Məhsəti Gəncəvi
rübailəri əlyazmalarda
“Məhsəti Gəncəvi
- 900”
Klassik Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olan, bütün Yaxın və Orta Şərqdə rübai ustadı kimi tanınan Məhsəti Gəncəvinin ədəbi irsi ayrıca əlyazma kitabı şəklində günümüzə gəlib çatmamışdır. Bununla belə, ayrı-ayrı qaynaqlarda Məhsətinin ayrıca əlyazma divanının olması haqqında qeydlərə rast gəlirik. Məsələn, XIX əsrin tanınmış Azərbaycan tarixçi alimi Marağalı Məhəmmədhəsən xan Etimadüssəltənin (1843-1896) yazdığına görə, Məhsətinin ayrıca lirik şeirlər divanı olmuş, lakin bu əlyazma kitabı Übeydulla xan Özbəyin (1510-1539) Herata hücumu zamanı məhv edilmişdir.
Məhsətinin günümüzə qədər gəlib çatan rübailəri həm ayrı-ayrı ədəbi təzkirələrdə, həm də çoxsaylı əlyazma toplularında - cünglərdə özünə yer almışdır. Şairənin ədəbi irsinin ən qədim qaynaqları XIII-XIV yüzilliklərin yadigarlarıdır. Bu yüzilliklərə aid ayrı-ayrı ədəbi əsərlərdə və bir neçə əlyazma toplusunda Məhsəti rübailərinə də müəyyən yer verilmişdir ki, onlar içərisində ikisi xüsusi əhəmiyyət daşıyır. Onlardan biri Azərbaycan müəllifi Xəlil Şirvaninin 731/1331-ci ildə tərtib etdiyi “Nüzhətül-məcalis” adlı əlyazma toplusudur.
İkinci əlyazma toplusunun tərtibçisi isə Bədrəddin Cacərmidir. Onun 741/1342-ci ildə tərtib etdiyi “Munisül-əhrar fi dəqayiqül əşar” kitabı Məhsəti rübailərində ən çox yer verilən dəyərli əlyazma toplusudur.
Xəlil Şirvani bu dəyərli kitabını mövzular üzrə tərtib etmiş və burada Məhsəti adına bütövlükdə 59 rübaini yazıya almışdır. Bundan əlavə Məhsəti irsinin tanınmış araşdırıcılarından olan Avstriya alimi Frits Meyerin yazdığına görə, “Nüzhətül-məcalis”də elə adsız rübailər də vardır ki, onlar digər qaynaqlarda Məhsətiyə aid edilmişdir. Qeyd edək ki, Frits Meyer “Nüzhətül-məcalis”in İstanbuldakı Carullah kitabxanasında saxlanılan fotosurətindən (N1667) istifadə etmiş, əlyazmanın orijinalı haqqında isə heç bir bilgi verməmişdir.
Bədrəddin Cacərminin tərtib etdiyi “Munisül-əhrar” toplusuna gəldikdə isə, bu əsərin həm müəllif nüsxəsi-avtoqrafı, həm də XIX əsrdə üzü köçürülmüş bir neçə əlyazması məlumdur. Bu dəyərli topluda verilmiş Məhsəti rübailərinin sayı isə daha çoxdur - 75 rübaidir. Qeyd edək ki, Xəlil Şirvaninin “Nüzhətül-məcalis” kitabı rübailər cüngüdür və burada ən çox rübaisi verilən sənətkar Məhsəti Gəncəvidir. Bu olduqca dəyərli topluda Məhsətinin müasiri olmuş Azərbaycan şairəsi Rəziyyə Gəncəvinin 9, Nizami Gəncəvinin 10, Ömər Xəyyamın isə 33 rübaisi verilmişdir. Cüngdə Məhsəti rübailərinə geniş yer ayrılması həmin dövrdə şairəmizin əsərlərinin daha böyük şöhrət qazanmasından xəbər verir.
Azərbaycan müəllifi Abdulla Cövhəri Təbrizinin 686/1287-ci ildə tərtib etdiyi “Şərhi-qəsideyi-houliyyə” adlı əlyazma toplusunda da Məhsəti adına 3 rübai verilmişdir ki, professor Xəlil Yusifli onlardan birini nöqsanlı sayaraq çapını məqsədəuyğun hesab etməmişdir. Həmin yüzilliyə aid Müzəffər İsfahaninin 622/1225-ci ildə tərtib etdiyi bir əlyazma toplusunda da Məhsətinin bir rübaisi verilmişdir.
