıdır.

M.F.Axundzadə hələ sağlığında öz maraqlı və orijinal əsərləri ilə nəinki Qafqazda və Rusiyada, hətta Avropada da yaxşı tanınırdı.

İ.K.Yenikolopov "Akaki Sereteli və Mirzə Fətəli Axundov" məqaləsində (SSRİ EA Azərbaycan filialının əsərləri, 1940, ¹4, s. 78) bildirir ki, "Məşhur Aleksandr Düma Tiflis şəhərinə gələn kimi Axundovla tanış olmaq üçün onun evinə getmişdir".

Burada bir məsələni xüsusi olaraq nəzərə almaq lazımdır ki, M.F.Axundzadəni Avropada məşhurlaşdıran ilk növbədə onun alman, fransız, ingilis dillərinə tərcümə olunmuş komediyaları idisə, digər tərəfdən bu işdə görkəmli ədib haqqında o dövrdəki rus mətbuatında tanınmış rus ziyalılarının çap etdirdikləri məqalələr rol oynayırdı. Eyni zamanda, o dövrdə Avropanın ayrı-ayrı ölkələrindən Tiflisə səfər etmiş və qısa müddətə Qafqazda yaşamış görkəmli elm, ədəbiyyat, mədəniyyət və hərb xadimlərinin M.F.Axundzadə ilə şəxsi tanışlığı, əlaqələri Azərbaycan ədibinin Avropa ədəbi-nəzəri fikri ilə yaxından təmasda olmasına şərait yaradırdı.

Tiflis ədəbi-mədəni mühitinin müsəlman qolunun ən aparıcı şəxsiyyətlərindən biri kimi avropalılar onunla görüşməkdən, əlaqə saxlamaqdan çox məmnunluq duyurdular.

Tiflisə gəlib M.F.Axundzadə ilə tanış olmuş görkəmli alman ziyalılarından biri Heydelberq Universitetinin fəlsəfə tarixi üzrə professoru Fişer Kuno (1824-1907) idi.

M.F.Axundzadə "Kritika" (Yüksək İranın "Millət" qəzeti münşisinə) məqaləsində bu haqda belə yazır: "Bir gün evdə oturub Xristofor Kolumbun sərgüzəştini və Amerikanın kəşf tarixini rus dilində oxuyurdum. Həyat qapısının cəftəsi döyüldü. Qulluqçu getdi və Germaniyada birinci Şərq dilləri müəllimi, səyyah general Fişerin adamından bu məzmunda bir kağız gətirdi: "Ey filankəs, sən bilirsən ki, bizim səni görməyə nə qədər sovqümüz var və Tiflisdə qaldığımız bu bir neçə gündə səninlə iki dəfə görüşmüşdük. Sən bizi yaddan çıxardın. Axı qəribnəvazlığın qaydası belə olmaz. Xahiş edirəm, sabah günortadan sonra, saat ikidə bizim mənzilə təşrif gətirəsən ki, bir yerdə nahar yeyək və sənin söhbətindən feyz alaq.

Sənin dostun Fişer".

Ertəsi gün vəd edilən saatda general Fişerin mənzilinə getdim. Vilayətin adlı-sanlılarından beş nəfər başqa adam dəxi o məclisdə hazır idilər. Oturduq, nahar yedik, sonra söhbətlə məşğul olduq. Söhbət arasında, general fişer məndən soruşdu ki:

-Filankəs, "həşərat" kəlməsinin ərəb dilində mənası nədir?

Dedim:

- "Həşərat" kəlməsi lüğətcə, qamus sahibinin yazdığına görə, xırda heyvan və cücülərdən ibarətdir və fiqh kitablarında verilən şərhə görə budur: "Həşərat yer altında yaşayan ilan, siçan, çöl siçanı, böcək və sairə kimi xırda heyvanlardır".

Daha sonra Fişer Kuno M.F.Axundzadəyə belə bir faktı xatırladır ki, İranda çıxan "Millət" qəzetində çap olunmuş bir qəsidədə göstərilir ki, guya müqəddəs Quranda islamı inkar edənlərin həşərat olduqları qeyd olunub. Alman alimi dostuna qəzetin nüsxəsini təqdim edərək deyir:

"…Biz də öz dinimizi inkar edənləri azğın sayırıq. Heç kəs öz ayranına türş deməz. Lakin istədiyimiz budur ki, siz bu dünyada bizi "həşərat" adlandırmayasız…

Qəzeti alıb oxuduğum zaman ürəyim elə sıxıldı ki qan başıma vurdu, xəcalətdən başımı aşağı saldım və mat-mütəhəyyir qaldım.

