O gün uzaq deyil

 

Qulamrza Səbri Təbrizi - "Yaranış" (şeirlər); Azərnəşr - 2012

     

Kitabda dərc olunmuş şeirlər son dərəcə rəngarəng mövzu aləminə malikdirlər. Lakin əgər belə bir mövzuda sorğu meydana çıxsa ki, hansı mətləblər şairin qibləgahını təşkil edir, azacıq belə tərəddüdə yol vermədən cavab vermək olar: Şairin canı, qəlbi qədər sevdiyi Güney Azərbaycanın taleyi. Söz yox ki, Vətənin taleyi ifadəsinin arxasında boy-boy dayanan mövzuların demək olar ki, hamısı buya digər səviyyədə onun şəninə-şərəfinə, övladlarının doğma torpağı günlərə qovuşdurmaq uğrunda mübarizələrinə həsr edilmişdir. Bu elə bir movzudur ki, necə deyərlər, onun qələbə sahilinə qovuşması üçün şairin qələmi həmişə ön sırada addımlayanlar arasında olmuşdur.

Şair qardaşlarına milli mübarizənin bayrağını uca tutmağı tövsiyə edir. Diqqəti daha çox cəlb edən məsələnin bu yönüdür ki, o, vətəndən olan qardaşlarına məsləhət bildiyi borcun ilk icraçıları sırasında özünün də hazır olmasını gur səslə elan etməsidir. O, həmvətənlərini təslim etmək üçün rejim başçılarının tətbiq etdikləri əzablardan da xəbərdar olduqda:

 

İstərəm gedəm,

Özümü təslim edəm

Bu qanlı düşmənə.

Bəlkə siz azad olasınız

Həbsimlə nəcat verəm sizlərə

 

- deyə yazır.

Şairin ciddi sıxıntı hissləri keçirməsinə səbəb olan ümdə hallardan biriboya-başa çatdığı diyarda doğma dilinə mollanümaların qəzəbli hisslər doğuran münasibətləridir. Təbii ki, bu dünənin, bu günün problemi deyil. İnsanların beşikdə analarından eşitdikləri laylalar südlə varlıqlarına daxil olur. Hətta ən adi yeniyetmə də gözəl dərk edir ki, ana dili onun varlığının başlıca atributudur:

 

Hər gün eşidəndə ki, zindanlara atırlar

Öz dilində məktəb istəyənləri -

Darıxıram!

Darıxıram!

 

Şair ən müqəddəs ideallarını Təbrizə müraciətlə dilə gətirməyi yaradıcılığı üçün baş qayə, misralarına müqəddəs borc hesab edir. Onu "Qalx, Təbrizim" - deyə köksündən pərvazlanan müqəddəs arzuları sırasına daxil edir. Şair haqlıdır. Sübuta azacıq belə ehtiyac yoxdur ki, tarix boyu yazıb-yaradan qələm sahibləri Təbrizi qurtuluş uğrunda gedən mübarizələrin Baş qərargahı hesab etmişlər. Vətənin mücahid və fədai oğulları həlledici döyüşlər üçün Təbrizin verəcəyi fərmanların yolunu səbirsizliklə gözləmişlər. Bu inam bu günöz qüdsüyyətini qoruyub saxlayır. Nə qədər ki, xalq öz evinin çırağını yandırıb söndürmək hüququ əldə etməmişdir bu baxış yaşamaq qüdrətini qoruyub saxlayacaqdır. Vətənin sədaqətli övladı olan Qulamrza Səbri Təbrizinin misraları çox qətiyyətli səslənir:

 

Qalx Azərbaycanım,

Qalx Təbrizim, gözləyir tarix,

Gözləyir -

Əsir düşmüş övladların.

 

Elə buradaca xatırladım ki, şairin qəti qərarı belə səslənir:

 

Yalnız azadlıq - məlhəmdi bu zülmə.

