Müqəddəs və məsul missiya:

«İstənilən halda yazmaq»

    

«…İstənilən halda yazmaq lazımdır. …yazılan qalır». Bu cümlələr Vilayət Quliyevin «Son illərin yazıları» adlı kitabına (Bakı, «Ozan», 2009, 600 səh. Elmi redaktoruön sözün müəllifi Asif Rüstəmli) müəllifin giriş əvəzi yazdığı «Bir neçə sözdən»dir ki, az qala əsr yarım bundan əvvəl yeni ədəbiyyatımızın yaradıcısı Mirzə Fətəli Axundzadənin «Mən məsləkimdən əl çəkən deyiləm» və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin «Heç olmaz ki, doğru söz yerdə qalsın» cümlələrinin ruh əkizi kimi diqqətimi çəkdi. Doğrudur, bugünkü müasir, müstəqil, azad Azərbaycanın, yeni yüksəliş və inkişaf mərhələsini yaşayan ölkəmizin mövcud mənzərəsi ətalət, cəhalət, mövhumat, zülmət və tənəzzülün içərisində boğulan XIX əsr Azərbaycan cəmiyyətindən, həmin dövrün ictimai-siyasi, tarixi durumundan kəskin fərqlənsə də, vicdanlı qələmin başlıca qayəsi, məramı, məqsədi, missiyası dəyişməmişdir: xalqa, onun tərəqqisinə, milli-mənəvi, mədəni dəyərlərin qorunması və zənginləşməsinə xidmət etmək.

Prof. Vilayət Quliyevi tanıdığım son 25 il ərzində onun həyatında, öz təbiri ilə desək, «taleyin qəribə və gözlənilməz töhfəsi» sayəsində çox ciddi dəyişikliklər olmuşdur. Onun tərcümeyi-halının bəzi səhifələrinə qısaca nəzər salaq. Bəhs etdiyimiz dövrdə Vilayət Quliyev AMEA Ədəbiyyat İnstitutunun direktor müavini işləmiş, (1987-1992) bir müddət qardaş Türkiyədə elmi-pedaqoji fəaliyyət göstərmişdir (1992-1994), müstəqil dövlətimizin ilk Milli Məclisinin deputatı olmuş (1995-200) Azərbaycan Respublikasının xarici işlər naziri (1999-2004), Azərbaycanın Polşada (2004-2010) fövqəladə və səlahiyyətli səfiri kimi çalışmışdır. Hazırda müstəqil Azərbaycanın ilk diplomatlarından olan V.Quliyev ölkəmizin Macarıstanda fövqəladə və səlahiyyətli səfiridir. O, 1990-cı ildə Bakı universitetində «Azərbaycan filoloji fikrirus ədəbi ictimai mühiti (XIX əsrin birinci yarısı) mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti - «Vətən» Cəmiyyəti İdarə heyətinin, «Ulduz» jurnalı və «Elm» qəzeti redaksiya heyətinin üzvü, «Millət» qəzetinin baş redaktoru olmuşdur (1992).

