Dağ yolunun başındakı adam

     

Bu yaxınlarda Özbəkistandan gələn ağır xəbəri eşidincə çox sarsıldım. Həmvətənimiz, gözəl insan, ölkəmizi, xalqımızı o ölkədə uzun illər layiqincə təmsil etmiş istedadlı şair İxtiyar Rza əbədiyyətə qovuşmuşdu. Onunla ilk dəfə 2006-cı ilin baharın son ayında görüşüb tanış olmuşdum. Elə ilk ünsiyyətdən yaranan doğmalıq, məhrəmanəlik məndə görüşün təəssüratlarını yazmağa sövq etdi. Yazdım da. Amma nədənsə, o yazı çap olunmadı. Bəlkə də bu günü gözləyirdi, deyə bilmərəm. Onu da dəqiq bilirəm ki, İxtiyar Rzayla sonrakı görüşlərdə mənə onunla bağlı yeni, maraqlı məqamlar bəlli olduğundan hər dəfə çalışırdım ki, yazıya bir az da yeni görüşlərin təəssüratlarını əlavə edim…

Bir il Azərbaycan Respublikasının Dövlət Bayrağı günü noyabrın 9-da yaşadığı bağ evindən Daşkəndə gəlib bayramda iştirak etmişdi. Bir daha (son dəfə) həmyerliləri ilə görüşüb, tədbirdən dönəndə ayağı sürüşərək yıxılmışdı. Xəstəxanada bir neçə gün qalandan sonra üzünü doğma Azərbaycana - ata yurdu Cəlilabadına çevirərək gözlərini əbədi yummuşdu.

Beləliklə, 2006-cı ildə qələmə aldığım yazını şair İxtiyar Rzanın əziz xatirəsinə ithaf edirəm...

Bu qardaş ölkəyə - Özbəkistana ikinci səfərim idi. İlk dəfə bu ölkədə 2004-cü ildə olmuşdum. O vaxt əsas vaxtımı qədim Səmərqənddə keçirdim. Şəhər zəngin tarixi abidələri ilə gələnləri valeh edir, Şərqin qədim mədəniyyət mərkəzini ziyarət edərkən sanki özünü XIV-XV əsrlərdəki səyyahların, meydandakı carçının böyründə və yaxud insan axınının cərgəsində hiss edirsən. Fateh Teymurun ömür-gün yoldaşı Bibixanımın tikdirib ucaltdığı məscid-mədrəsə kompleksi, Registandakı «Tillakari» mədrəsəsi, Əmir Teymurun sevimli nəvəsi Uluqbəyin rəsədxanası, Dəniyar peyğəmbərin möcüzəli türbə-məzarı, imam Əli Buxaralının ziyarətgahı, böyük Əmirin uyuduğu «Əmir Teymur goru» və s. və i.a. kimi maddi-mədəniyyət abidələri hər kəsdə heyrət və həyəcan yaradır. Bütün bunlar neçə-neçə əsrlərin arxasından boylanan sirli-soraqlı möcüzələr qalereyası kimi yaddaşa əbədi həkk olur, şəhəri bəzəyən saysız ulu çinarların, bir də başdan-başa rəngbərəng güllərilə insanı bihuş edən laləzar xiyabanları isə seyr etməyin ayrı ləzzəti var.

Belə yadımda qaldı qədim paytaxt Səmərqənd şəhəri. Böyük sərkərdə və üləmalar mərkəzi…

18 may 2006-cı il. Binə hava limanından xanımımla Daşkəndə uçuruq. Çox qəribədir, insan yerdə fikirləşdiyini bəzən göydə ağlına gətirə bilmir. Sanki yüyənsiz bir at səni istədiyi səmtə doğru aparır...

Təkrar kimi deyirəm: yerdən 9 min metr yüksəklikdə saatda 900 km sürətlə uçan təyyarədə heç bir fikir-xəyalının cilov-mansarını yığa bilmirsən. Yalnız Daşkənd hava limanında təyyarə son dəfə «dərindən nəfəs alıb» dayananda, trapın axırıncı pilləsindən ayağın yerə dəyən anda sanki özünə qayıdırsan və hiss-həyəcan bir andaca səndən uzaqlaşır. Elə bu anda fikirləşdim ki, hökmən vaxt tapıb Daşkənddə yaşayan, ölkə həyatında ad-san çıxarmış, tanınmış nüfuzlu soydaşlarımızla görüşəcəyəm. Ürəyimdən keçən bu arzumu uzun illər Səmərqənd universitetində çalışan qudam prof. Səxavət Ociyevə o vaxt dedim ki, ilk nəvəm Sevinc qucağımda oturub altdan yuxarı üzümə baxırdı. O, danışmasa da, sanki danışığımızı təqdir edərək arada atılıb-düşürdü.