 

Damarlarında azərbaycanlı qanı axan vətən övladları bütöv Azərbaycana bəslədikləri məhəbbətlə şöhrət qazanmışlar. Şairin "Sənə söz verirəm, Şuşam" adlı şeri müasir nəslin andı kimi səslənir - desəm, böyük bir həqiqəti etiraf etmiş olaram. Şair Qarabağın dilbər guşəsi olan Şuşanın erməni işğalından azad ediləcəyinə səhərin açılacağına inandığı qədər əmindir. İşin diqqəti cəlb edən ümdə cəhəti Şuşanın azad edilməsində şairiniştirak edəcəyi vədinin çox inamlı səslənməsidir:

 

Gözəl Şuşam,

Siləcəyəm göz yaşını öz əllərimlə -

Ömrümdən bir günqalsa...

Sənin üstündən keçərək,

Təbrizə gedəcəyəm.

 

Toplunun "Ön söz əvəzi" bölməsində şairin Panetizim fəlsəfəsi ilə əlaqədar irəli sürdüyü müddəalar yeri gəldikdə buya digər şəkildə şeirlərində poetik əksini tapır. Şairin bu sahədki iddiaları sırasında fitnə-fəsad daşıyıcısı olan şeytan ilə bağlı mülahizələri də əksini tapmışdır. Diqqətdən yayınmır ki, o, şeytanı insanın aləmində yaranan boşluğun məhsulu hesab edir.

Haqqında söhbət gedən şeir toplusunun hər səhifəsi oxucu üçün rəngarəng ərməğanlar gətirdiyi nəzərdən yayınmır. Məndə bu fikrə daha diqqətlə yanaşmaq rəyi doğuran şairin bir də "Ömrün qürubu" ünvanlı qələm məhsulu oldu. Səhifələrindən vətənin düşmənlərinə qarşı od-alov yağan kitabda bu qədər zərif, təsirli, intim misralarla qarşılanmağıma inanmadım. Amma bu həqiqət idi. Əsər dünyanı nakam tərk edən qızı Leylaya həsr edilmişdir. Bir daha inandım ki, qələm sahibinin misralarına ahəng verən hər şeydən çox müəllifin tərənnüm üçün seçdiyi obyektə münasibəti olur. Şairin qızı Leylaya bəslədiyi sevginin nə qüdrətli cazibə qüvvəsi var imiş. Hər misranı adi tərənnüm hesab etmək heçağlabatan səslənməzdi. Onların daxili aləmlərində sərhəd tanımayan valideyn məhəbbətinin çırpındığını sübuta girişməyə azacıq belə ehtiyac duyulmur. Bu istihalədə oxucunu daha çox cəzb edən, daha çox düşündürən nəfəsindən xalqın düşmənlərinə qarşı od-alov yağan qələmin bu qədər intim hissləri təqdim etmək qabiliyyətdir:

 

Qızım Leyla, ömrün bitsə də,

Yaşayır ruhun məndə.

Sən bir günəş idin, doğdun mənim.

Qürbət kücələrimə...

Amma təəssüf olsun

Tez söndü sənin günəşin.

Sənin ölümünlə -

Mənim ömrümün qürubu başladı.

 

Mən topluda dərc edilmiş müxtəlif mövzulu, rəngarəng çeşidli şeirləri mütaliə edərkən bir anlam nəzərimdən qaçmadı. Şair könül sazını öz doğma qızının nakam ömrünün tərənnümünə kökləsə də dövrün, zamanın ən kəskin problemlərini tərənnüm edəndə o ahəngə biganə qalmır. Bu həqiqətin təzahürünü isə sıralanan misraların ahəngindən aydınca oxumaq olur. Diqqəti cəlb edən ümdə mətləb isə birondan ibarətdir ki, şair xalqının taleyindən, bəşərin azadlıq idealından söhbət açanda da qələminin səmimiyyətini qoruyub saxlamağın öhdəsindən gəlir:

 

Nə yazıqlar ki,

İllərlə qul olmuşuq

İmperiya dövlətlərinə.

Göz dikmişik onların yardımlarına.

Ancaq tapmışıq azadlığımızı

Öz milli hərəkatımızda.

