Astanada türk
dünyası ədəbi jurnallarının 5-ci konqresində Azərbaycanın xalq yazıçısı Anara
“Türk dünyasında 2012-ci ilin ədəbiyyat adamı” mükafatı təqdim
edilib
Noyabrın
22-də Astanada türk
dünyası ədəbi jurnallarının 5-ci konqresi öz işinə
başlamışdır.
Tədbirdə
Azərbaycan, Qazaxıstan, Türkiyə, İran,
Özbəkistan, Ukraynanın Krım Muxtar
Respublikasından, Rusiyanın Tatarıstan,
Başqırdıstan respublikalarından, Şimali
Kiprdən gəlmiş alim,
yazıçı və şairlər, ədəbi
jurnalların baş redaktorları, jurnalistlər
iştirak edirlər.
Konqresdə
Azərbaycan Yazıçılar Birliyinin
(AYB) sədri, xalq yazıçısı
Anar, AYB-nin katibi Rəşad Məcid, “Ulduz”
jurnalının baş redaktoru
Elçin Hüseynbəyli iştirak edirlər.
Mərasimi
Qazaxıstan Yazıçılar İttifaqının sədri
Nurlan Orazalin
açmışdır. O, türk
dünyası arasında əlaqələrin dərinləşməsində
mədəniyyət və ədəbiyyatın mühüm rolu olduğunu bildirmiş, bu sahədə əməkdaşlığın
daha da genişlənməsinin
vacibliyinə toxunmuşdur.
TÜRKSOY-un
baş katibi Düsen Kaseinov indiyədək bu sahədə
keçirilmiş tədbirlərin mühüm əhəmiyyət
daşıdığını vurğulamışdır.
Avrasiya
Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu ötən
konqresdə “Türk dünyasında 2012-ci ilin ədəbiyyat
adamı” adının Azərbaycan yazıçısı
Anara verilməsi haqqında razılıq əldə
olunduğunu bildirmişdir.
Sonra Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar səhnəyə dəvət
edilmiş və mükafat ona təqdim olunmuşdur.
Xalq
yazıçısı Anar ona “Türk dünyasının
2012-ci ilin ədəbiyyat adamı” adının verilməsinə
görə minnətdarlığını bildirmiş, bundan
sonra da türk dünyası arasında ədəbi, mədəni
sahələrdə əlaqələrin genişləndirilməsi
istiqamətində fəaliyyətini davam etdirəcəyini
bildirmişdir.
Konqres
noyabrın 24-də başa çatacaq.
Qulu Kəngərli,
AzərTAc-ın xüsusi müxbiri
Astana
Ədəbiyyat qəzeti.- 2012.- 23
noyabr.- S.2.