Ehtiramla anılanlar
Azərbaycan mədəniyyət tarixində görkəmli yer tutan, həyatını milli teatrın tərəqqisinə həsr edən, çoxcəhətli yaradıcılığı ilə həmkarlarından seçilən Mirmahmud Mirələkbər oğlu Kazımovski istedadlı aktyor olmaqla yanaşı, görkəmli pedaqoq, dramaturq və rejissor idi. Ötən əsrin əvvəllərində işıq üzü görən qəzetlərdə onun adı Hüseyn Ərəblinski ilə yanaşı çəkilib. Bu da səbəbsiz deyildir. Anadan olmasının 130 ili tamamlanan Mirmahmud Kazımovski həm aktyorluq, həm də rejissorluq fəaliyyətinə məhz yaxın dostu Hüseyn Ərəblinski ilə birgə başlamışdı. Onlar həm də Azərbaycan teatrının ilk peşəkar aktyorları olmaq missiyasını da şərəflə yerinə yetiriblər.
Mirmahmud Kazımovski 1882-ci ildə Bakıda anadan olub. Ağır seyid nəslindən
olan atası Mirələkbər kişi
dövrünün gözüaçıq, geniş
dünyagörüşünə malik, elmə, maarifə
meyilli, teatrı, sənəti sevən bir şəxsiyyət
idi. Bu səbəbdən də o, oğlunu
oxutmaq, ona savad, təhsil vermək niyyətində olub.
Maraqlıdır ki, Mirmahmud təhsil illərində Hüseyn
Xələfovla (sonradan Ərəblinski) tanış
olub və birlikdə təhsil alıblar. Elə
məktəb illərində də dram dərnəklərinə
gedərək bir sıra tamaşalarda epizodik rollar
yaradıblar. Böyük sənətə
gedən yolun ilk pilləsində başlanan tanışlıq
son nəticədə sarsılmaz dostluğa, əqidə
birliyinə, sənət ünsiyyətinə çevrilib.
Nəriman Nərimanovun yaxından köməyi və
iştirakı ilə 1921-ci ilin noyabr ayında Bakıda "Tənqid
və təbliğ" teatrı açıldı. O dövrdə
"Kommunist" qəzetində belə bir məlumat da dərc
edilmişdi: "Tənqid-təbliğ" teatrı Şərq
teatrı həyatında yeni bir dövrün
başlanğıcı olacaqdır". Bütün Şərqdə
formaca yeganə teatr olan "Tənqid və təbliğ",
təbii ki, ictimai həyatın tələblərindən
doğmuşdu və müəyyən siyasi məqsədlərə
xidmət edirdi: öz işini sovet ideologiyasına uyğun
qurmuşdu. Amma buna baxmayaraq, teatr həyatında
yeni bir səhifə idi. Bir sıra
dramaturqlar, aktyorlar burada özlərinin birliyini tapdılar.
Eyni məram ətrafında birləşdilər.
Mədəni tərəqqi naminə mübarizə
yolunu seçən sənətkarlar arasında Mirmahmud
Kazımovski də var idi. Bu müqtədir
aktyor teatrı ayna kimi dəyərləndirirdi. Xalqın gözünü açmaq
üçün səhnədə satirik pyeslərin
tamaşaya qoyulmasına xüsusi əhəmiyyət verirdi.
Həmin illərdə S.S.Axundovun, C.Məmmədquluzadənin,
Ə.Haqverdiyevin və başqa dramaturqların əsərləri
tamaşaya qoyulurdu.
Xatirələrinin
birində aktyorluğu və səhnəni canından artıq
sevdiyini, sənəti ilə fəxr etdiyini dilə gətirən
M.Kazımovski yazırdı: "Mən elə bilirəm ki, hər
hansı rolda oynayırsansa, oyna. Həm rolun
bütün məziyyətlərini, həm də daxili aləmini
tamaşaçıya göstərməyə çalışmalısan;
sünilik roldan deyil, o rolu oynayan artistin ona
tapşırılan rolu tam qavraya bilməməsindən
doğur".