Bir andan sonra bu ifadəyə görə çarəsiz üzr istədim ki:

-Bu şair dəlidir. Onun sözünə etina etməyin. Qəsidəsindən məlumdur ki, qətiyyən şairlik qabiliyyəti yoxdur".

Fişer Kuno M.F.Axundzadənin səmimiyyətinə, fikirlərinin aliliyinə, obyektivliyinə, ziyalılığına inanır və ona cavab məktubu yazır.

M.F.Axundzadənin Fişerin obyektiv iradlarına cavabı da çox təbii və səmimi olur.

M.F.Axundzadə ilə Fişer Kuno arasındakı səmimi dostluğu daha bir əlamətdar fakt sübut edir. Belə ki, alman professor Qafqaz canişinindən xahiş edir ki M.F.Axundzadənin oğlu Rəşidin Brüsselə oxumağa göndərilməsinə razılıq versin. Canişin etiraz etmir.

M.F.Axundzadənin Tiflisdə ən yaxın dostluq etdiyi əcnəbi ziyalılardan biri tanınmış ədib Adolf Petroviç Berje (1828-1886) olmuşdur. Düzdür, Azərbaycan ədəbiyyatşünaslığında A.Berje adətən rus şərqşünası kimi qələmə verilir (bəlkə də Sankt-Peterburqda anadan olduğu və həm də rus dilində yazdığına görə), əslində o, mənşəcə fransız olub.

A.Berjenin qafqazşünaslıq, eləcə də şərqşünaslıq sahəsində çox böyük xidmətləri olub. Həyatının çox hissəsini Tiflisdə yaşayıb. 1864-cü ildən ömrünün sonuna qədər Qafqaz Arxeologiya Komissiyasının sədri, "Qafqaz Arxeologiya Komissiyasının Aktları"nın redaktoru işləyib.

A.Berjenin Azərbaycana, Azərbaycan dilinə marağı hələ onun tələbəlik illərindən başlamışdır. Belə ki, 1847-ci ildə Sankt-Peterburq Universitetinin Şərq dilləri şöbəsinə daxil olduqdan sonra burada o, görkəmli Azərbaycan şərqşünasları Mirzə Cəfər Topçubaşovdan və Mirzə Kazım bəydən dərs almışdır.

1851-ci ilin dekabrında Tiflisə gəlib orada Qafqaz canişinliyinin dəftərxanasında işə başlayan A.Berje elə həmin ərəfədə M.F.Axundzadə ilə tanış olur və ömrünün sonuna qədər onunla dostluq və yaradıcılıq əlaqələri saxlayır.

Təsadüfi deyil ki, M.F.Axundzadəyə alman ədəbiyyatını və dilini, eləcə də fransız ədəbiyyatını, dilini sevdirənlər sırasında A.Berje ilkin yer tutur.

Cəsarətlə demək olar ki, A.P.Berjenin Leypsiqdə nəşr etdirdiyi ikinci kitab - "Azərbaycan şairlərinin şeirlərinin məcmuəsi" əslində onun M.F.Axundzadə ilə dostluğunun, iki yaradıcı insanın birgə əməyinin məhsulu idi.

A.Berjenin həmin məcmuəsində başqa görkəmli Azərbaycan şairləri ilə yanaşı, M.F.Axundzadənin də poeziyasından nümunələr verilmişdir.

A.Berje Tiflisdə yaşayıb-yaradan Azərbaycan ziyalıları ilə çox yaxın olub və dostluq münasibətləri saxlayıb. Azərbaycan türkcəsini öyrənib, Azərbaycan ədəbiyyatı tarixi, etnoqrafiyası, arxeologiyası ilə yaxından maraqlanıb. Onun 1868-ci ildə Leypsiqdə alman dilində nəşr etdirdiyi "Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə…" kitabı, "Azərbaycan dilində nəğmələr məcmuəsi" adlı əlyazması, "Zaqafqaziya müsəlman şairləri haqqında bir neçə söz" məqaləsi kifayət qədər məşhurdur. O, tarixçi Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi" əsərini rus dilinə çevirmiş və müqəddimə ilə "Qafqaz" qəzetində çap etdirmişdir.