Ertəsi gün Səxavət müəllim AzərTAc-ın müxbiri köhnə dostum Qulu Kəngərliyə zəng vuraraq gəlməyim haqda ona məlumat verəndən sonra dedi:

- Qulu müəllim, qonağımız görkəmli elm, mədəniyyət və sənət adamları - həmyerlilərimizlə də görüşmək arzusundadır.

Qulu müəllim təşəbbüsü alqışladı və söz verdi ki, Daşkənddə yaşayıb-yaradan iki nəfər həmvətənimizlə vaxt tapıb məni hökmən görüşdürər… Bunlardan birinin adı mənə məlum idi. Bu, Azərbaycan və Özbəkistanın xalq artisti, Özbəkistan Dövlət mükafatı laureatı, professor Firidun Səfərov idi. Digər həmyerlimizi isə tanımırdım, haqqında heç bir məlumatım yox idi…

Daşkənddən çıxanda hava yavaş-yavaş qaralmaqda idi. Adını eşidib, üzünü görmədiyim həmyerlimizin görüşünə bizi oğlu Fərhad aparırdı. Maşında Səxavət müəllim və Fərhadın iki balaca oğlu da vardı. Qabaqda 100 km yolumuz dururdu. Yolların rahatlığı, genişliyi adamda xoş ovqat yaradır, səliqə-sahman göz oxşayırdı. Aranda bitən yolun davamı artıq üzüyoxuşa idi. Ətraf qaranlıq pərdəyə bürünmüşdü, hava sərin və yolumuz dolanbac idi. Sürətdən hiss olunurdu ki, maşınımız dağa qalxır. Söhbət əsnasında o da məlum oldu ki, ölkə başçısı İslam Kərimovun bağ evi - iqamətgahı da bu tərəfdədir. Daşkəndin 40 dərəcə istisindən sonra heç ağıla gəlməzdi ki, belə bir sərin məkanla üzləşməli olacaqsan.

Gecə saat 23-də maşınımız böyük darvazanın qabağında dayandı. Hər tərəfdə sakitlik hökm sürürdü. Bu sakitliyi pozan gecə quşlarının xüsusi ritm altında «zümzümələri», bir də aradabir itlərin hürüşməsi idi. Bu yerdə birdən-birə xəyalım məni doğma Qubaya apardı. Məşhur Təngə dərəsinin ətəyindəki kəndim - Səbətlər yadıma düşdü. Sanki qərib axşamın sərinliyi məni üşütdü. Birdən-birə kəndim-kəsəyim xəyalımda canlandı və özüm istər-istəməz qəribsəməyə başladım. Darvazanın açılması, pəhləvan cüssəli, şaqqalı bir kişinin pişvazımıza çıxıb, gözünə düşən maşının işığından yayınmaq üçün əlini gözünün üstünə qoyaraq sağa-sola boylanandan sonra bizə tərəf gəldiyini görüncə xəyalımdakılar gecənin qaranlığında əriyib yox oldu.

O, bizimlə doğmaları kimi görüşdü. Vətəndən gəlməyimi bilincə bir az da məni özünə çoxdanın tanışları kimi (həm də həsrətlisi kimi) məhrəmanə bir istəklə sinəsinə sıxdı. Sövq-təbii hiss etdim ki, bu anda o, məndən sanki bir anlığa da olsa, Vətən ab-havasının ətrini almaq istəyir.

Səxavət müəllim, oğlu və nəvələri ilə də səmimi görüşü oldu ağsaqqalın. Gecə keçirdi. Sərinlik canımıza keçdikcə biz asta-asta üşüməyə başladıq. Gecəquşlarının da səsləri tamam səngimişdi. Hələ ki, söz-söhbətimiz əhval-pirsanlıqdan o yana keçməmişdi. Ev sahibi yol yorğunluğumuzu hiss edib yatmağımızı məsləhət bildi. Səhər əməlli-başlı söhbət edərik, - xoş təbəssümlə gülümsədi. Gecəniz xeyrə qalsın, - deyərək bizə ayrılmış otağa keçdik.

