Qərb və Şərq ədəbiyyatı tarixində

M.F.Axundzadə və C.Dikkensin rolu

     

Dünya ölkələrində yaşamış yaradıcı insanlar öz həyat tərzləri ilə bağlı zəngin bir tarixi-kulturoloji iz qoyub getmişlər.

Keçmişdə düzəlmiş əşyalar, maddi mənbələr, yazılı qaynaqlar, çəkilmiş şəkillər əsas kimi bu günə qədər də o dövrkü tarixi kulturoloji aspektdən öyrənməyə imkan verir. Hələ qədim Şərqdə mədəniyyət və incəsənətin müxtəlif sahələri inkişaf etmiş, xalqlar öz adət-ənənələrini, folklorunu qoruyaraq nəsillərə ötürmüşlər.

Bu baxımdan hər hansı bir xalqın ədəbiyyat tarixinin mükəmməlliyi, əsasən də tarixin dərindən öyrənilməsi ilə bağlıdır. Tədqiq olunan istənilən tarixi dövrün ictimai-siyasi vəziyyəti tam öyrənilməmişsə, ədəbi hadisələr, şair və yazıçı barəsində fikir söylənilməmişsə, həmin dövrün ədəbiyyatı barəsində elmi araşdırmalar zəif aparılmışdısa, o dövr yaradıcı insanları haqqında tutarlı fikirlər söyləmək o qədər də asan olmamışdır.

Dünyada baş verən bir sıra dəyişikliklər Azərbaycana da təsirsiz ötüşmürdü. AvropaRusiyada baş verən hadisələr Qafqazla yanaşı, əsasən də Avropa və Asiyanın ayrıcında yerləşən Azərbaycana təsir etmədən keçə bilməzdi. Bu baxımdan, Avropanın ictimai-siyasi həyatında, eləcə də Rusiyada baş verən dəyişikliklərin özü XIX əsrin I yarısından sonra Rusiya tərəfindən istila edilmiş Azərbaycan gerçəkliyində də əksini tapmışdır. O dövr Azərbaycan ədəbiyyat və iqtisadiyyat sahəsində XIX əsrin I yarısından etibarən RusiyaAvropa ilə yaxınlaşırdı. Sərhəd qonşularımız olan İran və Türkiyə ilə əlaqələrə rəğmən Azərbaycan həm Şərq, həm də Qərb tərəfdarları ictimai-mədəni həyatı özündə əks etdirirdi.

Sadalanan proseslər dünya mədəniyyətinin bir hissəsi olan ədəbiyyatın XIX əsrdən başlayaraq yeni mərhələyə qədəm qoyması və inkişafı dövrünü yaşayırdı. Avropa ədəbiyyatında XIX əsrin I yarısında romantizm cərəyanının təkamülü və bu cərəyanın tanınmış nümayəndələrinin ədəbi-tənqidi baxışları ədəbi mühitdə bir sıra yeniliklərin meydana gəlməsinə, yeni janrların formalaşmasının inkişaf etdirilməsi o dövr üçün aktual idi. Nər bir ədəbi metodun, cərəyanın mənşəyini özündən qabaqkılardan götürməsi və özündə yeniliyi ehtiva etməsi təbiidir. Lakin unutmaq olmaz ki, hər bir cərəyan da özlüyündə dünya ədəbi fikrində mövcud olan mövzuların daşıyıcısıdır. Əgər daha əvvəllərə nəzər salsaq, görərik ki, indiyə qədər ümumilikdə çoxsaylı mövzu, süjet xətti mövcuddur ki, onlar daha qədimdən ədəbiyyatda olanlara söykənərək bir qədər dəyişdirilən süjetlərdir.

Qərblə yanaşı, o dövrdə Qədim Şərq incəsənət və ədəbiyyatında əfsanəvi nağıllarla yanaşı, təsviri sənət, elmi istiqamətlər xalqların bədii yaradıcılığının bəhrəsi olmuşdur.

Xalqların dünya ədəbiyyatı xəzinəsinə bəxş etdikləri söz korifeylərindən Mirzə Fətəli Axundzadə və Çarlz Dikkens yaradıcılıqlarında obrazlı təfəkkür ilə həyatı dərk etmək, məzmunlu formanın vəhdətini öyrənmək əsas şərtlərdən olmuşdur. Öz əsərləri ilə xalq arasında dolğun fikir yaratmaq insanların həyat tərzinə, onların dünyagörüşlərinə qismən də olsa təsir edərək cəmiyyətin o zaman üçün müasir düşüncə tərzi ilə yaşamalarına çalışmışlar.