M.F.Axundzadə ilə A.Berje arasında əqidə və yaradıcılıq dostluğunun bariz nəticələri sırasında birincinin köməyi ilə alman ədibinin Azərbaycan şairlərinin əsərlərindən ibarət kitabın hazırlanmasını, ikincisinin köməyi ilə "Kəmalüddövlə məktubları"nın rus dilinə tərcümə olunmasını xüsusi olaraq qeyd etmək vacibdir.

1861-ci ildə M.F.Axundzadə A.Berje vasitəsilə Tiflisdən Tehrana dörd nüsxə "Təmsilat"ını maarif naziri, şahzadə Əliqulu Mirzəyə, əyalət nayibi, şahzadə Fərhad Mirzəyə, ədliyyə naziri Abbasqulu xan Cavanşirə və Müşirüddövlə Mirzə Cəfər xana göndərir.

Maraqlıdır ki, müəllif göndərdiyi dörd nüsxənin hər birinin titul səhifəsinə belə bir avtoqraf qeyd yazmışdır: "Zahiri baməzə və xoşagələn, batini isə başdan-başa moizə və nəsihətdən ibarət olan bu cür qəribə əsərlər müsəlman xalqları arasında məlum deyildi. Mən bu işin banisi oldum. Bu əsərlərdə mənim müsəlman camaatı arasında mövcud olan bəzi xoşagəlməz adətlərə və ənənələrə qarşı istehza yolu ilə etirazımı görənlər, bu etirazı mənim təəssübsüzlüyümə və xalqıma qarşı məhəbbətimin olmamasına yozmasınlar gərək! Çünki bu etirazlardan məqsədim ibrət dərsi verməkdir ki, başqaları bu kimi pis adətlərdən çəkinsinlər. Necə ki, açıq fikirli həkim Şeyx Sədi rəhmətullah da öz "Gülüstan"ında Loğmanın dili ilə bu mətləbə işarə etmişdir: "Loğmandan soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: - Ədəbsizlərdən, yəni onların əməllərində hər şeydən ki, xoşum gəlmədi, ondan uzaqlaşdım.

 

Mirzə Fətəli Axundzadə"

 

M.F.Axundzadə fəlsəfi traktatlarından ibarət "Kəmalüddövlə məktubları" əsərini məhz A.Berjenin köməyi ilə rus dilinə tərcümə etmişdir. Bu məsələ ilə bağlı, eləcə də ədibin A.Berje ilə yaradıcılıq əlaqələrindən bəhs edən bir şərtnamə vardır.

M.F.Axundzadənin avropalı dostuna olan bu səmimi və hüquqi sənədə cavab olaraq A.Berje maraqlı və lakonik bir rəy yazmışdır. A.Berjenin rəyi bu məzmundadır:

"Cənab polkovnik Mirzə Fətəli Axundova bəslədiyim ən səmimi dostluq hisslərinin ifadəsi və onun şərəfli əməyinə hörmət əlaməti olaraq, bu tərcümə işində və kitabını çap etdirməkdə ona imkanım daxilində hər cür kömək etməyə hazıram. Bu işdən alınacaq gəlirin nəinki payıma düşəcək yarısından, hətta hər cür maddi mükafatdan da imtina edirəm.

Avropalılar kimi, müsəlmanlar özləri də bu kitabı oxuyanda onlar üçün bu vaxta qədər qaranlıq qalmış islamiyyət haqqında aydın məlumat ala biləcəklər".

Əvvəlcə "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə, sonra "Hekayəti-Molla İbrahimxəlil kimyagər" (1850), "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur" (1850) pyesləri ilə Qafqazda və Rusiyada məşhurlaşan M.F.Axundzadə tədricən Avropada da tanınmağa başlayır. Bu işdə alman ədəbi-nəzəri fikri və ədibin ilk iki komediyasının alman dilinə tərcüməsi xüsusi rol oynamışdır. "Daha doğrusu, M.F.Axundzadənin yaradıcılığına alman şərqşünaslığının marağı və qayğısı nəticəsində o, Avropa miqyasında tanınmağa başlayır. Bu tərcümə əslində M.F.Axundzadənin komediyalarının Avropa dillərinə ilk tərcüməsi hesab olunur.

