“Məni günəşə apar”
Şairə Suad Əl-Sabah professordur. Yazıçı və tənqidçi
kimi də tanınır. İstedadına çox böyük hörmət bəslədiyim
Suad Əl-Sabah xanımın iki tərcümeyi-halını sizə
təqdim edəcəyəm.
Birinci tərcümeyi-halı rəsmi
həyatı, fəaliyyətidir.
İkinci tərcümeyi-halı isə onun yaradıcılığında,
daha doğrusu, şeirlərində olan tərcümeyi-halıdır ki,
o barədə sonra danışacağam. Suad
Əl-Sabah 1942-ci ilin
may ayında Şeyx Məhəmməd Əl-Sabahın
ailəsində dünyaya
gözünü açıb,
evin ilk qızı,
ilk çırağı olub.
Ailə çox məşhur, nurlu bir kökdəndir.
Ulu babası Məhəmməd
Əl-Sabah Küveyt dövlətinin başçısı
olmuşdur.
1973-cü ildə Qahirə
Universitetinin iqtisadiyyat
fakültəsini, iqtisadiyyat
üzrə bakalavr pilləsini fərqlənmə
ilə bitirmiş, Böyük Britaniyada “Küveyt dövlətində
inkişaf və planlaşdırma” üzrə
magistr dərəcəsini
müdafiə etmişdir. Daha sonra
Böyük Britaniyada
Surrey Gelford Universitetində
iqtisadiyyat və siyasi elmlər üzrə doktorluq dissertasiyası müdafiə
etmişdir. O, Küveytin
ingilis dilində iqtisadiyyat üzrə doktorluq müdafiə edən ilk şair qızıdır. Bu universitetlərdən, müdafiələrdən
sonra Suad Əl-Sabah xanımın işi birə-beş artır. Sadalayıram:
Cenevrə Əməkdaşlıq Fondunun şura Üzvləri Şurasının
üzvü; Londonda ərəb mədəniyyət
müəssiəsinin təsisçilərindən
biri; Jurnalistlər Birliyi və Küveyt məzunları Cəmiyyətinin üzvü;
Cənub-Şərqi Asiya
Dünya müsəlman
qadınları İcraiyyə
Komitəsinin üzvü;
Yarmouk Universitetində
İvrit Tədqiqatlar
Mərkəzinin Qəyyumlar
Şurasının üzvü;
Qahirədə Ərəb
Uşaq və İnkişafı Şurasının
təsisçisi; Tunisdə
Sosiologiya Cəmiyyətinin
üzvü; Londonda Beynəlxalq Ailə Planlaşdırması Federasiyasının
Məsləhət Şurasının
üzvü; Küveyt-Amerika
Bayader Qadın Cəmiyyətinin fəxri
prezidenti (Küveyt); Elmi Yaradıcılıq Cəmiyyətinin fəxri
prezidenti (Bəhreyn); Oksford Universitetinin Sankt Katrin fakültəsinin üzvü; “Suad Əl-Sabah” nəşriyyatının
təsisçisi.
Suad Əl-Sabahın
şeirləri dünyanın
on beşdən çox
ölkəsində çap
olunmuşdur. “Məni
günəşə apar”
kitabı Azərbaycan
dilində danışmaqla
bu siyahını zənginləşdirib.
Suad Əl-Sabah xanıma şairə deməyə dilim gəlmədi, çünki şairə
sözündə qadın
olmağa, zəifliyə
işarə var, halbuku, yuxarıda saydığım bu qədər işin öhdəsindən hər
kişi gələ bilməz. Bu, nər kişi
işidir. Şeirlərini oxuyanda əmin
oldum ki, erkəklik, dişilik, qadınlıq, kişilik anlayışlarının nə
yeri, nə də meydanı deyil. Mən son dərəcə cəsarətli, çox güclü, açıq
fikirli və ruhən çox gənc, təxminən on səkkiz, iyirmi yaşlı bir insanla üz-üzə dayanmışam.
Dərilmək istəyən meyvədi
qəlbim,
Yol gözləyən liman tək açığam,
Qoy gəlib keçsin gəmilərin!
Və yaxud başqa bir şeirdən:
Yenə
çoşur eşq dənizim,
Bütün sədlər yıxılır.
Ağaclarım qopur kökündən,
nitqim,
yaddaşım yox olur.
Qərbdə, ümumiyyətlə, dünyada
da belə bir fikir formalaşıb
ki, Şərqdə qadınlar azad deyil. Suad Əl-Sabahdan
daha bir neçə misra:
Ey Adəmdən bəri
Gözlədiyim atlı!