Azərbaycan ədəbiyyatı tarixində realist ədəbi məktəbin yaranmasında, mükəmməl estetik-fəlsəfi, cərəyan edən məsələlərə kulturoloji aspektdən yanaşma tərzi Tbilisidə Mirzə Şəfi Vazehdən dərs almış M.F.Axundzadəyə məxsus idi. Böyük mütəfəkkirin tənqidi fikirləri də fəaliyyətinin başqa sahələri də demokratik mahiyyət daşıyırdı. Sözün əsl mənasında Mirzə cəmiyyətin şüuruna təsir edəcək sadə və təsirli dildə yazaraq öz fikirlərini kütləyə çatdırmışdır.

Mütəfəkkir geniş və hərtərəfli tədqiqat nəticəsində belə fikir söyləmişdir;

Avropa filosoflarının təcrübələri və bir çox inkaredilməz həyat dəlilləri sübut etmişdir ki, tənqid istehza və məsxərədən başqa pisyaramaz əməlləri insan təbiətindən heç bir vasitə ilə məhv etmək olmaz”.

M.F.Axundzadə və Çarlz Dikkensin 200 illik yubiley tədbirləri ərəfəsində oxucuteatr tamaşaçılarını öz əsərləri ilə valeh edən bu iki şəxs bir-birindən xəbəri olmadan öz ölkələrində yaşayıb-yaratmış, bu günunudulmaz mütəfəkkir tövsiyələri ilə yadda qalmışlar.

Əgər Dikkens Qərb düşüncə tərzi ilə öz əsərlərini yazırdısa, M.F.Axundzadənin Şəki və Tbilisi həyat tərzində əsasən gələcək Azərbaycan dövlətinin qurulması istiqamətində maariflənmə baxımından misilsiz xidmət göstərərək Azərbaycan dramaturgiyası vasitəsi ilə yaratdığı əsərlərlə tarixin yazılması istiqamətində mühüm rol oynamışdır. Heç təsadüfi deyil ki, M.F.Axundzadə Qafqazın intellektual düşüncəyə malik yazıçısı generator rolunu oynayan şəxs kimi tanınırdı.

Çar Rusiyası dövründə öz yazı üslubu ilə seçilən komediya janrına üstünlük verərək bu müstəvidən cəmiyyətə təsir gücünü göstərirdi. Qeyri-adi istedada malik olan Mirzə Azərbaycan ədəbiyyatında xüsusi yeri olan tək yazıçı kimi, deyil həm də ictimai xadim idi. Heç təsadüfi deyil ki, alman tədqiqatçısı Horst Wilfrid Brand 1958-ci ildə yazdığı monoqrafiyada onu Şərqin Mülleri adlandırmışdır.

1886-cı ildə M.F. Axundzadənin “Molla İbrahim Xəlil kimyagər” əsəri alman dilinə tərcümə olunmuşdursa “Vəziri-xani-Lənkəran” əsəri 1920-ci ildə Leypsiqdə çap olunmuşdursa, digər əsərləri haqqında mütəmadi olaraq Avropa mətbuatında dərc olunan müxtəlif məqalələr oxucuların marağına səbəb olmuşdur. Əlbəttə, bütün bu sadalananlar görkəmli yazıçıların 200 illik yubileyləri ərəfəsində istər London, istərsə də Birmingem Şərqi tədqiqatlar institutlarında, istərsə də Azərbaycan Milli Elmlər Akademiyasının bu sahə ilə məşğul olan institutlarının tədqiqatçıları tərəfindən iki dahi yazarın həyat fəaliyyəti, onların yaradıcılıqda oxşar cəhətlərini araşdırmaları böyük maraq kəsb edərdi.