1852-ci ildə alman dilində nəşr olunan "Archiv für Wissenschaftliche kunde von Rusland" jurnalı (XI cild) M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasının alman dilinə tərcüməsini vermişdir. Tərcüməçinin adı göstərilməsə də, bu barədə ilk dəfə məlumat verən rus ədəbiyyatşünası A.Kandelinin fikrincə komediya məşhur alman şərqşünası Vilhelm Şott (1807-1899) tərəfindən tərcümə olunmuşdur ("Sovetkoe vostokovedenie", 1956, ¹3, s. 138-140).

M.F.Axundzadənin komediyasının alman dilinə tərcüməsi barədə ədəbiyyatşünas S.Tağızadənin də fikirləri maraqlıdır. O yazır:

"Axundovun komediyasının alman dilinə ilk tərcüməsi rus dilindən edilmişdir. Bu tərcümə o vaxtkı alman dilinin tələblərinə cavab vermiş və uğurlu tərcümə kimi qəbul olunmuşdur. V.Şottun tərcüməsinin bəzi üstün cəhətlərini qeyd etmək olar: tərcümə şərqşünas mütəxəssis tərəfindən edilmişdir. Bu da tərcümə prosesində Şərq ədəbiyyatına məxsus cizgilərin qorunub saxlanmasına imkan yaradıb. Bu tərcümə Axundov yaradıcılığının Avropada təbliği sahəsində mühüm rol oynamışdır. Bu tərcümə Qərbdə axundovşünaslığın əsasını qoymuşdur".

V.Şottun bədii tərcümə sahəsindəki fəaliyyətinə dair daha bəzi faktlar var ki, onlar Azərbaycan-alman-eston ədəbi əlaqələr tarixinə qiymətli səhifələr yazmışdır.

Eston milli ədəbiyyatının banilərindən biri - Fridrix Reynqold Kreysvaldın (1803-1882) eston ədəbiyyatı tarixində misilsiz xidmətləri olmuşdur. Yaşadığı dövrün elə bir mühüm ədəbi hadisəsi olmazdı ki, fr.R.Kreysvald bu barədə eston oxucuları ilə fikrini bölüşdürməsin. O, elə bu məqsədlə ilk dəfə olaraq Şərq poeziyası ilə eston oxucularını tanış etməyi özünə borc bilmişdir. Bu hadisə isə Azərbaycan şairi Molla Pənah Vaqiflə (1717-1797) əlaqədardır. Belə ki, fr.R.Kreysvald 1878-ci ildə M.P.Vaqifin məşhur "Mən cahan mülkündə mütləq doğru halət görmədim" müxəmməsindən bir parçanı eston dilinə tərcümə edərək, "Sakala" qəzetinin həftəlik əlavəsində (bax: "Sakala Lisaleht" 8 iyul, 1888-ci il. Bu haqda ilk məlumat tanınmış eston ədəbiyyatşünası professor Endel Nirkə məxsusdur - E.Nirk. Kolm kildu azerbaidzaani klass. Kreutswald. luulup"Keel ya Kiryandus", 1963, ¹8, s. 459) çap etdirmişdir. Bəs, M.P.Vaqifin müxəmməsi hansı yolla eston ədibinə gedib çatmışdır? E.Nirk müəyyənləşdirmişdir ki, Azərbaycan şairinin şeirini fr.R.Kreysvalda onun ən yaxın dostu, Berlin Universitetinin professoru, şərqşünas-akademik Vilhelm Şott məktub vasitəsilə göndərmişdir. Apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, V.Şott Azərbaycan dili və ədəbiyyatına xüsusi maraq göstərmişdir. Məsələn, V.Şott hələ 1848-ci ildə Leypsiq şəhərində görkəmli azərbaycanlı alim, rus şərqşünaslığının banilərindən Mirzə Kazım bəyin alman dilində çapdan çıxmış "Türk-tatar dilinin ümumi qrammatikası" (Kasem-Beg A.Algemaine Qam. der Türkish-Tatarischen prache von M.A. Kasem-Beg… Aus dem Rusischen überzetzt und mit einem… Leypsiq, 1848. şərqşünas Yulius Sengerin tərcüməsində) haqqında o dövrdəki Almaniya mətbuatında çox qiymətli və təqdirəlayiq məqalələr çap etdirmişdir (Kononov A.N. İstoriya İzuçeniya Tyurkskix yazıkov v Rossii. Do oktyabrskiy period. L.1972, s. 190-193).