 

Şairin poeziyasından söz açarkən onun sənətkar səmimiyyətindən dönə-dönə bəhs etmək heç bir baxımdan artıq səslənməzdi. Şair hansı sistemdə, nə zaman yaşamalarından asılı omayaraq, həmkarlarının yaradıcı əməyini yüksək qiymətləndirməyi özünə borc hesab etmişdir. O, etiraf edir ki, mən divan şairi deyiləm. Amma yaşadığı zamanla və xalqların taleyi ilə qırılmaz tellərlə bağlı olan şairin misralarının özlərinəməxsus təravətləri vardır. Şair yaradıcı insan üçün hansı yolu məqbul hesab etmişdir? O, bu sorğuya özünə yaraşan bir söz ustası səliqəsi ilə cavab vermişdir:

 

...Əsl şair

Zəmanəsinin güzgüsü olmalıdır,

Millətinin ağrısı ilə yaşamalıdır -

Yaratmalıdır.

 

Şair məsələnin bu tərəfinə də laqeyd qalmır ki, sənətkar bütün zəhmətlərə, yuxusuz gecələrin törətdiyi əzablara milli azadlıq döyüşlərinin zəfəri xatirinə dözüb davam gətirməlidir. Bu gediş isə müəllifin ifadəsi ilə desəm:

 

Milli azadlıq yolu -

Yalnız fərddən ötrü deyil,

Hamıdan ötrüdür.

Ona görə də millət yolunda

Fəda olmaq

İnsanın varlığıdı.

 

Şairin mübarizə ruhiyyəli, yox, bu az olardı, xalqı, milləti yolunda hər addımda fəda olmağı bir qüdsiyyət hesab edən poeziyanın misraları oxucularını daim müstəqil vətənə malik olmaq uğrunda ən ağır döyüşlərə səfərbər etməyi özünə müqəddəs borc hesab etməlidir. O, həm özü, həm də qələmindən süzülüb gələn misraları bu yolda daim axtarışda olmuşdur. Gəzib-dolaşdığı ölkələrin heç birində axtardığını tapmamışdır. Amma atasından yadigar qalan bu qənaətin heç bir zaman unudulmaması keşiyində durmuşdur: həyat insana min dərd versə də, onun min bir dərmanını müəyyənləşdirməkdə də qayğısını əsirgəməmişdir. Şairin bəlkə də heç sərhədə sığmayan müstəqillik dərdinə də çarə yox deyilmiş. Nəhayət, şair siqləti yerə-göyə sığmayan bu dərdinə də əlac tapır:

 

O zaman ki, Azərbaycanın quzeyi,

Azad olub düşmən əlindən

Onda düşünməsəm:

Dövlətsiz millət-

Bədbəxtdi, sərgərdandı bu dünyada.

 

Bir sənət yolçusu kimi şair cəmiyyətdə, həyatda, insanlar arasındakı münasibətlərdə qərəzsiz duyğuların hakim olmasını arzulayır. Lakin təbii ki, bunu Yer üzünün bütün iki ayaqlı sakinlərində müşahidə etmək arzudan uzağa getmək imkanına malik deyil. Vətəni sevmək, onun qayğılarına şərik olmaq heç bir zaman bütün Adəm övladında eyni çəkidə olmamışdır. Amma işin insanı daha çox düşündürən tərəfi ondan ibarətdir ki, hər kəs başqasından daha çox vətənə sadiq olduğunu, ona daha sədaqətlə xidmət etdiyini düşünmüşdür. Şairə görə bu rəngarənglik elə bir səviyyədə olmuşdur ki;

 

Bəziləri eyş-işrətdən havalanaraq

Özünə şəxsi firavanlıq quraraq

Millətə səadət gətirdiyini düşünür.

 

Şairin bu qənaəti məncə, heç bir izah təqdim ilə mahiyyətini dəyişə bilməz:

 

Heç vaxt inanmadım

Vətən sevgisindən uzaq insanlara.

Vətəni satan, anasını unudan,

Özünü satar, özgəsini .