Səhər ertə durdum. Otaqdan çıxanda qəribə mənzərə ilə rastlaşdım. Qarşı tərəfdən qarlı dağlar boylanırdı. Dərədəki gölün platformasında yerləşən kəndi dörd tərəfdən dağlar, təpələr dövrələmişdi. Dağların ətəkləri meşə zolaqları ilə örtülmüşdü. Yuxarılar isə - zirvəyə doğru getdikcə çılpaqlaşırdı. Ara-sıra göy yamaclar və ətəkdəki yaşılgöz meşələr dağların uzunətək donunu xatırladırdı. Əsrarəngiz bir təbiətin qoynunda idik. Ətraf sanki nəhəng bir ovucun içində idi. Səsə boylandım. O, idi.

- Bacıoğlu, deyəsən Özbəkistanda olmağına şübhən var?! Mən də 40 dərəcə istidən sonra belə bir sərinliyə düşsəydim, elə sənin tək fikirləşərdim, - deyən ağsaqqala başımı tərpətməklə razılığımı bildirdim…

Bu kürsülü evə nəzər saldıqca tam dəqiqliyi ilə əmin oldum ki, ev-eşik qadın səliqəsinə möhtacdır. Zənnim məni aldatmamış, gümanım düz çıxmışdı. Sonradan ağsaqqal səhər süfrəsini açıb tavadakı qayğanağı ortaya qoyanda, məlum olacaqdı ki, həyat yoldaşı 2 il öncə dünyasını dəyişib.

Süfrə duası oxunandan sonra (bu yerlərdə süfrəyə əyləşəndə və duranda hökmən dua oxunur) durub həyətdə qurulmuş talvarın altına keçdik. Piyalələrə yaşıl çay süzüldü və ağsaqqalla əsl tanışlığımız, söhbətimiz başladı. O, gözünü məchul bir nöqtəyə dikərək danışırdı: «Mən 1934-cü ildə, həqiqətdə isə 1936-cı ilin martın 12-si Azərbaycan Respublikasının köhnə Astraxanbazar rayonunun Pokrovka kəndində (qədim adı Təklə olub, eşitdiyimə görə indi Günəşli adlanır) anadan olmuşam. 1939-cu ildə atamı xalq düşməni adı altında həbs etdilər. Ailəmizi və bir yığın adamı bu tərəflərə - Özbəkistana, Qazaxıstana sürgün etdilər. Sürgündə çox qalmadıq. Bir ildən sonra nənəmlə qaçıb Azərbaycana gəldik. Bizi yenidən tutub geri qaytardılar. İkinci dəfə qaçıb vətənə gəldik, amma başqa bir kənddə məskunlaşdıq. 1943-cü ildə atamdan soraq aldıq. Atam Qazaxıstana gəlib Mamayqışlaqda sürgündə olan əmi və dayılarımla görüşüb bizi axtarmışdı. O, 1946-cı ildə sürgündə olan əmisi qızı ilə ailə həyatı qurdu. Atam tutulandan sonra ondan heç bir xəbər-ətər çıxmadığını görüb xalq düşməni kimi güllələndiyini zənn edərək anamı öz nənəm - atamın anası, əmisi oğluna ərə vermişdi. Biz nənəmizin himayəsində yaşamalı olduq. Məktəbi bitirəndən sonra əsgərliyə getdim. Batumda sərhəd alayında xidmət etdim. Hərbi xidmətimi 1961-ci ildə başa vurub bir müddət neft mədənlərində fəhlə işlədim. Sonra yenidən hərbi qulluğa keçdim. Elə o vaxtdan məni Özbəkistana göndərdilər. Daşkənddə ali məktəbə daxil oldum. Humanitar sahə üzrə ikinci ali təhsilimi davam etdirdim. Hərbi iş və fizika-riyaziyyat mənə heç nə vermədi. Elə bu səbəbdən də filoloq oldum. Bu çoxdankı arzum idi. Onu da qeyd edim ki, hərbi xidmət illərimi Lökbatanda, Leninqradda, Novosibirskdə keçmişəm. Sonradan Daşkənd filarmoniyasında, teleradio komitəsində işləməyə başladım. Sözün düzü, mən elə hərbiçi idim ki, dövlət hara yollayırdısa, orda işləməli olurdum. Hətta zavod və fabriklərdə işlədiyim vaxtlar da olub. Bütün bunlar dediyim kimi, dövlət tapşırıqları idi. 1987-ci ildə hərbi işdən tam ayrılıb Qafur Qulam adına nəşriyyatda çalışmağa başladım. Bu illərdə 4 kitabım nəşr olundu. 1985-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvüyəm. İraqda-Kərkükdə də kitabım çap olundu. Hal-hazırda 8 kitabım işıq üzü görüb. Bu kitablar təbii ki, özbək dilində yazılmışdır».