Unudulmaz
aktyor Qoqolun "Müfəttiş"ində Filippoviç,
Nəcəf bəy Vəzirovun "Pəhləvani zəmanə"sində
Cahangir bəy, "Müsibəti-Fəxrəddin" faciəsində
Əhməd, Şəmsəddin Saminin "Gavə"sində
zabit və kəndli rollarında, eləcə də bir
sıra Qərbi Avropa dramaturqlarının əsərlərində
uğurla çıxış etmişdir. Mütəxəssislərin
fikrincə, Mirmahmud Kazımovskinin yaratdığı obrazlar
arasında V.Şeksprin "Otello" faciəsindəki rolu
xüsusi yer tutur. O dövrün mətbuatında da bu
barədə yazıblar: "Mirmahmud Kazımovskinin öz fəaliyyət
meydanı, öz aktyor üslubu vardı. O, rola elə
bağlanırdı ki, ətrafda heç nəyi
görmürdü. Obrazını unikal təqdim
etmək üçün var qüvvəsini əsirgəmirdi.
O, bütün qüvvəsi ilə
çalışırdı. Sanki səhnədəki
aktyor deyil, ecazkar bir qüvvənin qeyri-adi
çıxışları eşidilirdi". Bütün ömrü boyu libasını geydiyi,
duyğu və düşüncələrini ürəyindən
keçirdiyi, monoloqunu əzbərlədiyi rolu içinə
çəkməyi bacardığından Mirmahmud Kazımovski
Azərbaycan səhnəsinin ən təbii və sevilən
aktyorlarından biri olub. Bu məziyyətinə
görə də "Səhnə mənim müqəddəs
məbədgahımdır" söyləyən
M.Kazımovskinin səmimiyyətinə inanmamaq olmur. Hətta bir müddət nadanların ucbatından
teatrdan uzaqlaşdırılan Mirmahmud Kazımovski inadla şər
üzərində mübarizə aparmışdı. Səhnəyə
o qədər bağlı idi ki... Hətta
danışırlar ki, həmin dövrlərdə Mirmahmud
Kazımovski səhər ertədən evdən çıxar,
həsrət qaldığı teatr binasının ətrafında
dolanarmış. O, Azərbaycan səhnəsinin fədakarlarından
idi. Görkəmli sənətşünas Cəfər Cəfərov
bu unudulmaz aktyor barəsində yazırdı: "Teatrda əsasən
o adamlar qalır ki, onların adı hər bir zaman teatr aləmində
ehtiramla çəkilir. Mirmahmud Kazımovski məhz
belə insanlardandır".
Mirmahmud Kazımovski böyük maarifpərvər, milli
mətbuatımızın banisi Həsən bəy Zərdabinin
yaxın dostlarından biri olub. Onunla
çiyin-çiyinə çalışan M.Kazımovski bu
millət fədaisinin ölümündən sonra da bir
müddət Zərdabinin ideyalarını təbliğ edib.
O, təkcə aktyor deyildi, həm də ədəbi
yaradıcılıqla məşğul olurdu. Bir
tərəfdə xalqın maariflənməsi yolunda
çalışır, müəllimlik edir, əlindən gələni
əsirgəmir, digər tərəfdə də səhnə
üçün müxtəlif həcmli əsərlər
yazırdı. Azərbaycan Milli Elmlər
Akademiyasının Əlyazmalar İnstitutunda Mirmahmud
Kazımovskinin xeyli səhnə əsəri saxlanılır.
Öz zəmanəsinin çirkinliklərini
qamçılayan bu sənətkarın əsərlərinin
çoxu köhnəliyə, savadsızlığa,
nadanlığa qarşı kəskin mübarizəyə həsr
olunmuşdur. Sənətşünas İnqilab Kərimov
yazırdı: "Əsərlərindəki tiplər
köhnəliklə yeniliyin, tənəzzüllə tərəqqinin,
avamlıqla maarifin mübarizəsini özündə əks
etdirirdi. Bu əsərlər janrından
asılı olmayaraq fikir və məqsəd
aydınlığına malik idi. Əsərlər
boyu mövhumatın, cəhalətin pəncəsi altında
inləyən fırıldaqçılara, dələduzlara
inanan avam insanları ayıltmaq, mübarizəyə səsləmək
məqsədi güdürdü".