Bəlkə də məqaləni oxuyanlar M.F.Axundzadə ilə Ç.Dikkensin oxşar cəhətləri ilə maraqlanacaqlar. Bu oxşarlıq qələminə aydınlıq gətirmək üçün yazıçı Kamal Abdullanın fikirlərini vurğulamaq istərdim:

Nizamini Dante ilə, Füzulini Şekspirlə, Axundzadəni Molyerlə, nə bilim, Vəzirovu Ostrovski ilə müqayisə eləmək elə də çətin deyil. Bu müqayisə ilkin müqayisədir. Müqayisənin digər mərhələsi isə artıq obyektə daha dərin bələdçilik və intellekt tələb edir. Müqayisə ediləni sən az-çox yaxşı tanıyıb duya bilərsən, müqayisə olanı (başqa mədəni məkanın komponentini) isə hələ tanıyıb duyman lazım. "Duymaq" sözünü təsadüfi işlətmədim. Belə müqayisələrdə yazıçını duymaq əsas şərtdir. Əlbəttə ki, sən qeyd elədiyin kimi, oxucuya bu cür kodlar verərkən həm özümüz-özümüzü daha yaxşı tanıyırıq, həm də böyük kontekstə bir addım daha yaxınlaşmış oluruq. Hər hansı müqayisə əslində, müqayisə olunanların daha ətraflı dərkinə və xüsusilə, duyumuna gətirir.

Tipoloji şəxsiyyət problemi baxılan şəraiti, mühiti və şəxsiyyətin bir sistem kimi səciyyələndirən və sistem parametrlərinin sabit uyğunluğuna əsaslanan sistemin köməyi ilə həll oluna bilər. Lakin indiyə qədər belə bənzətmə növü mövcud deyil.

Bir çox qüdrətli yazıçılar kimi onların əsərlərində çox dərin psixoloji çarpışmaların mahiyyəti sənətkarlıqla açılır. M.F.Axundzadə və Ç.Dikkensin oxşar cəhətlərini belə bir cümlə ilə vurğulamaq yerinə düşərdi. Bu mövzuya beynəlxalq yanaşma tərzi ilə baxsaq, ingilis diplomatiyasında ağırlıq həmişə məharətin üstünə düşür. Belə ki, 1728-ci ildə Volterin “İngiltərə” haqqında məktublarında yazdıqları müasir həqiqətlərə uyğun gəlmir. İngilislər yer üzündə yeganə millətdir ki, kralın hakimiyyətini onun özünə müqavimət göstərərək nizama sala bildi. Nəticədə elə müdrik hökumət təşkil olundu ki, burada monarx xeyirxahlıq eləməyə qadir, ziyankarlıq eləməyə isə gücsüz idi. fikirləri cəmiyyət tərəfindən də müsbət qarşılanmışdır.

Əlbəttə, XIX əsrdə Azərbaycan maarifçi realist ədəbiyyatının və ictimai fikrin formalaşmasında danılmaz xidməti ilə seçilən M.F. Axundzadə beş il ərzində yazdığı altı komediya əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixində milli dramaturgiyanın əsasını qoymuşdur. Lakin onun latın qrafikalı ədəbiyyata keçmək istəyi arzu olaraq qəlbində qalmışdır.

Əgər DikkensinOliver Tvistin macəraları” əsəri Dövlət Gənc Tamaşaçılar Teatrında uğurlu quruluşu ilə tamaşaçıları heyran etmişdirsə, tamaşanı oynayan azərbaycanlı aktyor qrupu sanki o mühiti yaşamış, öz məharətləri ilə tamaşaçılarının sevimlisinə çevrilmişlər. Tamaşada səslənən musiqi isə bəstəkar Aydın Əzimovun Qərb musiqi çalarlarını özündə əks etdirən dinamik bir üslubda bəstələnərək tamaşaçıların rəğbətini qazanmışdır.

İngilis dramaturgiyasının Azərbaycan səhnəsində özünə belə möhkəm mövqe tuta bilməsinin və ingilis dramaturqlarının pyeslərinin uzun müddət repertuardan düşməməyinin əsas səbəbi ondan ibarətdir ki, ingilis dramaturgiyasının məzmunu milli teatr sənətinin məzmunu ilə uyğunlaşır. Bir qayda olaraq Azərbaycan səhnəsi, Azərbaycan gerçəkliyi üçün aktual olan pyeslər milli teatrımızın səhnəsinə yol taparaq məzmununa görə Azərbaycan gerçəkliyinə adaptasiya olunur. Göründüyü kimi, ingilis dramaturgiyasının Azərbaycan teatrında səhnə təcəssümünün inkişaf tarixi ayrı-ayrı mərhələlərə bölünür və əhatəli şəkildə nəzəri təhlilə cəlb olunur.