 

Qulamrza Səbri Təbrizinin ömrünün bir çox günləri vətəndən uzaqda, əgər belə demək mümkünsə, Qürbətdə keçmişdir. Baxmayaraq ki, bu günlər ona elm, fəlsəfə, sənət sahəsində bir sıra qiymətli hədiyyələr vermişdir. Amma vətəndən uzaqlıq öz təsir gücünü itirməmişdir. Qürbətin bərli-bəzəkli bulvarları, şəffaf sulu fantanları, küçələri günəş nuru ilə işıqlandıran çilçıraqları şairin köksündə yurd salan qürbət hisslərinə qalib gələ bilməmişdir. Şairin qürbətdə qarşılaşdığı insan axını belə onun vətəndən uzaqlığının doğurduğu kövrək hissləri boğa bilməmişdir. Amma bunlardan ən çox narahatlıq doğuranı şairin köksündə yaratdığı boşluq olur:

 

Vətənimdən ayrı

Düşdüyüm üçün -

Boşluq yaranır içimdə.

İnsanın ən böyük qatili

Boşluqdur.

 

Şair bir sənətkar duyumu ilə sübhün açılacağına inandığı kimi xainlərin, vətəninə qarşı xəyanətlər törətmiş qüvvələrin zamanın xalqın quracaqları ədalət məhkəmələrində müttəhimlər kürsüsündə oturdulacaqlarına inanır. Tarixin verdiyi dərs bu inamı təsdiqləyən sübut dəlillərlə zəngin olduğu yaxşı məlumdur. Hakimiyyət taxtında oturarkən xalqa qan udduran fironların, nerudların aqibətini yada salmaq ədalətli olardı. Şair bu reallığa bütün varlığı ilə inanır:

 

Heç kəs buna şəkk etməsin,

Zülm yerdə qalmayacaq.

İllər boyu xalqa sitəm verənlərə

Ən ağır şəkildə divan tutulacaq.

Xainlər, şərəfsizlər, satqınlar

Millətin iradəsilə

İttiham olunacaq.

 

Şair xalqının azadlığı, vətəninin günlərə qovuşması uğrunda mübarizələrdə dilinin oynadığı rolu yüksək qiymətləndirərək yazır:

 

Mənim dilim -

Əlimdə ən güclü silahdı,

Mənim dilim -

Azadlığa aparan yolumdu.

 

Kitabda müəllifin poema rubrikası altında dərc edilən "Ruhun tüğyanı" adlı iri həcmli şerinə yer verilmişdir. Əsərin mütaliəsindən doğan ümdə təəssüratı belə bir məntiqlə izah etmək məncə, yersiz səslənməzdi. Müəllif dərin zəka sahibləri olmuş vətən övladlarının həyatlarına qədər dərindən bələddir! Bunun üçün şairin Şəms Təbrizi, Səttərxan, Firidun İbrahimi, Seyid Cəfər Pişəvəri, Mərziyə Üskui, Səməd Behrəngi, Səhənd, Şəhriyar, Balaş Azəroğlu, Əbülfəz Elçibəy digər bir ömür yaşayıb, əbədi şöhrət qazanmış övladları barədə şairin misraları son dərəcə etibarlı səslənir.

Təbii ki, poema haqqında ötəri qeyd etməklə kifayətlənmək heç bir baxımdan qənaətləndirici səslənməzdi. Yəqin ki, gələcəkdə bu mövzuya bir daha qayıtmaq məqbul səslənərdi. Toplu barədə sözümü müəllifin "Bütövlük məramı" adlı şerindən bir neçə misra ilə başa çatdırmaq istərdim:

 

Təbii ki, bir zaman

İki Azərbaycan birləşəcək -

Bölünmüş xalqımız bütövləşəcək...

Qoy susdursun bu cavablar

Gündə bir ittihamla

Gənclərimizə divan tutan

Fars şovinizmini!

 

Gələcək o günün addımlarının doğurduğu əks-sədalar artıq eşidilməkdədir. O gün uzaqda deyil!

 

Sabir NƏBİOĞLU

 

Ədəbiyyat qəzeti.- 2012.- 30 noyabr.- S.5.