Müsahibim deyəsən bir balaca ehtiyatlanırdı. Keçmiş sovet kəşfiyyatçısı olmasını, təhlükəsizlik orqanlarında çalışdığını dilə gətirməsə də, bütün danışdıqları, keçdiyi həyat yolu tam təfərrüatı ilə bunu açıq deyirdi. Ailə şəcərəsi haqqında danışmağı xahiş etdim.

«Ailə şəcərəsinə gələndə ata-ana tərəfimiz hamısı Təklə xanlığı soyundandır - daha doğrusu, Muğan xanlığındandır. Anamın atası Bağır xanın qardaşı Balaxan, nənəmin dayısı Səttərxan, atamın anasının, o biri nənəmin atası Camalxan Muğan xanlarından idilər. 1936-cı ildə Səttərxanın pensiyasını gətirib Xavər nənəmə verəndə o, dövrün keşməkeşli vaxtını nəzərə alaraq pensiyanı almaqdan imtina etmişdi. İllər ötəndən sonra İrana gedib Səttərxanın oğlu Yədullaxanı tapdım. O, ordu generalı idi. Dayılarım və digər qohumlarımla da görüşmək mənə müyəssər oldu.

Dövr başqa bir dövr olduğu üçün, yəni öküzü qaldırıb altında bala axtarılan vaxtlar olduğundan, mən bu barədə heç kimə bir kəlmə də olsun demədim».

O, arada köks ötürüb bir anlığa susdu. Fürsətdən istifadə edib bu kəndlə - Sıccaqla nə əlaqəsi olduğunu soruşdum.

«1958-ci ildə ata tərəfdən olan Sayran xanlığına aid bir şəcərə tapdım. Bu Oğuz xanlığına aid sənəd idi. Maraqlısı o idi ki, bu sənədin əldə edilməsində 1957-ci ildə Türkiyədən gələn atamın əmisinin əvəzsiz xidməti olmuşdu. O, çətinliklə də olsa, böyük pul hesabına pasport alaraq Azərbaycana gəlmiş və doğmaları ilə görüşərək bir sıra bilmədiyimiz, eşitmədiklərimiz haqda bizi məlumatlandırmışdı.

Daşkənddən ta Pskova qədər, Pskovdan Sayrana qədər harda ki, qohumlarımız var, bu barədə Türkiyədən gələn qohumumuz yerli-yataqlı məlumat vermişdi. Sayran xanlığının Oğuz dəstəsinə mənsub olan bizim ulu babamız Məhəmməd Rza Həşimxan 1829-30-cu illərdə döyüşdə uduzur və İraqın yaxınlığındakı Kərkükün Qarabulaq kəndinə gəlir. Bir müddətdən sonra o, Ərzuruma üz tutur. Burda da məskunlaşa bilmədiyindən İstanbulun Avropa hissəsinə köçür. Mənim babam Əhmədxan tacir adıyla əvvəlcə Sayrana, sonra da 1854-cü ildə Azərbaycana gəlib Muğan xanın qızı ilə ailə həyatı qurur. Hazırda bu nəslin davamçıları bizik».

Bütün bunları dinlədikcə o da mənə aydın oldu ki, müsahibimin kökü Türküstanın Sayran xanlığından olub və o da mənə bəlli oldu ki, bu dağ cüssəli kişi nə az, nə çox üç dəfə ailə həyatı qurub. Dediyinə görə, birinci arvadı rəhmətə gedib, övladları Türkiyədə yaşayır. İkinci arvadı ilə dövlət tərəfindən məcburən evləndirilib. 6 aydan sonra qəflətən «yoxa çıxandan» sonra 1963-cü ildə 40 il ömür sürdüyü tatar qızıyla evlənir. Türkiyədə, Rusiyada və Özbəkistanda uşaqlarının yaşadığını deyəndə ona gözləmədiyi sualı verdim:

- Ən çox yadınızda qalan hansı arvadınız olub?

Fikirləşmədən:

- Əlbəttə, sonuncusu. Zarafat deyil, 40 il bir yerdə yaşamışıq Məryəm xanımla.