Gəl,
Məni
dəlilik anlarımdan
və şeirlərimdən
qurtar.
Bu misraların müəllifini
çadraya büksən
də, sandığa qoyub bağlasan da o, özünü azad hiss edəcək. Bu xanım bir ərəb qızıdır.
O, dünyaya gələndə
azadlığını öz
içində, ruhunda
gətirib gəlib.
Vətəninin qaranlıq günlərində
bığı qulağının
dibinə çatan kişilər susanda Suad Əl-Sabah xanım üsyan edir, yazırdı:
Ey dostlarım!
Deyin necə biganə qalım
Əjdaha
dişlərində
çabalayan vətənə?
Bu mənəvi iflasın,
Bu milli məyusluğun,
quraqlığın,
səfalətin
üstündən necə
adlayım?..
Avropanın lap göbəyində günü ziyafətlərdə
keçən xanımlar,
işıldaquşa bənzəyən
“azad” xanımlar qul təbiəti ilə doğulub, qul kimi istifadə
olunmağını xoşbəxtlik
sayır. Belə qadınlar, onlara
bənzəyən kişilər
Şərqdə də
var, Qərbdə də. Onlar Suad Əl-Sabahın
nə dediyini heç vaxt başa düşə bilməz. Bunun üçün azad ruhla doğulmaq gərəkdir:
Bu gün
içimdəki həyəcandan,
Milli ağrılardan,
yalançı sülhlərdən
qaçaraq
Sənə gəlirəm, Beyrut!
Cəhalətdən,
parçalanıb dağılmaqdan,
alver qafasından,
zülmət zəkasından
qaçaraq
sənə gəlirəm!..
Suad Əl-Sabahın
şeirləri həm
özünün, həm
də vətəninin
tərcümeyi-halıdır. Şeirləri üslubca müasirdir, oxucunun yaddaşına toxunur, kod kimi,
açar kimi açır. Oxucunu öz xatirələri, oyanmış yaddaşı
ilə tək qoyur:
Soyuq gecələrdə geydiyim
yun şal kimidir səsin...
Səsin
çətirdir...
Buluddur...
Şeir
divanıdır...
Səsin
baş qoyduğum çiyindir...
Səsin
uyuduğum evimdir...
Bu şeirdə gördüyünüz
kimi, şeir qəfil başlayır, qəfil də qurtarıb çəkilir
kənara. Oxucunun yaddaşını oyadır, oxucu öz yaddaşının
xatirələri ilə
şeiri davam etdirir. Buna insanın
vicdanına toxunmaq, vicdanını oyatmaq da demək olar.
Bəzən elə bilirlər
şeirdə ağlamaq,
oxucunu aldatmaq və yaxud dərdini
oxucuya yükləmək
ustalıqdır. Yasa gələnlərin
doxsan faizi ölən rəhmətliyə
ağlamır, hər
kəs öz ölüsünü yadına
salıb ağlayır.
Şeir də belədir. Sən öz dərdini demə, elə şeylərə toxun, elə detallar tap ki, oxucu orda
ona aid olanı görsün, düşünsün,
ayılsın. Allah “Ol”
dedi, təkan verdi, kainat
hərəkətə gəldi.
Siz yaradanlar da Allahın
elçilərisiniz. Siz də
insan şüuruna, insan qəlbinə təkan verin, ayıldın, hərəkətə
gəlsin. Suad Əl-Sabah
kimi şairlərə
zamanın heç zaman gücü çatmayacaq, duyğuları,
ruhları, şeirləri
daim gənc qalacaq.
Bir çox
hallarda tərcüməçi
özünün mənindən
keçə bilmir, özünün yaxın saydığı bəzi-bəzi
fikirləri tekstə əlavə edir və yaxud xoşuna
gəlməyən bəzi
anları və deyimləri tərcümə
prosesində mətndən
çıxarır və
ya dəyişir. Belə təcrübələr
var, axtarsan çoxdur, amma yaxşı hal deyil. Necə deyərlər, “çünki
oldun dəyirmançı”,
gərək dözəsən,
özünü unudasan,
olanı, mətni tərcümə edəsən.
Bəsti
xanım Əlibəylinin
Suad Əl-Sabahdan tərcüməsi yaxşı
nümunə kimi təqdirə layiqdir.
Fikrət Qoca
Ədəbiyyat qəzeti.- 2012.- 30
noyabr.- S.4.