İstanbul Universiteti kitabxanasında saxlanılan XIV əsrə aid iki əlyazma toplusunda da Məhsəti rübailəri yazılmışdır. Bunlardan biri 789/1387-ci ildə tərtib olunmuş “Məcməül-bühur və səkinətül-cümhur” adlı topludur ki (N417), onda Məhsəti rübailərindən yalnız bir nümunə verilmişdir. Kitabxanadakı eyni yüzilliyə aid ikinci bir əlyazma toplusunda isə (fU-587) Məhsətinin beş rübaisi yazıya alınmışdır ki, onlardan ikisi Xəlil Şirvani və Bədrəddin Cacərminin toplusunda da vardır.
XIV əsrin ortalarında köçürülməsi təxmin edilən və Tehran Milli Məclis Kitabxanasında saxlanılan topluda da (N900) Məhsəti adına 13 rübai verilmişdir ki, onlardan yalnız birinə “Məhsəti və Əmir Əhməd” dastanında rast gəlinir.
Məhsəti rübailərinin yer aldığı ən əski qaynaqlar sırasında Britaniya muzeyində saxlanılan 814/1411-ci il tarixli “Cüngi-İskəndəri” adlı əlyazması toplusu da olduqca əhəmiyyətlidir. Bu əlyazmada (şifri: A-27261) Məhsətinin 26 rübaisi yazılmışdır ki, onlardan 16-sının məhz şairəmizin qələmindən çıxması heç bir şübhə doğurmur, çünki həmin rübailər yuxarıda adı çəkilən digər qədim qaynaqlarda da vardır. Eyni əsrdə üzü köçürülən və İstanbul Universiteti Kitabxanasında saxlanılan f-1203 şifrli bir rübailər toplusunda-cüngündə də Məhsəti rübailəri çox sayda təmsil olunmuşdur. Belə ki, burada Məhsəti adına 50 rübai qeyd olunmuşdur ki, onlardan 37-si Xəlil Şirvaninin toplusunda da vardır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Məhsəti ədəbi irsinin tanınmış tədqiqatçılarından professor Xəlil Yusiflinin ilkin qaynaqlar əsasında apardığı araşdırmasına görə yuxarıda adları çəkilən qədim əlyazma toplularında, eləcə də ayrı-ayrı ədəbi təzkirələrdə Məhsətinin 153 rübaisi verilmişdir. X.Yusiflinin fikrincə məhz bu mötəbər qaynaqlar əsasında Məhsəti rübailəri üzərində elmi təhlil aparmaq daha məqsədəuyğundur.
Məhsəti Gəncəvi rübailərinin yer aldığı ən mötəbər və zəngin qaynaqlardan biri də “Məhsəti və Əmir Əhməd” dastanıdır. Bəri başdan qeyd edək ki, bu yazılı dastan nümunəsini Məhsəti Gəncəvi bədii irsinin görkəmli tədqiqatçısı, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynov geniş şəkildə araşdırmış, dastanla bağlı bir sıra məsələləri işıqlandırmışdır. Dastanın əlyazma nüsxələrinə gəldikdə isə qeyd etməliyik ki, onlar XV-XVI əsrlərə aiddir. Həmin əlyazmalardan ikisi Bakıda - AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Dastanın Əlyazmalar İnstitutunda saxlanılan əlyazması (şifri: M-9) əvvəllər İrəvanda sərdar Şahqulu xanın kitabxanasında, sonra isə görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin şəxsi kitabxanasında olmuşdur. 900/1494-cü ildə köçürülmüş əlyazmanın əvvəlindən bir vərəq düşmüşdür. Əlyazmanın xətti nəstəliq, həcmi 123 vərəq, ölçüsü 8x16 sm.-dir. Əlyazmada mətn haşiyəyə alınmış, ənənəyə görə başlıqlar və surətlərin adları qırmızı mürəkkəblə yazılmışdır. Məlum olduğu kimi, dastanda həm Məhsətinin, həm də Əmir Əhmədin dilindən verilmiş rübailər vardır.