Mirmahmud
Kazımovskinin əsərlərinin əksəriyyəti, məsələn,
"Vurhavur", "Daşım-daşım", "Vəfasız
məşuqə", "Molla Cəbi", "Səməd
bəy", "Həmişəri mənzili",
"Qadın və zülm", "Əyalət
divanı" və s. dəfələrlə tamaşaya
qoyularaq rəğbətlə qarşılanmışdır.
Hətta bəzi əsərləri Orta
Asiyanın bir çox şəhərlərində
tamaşaçı məhəbbətinə səbəb
olmuşdur. Bir maraqlı fakt da var ki, M.Kazımovskidən
yadigar qalan - əli ilə yazdığı tərcümeyi-halından
(rus dilində) bəlli olur ki, o, opera teatrı
üçün dörd operetta, dram teatrı
üçün isə "Kəndxuda", "Nadanlar",
"Uşaqlar mənimdir" pyeslərini də
yazmışdır.
Mirmahmud Kazımovskinin həm də çox gözəl
səsi olub. Araşdırmalar göstərir ki, o, qadın rollarının
mahir ifaçısı kimi də fəaliyyət göstərib.
Üzeyir Hacıbəylinin "Leyli və Məcnun"
operasında M.Kazımovski Leylinin anasını
yaratmış, eləcə də altıncı, yeddinci ərəb
rollarında çıxış etmişdir. Bu, aktyor üçün ən vacibi teatrın, mədəniyyətin
inkişafına nail olmaq, xalqın maariflənməsi yolunda hər
cür çətin, amma şərəfli mübarizədə
qələbə qazanmaq, bir sözlə, bu sahəyə
can-dildən xidmət etmək idi. Ona görə də
hansı sahədə boşluq hiss edilirdisə, Mirmahmud
Kazımovski orada idi. O, baş rol da oynayırdı, epizodik də,
kişi obrazı da yaradırdı,
qadın rolu da. Əsər də tamaşaya qoyurdu, özü
də yazırdı - bütün bunların
hamısını bir mərama yönəldirdi: insanlar cəhalətdən,
avamlıqdan xilas edilsin. 1917-ci ildə qələmə
aldığı şeirində öz daxili portretini, əqidəsini
görün necə dürüst ifadə edib:
Eyləyin
hümmət, yatmayın,
Eyləyin mürvət, yatmayın.
Eyləyin
ibrət, yatmayın,
Eyləyin
qeyrət, yatmayın!
Çoxcəhətli yaradıcılığa malik olan
Mirmahmud Kazımovski həm də Azərbaycanda idmana aid
yazılmış ilk dərsliyin müəllifidir. Ötən əsrin
20-30-cu illərində orta məktəb üçün nəzərdə
tutulmuş bu kitabda 200-ə yaxın şəkil olub. Maraqlıdır ki, müəllif bu dərslikdəki
şəkillərin (yəqin ki, rəsmlərin - F.X.), demək
olar ki, hamısını özü çəkib.
Ömrünün 42 ilini Azərbaycan səhnəsinə
bağlayan M.Kazımovski, eyni zamanda, bir sıra
tamaşaların rejissoru olub. Onda rejissor və
pedaqoq istedadı üzvi surətdə birləşirdi.
O, çətin bir şəraitdə
çalışırdı. Buna görə də
insanların maariflənməsində teatrın roluna
böyük əhəmiyyət verirdi. Bir
rejissor kimi çalışırdı ki, əsər
tamaşaya hazırlanarkən hər bir aktyorda səhnəyə
hədsiz məhəbbət hissi tərbiyə olunsun.
"İnsan sevməsə, sevdirə bilməz", - deyirdi.
Mirmahmud Kazımovski zülmətdə parlayan bir ulduz
idi. Bu ulduzun şəfəqləri mədəniyyətin
müxtəlif sahələrinə nur ələyirdi. Bəzən
onu necə təqdim etməkdə də çətinlik
çəkirsən: aktyor, rejissor, şair, dramaturq, nasir, dərslik
müəllifi, tərcüməçi, pedaqoq, rəssam və
nəhayət, əsl vətəndaş! Hansı
sahəyə üz tutsaydı, Mirmahmud Kaızmovski zirvələr
fəth edərdi. Bütün bunlarla bərabər
teatr onun məbədi idi. Gah aktyor, gah
rejissor, gah da dramaturq kimi səhnədə özü və
sözü görünərdi. 1911-ci ildə
"Müsibəti-Fəxrəddin" dramına verdiyi
quruluş çox uğurlu oldu. Baş
rolu Sidqi Ruhulla oynamışdı. Elə
qastrol tamaşalarının çoxunda da M.Kazımovski həm
aktyor, həm də rejissor kimi fəaliyyət göstərirdi.