Ötən illər ərzində «Azərbaycanın böyük alimi, ictimai xadimi» (Nizaməddin Şəmsizadə) V.Quliyevin həyatında dəyişməyən cəhətlər, xüsusiyyətlər də olmuşdur: yazmaq! Vicdanla, ehtirasla, sevərək, məsuliyyətlə, qəlbin səsi və hökmü ilə yazmaq. Yaxşı xatırlayıram, «Vətən» Cəmiyyəti və onun orqanı «Odlar yurdu» yenicə fəaliyyətə başlayanda xalq yazıçısı, «Vətən» Cəmiyyəti Rəyasət heyətinin sədri Elçin qəzetin ilk nömrələrinin birinin müzakirəsi zamanı (letuçkada) redaksiya qarşısında çox ciddi hədəflərin durduğunu, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, dili, digər milli-mənəvi, mədəni dəyərlər, ölkədə, regionda baş verən ictimai-siyasi proseslər, problemlər barədə dərin, dolğun, sanballı materialların verilməsinin zəruriliyini qeyd etdixüsusi vurğuladı ki, istedadlı qələm sahiblərini əməkdaşlığa cəlb etmək, qəzetdə «Azərbaycan ədəbiyyatı», «Azərbaycan tarixi», «Azərbaycan dili» və s. kimi rubrikalar açmaq və sahə mütəxəssislərinin məqalələrini müntəzəm vermək lazımdır. Həmin dövrdən Azərbaycan klassikmüasir ədəbiyyat xadimləri, onların həyatı, yaradıcılığı barədə Vilayət Quliyevin bir-birinin ardınca, demək olar ki, qəzetin hər nömrəsində «Azərbaycan ədəbiyyatı» rubrikası ilə maraqlı məqalələri dərc olunmağa başladı. Fikrimcə, elə həmin dövrdən - «Odlar yurdu» ilə əməkdaşlıqdan sonra Vilayət Quliyevin mühacirətşünaslığın, onun müxtəlif problemlərinin araşdırılmasına meyli, marağı daha da artmışdı. Vilayət Quliyevin həmin dövrondan sonrakı yaradıcılığını izləsək, qənaətlərimiz üçün ciddi zəmin və əsasların olduğu üzə çıxar. Bəlkə də həmin vaxtlarda «Odlar yurdu»nda dərc olunan «Dünyanı dolaşan «Azərbaycan» adlı məqaləsini (burada ilk dəfə mühacir həmvətənimiz Kərim Odərin «Azərbaycan» adlı kitabından bəhs olunurdu) Vilayət Quliyevin sonrakı axtarışlarının başlanğıcı hesab etmək olar.

Ölkəmiz üçün çox mürəkkəb bir dövrlərdə dövlət xadimi kimi məsul bir vəzifədə çalışan prof. V.Quliyev bir an da olsun qələmindən ayrılmamışdır. Əslində, Vilayət Quliyevin vəzifələri (xarici işlər naziri, səfir) ilə yazdıqları arasında dərin, möhkəm əlaqələrin olduğu da inkaredilməzdir. Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində mühüm rol oynayan, onu xaricdə təmsil edən hər kəsin ölkəmizin tarixi, onun görkəmli dövlət, elm, mədəniyyət, ədəbiyyat xadimləri barədə bilməsi vacibdir. Həmin şəxsin özü bu işlə - xalqın tarixində və taleyində iz qoyanların həyat, fəaliyyətinin araşdırılması, dəyərləndirilməsi ilə birbaşa məşğuldursa, üstəgəl bu işi həvəskar yox, peşəkar səviyyədə həyata keçirirsə, bu, daha çox təqdirəlayiqdir. V.Quliyevin tədqiqatları nəticəsində Azərbaycan tarixinin parlaq, nəhəng, lakin təəssüf ki, az tanınan, yaxud heç tanınmayan simalarının, görkəmli şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin, qələm-kəlam sahiblərinin, mütəfəkkirlərin, elm, ədəbiyyat adamlarının portretlərindən ibarət bütöv qalereya yaranmışdır.

Türk-islam dünyasının böyük ideoloqlarından, mümtaz mütəfəkkir, publisist, redaktor, müəllim, milliyyətçi, Azərbaycanın ilk hərbi-siyasi təşkilatının - «Difai» partiyasının yaradıcısı, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı Əhməd bəy Ağaoğlunun, XX əsrin ən böyük türkoloqlarından biri, «Azərbaycan yurd bilgisi» jurnalının naşiri, redaktoru, İstanbul Universitetinin professoru Əhməd Cəfəroğlunun, XIX əsrin sonu XX əsrin əvvəlləri Rusiya müsəlmanlarının liderlərindən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri, Şərqdə ilk demokratik Respublika Parlamentinin sədri, Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Əli Mərdan bəy Topçubaşovun həyatı və fəaliyyətinin işıqlandırılmasında, dəyərləndirilməsində V.Quliyevin əməyi əvəzsizdir. O, Əhməd bəy Ağaoğlunun (2007-ci il), Əhməd Cəfəroğlunun (2008) «Seçilmiş əsərləri»ni tərtib etmiş, onlara ön söz yazmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşirin qatili Torlakyanın məhkəmə prosesi ilə bağlı kitabı (2008), eləcə də Türkiyənin tanınmış siyasi xadimi və dövlət adamı, məşhur yazıçı Səməd Ağaoğlunun «Hekayələr, memuarlar» (2008), Azərbaycan, ingilis və fransız dillərində işıq üzü görən «Azərbaycanın Paris Sülh Konfransından tələbləri» (2008) əsərləri də V.Quliyevin gərgin əməyi, səyi sayəsində işıq üzü görmüşdür. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi qeyd olunduğu dövrdə isə Vilayət Quliyev Paris Sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaçovun öz hökumətinə göndərdiyi diplomatik sənədləri “Paris məktubları” adı altında geniş müqəddimə və şərhlərlə Azərbaycan və rus dillərində çap etdirmişdir (1998).