Onu da qeyd edək ki, dastanda əsərin müəllifinin adı qeyd olunmamışdır. Dastanın bu əlyazmasındakı hadisələr birbaşa Məhsəti ilə bağlı epizodla, daha doğrusu, onun taleyi haqqında münəccimin öncəgörməsi ilə başlanır. Müxtəlif qaynaqlarda dastanın müəllifi kimi Cövhəri adlı bir şəxs göstərilir. R.Hüseynovun qənaətinə görə bu dastanı XIII əsr müəllifi Abdulla Cövhəri Zərgər Təbrizi qələmə almışdır.
Dastanın ikinci Bakı nüsxəsi paleoqrafik əlamətlərinə görə XVI əsrdə köçürülmüşdür. 66 vərəqlik bu əlyazmada dastanın birinci Bakı nüsxəsindən fərqli olaraq hadisələr Əmir Əhmədin doğulması və böyüməsi, təlim-tərbiyə almasının təsviri ilə başlanır, daha sonra isə onun Məhsəti ilə görüşündən bəhs edilir. Dastanda Əmir Əhmədin (Puri-Xətibin) adından 185 rübai, Məhsətinin adından isə təxminən 110 rübai verilmişdir.
Məhsəti Gəncəvinin doğumundan ölümünədək həyatını əhatə edən və ənənəyə görə nəsrlə nəzmin növbələşməsi şəklində qələmə alınan dastanın İstanbulda və Londondakı Britaniya Muzeyində də əlyazmaları saxlanılır. Dastanın Britaniya Muzeyindəki 867/1462-1463-cü il tarixli əlyazması daha qədimdir və miniatürlüdür.
Qeyd edək ki, İran alimi Əhməd Münzəvi bu əlyazmanı “Dastani-Əhməd və Məhsəti” adlandırmışdır. Dastanın bu cür adlandırılması, fikrimizcə, əlyazmada öncə Əmir Əhməd haqqındakı əhvalatlardan bəhs edilməsi ilə bağlı ola bilər.
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazma toplularında-cünglərdə də Məhsəti Gəncəvinin seçmə rübailəri toplanmışdır. Qeyd edək ki, İnstitutda ümumiyyətlə, 237 şeir toplusu-cüng vardır ki, onlardan cəmi 13-də Məhsəti rübailərinə rast gəlirik. Bu cünglərdə verilmiş Məhsəti rübailərinin ümumi sayı təxminən 80-ə yaxındır ki, onlar sırasında, təbii ki, təkrar olunan rübailər də vardır. Sözügedən əlyazma toplularından ən qədimləri XVII yüzilliyə aiddir. Məhsəti rübailərinin verildiyi ən qədim Bakı əlyazması 1046/1636-cı ildə köçürülmüşdür ki, burada Əmir Əhmədin və Məhsətinin hər birinin dilindən iki rübai verilmişdir (şifri: A-340). Deyişmə şəklində olan bu rübailər, çox güman ki, “Məhsəti və Əmir Əhməd” dastanından götürülmüşdür. 113 vərəqlik bu əlyazma bütövlükdə rübailər toplusudur. Əlyazmanın xətti nəstəliq, ölçüsü 12x18 sm.-dir. 1101/1689-cu il tarixli cüngdə isə Məhsəti rübailərinə daha geniş yer verilmişdir. M-264 şifrli bu əlyazma toplusunda müxtəlif vərəqlərdə Məhsəti Gənceyi adına 16 rübai yazılmışdır. İri həcmli (283 vərəq) bu əlyazmada müxtəlif illərdə və fərqli xətlərlə yazılmış ayrı-ayrı əsərlər yazılmışdır ki, onların içərisində ərəb və fars dillərində nəsrlə yazılmış risalələr də vardır. Əlyazmanın 183-cü vərəqindən başlayaraq yalnız rübailər verilmiş və qırmızı xətlə onların müəllifləri seçdirilmişdir. Məhsəti rübailəri burada 184-221-ci vərəqlərdə yer almışdır. Qeyd edək ki, əlyazmada ayrı-ayrı rübailərin müəllifləri göstərilməmişdir. Bu cür hallara bir çox əlyazmalarda da rast gəlinir ki, onların müqayisəli şəkildə araşdırılması bir sıra qaranlıq məqamlara aydınlıq gətirir. Fikrimizcə, bu dəyərli əlyazma toplusu üzərində də belə müqayisəli araşdırma aparılmasına ehtiyac vardır.