Öz növbəsində Mirzə Kazım bəy Avropa şərqşünaslığına həsr etdiyi müxtəlif elmi əsərlərində V.Şottun bütün Avropa xalqlarının dillərini, mədəniyyətini, poeziyasını, mifologiyasını və tarixini öyrənmiş görkəmli alim kimi fəaliyyətini yüksək qiymətləndirmişdir (Bu haqda bax. Kononov A.N. Oçerk istorii izuçeniya tyurkskoqo yazıka. L., "Nauka", 1976).

Bizim qənaətimizə görə, V.Şott M.P.Vaqifin məşhur "Görmədim" müxəmməsini çox güman ki, o vaxtlar bütün Almaniyada geniş yayılaraq əldən-ələ gəzən bir kitabdan götürmüşdür.

Bu tanınmış şərqşünas A.Berjenin 1868-ci ildə Leypsiqdə çap etdirdiyi məşhur "Məcmueyi-əşari-şüərayi Azərbaycan" kitabıdır (Archingen transkaukazischer sanger des XVIII und XIX Yahrhunders in adserbaidshanischer Mundarf, gesaminlt von Adolf barg, Leipziç, 1868).

Söhbət eston klassikindən və eston ədəbiyyatından getdiyi bir məqamda bir maraqlı faktı da xatırlatmaq istərdim. Bu, M.F.Axundzadənin məşhur poemasının Estoniyada çapı ilə bağlıdır.

Təsadüfi deyil ki, Azərbaycan və Şərq ədəbi-ictimai fikrinin ən qabaqcıl ənənələri əsasında yetişərək, eyni zamanda, rus və Avropa mədəniyyətlərinin ən qiymətli xüsusiyyətlərinə yiyələnmiş M.F.Axundzadə, bir sənətkar kimi eston ədəbi ictimaiyyətinin də diqqətindən yayınmamışdır.

M.F.Axundzadənin 1837-ci ildə "rus şeirinin günəşi batan" zaman A.S.Puşkinin faciəli ölümündən xəbər tutaraq yazdığı "Puşkinin ölümünə Şərq poeması" 1889-cu ildə Estoniyada da çap olunmuşdur. O zamanlar Revel (indiki Tallin) şəhərində nəşr olunan "Revelskiye izvestiya" qəzeti özünün 20 may tarixli sayında məşhur poemanı oxuculara təqdim etmişdir (nəsrlə). Qəzetdə həmçinin poema haqqında giriş sözü də verilir. Burada poema və onun müəllifinin Rusiyanın bütün əyalətlərində məşhur olması barədə məlumat verilir və bildirir ki, "Bu yaxınlarda Moskva qəzetlərinin birində cənab V.Kallaş Azərbaycan şairi Mirzə Fətəlinin Puşkinin ölümünə yazdığı poemanı yeni redaktədə çap etdirmişdir. Bu əsərdə müəllif bir sıra şairlər kimi sənət dünyasında baş verən ağır itkini böyük ürək ağrısı ilə qələmə almışdır". Daha sonra müəllifin böyük şairə bəslədiyi dərin məhəbbət, zəngin təbiət təsviri və digər sənətkarlıq xüsusiyyətləri qeyd olunur.

1889-cü ildə M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" əsəri alman dilinə tərcümə edilmişdir. Belə ki, tanınmış alman şərqşünası Adolf Vahrmund (Vyana Şərq Dilləri Akademiyasının professoru) komediyanı fars dilindən alman dilinə çevirmiş, farsca mətni, müqəddimə, izah və lüğətlə birlikdə ayrıca kitab halında çap etdirmişdir.

A.Vahrmund komediyanı "Müsyö Jordan, Qarabağda Paris botaniki" adı ilə sətri tərcümə etmiş və ayrıca kitab halında çap etdirmişdir. A.Vahrmund tərcümə prosesində komediyanın Məhəmməd Cəfər Qaracadağının fars dilinə tərcümə olunmuş mətnini əsas götürmüşdür.