Bu bir həqiqətdir ki, «...imzası, ədəbi-tənqidi fikirdə öz dəst-xətti, məntiqi və prinsipiallığı ilə seçilən» (Asif Rüstəmli) V.Quliyevin müraciət etdiyi mövzular həm aktuallığı, həm əhəmiyyəti ilə diqqəti çəkir, böyük maraq doğurur. Müəllifin oxucularına təqdim etdiyi qəhrəmanlar əməlləri və əsərləri ilə iz buraxmış, özlərindən sonra zəngin irs qoymuşlar. Lakin sovet rejimikommunist ideologiyasının hakim olduğu Sovet İttifaqında bu xadimlərin fəaliyyətinə kölgə salınmış, faktlar, hadisələr saxtalaşdırılmış, qərəzlə qələmə alınmışdır. Vilayət Quliyevin qələminin gücü, onun problemə yanaşma tərzi, publisistin sənətkarlıq məharəti toxunulan məsələnin daha dərindən, obyektiv, inandırıcı təhlili və dəyərləndirilməsi ilə bərabər dilinin sadəliyi, eyni zamanda zənginliyi, obrazlılığı, canlı və oynaq olması mövzunu daha maraqlı, daha cazibədar edir.

Müəllifin «XIX əsrin sonu - XX yüzilliyin əvvəllərində təkcə övladı olduğu Azərbaycan xalqının deyil, bütün türk-islam dünyasının ədəbi-mədəni və ictimai-siyasi fikir tarixində diqqətəlayiq yer tutan görkəmli şəxsiyyətlərdən biri» adlandırdığı - Əhməd Ağaoğluna həsr olunan məqaləsini V.Quliyev qəhrəmanını türk alimi Fəxrəddin Gülsevəndən və tanınmış türk yazıçıları Peyami Səfa və Şükufə Nihaldan, eləcə də türkçülüyün inkişafına böyük töhfə vermiş Yusif Akçuradan gətirdiyi sitatlarla başlayır. Fəxrəddin Gülsevənin sevə-sevə «heysiyyətli və möhtəşəm bir mütəfəkkir, mərd və cəsur mübarizə adamı, professormaarifçi, usta qəzetəçi-yazar, dürüst siyasətçi, hürriyyət və demokratiya aşiqi, milliyyətçi və inqilabçı ziyalı, inanılmış və vəfalı dost, yaxşı ailə başçısı, şəfqətli ata, böyük insan, heykəlləşmiş şəxsiyyət» adlandırdığı Əhməd Ağaoğlunun tərcümeyi-halı və yaradıcılıq yolunu, fəaliyyətini V.Quliyev böyük məhəbbətlə izləyir. Onun Şuşada ilk, Peterburqda, Sorbonnada ali təhsilə yiyələnməsini qeyd edir, Parisin nüfuzlu mətbu orqanlarında Şərq-türk-islam dünyası ilə bağlı ciddi silsilə məqalələrindən, Londonda şərqşünasların IX Beynəlxalq konqresindəki çıxışından, Azərbaycan əsilli böyük mütəfəkkir Şeyx Cəmaləddin Əfqani ilə tanışlığından, Parisdən sonra doğma yurdu Şuşaya qayıdışından, orada müəllimlik fəaliyyətindən məhəbbət və fəxarətlə söz açır.

