Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilinin
Azərbaycan
Yazıçılar Birliyinin sədri Anara
M ə k t u b u
Hörmətli Anar!
Sizi və bütün qələm qardaşlarımı böyük sevgi və hörmətlə salamlayıram!
Artıq bir aya yaxındır ki, sizə yazmaq istədiyim məktubu, firkirlərimi ifadə eləmək üçün gərək olan sözləri düşünürəm.
Yaddaşımda sizin müdrikliklə və həyat təcrübəsi ilə işıqlanmış simanız, baxışlarınız canlanır, sizinlə, sevimli həmkarlarımla, dostlarımla olan görüşlərimizi xatırlayıram… Görəsən, Qarabağa etdiyim səfərlə özüm də belə istəmədən onların qəlbini yaralayarkən dostlarım mənim haqqımda nə düşünürlər?
Onların qonağı ikən, üzümü gənclərə tutub İlya Çavçavadzenin bu misralarını oxudum:
Aylı gecəli dünyanın
Bəlli aydın sabahı var,
Sevgiylə ucalar hökmən
Qəzəblə uçan komalar.
Amma görəsən, biz şairlər bizim bu sərsəri, nifrətlə dolu əsrdə sevginin, vətənin, sədaqətin harda başlayıb harda bitdiyini bilirikmi?!
Bəlkə birisi üçün xeyir kimi görünən o birisi üçün şərdir, bəlkə birini sevindirən şey əksinə, o birisini kədərləndirir, bəlkə birisi üçün yeni həyatın özülü saydığı şey başqa birisi üçün uçulmuş, unudulmuş məzar daşlarıyla dolu faciədir. Bizim bu təşviş dolu zamanda görəsən yazıçıların gücü çatacaqmı ki, hamıya bir parça da olsa sərin kölgəlik qismət olsun deyə qanadlarını gərsinlər, bu adamqarsan bürküdə boğulanlara kömək etsinlər?
Həmişə inanmışam, indi də inanıram ki, şair sözü sərhəd tanımır. Şair hər yerdə, onu gözləyən tək bir oxucu olsa belə, həmin yerdə olmalıdır... Mən poetik söz vasitəsilə Cənubi Osetiya adlandırılan yerin (məgər bu mənim üçün ağrısı sənigməyən yara deyil?) əhalisiylə də görüşməkdən şərəf duyaram. Siyasətçilərin qanunun və topların diliylə danışmaq haqqı varsa, şairlərin yalnız bir silahı var - söz.
2008-ci ildə mənim ölkəm bombardman ediləndə öz etirazımı, “Müharibəyə yox deyək!” - fikrimi nifrət dolu çıxışla deyil, şeirlə dedim, moskvalı şairə həmkarıma yazdım ki, müharibə aramızdakı yolu səhraya çevirib, indi sənə ünvanladığım ismarıcımı yalnız mələklər çatdıra bilər və əgər o sənə çatsa, sən də onu göz yaşlarınla suvarsan, deməli dava bütün körpüləri və yolları yandırmayıb.
Mənim
siyasətim sevgidir... amma... Amma burda qələmim dayanır.
Özümə sual edirəm: şairin onu gözləyən
tək bir oxucunun yanında olması fikri sənə həqiqət
kimi görünürsə, amma bu səfərim başqa birini
kədərləndirirsə,sənin bunu eləməyə
haqqın varmı? Bu sual məni düz bir aydır ki, rahat
buraxmır.
Bütün
suallar tək bir cavab istəyir, bütün cavablar isə
şərtidir.
Nəyisə
izah edib-etmədiyimi bilmirəm, amma bir şeyi aydın şəkildə
izhar eləmək istəyirəm: mən həmişə Azərbaycan
mədəniyyətinin sədaqətli pərəstişkarı
olmuşam, bu gün də belədir və olacağam, həmişə
Azərbaycan xalqını sevmişəm və sevəcəyəm.
Ola bilsin
ki, mənim səfərim, bu addımım, kədərli də
olsa, Azərbaycan sərhədlərini üzümə həmişəlik
bağlayacaq, amma daha kədərli bu olardı ki, azərbaycanlı
dostlarımın qəlbləri mənim üçün
bağlansın. Heç bir pis niyyətim olmadan belə dərin
şəkildə incitdiyimə görə sizin
hamınızdan alicənablıqla məni bağışlamanızı
istəyirəm.
Hörmətlə,
ən yaxşı arzularla,
Makvala Qonaşvili...
21 noyabr 2012-ci il
Ədəbiyyat qəzeti.- 2012.- 30
noyabr.- S.4.