Bədii ədəbiyyatda əsas məqsəd yazıçının sözə münasibətidir . Ona görə ki, sözün bətnində heç kəsin təsəvvür edə bilmədiyi magik bir güc yatmışdır. Reallığı göstərmək istəyən yazıçı sanki əlindəki qələmlə sözü dəfələrlə yonub incələyərək onun bətnindəki sonsuz enerjini aşkara çıxarmışdır. Bu baxımdan istedadlı yazıçının əlində söz muma dönür, özünü hərəkət stixiyası ilə canlandırır. Belə ki Ç.Dikkens mahir ustalıqla hadisələri inandırıcı təsəvvür edir, yaradılan obrazları özünəməxsusluqla təqdim edirdi.

M.F.Axundzadə “Kamalüddövlə məktubları” əsərini yazaraq o dövr dövlətçilik və demokratik prinsiplərinə toxunaraq “Padşahlığın əsası gərək qanunlar üzərində qurulsun” ifadəsi ilə cəmiyyətə öz mesajını göndərmişdir

İki yüz ilin keçməsinə rəğmən ingilis mədəniyyətinin səfiri və simvolu olan Ç.Dikkensin yubileyi naminə Britisch Council beynəlxalq təşkilatı tərəfindən “Dikkens - 2012” ilin layihəsi adlandıraraq onun həyat və yaradıcılığına həsr olunmuşdur. Bu layihə çərçivəsində dəniz kənarı bulvarda yerləşən “Park Bulvarda fotosərgi təqdim olunaraq uğurla gerçəkləşmişdir. Eyni zamanda əllidən çox məktəbdə şagirdlər arasında Dikkensə həsr olunmuş esselərin yazılması ilə müsabiqə də uğurla keçmişdir.

Böyük Britaniyanı xarici ölkələrdə təmsil edən Britisch Council təşkilatı ölkələr arasında mədəni və təhsil əlaqələrinin inkişafı naminə bir çox işlər görməkdədir. Belə ki, məhz bu layihənin çərçivəsində teatr tamaşaları, sərgilərlə yanaşı, filmlərin təqdimatı da nəzərə alınmışdır.

Əlbəttə, müasir dövrümüzdə də Böyük Britaniya-Azərbaycan əlaqələri iqtisadi-siyasi müstəvidə yaxın olması ilə yanaşı, dostluq telləri isə mədəni-ədəbi əlaqələrdə daha mükəmməl olduğu bugünkü həyatda da öz əksini tapır.

Onlar yaşadıqları dövrdə düşünməzdilər ki, nə vaxtsa qərb və şərqin kəsişməsində yerləşən dünyada əsasən nefti ilə tanınan bir ölkənin paytaxtında yubiley mərasimləri keçiriləcəkdir. Əlbəttə, Bakıda 6 nömrəli məktəbin önündə şagirdlər tərəfindən ingilis bağında hər iki yazıçının əsərlərindən ibarət kompozisiyanın tərtib olunması Azərbaycan-Böyük Britaniya dostluğunu əks etdirə biləcək ən yaddaqalan anlardan biri olacaqdır.

Əlbəttə, London Universitetlərində təhsil alan azərbaycanlı tələbələri də bu layihə çərçivəsində öz ingilis tələbə yoldaşları ilə birgə hansısa tamaşanı gerçəkləşdirə bilərlər. Hər iki xalqın tarixini əks etdirən onların yaratdıqları “Dədə Qorqud” və “Beuf” dastanları kulturoloji aspektdən xalqların mədəniyyətinin öyrənilməsi baxımından elmi əhəmiyyət kəsb edir. Çox istərdim ki, xalqlar öz maddi sərvətləri ilə deyil, mənəvi dəyərləri ilə tanınsınlar. Necə ki, zamanında bunu Çarlz Dikkens və Mirzə fətəli Axundzadə etmişlər ki, bu gün də onların əsərləri tarix boyu dünya durduqca oxunacaqdır.

 

Çingiz Abdullayev

Bakı Slavyan Universitetinin professoru, kulturologiya

elmlər doktoru

 

  

Ədəbiyyat qəzeti.- 2012.- 30 noyabr.- S.4.