Müəllif Peterburq, Paris, İstanbul mühitinin təsiri ilə yetişən, xalqına daha çox fayda vermək arzusu ilə yaşayan, həyatını böyük ideallara sərf etmək istəyən Ə.Ağaoğlunun Bakıdakı fəaliyyətindən - Azərbaycan ziyalılarının o dövrdəki əsas tribunası sayılan «Kaspi» və «Həyat», eləcə də «İrşad», «Tərəqqi» qəzetlərindəki fəaliyyətindən, «Difai» partiyasının yaradılmasından geniş bəhs edir. V.Quliyev Ə.Ağaoğlu publisistikasının mövzusunu, toxunduğu problemləri dərindən təhlil edir, lazımınca dəyərləndirir, həmçinin dardüşüncə ziyalılarla Əhməd bəyin arasında baş verən ixtilaflara aydınlıq gətirir, qənaətlərini dahi Üzeyir Hacıbəylinin «Tərəqqi» qəzetində dərc olunan məqaləsindəki sözlərlə əsaslandırır: «…Əhməd bəy o adamlardan deyilmi ki, camaatın ən müşkülqorxulu bir halında, yəni erməni-müsəlman davasında mərdi-mərdanə döşünü gərib qılıncdan kəskin bir təsirli qələmlə üzərimizə olan hücumları dəf edirdi. Bu yolda onun tək bir nəfər də olsun köməkçisi yox idi». Hadisələri üzdən yox, dərindən müşahidə edən, məsələnin məğzini, mənasını açmağa üstünlük verən V.Quliyev beləcə Ə.Ağaoğlunun Bakı fəaliyyəti haqqında yazdıqlarını yekunlaşdırır və onun həyat və fəaliyyətinin İstanbul dövrünü oxucuların diqqətinə çatdırır. Bu zaman da tədqiqatçı alim öz prinsiplərinə sadiqdir: faktlara istinad etmək, yalnız həqiqəti yazmaq, hərtərəfli təhlil etmək, obyektiv nəticələr çıxarmaq. «Türk ocağı»nın (1911) qurucularından, «İttihad və tərəqqi» partiyasının liderlərindən, türkçülük ideyalarını yayan bir sıra qəzet və jurnalların fəal əməkdaşlarından olan Əhməd bəy Ağaoğlu İstanbul mühitinə öz möhürünü vurur.

Prof. Vilayət Quliyev Əhməd bəy Ağaoğlunun ötən əsrin 20-30-cu illərində elmi, bədii, publisistik yaradıcılığını, ictimai-siyasi fəaliyyətini də geniş işıqlandırır, «Əhməd bəy Ağaoğlu - Atatürk» münasibətlərindən, İstanbuldan uzaqlaşdırıldıqdan sonrakı Ankara həyatından bəhs edir, həmçinin Türkiyənin ictimai-siyasi-ədəbi-mədəni mühitində parlaq iz qoymuş Ağaoğlular nəslinin digər nümayəndələri barədə geniş söz açır.

«Ədəbi dünyanın fədaisi» (Vaqif Yusifli) V.Quliyev səriştəli tədqiqatçı, mahir publisistdir. O, Ə.Ağaoğlunun həyat və fəaliyyətinin bütün sahələrini arxiv sənədlərinə, etibarlı mənbə və məxəzlərə əsasən araşdırır. Təsadüfi deyil ki, axtarışlar tədqiqatçıya yeni-yeni mövzular da verir. Elə V.Quliyevin «Atasına layiq oğul - Səməd Ağaoğlu» adlı irihəcmli məqaləsi də müəllifin Əhməd bəy Ağaoğlu izi ilə getdiyi zaman qarşısına çıxan faktlardan ərsəyə gəlmişdir. Müəllif Əhməd bəy Ağaoğlu haqqında ölkəmizdə, Türkiyədə, həmçinin xarici ölkələrdə qələmə alınan materialları diqqətlə nəzərdən keçirirbu qənaətlə yazını yekunlaşdırır: «Əhməd bəy Ağaoğlunun böyük şəxsiyyəti və zəngin irsi ilə müqayisədə bütün bunlar hələlik sadəcə yaxşı başlanğıc sayıla bilər. Əslində, müdriklərin də dediyi kimi, çətini başlamaqdır».

