Bakıda dünya
şöhrətli alim Lütfi
Zadənin elmi irsinə həsr
olunmuş beynəlxalq konfrans işə
başlamışdır
Dekabrın 3-də Azərbaycan Texniki Universitetində (AzTU) dünya şöhrətli alim Lütfi Zadənin elmi irsinə həsr edilmiş, "Soft Computing" (Yumşaq hesablama) üzrə ikinci beynəlxalq elmi konfransın açılış mərasimi olmuşdur.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, ABŞ, Kanada, Rusiya, Ukrayna, Türkiyə, Yaponiya, Portuqaliya, Polşa, Macarıstan, İtaliya, İspaniya, İran, Finlandiya, Çexiya, Hindistan, Fransa, Braziliya və Belçikadan 60-dan çox nüfuzlu alim iştirak etmişdir.
Əvvəlcə iştirakçılar universitetin foyesində Lütfi Zadənin AzTU-nun kitabxanasına hədiyyə etdiyi dörd mindən artıq kitab və jurnaldan ibarət sərgi ilə tanış olmuşlar.
Universitetin akt zalında davam edən tədbir böyük alimə həsr olunmuş "Bizim Lütfi Zadə" adlı qısametrajlı filmin nümayişi ilə başlanmışdır.
AzTU-nun rektoru, professor Havar Məmmədov tədbiri açaraq, rəhbərlik etdiyi ali təhsil müəssisəsində plenar iclası keçirilən konfransın əhəmiyyətindən danışmışdır. Rektor bildirmişdir ki, hazırda informasiya cəmiyyətinin qurulması ilə əlaqədar dünyada və Azərbaycanda mühüm işlər görülür. İnformasiya-kommunikasiya texnologiyalarının həyatımızın hər bir sahəsində, xüsusən elmdə, təhsildə geniş tətbiqi Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu əsas istiqamətlər üzrə həyata keçirilir. Buraya təhsilin informasiyalaşdırılması, orta məktəblərin kompyuterləşdirilməsi və digər vacib məsələlər daxildir. Ölkəmizdə bununla bağlı bir sıra Dövlət proqramları qəbul edilmişdir. On il əvvəl başlanmış proses bu gün də böyük sürətlə davam etdirilir.
Rektor vurğulamışdır ki, bu cür mötəbər konfransın açılışının AzTU-da keçirilməsi heç də təsadüfi deyildir. Çünki bu gün AzTU Azərbaycanda informatika, kompyuter texnikası, telekommunikasiya üzrə kadr hazırlığı işini uğurla həyata keçirir.
Lütfi Zadənin elmi irsinin əhəmiyyətindən danışan H.Məmmədov demişdir ki, dünya şöhrətli alim qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı kimi çox böyük işlər görmüş, beynəlxalq elmi ictimaiyyətin nüfuzunu qazanmışdır. Alimin zəngin elmi irsi sonrakı nəsil alimlər üçün sanballı mənbədir.
Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov bildirmişdir ki, L.Zadənin elmi irsinə həsr olunmuş birinci konfrans 2011-ci il mayın 24-dən 26-dək ABŞ-ın San-Fransisko şəhərində keçirilmişdir. Bakıda təşkil olunan tədbir həmin konfransın davamıdır. Ə.Abbasov Lütfi Zadənin elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərinə görə 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edildiyini, ABŞ-da keçirilən konfransın həmin mükafatın təqdimatı ilə əlaqədar təşkil edildiyini diqqətə çatdırmışdır.
Lütfi Zadənin elmi yaradıcılığının əhəmiyyətindən söz açan Ə.Abbasov bildirmişdir ki, artıq ömrünün 92-ci ilini yaşayan alim bütün mənalı həyatını elmin inkişafına həsr etmişdir. Professor Lütfi Zadə yaşının bu müdrik çağında da böyük əzmlə çalışır. Konfransda onun elmi tədqiqatları, əldə etdiyi uğurlu nəticələr, yaratdığı elmi məktəbin yeni istiqamətləri, alimin tələbələri və həmkarları tərəfindən əldə olunmuş yeni elmi nəticələr geniş müzakirə olunacaqdır. Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz mövcuddur. O, NASA-nın və NATO-nun aparıcı mütəxəssisidir.
Görkəmli alimin zəngin elmi fəaliyyətindən bəhs edən nazir vurğulamışdır ki, gördüyü işlər sayəsində Lütfi Zadə Azərbaycanın adını yüksəklərə qaldırmışdır və xalqımız onunla fəxr edir. O, hazırda Berkli Universitetinin elektronika kafedrasının müdiridir. Azərbaycanlı alim bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir.
Ə.Abbasov Bakıda keçirilən beynəlxalq konfransın Azərbaycan elminin inkişafı və ölkəmizin nüfuzunun artması baxımından əhəmiyyətini qeyd etmiş, onun işinə uğurlar arzulamışdır.
Tədbirdə L.Zadənin tələbəsi, Nyu-Yorkdakı İona Kollecinin professoru Ronald Yaqer, Texasdakı San-Antonio Universitetinin professoru Məhəmməd Cəmşidi, Kanadanın Toronto Universitetinin professoru Burhan Türkşən Azərbaycanın bu məşhur alimi ilə tanışlıqlarından, onunla birgə fəaliyyətlərindən, alimin elmi irsinin əhəmiyyətindən danışmışlar. Natiqlər L.Zadənin elmi yaradıcılığının araşdırılması üçün uzun illərin tələb olunduğunu vurğulamışlar.
Qeyd edilmişdir ki, bu gün dünya elminə L.Zadənin altı mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş tətbiq olunur. L.Zadəyə dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Aparıcı dünya şirkətlərinə inanılmaz məbləğdə gəlir gətirən bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır.
Sonra Lütfi Zadənin konfrans iştirakçılarına videotəbriki və videotəqdimatı nümayiş olunmuşdur.
Tədbirdə dünyanın alim və tədqiqatçıları arasında konfrans ərəfəsində keçirilmiş müsabiqənin 12 qalibinə "Best Paper" mükafatı təqdim edilmişdir.
Dekabrın
5-dək "Kempinski Badamdar" mehmanxanasında davam edəcək
tədbirdə dünyanın
bir sıra ölkələrindən 13 alimin məruzəsi
dinləniləcəkdir.
Azərbaycan.-2012.- 4 dekabr.- S.5.