Bəkir
Çobanzadə İsmayıl Qaspıralı haqqında
Krımdan pərvazlanan türk dünyasının iki
parlaq simasının - İsmayıl
Qaspıralı (1851-1914) və Bəkir Çobanzadənin
(1893-1937) əqidə, məslək və ideallarında nə
qədər yaxınlıq, doğmalıq varsa,
onların tərcümeyi-halı və talelərində də
bir o qədər bənzərlik, oxşarlıq var.
İsmayıl Qaspıralı öz üzərinə
götürdüyü tarixi
yükün - XIX əsr Rusiya
imperiyası hüdudlarında yaşayan
müsəlman-türk xalqlarının həyat və təfəkkür
tərzində dəyişiklik etmək, onların dildə,
fikirdə və əməldə birliyinə nail
olmaq istəyinin çox ciddi müqavimətlərə,
təzyiqlərə tuş gələcəyini
anlayır, onu cəzalandırmaq üçün pusquda duran, fürsət axtaran qara qüvvələrin - rus
şovinistlərinin, məkrli missionerlərin, onlardan
heç də geri qalmayan milli
satqınların niyyətlərini yaxşı başa düşürdü.
İ.Qaspıralı bilirdi ki, onu nəinki diri-diri parçalamağa,
hətta qəbrini yerlə-yeksan etməyə hazır olan cəsuslar, xəfiyyələr, nadanlar, cəhalət və ətalət
bayquşları məqam gözləyirlər. O, təsadüfən
yazmırdı ki:
«Doğuldum mən Avcıköydə min səkkiz yüz əlli
birdə
Məkanımdır
Baxçasaray məzarım kim bilir
nərədə».
Cəmi
34 il ömür
sürən Bəkir Çobanzadə isə doğulduğu
andan sağ
qalmağını təsadüflə əlaqələndirirdi:
«Doğuldum Krımda, Qarasubazarda,
İlan kimi yaşıl bir ilk baharda,
…Ölürdü doğulan,
doğulmayan da,
Təsadüf
əsəri sağ qaldım onda».
İsmayıl Qaspıralı azərbaycanlı
silahdaşları ilə, xüsusilə Əlimərdan bəy
Topçubaşovla Rusiya
müsəlmanlarının qurultaylarını keçirməyə
müvəffəq olmuş, Bəkir
Çobanzadə türkoloqların Bakıda I qurultayının
təşkilində mühüm rol oynamışdır. Qeyd etmək maraqlıdır ki,
bu tarixi qurultay nümayəndələrin təklifi ilə
İ.Qaspıralının və V.Radlovun
şərəfinə həsr olunmuşdu.
Dünyanın bir sıra
ölkələrindən 131 nəfər nümayəndənin,
o cümlədən V.Bartold,
S.Olderburq, A.Müller,
F.Köprülüzadə,
A.Samoyloviç, H.Zeynallı, Ə.Hüseynzadə,
N.Poppe, A.Krımski, A.Zifeldt-Simumyagi,
F.Ağazadə,
T.Menzel, L.Şerva və
b. kimi dünya
şöhrətli alimlərin iştirak etdiyi qurultayda Bəkir
Çobanzadə dərin məzmunlu məruzə ilə
çıxış etmişdir.
İsmayıl
Qaspıralı ortaq ədəbi dil uğrunda praktik mübarizə aparmış, «Tərcüman»
qəzetini nəşr etdirmiş, yeni üsullu məktəblərin
əsasını qoymuşdur. Bəkir Çobanzadə türk
dilinin elmi-nəzəri əsaslarını,
türk dili və ədəbiyyatının
tədrisi üsullarını, türk dili qrammatikasını, dialektologiyasını
işləmişdir. İsmayıl Qaspıralı kimi Bəkir Çobanzadə də Avropada da türk
mədəni izlərini arayıb-axtarmışdır.
İsmayıl Qaspıralı «türk oğlu türk» olduğunu bədii
və publisistik əsərlərində uca səslə, az qala hər abzasda fəxrlə,
qürurla dilə gətirmişdir: «…siyasi inanc və görüşümün əsası, təməli
«türk oğlu türk» olduğumdur.