Doğrudan da, çətini başlamaqdır. V.Quliyev qələmini ötən əsrin 70-ci illərinin sonu 80-ci illərin əvvəllərində sınağa çəkmiş, yazmağa başlamışdır. Bu, ümumən yaradıcılığa başlamaqdır. Lakin hər mövzuya baş vurmağın, məqaləyə başlamağın, bitirməyin də səfası olduğu kimi, öz cəfası, çətinliyi də olur. Yazmaq məsuliyyət tələb edir. Ciddi, taleyüklü mövzu bu məsuliyyəti ikiqat artırır. Ötən əsrin 30-40-cı illərindən dünya türkoloqları arasında öz sözü, nüfuzu və özünəməxsus dəst-xətti ilə seçilən, sayılan prof. Əhməd Cəfəroğlu barəsində V.Quliyevin qələmə aldığı «Əhməd Cəfəroğlu: Gəncədən bütün türk dünyasına» adlı sanballı məqaləsi də istedadlı alimin öz üzərinə götürdüyü missiyaya nə qədər məsuliyyətlə yanaşdığına parlaq nümunədir. Məqaləyə maraqlı girişlə başlayan müəllif göstərir ki, Azərbaycan istiqlalı uğrunda ideoloji mübarizə aparan, eyni zamanda türkologiyanın inkişafına misilsiz töhfələr verən Ə.Cəfəroğlunu «ifşa etmək» üçün sovet rejimi dönəmində həyata keçirilən çirkin təbliğat kampaniyasına baxmayaraq, ötən əsrin 70-ci illərinin tələbələri qəlblərinin dərinliklərində olsa da, mühacir professorun fikirlərinə bəraət qazandırırdılar. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, «Əhməd Cəfəroğlunun cazibədar şəxsiyyətindən, zəngin həyat yoluensiklopedik miqyaslı filoloji irsindən daha geniş şəkildə xəbər tutmaq imkanı» yarananda V.Quliyevmücahid alimin həyat və yaradıcılığının tədqiq edilməsinə, onun doğma Vətənində də tanıdılmasına ilk təşəbbüs göstərənlərdən oldu.

Vilayət Quliyev prof. Əhməd Cəfəroğlunun (1899-1975) ömür yoluna - ağrılı, acılı uşaqlıq illərinə, Kiyevdə təhsil aldığı, topçu zabit kimi Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərkibində daşnak-bolşeviklərlə mübarizə dövrünə nəzər salır, İstanbul, BerlinBreslau universitetlərində türkologiya sahəsində ali təhsilə yiyələndiyini, biliklərini təkmilləşdirdiyini qeyd edir. Maraqlı yazı manerası və mövzuya özünəməxsus yanaşma tərzi olan V.Quliyev Ə.Cəfəroğlunun tarixi xidmətlərini daha real, qabarıq, faktlara istinad etməklə elmi-kütləvi dildə, canlı, obrazlı ifadələrlə çatdırmağa üstünlük verir. O, Əhməd Cəfəroğlunun istiqlal uğrunda mübarizəsindən bəhs edərkən onun qızının, sənətşünas-professor Nazan Ölçərin məktubundan sitat gətirməklə mücahidin öz əqidəsinə, tutduğu yola sədaqətinə, polad iradəsinə heyranlığını gizlətmir: «Azad Azərbaycan Cümhuriyyətinin bayrağı da hər zaman, son nəfəsinə qədər yatağının başında durdu».

Prof. Osman fikri Sərtqayanın hazırladığı biblioqrafik göstəriciyə görə 1923-1969-cu illərdə Ə.Cəfəroğlunun müxtəlif dillərdə, müxtəlif ölkələrdə 350 əsəri nəşr olunmuşdur. Avropanın ən nüfuzlu universitetlərində müntəzəm şəkildə mühazirələr oxuyan prof. Ə.Cəfəroğlu dünyanın bir sıra tanınmış cəmiyyət və akademiyalarına üzv seçilmiş, əməyi çox sayda təltiflərlə, mükafatlarla dəyərləndirilmişdir. V.Quliyev haqlı olaraq Ə.Cəfəroğlunun redaktorunaşiri olduğu «Azərbaycan yurd bilgisi»nin (1932-1934, 1957), eləcə də «Türk amacı» (1942-1943) jurnallarının fəaliyyəti üzərində geniş dayanır, nəşrlərin tarixi xidmətləri, məramı, proqramı, yazarları, toxunduğu mövzular haqqında oxucularını məlumatlandırır. Əhməd Cəfəroğlunu «türk dili dialektologiyasının pionerlərindən biri» adlandıran V.Quliyev görkəmli alimin azərbaycanşünaslıq sahəsindəki əvəzsiz xidmətlərindən də ayrıca bəhs edir, onun bu sahədə indi də aktuallığını itirməyən əsərlərinin əhəmiyyətindən danışır. Türkoloq, tərcüməçi, naşir, redaktor Əhməd Cəfəroğlu barədə məqaləsini maraqlı mülahizə ilə bitirir: «Türk müəlliflərindən birinin dəqiq müşahidə etdiyi kimi, Əhməd Cəfəroğlunun ən şah əsəri isə, heç şübhəsiz, dünya miqyasında tanınan qızı, muzeyşünas alim Nazan Ölçər-Cəfəroğludur. Nazan xanım atasının türk dili, ədəbiyyatı və folkloru sahəsində başladığı və yarım əsr şərəflə daşıdığı estafeti türk xalq sənəti sahəsində eyni uğurla davam etdirir. Kiçik ailə sülaləsi - ata və qız son səksən il ərzində türk mədəniyyətinin öyrənilməsinə, dünya miqyasında təbliğinə əvəzsiz töhfə vermişlər».