Söhbətin bu yerində Səxavət müəllim zarafata salıb bir az da hərbi qulluq illərindən açıq danışmağı təkid elədi. Ağsaqqal yenə də söhbətin cilovunu başqa səmtə döndərdi:

- Mən alimliyimi, hərbiçiliyimi ikinci dərəcəli bir iş sayıram. Yeri gəlmişkən, sizə bəyan edirəm: mən şair İxtiyar Rzayam! Qalan şeylər hamısı pərdə arxasında qalır. Ailəmi dolandırmaqdan ötrü sadəcə bir sıra yerlərdə işləməli olmuşam… nə isə.

Şair İxtiyar Rzaya qulaq asdıqca hələ ötən əsrdə (tarix üçün böyük zaman deyil) qardaş Özbəkistanda yaşayıb-yaradan Maqsud Şeyxzadə yadıma düşür. Ədəbi və ictimai mühit üçün böyük işlər görən iki xalqın böyük oğlu Maqsud Şeyxzadənin adı bu gün də Özbəkistanda hörmətlə yad edilir. Sonra da Cəlil bəy Bağdadbəyovu xatırlayıram (yazıçı-dramaturq İlyas Əfəndiyevin dayısı). Tacikistan və Türkmənistanda teatr sənətinin bünövrəsini qoymuş Cəlil bəy sonradan Özbəkistana gəlmiş Daşkənd, Səmərqənd və Kokandda teatrların qurulmasında fəaliyyət göstərməklə yanaşı, həm də rejissorluq etmiş, bədii rəhbər kimi çalışmış və bir sıra mühüm təşkilati işlərdə böyük əmək sərf etmişdir.

Bütün bunlar Azərbaycandan kənarda, qardaş ölkənin mədəni-ictimai həyatında öz töhfələrini vermiş, hələ adlarını çəkmədiyim neçə-neçə soydaşlarımız olmaqla bərabər, eyni zamanda Azərbaycan tarixinin şanlı səhifələridir.

Yazımın əvvəlində Əlişir Nəvai adına Daşkənd Opera və Balet Teatrının rejissoru Firidun Səfərovun adını çəkmişdim. Son dərəcə böyük istedad sahibi olan Firidun müəllimsiz bu böyük mədəniyyət ocağını təsəvvür etmək qeyri-mümkündür. İtaliya bəstəkarı Qaetano Donitsettinin yenicə tamaşaya qoyduğu «Sevgi şərabı» operasına məni də dəvət etdi soydaşımız. Tamaşa böyük uğurla keçdi. Xarici ölkələrin diplomatik nümayəndəlikləri Firidun müəllimi dönə-dönə səhnəyə qaytarıb ayaqları altına tər güllər atırdılar. Könülaçan mənzərəni görəndə köksüm fərəh hissiylə dolur və Azərbaycandan kənarda xalqımızı, onun mənəvi dəyərlərini təmsil edən belə kəslərin çox olmasını sidq-ürəklə arzulayırdım.

İxtiyar Rza danışırdı:

- Məndən soruşursan ki, heç Azərbaycanı xatırlayırammı? Vətəni necə unutmaq olar? Mənim göbək qanım orada tökülüb, atam Azərbaycanda - Muğanda dünyaya gəlmişdir. Düzdür, babamın doğulduğu yer Azərbaycan deyil, Sayrandır. 1854-cü ildən üzü bu yana biz Muğanda yaşamışıq. Bütün bunları necə xatırlamayasan?..

2001-ci ilə qədər müntəzəm olaraq «Ədəbiyyat qəzeti» alırdım. 1960-cı illərdə Azərbaycanda «Uğurlar olsun» adlı almanax çıxdı. O almanaxda mənim də şeirlərim çap olunmuşdu.

İxtiyar Rzaya arada:

- Azərbaycan ədəbi mühiti ilə əlaqələriniz necədir? - sualını vermişdim.

Bunları da elə o sualdan sonra danışmağa başladı.

- Sabir adına Kitabxanada ədəbiyyat dərnəyi vardı. Rəhbəri Tofiq Mütəllibov idi. O dərnəyin fəal üzvlərindən olmuşam. Ədəbiyyata gəlməyimin səbəbkarı anamın əminəvəsi Atif Zeynallı olmuşdur. O, şəxsi həyatımda böyük bir dönüş yaratdı. Yeri gəlmişkən, sizə maraqlı bir tarixçə danışacağam. Azərbaycan ədəbi mühitində öz yeri, öz çəkisi ilə yadda qalan simalardan biri də Hənəfi Zeynallı olmuşdur.