Öncə türk olmadıqca nə aristokrat oluram, nə demokrat, nə xalqçı oluram,
nə sosialist. Əgər mənə
«türklükdən, millətçilik fikrindən əl
çək, səadətə çatarsan»
- desələr, mən bu cür
səadətdən bədbəxtliyi üstün
tutaram. Mənim türk
olmamağım nə ağlıma gələr, nə
vicdanıma sığar. Milli mənsubiyyət
hər şeydən müqəddəm, hər şeydən
müqəddəsdir» (Zamanımızın məsələləri).
«Sizdən
doğdum, sizdənəm» - deyərək milli mənsubiyyəti ilə fəxr edən Bəkir
Çobanzadə uca türk
millətinin şanlı tarixini qürurla vəsf edir:
«Tatar ustasıdır savaşın, cəngin,
Tatar nəvəsidir
Çingizin, Ləngin».
Doğrudur,
Rusiya imperiyasındakı türklərin mövcud miskin, zavalı,
ağır, acı durumu B.Çobanzadəni
məyus edir, kədərləndirir, lakin o, ümidlidir,
inanır ki, qəhrəman türk xalqı yenidən dirçələcək,
əvvəlki şan-şöhrətini qaytaracaqdır:
«Gəlirlər,
marşları qulağa dəyir,
Qələm
bunu yazır, qəlbim gözləyir».
İ.Qaspıralı dili millətin ən böyük
sərmayəsi adlandırır və doğma
türk dilinin zəngin,
şirin, incə, parlaq,
canlı, ecazkar, lətafətli olduğunu xüsusi
vurğulayırdı. Türk dilinin müxtəlif sahələrinə dair fundamental
araşdırmalar aparan, dilçiliyə dair aktuallığını və əhəmiyyəti
bu gün və gələcəkdə
də zərrəcə itirməyən əsərlər yazan Bəkir Çobanzadə ana
dilinə məhəbbətini bədii şəkildə də
izhar etmişdir:
Qəbrimdə
mələklər suallar sorsa,
Əzrayıl
dilimə min düyün
vursa,
Öz ana dilimdə soruş - deyərəm,
Öz ana dilimdə ötüb
ölərəm.
Həm İsmayıl
Qaspıralı, həm də Bəkir Çobanzadə şəxsi
həyatı və yaradıcılığı ilə Azərbaycanla
sıx bağlı olmuş, Azərbaycanı
da Krım qədər özlərinə doğma diyar hesab etmişlər. İsmayıl
Qaspıralı Cənubi Qafqaza, o cümlədən Azərbaycana dəfələrlə
səyahət etmiş, buradakı
ziyalılarla yaxından dostluq əlaqələri
qurmuş, Azərbaycanın mədəni,
ədəbi, mətbu həyatını müntəzəm izləmiş,
təəssüratlarını «Tərcüman»da dərc etdirmişdir. Bəkir Çobanzadə
1924-cü ildən ömrünün
sonunadək - 1937-ci ilədək Bakıda yaşamış, fəaliyyət
göstərmişdir. B.Çobanzadə Azərbaycanda
Yeni Əlifba Komitəsinin sədri, Yeni Türk Əlifbası
Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri,
Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda
şöbə müdiri işləmiş,
Bakı Dövlət Universitetində kafedra
müdiri, dekan vəzifələrində
çalışmış, mühazirələr oxumuşdur.
«Türk dili və ədəbiyyatının tədris üsulu», «Türk qrameri», «Türk ədəbiyyatı»,
«Türk dili», «Türk-tatar dialektologiyası», «Türk-tatar lisaniyyatına mədxəl»,
«Krım-tatar ədəbiyyatında qurultayçılıq və
millətçilik» və s. kimi sanballı əsərlərin müəllifi
professor Bəkir Çobanzadə SSRİ
EA Zaqafqaziya filialı
Azərbaycan şöbəsinin, SSRİ EA Azərbaycan
filialının həqiqi üzvü, eləcə
də Paris Dilçilik
Cəmiyyətinin üzvü olmuşdur.
Göründüyü kimi, həyat yolu, əməli
və ideyaları ilə bir-birinə yaxın olan
bu iki nəhəng
şəxsiyyəti birləşdirən, qırılmaz tellərlə
bir-birinə bağlayan məqamlar çoxdur. Təəssüf ki,
onların həyatında, talelərində kədərin ortaq olduğu nöqtələr
də az deyil. Sovet rejimi və kommunist ideologiyası
İ.Qaspıralının, B.Çobanzadənin irsi timsalında qatı düşmənini görürdü. Odur ki, hər ikisi «pantürkist» kimi cəzalandırılırdı:
Bəkir Çobanzadə ağlasığmaz ittihamlarla
həbs olundu, qısa müddət ərzində
güllələndi, dəfn yeri bu gün də bilinmir. İ.Qaspıralının irsinə yasaq qoyuldu, məzarı
dağıdıldı.