1928-ci ildə M.F.Axundzadənin ölümünün 50 illiyi qeyd edilərkən Almaniyanın Kil şəhərində yaşayan şərqşünas alim, professor Teodor Mensel (1878-1939) o vaxt yaradılmış yubiley komitəsinin sədri Ə.Haqverdiyevə göndərdiyi məktubunda bildirir ki, XX əsrin əvvəllərində Almaniyada tanınmış "Professor, doktor Georq Yakob inqilaba qədər (çox ehtimal ki, Böyük Oktyabr inqilabı nəzərdə tutulur - V.A.) bir azərbaycanlının köməyi ilə Axundovun ilk komediyalarını alman dilinə tərcümə edib və bu tərcümələr əsasında ayrıca lüğət tərtib edib, kitab çap etdirib".

Bu məsələyə müəyyən aydınlıq gətirmək üçün bildirim ki, professor Teodor Menselin məktubunun izi ilə axtarışlar aparan ədəbiyyatşünas S.Tağızadə müəyyənləşdirib ki, professor Georq Yakob M.F.Axundzadənin "Molla İbrahimxəlil kimyagər" və "Müsyö Jordan və dərviş Məstəli şah" komediyalarının alman dilinə tərcüməsi üzərində çalışıb (bu işdə ona Brüssel Universitetində oxuyan Rəşid bəy Axundov - M.F.Axundzadənin oğlu - yaxından kömək edib. Xatırladım ki, 1874-1878-ci illərdə Rəşid bəy Brüssel universitetində təhsil alarkən orada ona professor G.Yakob mühazirələr oxuyub). G.Yakobun əsas məqsədi iki komediyanın dili əsasında M.F.Axundzadənin dram əsərlərinin leksikologiyasını müəyyənləşdirmək, bu haqda ayrıca tədqiqat əsəri yazmaq olub.

Lakin çox təəssüf ki, professor T.Menselin xatırlatdığı tərcümə, lüğət və kitab barədə Azərbaycan ictimaiyyətinə əlavə heç bir fakt məlum deyil. Bu məsələyə aydınlıq gətirmək çox faydalı olardı.

M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyasının alman dilinə daha bir tərcüməsinin mövcudluğu barədə T.Menselin belə bir qeydi var ki, "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyasını D.Lebel və S.Vittman alman dilinə tərcümə edərək Leypsiqdə "Kitabxana reklamı" nəşriyyatında çap etdirmişlər.

Bu maraqlı faktı professor Brands da xatırlamış və bildirmişdir ki, T.Lebel adlı şərqşünas "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyasını alman dilinə tərcümə edərək Amsterdamda nəşr etdirmişdir.

M.F.Axundzadəyə aid Avropa mənbələrindən birində ötəri şəkildə göstərilir ki, 1920-ci ildə Berlində alman dilində onun "Kimyagər" adlı kitabı çap olunub.

İndiyə qədər bizə məlum olan faktlar onu göstərir ki, alman dilinə görkəmli ədibin üç komediyası tərcümə və çap edilib. Lakin bizə elə gəlir ki, professor H.Brandsın "Azərbaycan xalq həyatı və müasir təmayüllər M.F.Axundzadənin dramaturgiyasında" (Visbaden, 1958, alman dilində) kitabının nəşrindən sonra (M.F.Axundzadənin komediyalarının alman dilinə tərcümələri barədə əsas məlumatlar həmin monoqrafiyada verilir) çox ehtimal ki, yeni tərcümələr də edilmişdir.

Əlbəttə, bu istiqamətdə axtarışların aparılması çox faydalı olardı.

Beləliklə, məlum olur ki, M.F.Axundzadənin ədəbi irsinin nümunələri Avropaya ilk dəfə məhz alman dili vasitəsilə ayaq açıb. Üç məşhur komediyanın alman dilinə tərcümə edilməsinin ardınca Qərbi Avropa ölkələrində bir-birinin ardınca görkəmli dramaturqun əsərləri fransız, ingilis, italyan, polyak, norveç və digər dillərə tərcümə edilərək yayılmışdır.

 

 

Vaqif Arzumanlı

 

Ədəbiyyat qəzeti.- 2012.- 23 noyabr.- S.1-3.