Atamın anası - nənəm Tovuz xanım bizə qohum olan Hənəfi Zeynallı tutulan ərəfədə onun 2 sandıq əsərlərini rayona gətirib kənddə torpağa basdırmışdıq. Bunlar H.Zeynallının külliyyatı idi. Təxminən 50-ci illərin sonunda o külliyyatı «qəbirdən» çıxarıb Atif Zeynallıya verdik. H.Zeynallının arxivində ərəb və latın əlifbası ilə yazılan çoxlu əlyazmaları, kitablar və başqa sənədlər vardı. Onun tutulmasının baiskarı olan, yazıçı və tənqidçilərə mən hələ o zaman sözümü dedim. H.Zeynallının əsərlərinin plagiatı üzə çıxandan sonra mən Azərbaycan ədəbi mühitindən incik düşdüm. Bütün bunlara baxmayaraq, yəni daxilimdəki o küskünlük mənə aid olan şeydir - uzun illər vətəndən kənarda yaşamağıma rəğmən daima Azərbaycanın adını uca tutmuşam və haliyədə bu yoldayam. Bunu mənə heç bir Allah bəndəsi qadağan edə bilməz… Rəhmətlik babam deyərdi ki, vətəndən çıxdın ya hambal ol o xalqa xidmət göstər, ya da alim ol mənsub olduğun xalqın, vətənin adını uca elə.

İxtiyar Rza çox mətləblərə toxundu. Ürəyi sözlə dolu olan bu ixtiyar İxtiyarın sanki əlinə fürsət düşmüşdü. O, dil-boğaza qoymadan söz boğçasını açıb ortaya qoymuşdu. Olduqca qiymətli anlar idi. Təpədən-dırnağa canlı bir tarixdir İxtiyar Rza.

Gözünü qarşıdakı qarlı dağlara dikmişdi. Qarın üstündən əsib gələn sərin meh Sıccaqın istisini əridib aparırdı. O da sərin havanı sinədolusu, ləzzətlə udaraq xəyal atını minmişdi bu anlarda.

- Özünüzü həyat tərəzisinin hansı gözündə görürsünüz? Xoşbəxtlik, ya bədbəxtlik?

Sualım onun xəyallarını qovdu. Dümağ bığlarının altında dodağı qaçdı. Nurlu üzü bir az da işıqlandı.

- Bilirsən, mən özümü bədbəxt saya bilmərəm. Allaha şükürlər olsun ki, taleyim enişli-yoxuşlu olsa da, pis yaşamamışam. Yaxşı övladlarım var. Onları ev-eşik sahibi eləmişəm. Bax, bunları görürsən - oynayan nəvələrinə işarə edir, - qoşa qanaddırlar mənə. Bundan böyük xoşbəxtlik olarmı?!. Bir söz də deyim sizə. Xoşbəxtlik mənim nəzərimdə nisbi anlayışdır. Aqillərdən biri, - Terye deyib ki: «Xoşbəxt həyat yoxdur, yalnız xoşbəxt günlər var». Sizinlə olan bu günümü də Allah ömrümə yazsın. Dünəndən elə sevincək olmuşam ki, hətta sənə 5 misralıq şeir də yazmışam.

Təəccübləndiyimi görüb asta-asta şeiri oxumağa başladı.

 

Əkrəm Qaflanoğlu axtarmadı yadları

O, axtardı alovları, odları

Uzaq-uzaq yurdlardakı adları.

Ecazladı qəlbin açdı Muğanım,

Gövhərini, dürrün saçdı Muğanım.

 

…Bizi ötürməyə kəndin mərkəzindəki dükanın yanında olan dayanacağa gəlmişdi. Son dəfə ətrafa nəzər saldım. Dağlar başındakı bəyaz qar mənə bir anlığa Şahdağını xatırlatdı. Kövrək notlar üstündə bir-birimizdən ayrıldıq. Bir az əvvəlki ovqat, xoş emosiyadan əsər-əlamət qalmamışdı.

Maşın uzaqlaşdıqca o, bizə əl edirdi. Və bu uzaqlığın içində o kiçilib ərimirdi, gözdən itmirdi. Sanki o nəhəngləşirdi və onu o sıralanan, əzəmətli, bakirə zirvəli dağların cərgəsində görürdüm.

Dağ timsallı İxtiyar Rza! Qismət olarsa, yenidən görüşərik. Sağlıqla qal!

 

Əkrəm Qaflanoğlu

Özbəkistan, Sıccaq

22 may 2006

 

Ədəbiyyat qəzeti.- 2012.- 30 noyabr.- S.4.