Əlbəttə,
gec də olsa, hər iki böyük xadim bəraət almış, həyat, fəaliyyətləri
tədqiq edilmiş, irsləri nəşr
olunmuşdur və bu proses hazırda davam etdirilir. Yeri gəlmişkən qeyd edək ki, AMEA M.Füzuli adına Əlyazmalar
İnstitutu Bəkir Çobanzadənin elmi əsərlərdən ibarət beşcildliyini nəşr etdirmişdir.
İstedadlı türkoloq, ədəbiyyatşünas,
tərcüməçi, redaktor, publisist, Avrasiya Tərcüməçilər
Birliyinin sədri, Jurnalistlər Birliyinin baş katibi, Bakı Dövlət Universiteti türk
xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri
doktoru, prof. Ramiz Əsgər Bəkir Çobanzadənin «Seçilmiş bədii əsərləri»ni
Krım-tatar türkcəsindən dilimizə
uyğunlaşdıraraq, kitaba
yazdığı «Böyük alim və ədib Bəkir Çobanzadə»
adlı ön sözlə birlikdə nəşr
etdirmişdir. Professorun
bu gərgin əməyi layiqincə qiymətləndirilmiş
və o, Bəkir Çobanzadə
adına Beynəlxalq mükafata layiq görülmüşdür.
Fikrimcə,
bütün bu qeydlərdən
sonra Bəkir Çobanzadənin XIX əsrin
sonu XX əsrin əvvəlləri Rusiya müsəlmanlarının lideri İsmayıl Qaspıralı ilə
bağlı fikirlərinə nəzər salmaq
yerinə düşər. «Bir tatar gəncinin ana yurdu: Krım» adlı avtobioqrafik məqalədə («Budapeşti
Hiralp» qəzeti, 28 mart
1918, ¹ 72. Bax: Bəkir Çobanzadə.
Seçilmiş əsərləri.
Bakı, BXQR, 2012, 240 səh. Tərtib edən, Krım-tatar
türkcəsindən uyğunlaşdıran və ön sözün müəllifi
prof.dr. Ramiz Əsgər.
Redaktoru AMEA-nın müxbir
üzvü, prof.dr. Tofiq
Hacıyev) müəllif uşaqlıq, gənclik illərindən,
ilk yaradıcılıq
axtarışlarından, klassik rus ədəbiyyatından məhəbbətlə
söz açır, macəraların həyatına
böyük maraq
göstərdiyini, tezliklə bu arzusuna çatdığını,
Macarıstana gəldiyini, bu qardaş xalqın tarixi,
ədəbiyyatı və mədəniyyəti ilə
yaxından tanış olduğunu
yazır.
Bəkir
Çobanzadə Krımdan, onun
şanlı tarixindən, təbiətindən, coğrafi, iqtisadi göstəricilərindən,
tatarların şifahi xalq
yaradıcılığından qürurla
söz açır. Müəllif
müxtəlif türk xalqlarının
bir-birindən ayrı düşdüyünü
kədərlə qeyd edir,
sonra yazır: «Buna baxmayaraq son əlli ildə
böyük qəzetçi-yazar
İsmayıl Qaspıralının ortaya
çıxması ilə böyük türk birliyini yenidən qurmaq prosesinə Krım tatarları da mühüm töhfə
verirlər». Dünya şöhrətli dilçi alim Bəkir Çobanzadə
İ.Qaspıralının ortaq türk ədəbi dili uğrunda mücadiləsini yüksək dəyərləndirir
və dövr üçün
xarakterik olan «hansı
dil?» mübahisələrində
İ.Qaspıralının mövqeyini
müdafiə edərək yazır: «Özünəməxsus
üslubu ilə Qaspıralı yalnız ortaq tatar ədəbiyyatında
deyil, daha geniş olaraq bütün türk-osmanlı ədəbiyyatında
xüsusi yer tutur».