Araşdırmalardan da bəllidir ki, müəllifi
olduğu pyeslərinin hamısını özü
tamaşaya hazırlayırdı - rejissorluq da edirdi, aktyorluq
da. 1964-cü ildə Moskvada nəşr olunan "Teatr
ensiklopediyası"nda onun barəsində belə bir məlumat
verilib: "M.M.Kazımovski görkəmli aktyor, teatr xadimi və
dramaturq idi. O, 1906-cı ildə yaradılmış Bakı
müsəlman teatrının ilk üzvlərindən və təşkilatçılarından
biri olmuşdur. Azərbaycanda qadınlardan ibarət
aktyor heyəti olmadığı bir zamanda Kazımovski
qadın rollarında da çıxış etmişdir".
Azərbaycan kino sənətinin inkişafında da fədakarlıqla
çalışaraq adını bu sahənin ilkinləri
sırasına yazıb. Filmoqrafiyada bu unudulmaz rejissorun çəkdiyi beş filmin adı var: "Neft və milyonlar səltənətində",
"Bismillah", "Bakılılar", "Kəndlilər",
"Sovqat".
1940-cı ildə 58 yaşında dünyasını dəyişən
Mirmahmud Kazımovski teatr tarixində görkəmli yer tutan səhnə
xadimlərindən biri idi. 1897-ci ildən səhnəyə qədəm
qoyan və Azərbaycanda teatrın yaradılmasında
böyük əməyi olan bu unudulmaz şəxsiyyət əməkdar
artist fəxri adına da layiq
görülmüşdür. Ondan yadigar qalan əmanətlər
çoxdur. Ən başlıcası o, mədəniyyət
tariximizdə adını əbədi həkk etdirib. Əsərləri, dramları qalıb. Oğlu Rauf Kazımovski atasının yolunu ləyaqətlə
davam etdirərək Azərbaycanda ilk radio və televiziya
rejissoru kimi ad qazandı. Hazırladığı
"O olmasın, bu olsun" tamaşası radionun
Qızıl Fonduna daxil oldu. Televiziya
üçün 1958-ci ildə "Leyli və Məcnun"
tamaşasını hazırlayıb. Çəkdiyi
yeddi film Azərbaycan kino sənətinin yeni qanadlarını
təşkil etdi. Xüsusilə də
"General" filmi tamaşaçılar tərəfindən
rəğbətlə qarşılandı. Bu gün də həmin ekran əsərinə maraqla
baxılır. Təəssüf ki, bu istedadlı rejissor
cəmi 48 il yaşayıb.
Ailə şəcərəsinin başqa üzvləri də
babadan, atadan gələn yolu həvəslə davam etdirdilər. Mirmahmudun nəvəsi,
Raufun oğlu Ələkbər Kazımovski televiziya filmlərinin
yaradılmasında bu gün də səmərəli fəaliyyət
göstərir. Kino sənətinin inkişafında
göstərdiyi xidmətə görə 2006-cı ildə əməkdar
incəsənət xadimi fəxri adına
layiq görülən Ələkbər Kazımovski 15-dən
artıq televiziya filminə rejissorluq edib. Azərbaycan
televiziyası vasitəsilə tez-tez nümayiş etdirilən
bu filmlər həmişə maraqla seyr edilir.
Bir nəslin belə ardıcıllıqla Azərbaycan mədəniyyətinin
inkişafında göstərdiyi xidmətin mükəmməl
və səmərəli şəkildə davam etməsi
bünövrənin möhkəmliyindən xəbər verir. Bir zaman zülmətdə
parlayan, minbir çətinliklərə sinə gərən
Mirmahmud Kazımovskinin nəvələri,
ardıcılları, tələbələri indi müstəqil
Azərbaycanın azad, bəxtəvər sənətkarları
kimi yaşayıb-yaradırlar...
Flora
XƏLİLZADƏ,
Azərbaycan.-2012.-
4 dekabr.- S.7.