Əlbəttə, məqalənin belə yekunlaşdırılması eyni zamanda müəllifin oxucunu növbəti maraqlı mövzuya hazırlamasıdır. Bundan sonra, oxucu heç şübhəsiz ki, imzanı izləməyə və prof. Nazan Ölçər haqqında daha geniş yazı gözləməyə başlayır. Vilayət Quliyev də auditoriyanı çox intizarda saxlamır və bir müddət sonra onun «İstanbulda bir xanım - Nazan Ölçər» adlı oçerki mətbuatda dərc olunur. Beynəlxalq Muzeylər Şurasının, Muzey Memarlığı və Texnologiyası üzrə Beynəlxalq Komitənin, YUNESKO Türkiyə Milli Komitəsinin üzvü, 25 il (1978-2003) Türkİslam əsərləri muzeyinə rəhbərlik etmiş, Saqib Sabançı muzeyinin direktoru, Azərbaycan əsilli dünya şöhrətli türkoloq prof. Əhməd Cəfəroğlunun qızı Nazan Ölçəri, səhv etmirəmsə, Vilayət Quliyev ilk dəfə bu əsəri ilə Azərbaycan ictimaiyyətinə tanıtmışdır. Publisist Erdal Şəfəq Türkiyənin «Sabah» qəzetində dərc etdirdiyi «Atlı köşkdə bir saraylı» adlı yazısında Nazan Ölçəri kilim və xalı tədqiqatları sahəsində Yer kürəsində tayı-bərabəri olmayan muzey mütəxəssisi kimi dəyərləndirir. Onun başçılıq etdiyi muzeyin adı dünyanın Luvr, Metropoliten, Ermitaj, Prado, Vatikan kimi məşhur mədəniyyət xəzinələri ilə bir sırada çəkilir. Vilayət Quliyevin bu qəbildən olan yazılarından biri də «Türk ordusunun azərbaycanlı generalları - Bərköz qardaşları» adlı yazısıdır ki, oxucular arasında böyük maraq və əks-səda doğurmuşdur. Xüsusi vurğulamağa ehtiyac vardır ki, hər bir azərbaycanlının qürur, sevinc, fərəh mənbəyinə çevrilən bu səpkili yazıların qəhrəmanları barədə V.Quliyev qəlbinin səsi ilə, Vətən və millət sevgisindən doğan duyğularla yazır. Təsadüfi deyil ki, əslən Şəkidən olan və adları müasir türk hərb tarixinə düşmüş generallar - Məhəmməd Nuru Hacı İlyas oğlu Sarıkərimli, Mehmet Nuri Bərköz və Mahmud Bərköz qardaşları barədə yazı oxucuda ən xoş ovqat, hisslər yaradır. General qardaşların şanlı hərb, döyüş yolunu epizodlarla, konkret faktlarla işıqlandıran müəllif araşdırmalar zamanı Türkiyə ordusunda yüksək mövqe tutan başqa bir azərbaycanlı hərbçi - yenə əslən Şəkidən olan general Həsən Behcətin adına rast gəldiyini yazır və türk millətinin və türk dövlətinin istiqlal savaşına töhfələrini vermiş həmvətənlərimizin xatirəsinin ölkəmizdə də əbədiləşdirilməsini vacib hesab edir.