Böyük alim, istedadlı ədib, şair,
yazıçı, publisist Bəkir
Çobanzadə əsl xalq xadimi idi. O, doğma xalqını düşündürən,
onun tərəqqi və təşkilatlanmasına
əngəl olan amilləri göstərməklə
yanaşı, bu bəladan xilas
yollarını da qeyd
edir və bu zaman İ.Qaspıralı irsini
və fəaliyyətini örnək kimi
önə çəkir: «Krım ziyalılarının
Avropada və Rusiyada nə
üçün təşkilatlanmadıqları
soruşula bilər. Məsələn, mənim
kimi bir tatar gənci ölkədən-ölkəyə
köç edincə, qürbət dərdinə
qatlanaraq bunun əvəzini
üç misli qədər
ödəmək məcburiyyətində qalır. Krımda isə
ziyalılarımız rus idarəsinin
mızmızlığı üzündən layiq
olduqları yeri tuta
bilmirlər. Onlar basqı altında olan və inkişaf edə
bilməyən hər hansı toplumun təmsilçiləri
kimi tək bir elm sahəsi ilə məşğul olurlar: bu soydaşlıq və
milli şüur elmidir. Bu sahədə
Baxçasaraydakı «Tərcüman» qəzeti digər Krım
qəzeti və jurnalları ilə birlikdə öz
mübarək missiyasını 40 ildir davam etdirir».
Türk
dilçiliyinin bir elm sahəsi kimi
formalaşmasında, inkişafında misilsiz
və möhtəşəm rol
oynamış Bəkir Çobanzadə eyni
zamanda qızğın təəssübkeş
idi, məxsus olduğu
xalqın tarixini, mənəvi-maddi dəyərlərini,
adət-ənənələrini uca tutur, onları qürur mənbəyi hesab edir,
«bu günə qədər lənətlə
yad edilən bir
qanlı aləti xatırladan tatar
adının» iftira və böhtanlardan
xilası üçün qələmini var gücü ilə
işlədirdi. 1920-ci ildə yazdığı «Yeni oyanan tatarlıq» (Göy kitab) adlı məqalə
bu qəbildəndir. Müəllif tatarlarla bağlı mətbu orqanlarda
səthi, saxta, qərəzli məqalələri
tutarlı, tarixi-elmi dəlillərlə alt-üst edir, sonda qəzəblə soruşur:
«Bəşərin bir əsr sonrakı nəsli
tatarlığı yalnız «Tayms»ın səhifələrindən
tanısa, fikri, əcəba, necə
qarşılanar?»
İ.Qaspıralının
açdığı yeni üsullu
məktəblərdən xoflanan, təşvişə
düşən, narahat olan
missioner İlminski
tatarların assimilyasiyasına xidmət edən məktəblərin
açılması üçün dəridən-qabıqdan
çıxırdı. Bəkir Çobanzadə qeyd edir ki,
məşhur rus missioneri
İlminskinin amansız təhriki ilə açılan
tatarlara məxsus rus məktəbləri
içimizdə daim alovlanmağa
hazır milli mənliyimizi söndürə
bilmədi. Bu qədər sürəkli təzyiqə
rəğmən millətimiz gözlərini dörd
açdı və bu şəkildə qəhr
üzündən lütf olaraq
milli məsələlərimizin halına
yardım etdi. Bütün
bu proseslərdə, tərəqqi uğrunda mücadilədə Bəkir
Çobanzadə İsmayıl Qaspıralının xidmətlərini
xüsusi qeyd edərək
yazır: «Qırx-əlli il Krımda mərhum
İsmayıl Mirzə Qaspıralının «Dildə, fikirdə,
işdə birlik» şüarıyla ortaya çıxan qəzetinin nəşrə
başlaması nəticə etibarı ilə təkamül
tariximizdə çox mühüm
bir hadisə oldu». Bəkir Çobanzadə haqlı olaraq
bu qənaətdədir ki,
İ.Qaspıralı çoxşaxəli və fədakar fəaliyyəti
ilə cəmiyyətin tərəqqisinə bir
təkan vermişdir və
«Qaspıralının icad etdiyi
qəzetçilik gözlə görüləcək sürətlə
təkamül edir».
Abid TAHİRLİ,
filologiya elmləri doktoru
Ədəbiyyat qəzeti.- 2012.- 23
noyabr.-S.3.