Məhsətinin rübailəri verilmiş cünglərdən biri də XVIII yüzilliyə aiddir. A-528 şifrli bu əlyazma 1180/1766-cı ildə köçürülmüşdür. Cüngdəki iki müxtəlif vərəqdə (15b, 26b) Məhsətinin 6 rübaisi yazılmışdır. A-806 şifrli digər bir əlyazmada nüsxənin köçürülmə tarixi göstərilməsə də, paleoqrafik əlamətlərinə görə onu da XVIII yüzilliyə aid etmək olar. Bu cüngdə üç müxtəlif vərəqin hər birində Məhsətinin bir rübaisi yazılmışdır.
Məhsətinin rübailəri verilmiş cünglərin çoxu XIX yüzilliyin yadigarlarıdır. Həmin əlyazmalardan birində 3 vərəqdə (205b-208a) yalnız Məhsəti rübailəri yazılmışdır ki, onların ümumi sayı 23-ə bərabərdir. Məhsəti rübailərinə ən çox yer verilən əlyazma məhz bu cüngdür. 1285/1868-ci il tarixli əlyazmanın katibi əfşarların Qasımlı tayfasından olan Məhəmməd Paşa ibn Əli Əsgərdir. Urumidə yaşadığını qeyd edən katib bu dəyərli əlyazma kitabını “Gülçin” (“Seçmə şeirlər”) adlandırmışdır. Cüngdə Şah Təhmasib Səfəvi və Şah Abbas adına verilmiş fars dilində rübailər də vardır. Ədəbiyyat tarixi üçün dəyərli olan bu əlyazmanın hərtərəfli araşdırılması məqsədəuyğundur.
XIX yüzillikdə köçürülmüş cünglər içərisində Məhsəti rübailərinə ən çox yer ayrılmış əlyazmalardan biri də A-74 şifrli topludur. Bu əlyazmanın 13 b vərəqində Məhsətinin 5 rübaisi, sonrakı 14a vərəqində isə 2 rübaisi yazılmışdır. Qeyd edək ki, nəstəliq-şikəstə xəttilə yazılmış bu nüsxədə tarix yoxdur, lakin paleoqrafik əlamətlərinə görə onu XIX əsrə aid etmək olar. Paleoqrafik xüsusiyyətlərinə görə XIX əsrdə köçürülmüş B-1783 və B-3065 şifrli əlyazmaların hər birində Məhsətinin 5 rübaisi yazılmışdır. Maraqlıdır ki, B-3065 şifrli əlyazmadakı Məhsəti rübailərinin beşi də ayrı-ayrı vərəqlərin haşiyə hissələrində qeyd olunmuşdur.
Məhsətinin rübailəri yazılan cünglərdən üçü isə XX yüzilliyə aiddir. B-1604 şifrli cüngdə Məhsətinin xoş təbli bir şairə olması qeyd olunur və onun 3 rübaisi nümunə kimi verilir (vərəq 34b). D-357 şifrli əlyazmada isə Məhsətinin 5 rübaisi və onların Azərbaycan türkcəsinə tərcüməsi verilmişdir. Mirəbdülmömin Niyaziyə (1897-1967) məxsus bu tərcümələri professor Rafael Hüseynov “Məhsəti necə varsa” kitabında nəşr etdirmiş və onlara öz münasibətini də bildirmişdir.
Görkəmli Azərbaycan şairi Məhsəti Gəncəvi ədəbi irsinin geniş və hərtərəfli tədqiqi üçün yaxın gələcəkdə aşağıdakı işlərin yerinə yetirilməsini məqsədəuyğun sayırıq:
1. Məhsəti Gəncəvi əsərlərinin elmi-tənqidi mətninin tərtibi və nəşri.
2. Xəlil Şirvaninin kitabının Azərbaycan dilinə tərcüməsi ilə birgə nəşri.
3. Frits Meyerin “Gözəl Məhsəti” kitabının Azərbaycan dilinə tərcüməsi və nəşri.
4. “Məhsəti və Əmir Əhməd” dastanının Azərbaycan dilinə tərcüməsi və nəşri.
Möhsün Nağısoylu
filologiya elmləri doktoru,
professor
Ədəbiyyat qəzeti.- 2012.-
30 noyabr.- S.3.