«Fenomenal yaddaşa malik» (Teymur Kərimli) Vilayət Quliyev bir neçə xarici dili bilir və təsadüfi deyil ki, dünya ədəbiyyatından dəyərli tərcümələr etmişdir. Yeri gəlmişkən, onun ingilisrus dilindən tərcümələri ayrıca məqalə mövzusudur. Məşhur ingilis yazıçısı Corc Oruellin 150 cildlikDünya ədəbiyyatı kitabxanası” seriyasında çap olunan “1984”, “Kataloniyaya məhəbbətlə” romanlarını və “Heyvanıstan” povestini orijinaldan ana dilimizə çevirməklə Vilayət Quliyev bədii tərcümə sənətimizə həqiqətən böyük töhfə vermişdir.

Məmnunluq və məsuliyyət hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan tarixinin qaranlıq, lakin diqqətəlayiq səhifələrinə, milli-mənəvi dəyərlərə, xalqımızın yetişdirdiyi parlaq şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr etdiyi «Qərib mühacir: Mehmet Sadiq Aran», «Kazımbəylər: iki əsr Rusiya ilə birlikdə», «İsa Sultan Şahtaxtinskinin qəribə həyatı», «Polşa tatarları Azərbaycan dövlətçiliyinin xidmətində. General Masey Sulkeviç», «Polşa tatarları Azərbaycan dövlətçiliyinin xidmətində. General Kriçinski qardaşları» və digər əsərləri ilə V.Quliyev həm ədəbiyyatşünaslar, həm tarixçilər, həm də ölkəmizi xaricdə təmsil edən diplomatlar üçün yaxşı nümunə, örnəkdir.

Son iki ildə onun Polşada rus dilində çap etdirdiyi “Polşadakı Azərbaycan siyasi mühacirətinin irsindən (1930-cu illər”) və “Polşa tatarları Azərbaycanda” kitabları tariximizin az öyrənilmiş səhifələrinə, Azərbaycan-Polşa əlaqələrinə işıq tutmaq baxımından diqqətəlayiqdir. Təsadüfi deyil ki, bu əsərlər polyak alimlərinin də diqqətini çəkib və tezliklə hər iki kitab polyak dilində çap olunacaq.

Macarıstanda aktiv diplomatik fəaliyyətini davam etdirməklə bir sırada (təkcə elə Budapeştdə ömürlük həbs cəzası çəkən azərbaycanlı zabit Ramil Səfərovun vətənə ekstradisiyası nəyə desən dəyər!) Vilayət Quliyev “həmişə yazmaq” prinsipindən də uzaq düşməmişdir. Onun “Bəkir Çobanzadə Budapeştdə”, “1956-cı il macar üsyanının azərbaycanlı qurbanları”, “Macarıstanda turançılıq” kimi ciddi araşdırmaları Azərbaycan-Macarıstan əlaqələrində də kifayət qədər maraqlı və öyrənilməyə layiq səhifələrin olduğunu, onların tədqiqatçı nəfəsinə ehtiyac duyduqlarını aşkara çıxarmışdır.

İstedadlı alimin, tanınmış diplomatın bu sahədə fədakar fəaliyyətini bundan sonra da eyni uğurla davam etdirəcəyi aydındır. O ki, qaldı həyatındakı bütün dəyişikliklərə və nailiyyətlərə, bunları Vilayət Quliyev kimi «taleyin qəribə və gözlənilməz töhfəsi» də, istedadhalal zəhmətin bəhrəsi kimi də dəyərləndirmək olar. Əsas odur ki, 60 yaşın zirvəsindən geri boylananda ətrafa nur saçan parlaq izini, ömür yolunu bəzəyən əməllərinin nişanələrini görə biləsən.

Bir də “istənilən halda yazmaq”, üzərinə götürdüyün mürəkkəb və məsul missiyanı davam etdirmək əzmindən heç vaxt dönməyəsən!

Dörddə bir əsr ərzində tanıdığım, son illərdə çox nadir hallarda görüşdüyüm, sadəcə yaradıcılığı, yazıları vasitəsi ilə ünsiyyət saxladığım yorulmaz qələm dostum, diplomat, alim, ictimai xadim, ziyalı və vətəndaş Vilayət Quliyevin fəaliyyətinin bütün sahələrinə bundan sonra da məhz bu şəkildə davam edəcəyinə dərindən inanıram.

 

Abid Tahirli

filologiya elmləri doktoru

 

Ədəbiyyat qəzeti.- 2012.- 30 noyabr.- S.7.